Şəhərin əsasının qoyulması

   Şəhərin əsasının qoyulması və onun ilk dövrü. Tarixi mənbələrdə Beyləqanın əsasının qoyulması Sasani padşahının I Qubadın (489-531) adı ilə bağlıdır.
Lakin məlumdur ki, bu və digər şəhərin salınmasını təkcə şahların fəaliyyəti ilə əlaqələndirmək düzgün deyil.
   Mil düzündə yaşayış çox qədimdən başlamışdır. Arxeoloji materiallar bu tarixi 6000 il əvvələ aparıb çıxarır. Burada eneolit dövründən başlamış bütün tunc dövrünün əhatə edən və dəmir dövrünün əvvəllərində aid olan bir sıra abidələr qeydə alınmış və onların bəzilərində qazıntı işləri aparılmışdır. Bu abidələr həmin düzənlikdə yaşayışın ardıcıl davam edtiyini, əkinçi-maldar tayfaların getdikcə özlərinə daimi yaşayış məskənləri saldığını və tünc dövrünün ortalarından başlayaraq ilk müdafiyə tipli məntəqələr tikdiklərini sübut edir. Ağdam şəhəri yaxınlığdakı Üzərliktəpə adlı abidə sonunculara misal ola bilər.
   Eramızadan əvvəl VII-V əsrlərdə Mil düzündə həyat daha da canlı olmuşdur. Bu dövrün ən görkəmli abidəsi Örənqaladan 4 km şimal-qərbdə yerləşən, Qaratəpə adlı məşhur olan yaşayış yerinin alt təbəqəsidir. Qaratəpədə yaşayış eramızdan əvvəl VII əsrdən eramızın ilk əsrlərinə qədər ardıcıl olaraq davam etmışdır. Eramızın ilk əsrlərində Mil düzündə yaşayış o qədər güclənir, artıq biz kiçik də olsa şəhər tipli abidələrə təsadüf edirik. Belə şəhər tipli abidələrdən biri Təzəkənd ərazisində olmuşdur.

   Təzəkənd şəhər yeri Örəndaladan 7 km cənub-şərqdə, indiki Təzəkənd ərazisində yerləşir. Onun tutduğu sahə 5 hektar yamdan bir az çoxdur. Şəhər yerinin planı düzbücaqlı küncləri coğrafi cəhətlə (şimal, cənub, şərq və qərb) çevrilmişdir. Cənub-qərb və şimal-şərq tərəfdən uzunluğu 396-284 m, cənub-şərq və şimlal-qərb tərəfdən 184-200 m-dir. Təzəkənd şəhər yeri düzənliyin adi səthindən 3,5 m hündürdədir. Sonrakı tikintilər nəticəsində onun səthi çala-çuxur vəziyyət almışdır. Şəhər yerinin ətrafında vaxtılə xəndək olduğu aydın bilinir.
  1957-ci ildə abidənin stratiqrafiyasını və mədəni təbəqəsinin qalınlığını aydınlaşdırmaq üçün burada yoxlama qazıntı işləri aparılmışdır. Qazıntıda əsas məqsəd Təzəkənd şəhər yeri ilə Örənqala şəhər yerinin bir-birinə olan münasibətini müəyyən etmək idi.
   Yoxlama qazıntı nəticəsində Təzəkənd şəhər yerində mədəni təbəqənin qalınlığıın 3,5 m olması aydın oldu. Təzəkəvd şəhər yeri arxeoloji materiallarının öyrənilməsi göstərdi ki, bu şəhər həyat eramızın ərəfəsində başlamış və V-VII əsrlə qədər davam etmişdir.
   Dövr etibarılə Təzəkənd yaşayış yerini Qaratəpənin qavamı və Örənqalanın əvvəli hesab etmək olar. Qaratəbə, Təzəkənd və Örənqalada yaşayışın birindən digərinə keçməsinə baxmayaraq (Qaratəpədən – Təzəkəndə, Təzəkənddən – Örənqalaya), arası 10 km-dən çox olmayan bu abidələr yerləşən ərazidə (Mil düzünün mərkəzi rayonunda) yaşayışın ardıcıl davam etdiyini görürük və şahidlik edirik.

   Əgər Qaratəpə kiçik həcmli, yığcam və möhkəmləndirilmiş yaşayış yeri idisə, Təzəkənd kiçik də olsa şəhər idi. Mil-Qarabağ düzündə (Uytia ölkəsində) Enian adlı şəhərin olması barədə hələ I əsrdə yaşamış Yunan coğrafiyaşünası Strabon məlumat verir. Z.İ.Yampolski Eninan şəhərini IX-X əsr ərəb mənbələrində adıçəkilən, Mil düzündə Bərdə-Beyləqan yolunda yerləşən Yunan adlı şəhərlə əlaqələndirir. Yunan adlı şəhərin IX-X əsrlərdə mövcud olması, onu Təzəkənd şəhər yeri ilə əlaqələndirmək imkanından məhrum edir. Çünki Təzəkənd şəhər yerində VI-VII əsrlərdən sonraya aid mədəni təbəqə yoxdur.
  Mil düzündə eramızın əvvələrinə və IX-X əsrlərə aid material verən, az-çox şəhər xarabalığına bənzəyən yaşayış yeri Qarqarçayın Govurarxla birləşdiyi yerdə yerləşən Qaratəpədir. Qaratəpə həm də Beyləqanla (Örənqala) Bərdə arasında yerləşmişdir. Buna görə haqlı olaraq bəzi alimlər Yunan adlı şəhəri Boyatqala və yaxud Qaratəpə ilə eyniləşdirməyi əsaslı hesab edirlər. Qaratəpədə küp qəbirlər dövrünə aid materialların tapılması və onun orta əsrlərdə Yunan adlandığını nəzərə almaq, məhz buranın Enian adlı şəhərin xarabalığı olması haqqında mülahizə yürütmək üçün də müəyyən imkan yaranır.
   İndiki Mil düzü ərazisində mənbələrdə adıçəkilən başqa bir qədim şəhər Paytakarandır. Paytakaran şəhəri haqqında mənbələrdə geniş məlumat verilir və onun əsasən VI-VII əsrlərdə mövcud olduğu göstəririlr. Paytakaran şəhərini hansı yaşayış yeri ilə əlaqələndirmək haqda arxeoloqlar arasında iki fikir yaranmışdır. Y.A.Paxomov Paytakaranın indiki Örənqalanın yerində yerləşdiyi göstərir,sonralar bu ad Beyləqana verilmişdir. Ə.K.Ələkbərov, A.A.İessen, Q.M.Əhmədov belə hesab edirlər ki Paytakaran indiki şəhər yerində olmuşdur. Qeyd etmək lazımdır ki, Örənqalada eramızın VI əsri və ondan qədimə aid (Paytakaran haqda ən qədim məlumat VI əsrə aiddir) heç bir mədədi təbəqə aşkara çıxarılmamışdır. Təzəkənd şəhər yerində qeyd etdiyimiz kimi, belə bir təbəqə var. Deməli, bu, Paytakaranı Təzəkənd şəhər yeri ilə eyniləşdirməyə daha çox əsas verir.

  Paytakaranın IV-V əsrlərdə doğrudan da, paytaxt olması mənbələrdən aid olur. Məsələn, Xorenli Moiseyin Paytakaran şəhərində Sanatrukun öz başına tac qoyması haqqında verdiyi məlumatı xatırlayaq. Məlumdur ki, tacqoyma mərasimi adətən paytaxt şəhərlərdə keçirilirdi. Deməli, Paytakaran o əsrlərdə çar iqamətgahı, inzibati mərkəz olmaq səviyyəsində idi. Mənbələr Paytakaranda hələ IV əsrdə həbsxananın varlığını və burada siyasi məhbuslar saxlandığını xəbər verirlər. Bu da təsadüf deyildir ki, ilk Sasani padşahları Paytakaranı Cənubi Qafqazda özləri üçün hərbi-inzibati mərkəz seçmişdilər.
   Bütün bu göstərdiyimiz arxeoloji və tarixi məlumatlar Paytakaranın eramızın birinci minilliyinin ilk yarısında inzibati-hərbi və dini mərkəz şəhəri olduğunu əsaslı sürətlə təsdiq edir. Bəs nə üçün Paytakaranda yaşayış V-VI-cı əsrlərdən etibarən zəifləməyə və nahayət, sönməyə başlamışdır?
   Məlumdur ki V-VI əsrlər Azərbaycan tarixində böyük müdafiə tikintiləri əsridir. Həmin əsrlərdə Azərbayacanın şimal rayonlarında tikilmiş müdafiə sədləri haqqında ətraflı danışımışdır. Məsələ burasındadır ki, şimal və digər rayonların qala və şəhərlərindən fərqli olaraq Mil və Muğan düzlərinin çaylardan aralı olan istehkamları təbii suvarmaya deyil, süni suvarmaya arxalamalı idi. Heç də təsədüfi deyil ki, mənbələr Beyləqanın (Örənqalanın) salınma tarixini Mil düzündə Govurarxın çəkilməsi tarixi ilə eyni dövrə aid edirlər. M.C.Qarabağlı bu məsələ ilə əlaqədar yazır ki, Beyləqan şəhərini İran və Fars çarlarından biri olan Qubaq padşah təxminən min beş yüz il əvvəl saldırmışdır. O, Araz çayından geniş Beyləqan çölünə böyük arx çəkdirərək orada şəhər yaratdı. Bu şəhərin Mil düzündə Örənqalanın yanından keçən, Araz çayını, Qarqarçayla birləşdirən və Muğan düzündə Şəhriyyar şəhər yerinin yanından keçən, Araz çayını Bolqarçayla birləşdirən “qovurarxlar” maraqlıdır. Örənqala şəhər yerinin yanından keçən Govurarxı Örənqala orxeoloji ekspedisiyası tedqiq etmişdir. Bu arx Daşburun yaxınlığında Arazdan ayrılır, Beyləqanın, sonra Təzəkəndir yaxınlığından keçən Örənqalanın yanından şimal-qərbə doğru uzanır. Üçtəpənin lap yanından (1 və 2 nömrəli kurqanların arasından) keçərək Qalatəpə yaxınlığında Qarqarçayla birləşir. Arxın ümumi uzunluğu 60 km-dir.

    Muğan düzündə Şəhriyyar şəhər yerinin yanından keçən Govurxan isə indiki Bəhramtəpədən xeyli yuxarı, İran ərazisində Altanqalanın yanında Arazdan ayrılıb təxminən 10 km Araz boyu ilə uzandıqdan sonra cənub-şarqə doğru dönür, İran-Azərbaycan sərhədinin yanı ilə ona paralel şəkildə təxminən 45-50 km davam edərək Şəhriyar şəhər yerinə yaxınlaşır və orada Bolqarşayla birləşir və onunla birgə axır.
   Mil və Muğan “govurarx”larının yaşına gəldikdə, bu işdə arxeoloji materiallar bizə daha çox məlumat verir. Belə ki, Mil Govurarxının Qarqarçaya töküldüyü yerdə onun küp qəbirlərirni kəsdiyi müşahidə edilmişdir. Eyni vəziyyəti biz Şəhriyyar şəhər yeni yaxınlığında Muğan Govurarxında da müşahidə etmişik.
   Tədqiqatçılar Azərbaycanın düzən rayonlarında Küp qəbirləri yayılması eramızdan əvvəl II əsrə və eramızın II əsrinə aid edirlər. Təsvir etdiyimiz “govurarx”ların ən geci VII əsrə qədər (Azərbraycanın ərəblər tərəfindən istila olunmasından əvvəl) çəkilməsi onların adından belə aydın olur. Məlumdur ki, müsəlmanlar özlərindən əvvəl tikilən bir sıra abidələri “dinsizlərin”, “kafirlərin” (“govurların”) adı ilə bağlayırlar (məsələn: Govurarx, Govurqalası, Govur bəndi və s.).

   Beləliklə, təsvir etdiyimiz arxların sasanilər dövründə tikildiyi aydın olur. Məlumdur ki, Sasani dövləti Cənubi Qafqazı zəbt etmək işini başa çaqtdırdıqdan sonra böyük tikinti işlərinə girişə bilərdi. Söz yox ki, haqqında danışdığımız arxların çəkilməsi mərkəzləşmiş möhkəm dövlətin möcudluğu şəraitində mümkün ola bilərdi. Yeni tikilən suvarma arxları təkçə əkin sahələrini suvarmaq üçün deyin, eyni zamanda şəhərləri və tez-tez qoşun yeridilən və ticarət karvanları gedən isti, düzən yolar üzərindəki qala və karvansaraları da su ilə təchiz etməli idi. Məhz buna dörə də Mil və Muğan düzlərində çaylardan aralı ərazidə tikilmiş yeni şəhərlər suvarma şəbəkəsilə əlaqədar yaradılmışdır. Belə şəhərlərdən biri Beyləqandır. Bizə elə gəlir ki, A.A.İessin haqlı olaraq Paytakaranın Beyləqanla əvəz edilməsinin əsas səbəbini Govurarxla əlaqələndirir.
   Muğan düzündə xarabalıqları Şəhriyyar və Çöl-Ağdam adlanan şəhərlərin tikilməsi üçün yer seçilərkən də bu şərait nəzərə alınmış və həmin şəhərlər Muğan Govurarxının yaxınlığında tikilmişdir.

   QƏDİM TİCARƏT VƏ KARVAN YOLLARI – İndiki Beyləqan ərazisində mövcud olmuş qədim ticarət karvan yolları. Beyləqan ərazisində daxili yollarla bərabər, həm də ticarət-karvan yolları olmuşdur. Onlar vasitəsilə bir sıra ölkələr arasında əlaqələr yaradılmış, ticarət inkişaf etdirilmişdir.  Bu yollar rayon ərazisində olan Beyləqan şəhərindən keçirmiş. Beyləqan ərazisində olan qədim ticarət-karvan yolları aşağıdakılardır: Beyləqan-Gəncə-Gürcüstan yolu (Bel yolu),  Beyləqan-Xudafərin-Ərdəbil yolu, Beyləqan-Şamaxı-Dərbənd yolu. 

     BEYLƏQAN ŞƏHƏRİNİN SU TƏCHİZATI – Qədim Beyləqan (Örənqala) şəhərinin orta əsrlərdə (IX-XIII əsrlər) su təchizatı: ilk dəfə şəhərin cənub-qərb hissəsindəki sənətkarlar məhəlləsində meydana gəlmişdir (IX əsr). Dulusçuları su ilə təmin etmək üçün əvvəlcə quyular qazılmışdır. Bir müddət sonra duluzçuluq sürətlə inkişaf etmiş və bu quyuların suyu  kifayət etməmişdir. Duluzçuları su ilə təmin etmək üçün şəhərdə su təchizatı şəbəkisinə ehtiyac yaranmışdır. Çünki Beyləqanda sənətkarlığın inkişaf etdiyi dövrdə (XII-XIII əsrlər) köhnə su quyuları artıq funksiyasını itirmişdir və tələbatı ödəmirdi. Həmin dövrdə sənətkarliq məhəlləsinə saxsı tünglərdə üstü örtülü dərin kanallar çəkilmişdir (XII-XIII əsr). Bu kanallar sənətkarlar məhəlləsini su ilə təmin edirdi. Bu su kəmərlərindən həm sənətkarlar, həm də meyvə suyu çəkən çən hovuzlarını yumaq üçün istifadə edilirdi. İstifadədən sonra qalıq sular digər tünglər vasitəsilə axıdılırdı. Bu dövrdə Beyləqanda 8-guşəli su şəbəkələri, hovuzlar, çarxhovuzlar, şəhərin yaşayış məhəllələrində su şəbəkəsi sistemi vardır. Tünglər saxsı və bişmiş kərpiclərlə hörülmüşdür. Arxeoloji qazıntılar zamanı XII-XIII əsrlərin kanallar şəbəkəsi tapılmış və bu da Beyləqanın su təchizatı və kanalizasiya sisteminin yüksək səviyyədə olduğunu sübuta yetirmişdir. 

    PAYTAKARAN – Azərbaycan Albaniyasında (Qafqaz) şəhər və vilayət. Musa Kalankatuklunun “Alban tarixi” əsərində və erkən orta əsr ermənidilli mənbələrdə III-IV əsr hadisələri ilə əlaqədardır adıçəkilən Paytakaran Mil düzündə idi. Şəhərin yerləşdiyi ərazi dəqiq müəyyənləşdirilməmişdir. Tədqiqatçıları bir qismi Paytakaranın Təzəkənd ərazisində yerləşdiyini, digərləri isə orta əsr Azərbaycan şəhəri Beyləqanın Paytakaran şəhəri yerində salındığını göstərirlər. Paytakaran adının farsca “paytaxt” və “Aran” (“Aranın paytaxtı”) sözlərindən ibarət olduğu ehtimal edilir.

    PİRAKAN – Beyləqan şəhərinin keçmiş adlarından.

   BAXAK – Beyləqanın mənbələrdə adı. XIV əsrdə yaşamış Samuel Anetsinin “Tarix” əsərinin “Salnamə” hissəsində Teymurləngin tikinti işləri ilə əlaqədar Beyləqan şəhərinin adı Baxak kimi çəkilir. Hadisənin təsviri söhbətin Beyləqan haqqında getdiyini göstərir.            

  BALASAKAN – erkən orta əsrlərdə Azərbaycanda tarixi əyalət. Qafqaz Albaniyanın ərazisi inzibati cəhətdən əyalətlərə (havarlara) bölünürdü. Balasakan (Paytakaran) da Albaniyanın Kürün sağ sahilindəki əyalətlərdən biri idi. Balasakan (Paytakaran) əyaləti mənbələrdə Kask, Kazbk (erməni), Kaspiana (Yunan-Poma), Paytakaran – Balasikan (Musa Kalankaturlu), Balsakan (fars və ərəb) və s kimi adlandırılır.Bu əyalət şərqdə Xəzər dənizinin sahilinə kimi uzanır, Mil və Muğan düzlərinin bir hissəsini əhatə edirdi. Mərkəzi Paytakaran (Beyləqan) şəhəri idi. Bu əyalət siyasi cəhətdən bəzən də müstəqil olurdu. IV əsrin II yarısında Albaniyanın ərazisinə daxil idi. V-VII əsrlərdə Balasakanda albanlar, kaspilər, balaslar, hunlar, xəzərlər, akasilər və s. yaşayırdı. Bəzi mənbələrdə göstərilir ki Balasakanın əhalısı əhalisi balasaçı adlanırdı. 

     Bugünkü Beyləqan coğrafiyasında insan nəslinin məskunlaşma tarixi min illərlə ölçülür. Arxeoloji materiallara əsaslanaraq tarixçilərimiz göstərirlər ki, Beyləqanın yerləşdiyi Mil düzündə yaşayış 6000 il əvvəl başlanmışdır. Burada eniolit, tunc dövrü və dəmir dövrünün əvvəllərinə aid abidələr qeydə alınmışdır. Bu abidələrə əsaslanan alimlərin fikrincə, bu düzənlikdə yaşayış ardıcıl davam etmiş, əkinçi maldar tayfalar getdikcə özlərinə daimi yaşayış məskənləri salmış, tunc dövrünün ortalarından başlayaraq ilk müdafiə tipli məntəqələr yaratmışdır. Eramızdan əvvəl VII-V əsrlərdə Mil düzündə həyat daha da canlı olmuşdur. Qaratəpə adlı yaşayış yeri buna sübutdur. Qaratəpədə yaşayış eramızdan əvvəl VII əsrdən eramızın ilk əsrlərinə qədər ardıcıl olaraq davam etmişdir. Eramızın ilk əsrlərindən isə Mil düzündə yaşayış güclənmiş, kiçik də olsa şəhər tipli yaşayış yeri meydana gəlmişdir. Bu şəhər yerində həyat eramızın ərəfəsində başlanmış və V-VII əsrlərə qədər davam etmişdir. Deməli, Qaratəpə, Təzəkənd və Örənqalada yaşayış birindən digərinə keçmişdir (Qaratəpədən-Təzəkəndə, Təzəkənddən-Örənqalaya). Beyləqan ərazisindəki bu abidələr bölgədə yaşayışn ardıcıl davan etdiyini göstərir. Mil-Qarabağ düzündə (Uytia ölkəsində) Enian və Paytakaran adlı şəhərlər olmuşdur.

Yuxarı