Mədəni quruculuq

Yazili mənbələrin xülasəsi. Tarixi mənbələrdə Örənqala adlı orta əsr şəhərinin adı çəkilmədiyinə görə, Örənqalada arxeoloji qazıntı işləri aparmış bütün ekspedisiyalar eyni zamanda şəhər haqqında yazılı mənbələri toplamaqla da məşğul olmuşlar. Örənqalanın hansı orta əsr şəhərinin xarabalıqları olduğunu aydınlaşdırmadan, qazıntı materiallarının tarixi cəhətdən şərhini tam düzgünlüyü ilə vermək çətinlik törədirdi. Nəticə etibarilə, vaxtilə Mil düzündə mövcud olduğu ilk mənbələrdə qeyd edilən Paytakaran, Beyləqan və Yunan adlı şəhərlər haqqında xeyli tarixi məlumat toplanmışır. Tədqiq etdiyimiz şəhər haqqında ilk dəfə məlumat verən yerli müəllif Moisey Kaqankaytuqludur. O, özünün “Ağvan tarixi” adlı əsərində, xüsusilə həmin əsərin III hissəsində Beyləqan haqqında, şəhər və əyalətdə IX əsrinin birinci Yarisinda baş vermiş ictimai hərəkat – beyləqanlılar hərəkatı haqqında qısa da olsa əhəmiyyətli məlumat verir.

İkinci bir yerli müəllifə məxsus mənbə XI əsrin sonu və XII əsrin ilk illərində Beyləqanda naib və müstofı vəzifəsində fəaliyyət göstərmiş Məsud ibn Namdarın əlyazmasıdır. Bu əlyazma haqqında ilk məlumatı Klod Kaen və V.F.Minorskiy özünün “Şirvanın və Dərbəndin tarixi” adlı əsərində vermişlər. Lakin istər K.Kaen və V.F Minorskinin adını çəkdiyimiz əsərində bu əlyazması haqqında ancaq ümumi məlumat verilmiş və əlyazmasında beş məktub çap olunmuşdur. Məsud ibn Namdarın əlyazması 4433 nömrə ilə Paris Milli Kitabxanasında saxlanılır. 1960-cı ildə akademik Z. M. Bünyadov həmin əlyazmasının fotosürətini Azərbaycana gətirmişdir. Sonra Əlyazması şərqşunas alim V.M.Beylis tərəfindən faksimile şəkilində neşr olunmuş və ərəbcədən rus dilinə tərcümə edılmşdir. V.M.Beylis Məsud ibn Namdarın əlyazmasının qısa elmi xarakteristikasını da vermişdir. Müəllifin fikrincə, bu əlyazması “fövqəladə nadir tipdə olan tarixi mənbələr sırasına daxildir”. Əlyazması Məsud ibn Namdarın ərəb xəlifəsinə, sərcuq sultanına yazdığı məktublardan, müxtəlif şeirlərdən və memuar xarakterli yazılardan ibarətdir. Bu materialların içərisində Azərbaycanın XI- XII əsrlər tarixi və xüsusilə Beyləqanda həmin dövrdə baş vermiş ictimai hərəkat, siyasi hadisələr haqqında çox qiymətli məlumatlar vardır. Maraqlı burasıdır ki, müəllif özü bu hadisələrin iştirakçısı olmuş və onun verdiyi məlimat orijinal xarakted daşayır.

V əsr mənbələrində Azərbaycan ərazisində Paytakaran şəhərin olduğu bildirilir. Paytakaran haqqında qısa bır məlumata Aqanfangel və onun müasiri Zenob Qlakda təsadüf edirik. Arxeoloq-alim Y.A.Paxomov həmin mənbələrdəki məlumata əsasən Paytakaranın sürgün üçün istifadə edilən bir ucqar şəhər olduğunu qeyd edir.

Ərab mənbələrində Beyləqan haqqında məlumata ümumiyyətlə Azərbaycan və Arran haqqında olduğu kimi, IX və sonrakı əsrlərdə yaşamış müəlliflərdə təsadüf olunur. Ərəb xəlifəliyi öz haikimiyyətinə tabe etdiyi ölkələr və qonşuları haqqında məlumat əldə etməyə hər cür cəhd göstərirdi. Cənubi Qafqazda yeganə müsəlman ölkəsi olan Arran, əlbətdə ərəb səyyahlarının, coğrafiyaşünaslarının nəzərindən kənarda qalmamışdır. Bu ölkənin zənginliyi, o cümlədən inkişaf etmiş şəhərləri onları maraqlandırmaya bilməzdi. Beyləqan haqqında ilk məlumat verən ərəb müəllifi IX əsrin ortalarında yaşamış ibn Xordadbehdir. Bizim üçün əhəmiyyət kəsb edən “Yollar və məmləkətlər haqqında kitab” (“Kitab əl-masalik və-l- mamalik”) əsərinin Azərbaycan, Arran şəhərləri, o cümlədən Beyləqan haqqında, xüsusilə şəhərlər arasında məsafələr barədə danışılan hissəsidir. Beyləqanın bina olunması və harada yerləşməsi haqqında müəllifin verdiyi məlumat da tədqiqatımız üçün olduqca maraqlıdır.

IX əsrin ortalarında (təxminən 820-892- ci illərdə) yaşamış ərəb tarixçisi Əl- Bəlazurinin “Ölkələrin fütuhatı kitabı” (“Kitab Fütun əl-Bulldan”) adlı əsərində Beyləqan haqqinda çox qiymətli məlumat vardır.

Əl-Bəlazurinin həməsri olan ərəb müəlliflərindən Yaqubinin “Ölkələrin kitabı” (“Kitab əl-Buldan”) və “Tarix” əsərində də Beyləqan haqqında əhəmiyyətli məlumat vardır. Yaqubi “Ölkələrin kitabı” adlı əsərində xilafətdən Azərbaycana gedən yolun təsviri ilə əlaqədar ümumi şəkildə Beyləqandan da danışmışdır. “Tarix” adlı əsərində isə o, ərəblərin Azərbaycana, o cumlədən Beləqana hücumlarından bəhs etmişdir. IX əsr ərəb coğrafiyaşünaslarından biri də ibn əl-Fəqihdir. O, özünün “Ölkələrin kitabı” (“Kitabi əl-Buldan”) adlı əsərində Beyləqanında adını çəkir və onun kim tərəfindən inşa edilməsini qeyd edir.

İbn Rusta Xəsrin ilk illərində tərtib etdiyi (903-cü ildə tamamlamışdır). “Nəfis daş- qaşlar kitabı” (“Kitab əl-Alaq ən-nəfisə”) adlı əsərində Araz çayını təsvir edərkən onun Kür çayı ilə birləşdiyini və “onların ikisinin arasında” Beləqan şəhərinin yerləşdiyini qeyd edir.

Qudama “Xərac və katiblik sənəti kitabı” (“Kitab əl-xarac və sənət əl-kitaba”) adlı əsərində Azərbaycandan danışarkən Beyləqandan keçən yolları qeyd edir və şəhərlərarası məsafələr haqqında məlumat verir. Məsudi Beyləqanın adını 947-ci ildə bitirdiyi “Qızıl yuyulan yer və cəvahirat mədənləri” (“Muruc əz-Zəhəb və məadin əl- cavhar”) adlı əsərində şimal sədlərinin və xüsusilə Dərbənd keçidinin Xosrov Ənuşirəvan dövründə möhkəmləndirilməsinin əhəmiyyətindən danışarkən çəkmişdir.

Beyləqan haqqında maraqlı məlumat verən X əsr ərəb müəlliflərindən biri də Əbu Düləfdir. Əbu Diləfin “Risalə”sində daha çox maraq oyadan Balasacan düzü, onun şəhər və kəndləri haqqında verdiyi məlumatdır.

Əl-İstəxrinin “Məmləkətlərin yolları kitabı”nda (“Kitab masalik və-l- mamalik”) da Beyləqan şəhərindən danışır.

İbn-Havqəl “Yollar və məmləkətlər kitabı” (“Kitab masalik və-l- mamalik”) adlı əsərində Arran şəhərlərini sayarkən və karvan yollarını təsvir edərkən Beyləqandan bahs etmişdir.

Əl-Müqəddəsinin 985-86- cı ildə tamamladığı “İqlimlərin öyrənilməsi üçün ən yaxşı bölgü” (“Əhsən ət-təqasim fi mərifət əl-əqalim”) əsərində Beyləqan şəhərindən natif (şirniyyat) istehsalı və şəhərlərarası məsəfələrlə əlaqədar danışılmışdır. Təbərinin (838-923- cu illər) “Peyğəmbərlərin və şahların tarixi” (Tarix ər-rüsul və L-mülük”) adlı əsərində Beyləqan haqqında verdiyi məlumat şəhərdə IX əsrdə Müsafir adlı bir nəfərin başçılığı ilə baş vermiş üsyanı öyrənmək üçün çox qiymətlidir, çünki bu məlumata biz başqa müəlliflərdə təsadüf etmirik. Xarəzmli əl-Biruninin “Asrtonomiya və ulduzlara aid “Məsud cədvəli” (“Qanun əl-Məsudi fi-l- həya və-n- nücum”) əsərində Azərbaycan və Ermənistan şəhərlərinin en və uzunluq dairələri haqqında əbcəd hərifləri ilə cədvəli verilmişdir. Burada (5-ci iqlimdə) 526-cı nömrə altında Beyləqanın ölçüləri göstərilmişdir. Beyləqan en 39 dərəcə, 50 dəqiqə, uzunluq 64 dərəcə, 31 dəqiqədə verilmişdir.

Beyləqannın tarixinə aid yazılı mənbələrdən danışarkən XI əsrdə Dərbənd şəhərində ərəb dilində yazmış bir müəllifi də qeyd etmək lazımdır. Həmin müəllifin əsərinin müəyyən hissələri – Şirvan və Bab əl-Əbvabın sahları haqqında, Şəddadilər haqqında və iqtibas şəkilində verilmiş başqa kiçik parçalar Münəccimbaşı təxəllüsü ilə məshur olan türk tarixçisi Əhməd ibn Lütfüllahın “Sülalələrin cəmi” (“Came əd-düvəl”) adlı əsərində ixtisar olunmuş şəkildə verilmişdir. Qeyd etdiyimiz mənbənin Beyləqanın X-XI əsrlərdən Gəncə divanı və Şirvanşahlara olan münasibətini aydınlaşdırmaqda böyük əhəmiyyəti vardır.

XII əsr coğrafiyaşünası, Avropada maşhur olan Əl-İdrisi də özünün “Ölkələri gəzməkdən yorulmuşun əyləncəsi” (“Nüshad əl-Müşdaq fi-htiraq əl-afaq”) adlı əsərində Beyləqanın Sasani padşahı Qubad tərəfindən bina edilməsi haqda özünün əvvəlki müəlliflərdən İbn Xordadbeh, Balazuri İbn əl-Fəgih və başqalarının fikrini təkrar edir.

Beyləqan tarixinə dair məlumat verən XII əsr müəlliflərindən biri də Sədrəddin əl- Hüseynidir. O, “Səlcuq dövlətinin tarixi” (“Əxbar əd-dövlə əs-Səlcuqiyyə”) adlı əsərində Beyləqanın Eldənizlər dövründə siyası mövqeyi və xüsusilə Eldənizlər dövləti ilə Gürcü çarları arasında gedən müharibələrdə bu şəhərin oynadığı rol haqqında olduqca qiymətli məlumat vermişdir.

Yaqut Həməvinin “Coğrafi lüğət”ində (“Mücan əl-Buldan”) monqol hücumları ilə əlaqədar Beyləqan haqqında danışılmışdır.Yaqut Həməvi monqol hücumlarının şahidi olduğu üçün onun verdiyi məlumat, şübhəsiz, ilk mənbə kimi böyük qiymətə malikdir.

Yuxarı