Kürdəmirdə məktəb psixoloqlarının iştirakı ilə uşaq hüquqları və valideyin məsuliyyəti mövzusunda seminar keçirilmişdir.

Kürdəmirdə məktəb psixoloqlarının iştirakı ilə uşaq hüquqları və valideyin məsuliyyəti mövzusunda seminar keçirilmişdir.

 

   “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması və regionlarda uşaq hüquqlarının təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsini həyata keçirir.
Layihənin əsas məqsədi məktəb psixoloqlarının bilik və bacarıqlarını artırmaqla, uşaq hüquqlarının qorunması və təbliği işini həyata keçirmək və uşaq hüquqlarının təbliğində məktəb psixoloqlarının rolunu gücləndirmək təşkil edir.
Layihə çərçivəsində ilk seminar “Uşaq hüquqları və valideyn məsuliyyəti” mövzusunda Kürdəmir rayonunu əhatə edən məktəb psixoloqlarının və uşaq birliyi rəhbərlərinin iştirakı ilə keçirilmişdir.
Seminarda Kürdəmir rayon İcra Hakimiyyətinin, Kürdəmir rayon Təhsil şöbəsinin nümayəndələri, Kürdəmir şəhər və kənd məktəblərinin psixoloqları, Uşaq Birliyinin rəhbərləri, Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Psixi sağlamlıq mərkəzinin əməkdaşları iştirak etmişlər.
Seminarı giriş sözü ilə açan Kürdəmir rayon Təhsil şöbəsinin Metodiki kabinetinin müdiri Mehman Osmanov həyata keçirilən layihənin əhəmiyyətini qeyd edərək, regionlarda belə layihələrin həyata keçirilməsinin məktəb psixoloqları və uşaqlar üçün faydalı olacağını qeyd etmişdir.
Layihə rəhbəri Zaur Quliyev icra edilən layihə barədə iştirakçılara məlumat verərək bildirmişdir ki, həyata keçirilən tədbirlər eyni zamanda 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı ölkədə keçirilən tədbirlərə dəstək xarakteri daşıyır. Prezidentin diqqət və qayğısı ilə respublikamızda uşaq hüquqlarının qorunması və təmin edilməsi ilə bağlı geniş tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də bölgələrdə uşaq hüquqları sahəsində məktəb psixoloqlarının və Uşaq Birliyi rəhbərlərinin bilik və bacarıqlarının artırılması yolu ilə uşaq hüquqlarının müdafiəsini təşkil etməkdir.
“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri, vəkil Rafiq Alışov “Uşaq hüquqları və valideyn məsuliyyəti” mövzusunda çıxış edərək, seminar iştirakçılarına uşaq hüquqları, uşaqların müdafiəsi, valideyn məsuliyyəti, valideynlərin, məktəb psixoloqlarının və Uşaq Birliyi rəhbərlərinin əməkdaşlığının qurulması barədə məlumat verdi.
Seminar qarşılıqlı müzakirə şəklində davam etmiş, ekspertlər tərəfindən seminar iştirakçılarının suallarını cavablandırılmışdır. İştirakçılar gələcəkdə bu cür maarifləndirici tədbirlərin keçirilməsinin zəruriliyi, valideyn məsuliyyəti və valideynlərin hüquqi maarifləndirilməsi, peşə məktəblərinin fəaliyyətinin gücləndirilməsı yolu ilə uşaqların peşə təhsilinə cəlb edilməsi, rayon məktəblərində psixoloq kabinetinin təşkil edilməsi ilə bağlı təkliflər səsləndirmiş və bu təkliflərin həyata keçirilməsinin faydalı olacağını bildirmişlər.
Layihə çərçivəsində növbəti seminar 01 iyun 2018-ci ildə İsmayıllı rayonunda həyata keçiriləcəkdir.


“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin mətbuat xidməti.

Yuxarı