Landşaft, relyef və iqlim

    Fiziki-coğrafi rayonlaşma.  Beyləqan rayonu Kür dağarası çökəkliyi fiizki-coğrafi vilayətində yerləşir. Ərazini böyük hissəsi vilayətin Kür-Araz və Arazboyu rayonlarına, şimal-qarbdən qismən hissəsi isə Qazax-Qarabağ fiziki-coğrafi rayonu ərazisinə düşür. Bu müxtəlifliyin səbəbi ərazinin təbii şəraitininin müxtəlifliyidir. Əslində isə fiziki-coğrafi komponent dəyişkənliyinə görə iki fərqli xüsusiyətə bönməsi ərazinin Arazboyu və Mərkəzi Arana daxıl olmasına səbəb olmuşdur.    

   Landşaft. Ərazi yarımsəhra landşaft vilayətinə aiddir. Təbii mənzərəsi düzənlik landşaftlarıdır. Bu landşaft üfüqi zonalığa uyğun gəlməklə yarımsəhra landşaftlıdır. Burada boz, boz-qonur boz-çəmən torpaqları yayılmaqla qişi mülayim, yayı isti və quru keçir. Yarımsəhralar Mil düzünün gilli süxürlarında şoranlaşmışdır. Ona görə də bitkilər torpaq səthində 30-40% -də örtük əmələ gətirir. Kür cayı boyu intrazonal (yeraltı suyun yaratdığı) landşaft tuqay meşələrinin yaranmasına səbəb olur. Rayon ərazisinin böyük hissəsi orta və zəif parçalanmış dağarası düzənliklərin və ovalıqların yarımsəhra landşaftıdır. Rayonun qərb hissəsində - Haramı düzündə orta dərəcədə parçalnmış düzənliklərin yarımsəhra və quru-çöl landşaftları yayılıb. İnsanların təssərüfat fəaliyyəti nəticəsində müasir-antropogen landşaft formalaşması güclənməkdədir. Orta antropogeləşmə dərəcəsi 6-0-70% arasındadır. Lakin uzun illərin mənimsənilmə prosesində təbii bitki örtüyünün çoxu dəyişdirilmiş, onların yerində antropogen və təbii-antropogen landşaft sahələri yaranmışdır.

     Relyefi. Rayon Kür-Araz ovalığının Mil, Qarabağ və Arazboyu maili düzənliklərində yerləşir. Kür və Araz çaylarının arasında yerləşən Mil düzünün qərb və cənub-qərb hissələrini tutur. Arazboyu düzənliklərə aid olan Haramı düzünün bir hissəsi də rayon ərazisinə aiddir. Ərazi tamamilə ovalıqlardır. Ərazisinin şimal-şərq hissəsi okean səviyyəsindən aşağıdır. Cənub-qərbdə hündürlüyü 100 metrdir bu ərazilər Kaynazoy erasının Antropogen dövrünə aid qum, çınqıl, çaqıl daşları və digər çöküntü süxurları ilə örtülür. Ərazinin 40 faizindən çoxu hündürlüyü 0-100 m, 25 faizi 100-200 m, 35 faizə qədəri isə mütləq hündürlüyü 0 m-dən aşağı olan ərazidə yerləşir. Kür çayına – şimala doğru mütləq hündürlük 8 m-ə qədər azalır. Qərbə - Haramı düzünə doğru isə mütləq hündürlük 200-250 m arasında dəyişir. Beyləqan şəhərinin mərkəzindən keçən 58 metrlik horizontaldır. Ümumiyyətlə, Beyləqan ərazisi dağarası çökəklik hesab olunur. Ərazinin Alp-Himalay geosinklinalının mərkəzində, konvergent sərhəddə yerləşməsinin nəticəsidir ki, seysmik fəal zonalardan hesab olunur. Kür çökəkliyi tektonik zonasında yerləşən rayon gücü 7 bal olan zonadır. Burada çökmə süxurunun qalınlığı 10-15 km arasındadır.

    QARABAĞ SİLSİLƏSİ – Azərbaycan Respublikasında Kiçik Qafqazda dağ silsiləsi. Əsas hissəsi Yuxarı Qarabağ ərazisindədir. Şimal-qərbdə Tərtər çayının dərəsi ilə Murovdağ silsiləsindən, qərbdə isə Həkəri çayının dərəsi ilə Qarabağ yaylasından ayrılır. Uzunluğu (şimal-qərbdən cənub-şərqə) təqribən 120 km-dir. Ən hündür zirvələri: Qızqala (2843 m), Böyük Kirs (2725 m) və s. Yura və Tabaşir sistemlərinin çökmə və vulkanogen süxurlarından təşkil olunmuşdur. Faydalı qazıntıları: polimetal filizlər, tikinti daşı, mərmər, gəc, əhəng xammalı, gil, və s. Mineral sular (Turşsu, Şırlan və s.) çıxır. Silsilənin qərb yamacları dikdir. Qarabağ və Mil düzlərinə tərəf tədricən alçalan şərq yamacları isə çay dərələri ilə kəsilmiş və bir neçə qola ayrılmışdır. Silsilənin cənub-şərq qurtaracağı Araz çayına tərəf alçalaraq dağətəyi düzənliklərə keçir. Xaçın, Qarqar (Kür hövzəsi), Köndələnçay, Quruçay, Qozluçay (Araz hövzəsi) və s. çaylar Qarabağ silsiləsizdən başlanır. Çimli dağ-çəmən torpaqlarında subalp çəmənləri, qonur dağ-meşə torpaqlarında meşə (palıd, fistıq, vələs və s.) landşaftı geniş yer tutur. Yay otlağı var. Heyvandarlıq inkişaf etmişdir. Üzüm, tütün, taxıl və meyvə yetişdirilir. Azərbaycan hökuməti Şuşada dağ iqlim kurortu yaratmışdır.

  QARABAĞ YAYLASI – Azərbaycan Respublikası və Ermənistan Respublikasında vulkanik yayla. Zəngəzur və Qarabağ silsilələri arasındadır. Çox hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Orta hündürlüyü 2000-2500 metrdir. Qarabağ yaylasının səthi Üst Pliosen və antropogenin bazalt və andezitləri ilə örtülür. Dərin dərələrin bəzi yerlərində Tabaşir, Paleogen və Neogen sistemlərinin vulkanogen-çökmə süxurları üzə çıxmışdır. Faydalı qazıntıları: vulkan tufları, perlit və s. Yayla şimaldan cənuba doğru daralır və Bazarçay ilə Həkəri çayı arasında üçbucaq şəklində qurtarır. Bu hissədə hündürlüyü 500 metrə çatır. Səthi dalğalıdır; cənub və cənub-şərqə tərəf meyillidir. Çay dərələri ilə parçalanmışdır. Püskürmələr nəticəsində yaranmış lava düzənliklərində iri sönmüş vulkan konusları var. Bunların bəzilərinin mütləq hündürlüyü 3000 metrdən artıqdır (Qızılboğaz-3581 m, Böyük İşıqlı -3552 m, Ala Göllər-3175 m və s.). Çınqıllıqlar, mağaralar xarakterikdir. İqlim, əsasən, soyuq, cənubda mülayim istidir. Orta temperatur yanvarda 0-dan -10C qədər, İyulda 10-22 C-dir. İllik yağıntı 500-800 mm-dir. Çaylar Kür və Araz hövzələrinə aiddir. Tərtər, Hocazsu, Zabux, Bazarçay və s. Qarabağ yaylasından başlanır. Müxtəlif mənşəli göllər (Ala göllər, Qara göl və s.) var. Torflu və çimli dağ-çəmən torpaqlarında alp, çimli dağ-çəmən torpağlarında subalp çəmənlər geniş sahə tutur. Orta dağlıqda vələs-palıd meşələri var. Heyvandarlığın inkişafı, taxıl, tütün yetişdirmək üçün əlverişlidir. Əsrlər boyunca yay otlağı kimi istifadə edilmişdir.

   QARQAR DÜZÜ – Qafqaz Albaniyasında düz. V-VI əsrə aid mənbədə adıçəkilən düz qədim qarqar tayfasının adı ilə bağlıdır. Tarixi və toponimik faktlara əsasən, Qarqar düzünün Milin bir hissəsi (yaxud hamısı) və Qarabağ düzü göstərilmişdir. Ağdam rayonlarında olan yaşayış məntəqələrinin bir hissəsi Mil düzündə (keçmiş Qarqar) yerləşmışdir.

    MİL DÜZÜ - Azərbaycanda düzənlik. Kür-Araz ovalığının bir hissəsidir. Kür çayının sağ sahili ilə Araz çayının sol sahili arasındakı ərazini əhatə edir. Qərbdən Qarabağ silsiləsi ilə əhatələnir. Şimal-qərbdə Qarabağ düzünə qovuşur. Şirvan düzündən Kür çayı, Muğan düzündən Araz çayı vasitəsilə ayrılır. Hündürlüyü dağətəyi hissədə 500 m-ə qədərdir, şərqdə okean səviyyəsindən aşağıdır. Səthi hamar, zəif pilləlidir. Kür və Arazın qədim yataqlarına, göl və bataqlıqlardan ibarət dayaz çökəkliklərə rast gəlinir. Antropogen çöküntülərindən təşkil olunmuşdur. Faydalı qazıntılara neft (Muradxanlı yatağı) və müxtəlif tikinti materialları aiddir. Yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi yaranır. Orta temperatur yanvarda 0-3 C, iyulda 25-27 C-dir. İllik yağıntı 200-400 mm. Çay şəbəkəsi seyrəkdir. Gölləri: Sarısu, Ağ göl, suvarma kanalları (Yuxarı Qarabağ, Baş Mil və s.) çəkilmişdir. Baş Mil-Qarabağ kollektoru buradan keçir. Yarımsəhra və quru çöl landşaftı yaranır. Kür çayı sahilində seyrək tuqay meşələri var. Pambıq, taxıl və üzüm yetişdirilir. Baramaçılıq və heyvandarlıqla məşğul olurlar. Qiş otlaqları vardır.
    Mil düzünün adını ilk dəfə Gətran Təbrizi (X əsr) çəkmişdir. Ərəb dilindəki mil (sərhəd dirəyi, obelisk-sütun şəklində daş abidə, kərpicdən tikilmiş qüllə) sözündəndir. Mil düzündə Örənqala yaxınlığında Mil minarə adlı tikili məşhur idi. Ehtimal ki, düzün adı bu tikili ilə bağlıdır. Düzün qədim adı Qafqaz Albaniyasının qarqar tayfasının adı ilə Qarqar düzü olmuşdur. Qarqarlar haqqında Qarqar (çay).

    PEYĞƏMBƏRQUM - Mil düzünün cənub-qərb hissəsinin adı. Düzün adı qədim Peyğəmbər pirinin adı ilə bağlıdır. Toponimin tərkibndəki qum sözü "düz, düzənlik" mənasındadır.

     SOLTANBUD- Beyləqan rayonu ərazisində təpə. Bir fikrə görə oronim Soltanbud şəxs adı ilə bağlıdır. Digər fikrə görə isə, coğrafi ad Soltan (şəxs adı) və İran dillərindəki bud/put (təpə) sözlərindən yaranıb, "Soltanın təpəsi" deməkdir.

     BEL YOLU - Beyləqan rayonu ərazisində yol. Mənbəyə görə, yol Daşqey arxı boyunca Araza qədər uzanmışdır. Yolun Qarqar və Tərtərlə birləşən qolları olmuşdur. El yolu da deyilir. Torpaq olsa da, rahatlığına görə qədimdən “Bel yolu” da deyilir.

    BEYLƏQAN YOLU - Beyləqan ərazisində mövcud olmuş qədim ticarət və karvan yolu. El arasında “Bel yolu” da deyilir. Qədim Beyləqan xarabalığından başlayır, Araz çayına qədər uzanır. Bu yol Beyləqan şəhərini Şərq - Qərb ticarət yoluna bağlayırdı. Bu yolla Təbrizdən karvanlar gələr, buradan Bərdəyə, Gəncəyə, Tiflisə və başqa şəhərlərə istiqamət alarmış.

     GÖYTƏPƏ-Beyləqan rayonunda yüksəklik. Beyləqanla Ağcabədi rayonunun “Ağ göl” adlanan ərazisindəki sərhəddədir. Təpənin şərq hissəsində Eyvazlılar kəndinin heyvandarlıq fermaları yerləşir. İlin bütün fəsillərində yaşıllığa büründüyü üçün Göytəpə adlandırılmışdır.

     HACI HEYDƏR QUYUSU- Beyləqan rayonu ərazisində mövcud olmuş kəhriz tipli su mənbəyi. Eyvazalılar kəndində yerləşir. Eyvazalılar kənd sakini, imkanlı və xeyirxah bir insan olan Hacı Heydər kişi tərəfindən “Qara Təpə” adlanan ərazidə - qış otlaq sahəsində qazılmışdır. (XIX əsrin sonu). Mənbəyə görə köçəri elat camaatı bu quyunun suyundan həm içmək, həm də mal-qaranı suvarmaqda uzun illər istifadə etmişdir. Təmir işləri aparılmadığından hazırda istifadəsizdir.    

    HARAM DÜZÜ- Araz çayının sol sahilində, Füzuli, Beyləqan, Xocavənd, Ağcabədi və Ağdam rayonlarının ərazisində yerləşir. Mil düzünün qərb hissəsidir. Ərazi Azərbaycan tarixində böyük keçmişi olan bölgələrdən biridir. 2500 il əvvəl bu ərazilərdə geniş təsərrüfat sisteminin mövcud olduğunu arxeoloji qazıntılar da sübut edir. Sasanilər dövründə bu ərazilərə Arazdan bir neçə su arxı çəkilmişdir. Təsərrüfatın inkişafı nəticəsində burada şərqin ən böyük və gözəl şəhərlərindən biri olan Beyləqan yaranmışdır. Lakin 1242-ci ildə monqollar Beyləqani dağıtdılar. Təsərrüfat dağıldı. Əhali ya məhv edildi, ya buradan qaçdı, su sistemləri yararsız hala düşdü. Bağlı-bağatlı, əkinli-biçinli, cənnət ərazi səhralığa çevrildi. Geniş ərazidə yalnız quldurlar-həramilər dolaşır, soyğunçuluq edirdilər. Qaçaq-quldur yuvası olduğu üçün buraya Haramı düzü deməyə başladılar.
    Sovet dövründə Haramı düzünün müəyyən bir hissəsi əkinə yararlı vəziyyətə gətirildi. Lakin bu iş sonadək həyata keçirilmədi. Yerdə qalan ərazidən yalnız örüş kimi istifadə edilə bildi. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra erməni işğalçılarına qarşı ən uğurlu hərbi əməliyyatlardan biri Haramının Xocavənd rayonu hissəsində həyata keçirildi, ermənilərin Aran - Qarabağ istiqamətində hücumunun qarşısı alındı. Azərbaycan hökuməti əraziyə diqqət və qayğını artırdı. Haramı düzündə 10-dan artıq qaçqın şəhərciyi yaradıldı.Düzənlik əsasən lyosabənzər gillicələrdən qurulmuş dellüvial-prolüvial çöküntülərdən ibarətdir. Ərazi Qarasu, Şapartu çaylarının dərələri və külli miqdarda çox müxtəlif quruluşda olan qobu və yarğanlarla kəsilmişdir. Eroziya nəticəsində yaranmış Haramı yarğanı daha tipik olub çox qolbudaqlıdır. Beyləqan şəhərindən qərblə Ağdaş gömülmüş qalxması maili düzənliyin səthini xeyli qabartmış və buradan hər tərəfə qobular uzanır. Haramı düzünün Qarabağ silsiləsinə yaxın qərb hissəsində mütləq hündürlük 70-80 m-dən çoxdur. Burada Mezozoyun vulkanogen (Yura yaşlı) və karbonatlı (Təbaşir yaşlı) çöküntülərindən təşkil olunmuş kiçik təpələr və tirələr vardır.
   Haramı düzündə suvarma sistemləri yaradıldıqdan sonra bura ölkənin mühüm kənd təsərrüfatı bölgələrindən birinə çevrilmişdir. Burada pambıq, taxıl, bostan-tərəvəz bitkiləri əkilir, mal-qara saxlanılır.   

    HƏRAMI DÜZÜ- Haramı düzünün bəzi mənbələrdə və el arasında adı.

    KÜR - ARAZ İQTİSADİ RAYONU – Azərbaycanda iqtisadi-coğrafi rayon. Əsasən, Kür-Araz ovalığında, Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağ sistemləri arasında olan ərazini əhatə edir. Şərqdə Xəzər dənizi ilə əhatələnir. Tərkibinə Ağdam, Ağdaş, Ağsu, Ağcabədi, Bərdə, Beyləqan, Zəngilan, Zərdab, Yevlax, İmişli, Kürdəmir, Göyçay, Tərtər, Neftçala, Biləsuvar, Saatlı, Sabirabad, Salyan, Ucar, Füzuli, Cəbrayıl və Cəlilabad rayonları, Mingəçevir və Şirvan şəhərləri daxildir. Ərazisinə görə respublikanın ən böyük iqtisadi rayonudur. Sahəsi 27,5 min kv.km-dir. (respublika ərazisinin 32%-i). Kür-Araz iqtisadi rayonunda 26 şəhər, 12 şəhər tipli qəsəbə, 3 fəhlə qəsəbəsi var. Səthi çox yerdən ovalıqdır. (Kür-Araz ovalığı). Ərazinin kənar hissələri Böyük Qafqaz, Kiçik Qafqaz, və Talış dağlarının alçaq dağlıq və qismən orta dağlıq zonalarına daxildir. Kür-Araz iqtisadi rayonu inkişaf etmiş çox sahəli təsərrüfata malikdir. Sənayesində neft və qazçıxarma, kimya, yüngül və yeyinti, maşınqayırma və metal emalı sənayesi sahələri, elektrik enerjisi və tikinti materialları istehsalı əsas yer tutur. Kənd təsərrüfatının əsas sahəsi pambıqçılıq, heyvandarlıq, üzümçülük, taxılçılıq və baramaçılıqdır. Rayonun sənayesi, əsasən, sovet hakimiyyəti illərində yaradıldı. Bu dövrdə 75 iri dövlət sənaye müəssisəsi, çoxlu orta və kiçik həcmli fabrik və zavod tikildi. Kür-Araz iqtisadi rayonu respublika sənaye məhsulu istehsalının 14%-dən çoxunu verirdi (1980). Həmin dövrdə sənaye məhsulları istehsalının həcminə görə respublikanın iqtisadi rayonları arasında Abşeron iqtisadi rayonundan sonra ikinci yerdə idi. Respublikada istehsal olunan neftin təqribən 16%-ni, elektrik enerjisinin 57%-ni, təbii qazın 17%-ni elektrotexnika sənayesi məhsulunun 31%-ni pambıq mahlıcının 75%-ni, ilkin yun emalının 100%-ni, bitki yağının 34%-ni, ovlanan balığın 28 %-ni, yığma dəmir beton konstruksiyaların 26-%-ni bu rayon verirdi (1980). Rayonun mədənlərində (“Şirvanneft”, “Salyanneft”, “Neftçalaneft”, neft və qazçıxarma idarələr və s.) çıxarılan neft respublikanın quruda çıxarılan neftinin təqribən 40%-ni təşkil edirdi. Respublikanın ən iri istilik elektrik stansiyası (“Azərbaycan” İES) və ən iri su elektrik stansiyası (“Mingəçevir” SES-i) bu rayondadır. Kimya sənayesini yod-brom (Neftçala), plastik kütlə (Salyan), şüşə lif və texniki rezin məmulatları zavodları (Mingəçevir) təmsil edirdi. Maşınqayırma və metal emalı sənayesi elektrotexnika (Mingəçevir “Azərkabel” və “Elektroizolit” zavodları, Salyan elektrik qaynaq avadanlığı zavodu), yol maşınqayırması (Mingəçevir yol maşınları zavodu), dəzgahqayırma (Ağdam dəzgah avadanlığı zavodu), maşın və avadanlıq təmiri (Ağcabədi, Göyçay, Cəlilabad avtomobil təmiri zavodları bütün inzibati rayonlarda kənd təsərrüfatı texnikası təmiri müəssisələri və s.) sahələrindən ibarətdir. Rayonun ümumi sənaye məhsulunun təqribən 76%-ni yüngül və yeyinti sənayesi sahələri verirdi (1980). Yüngül sənayenin əsas sahələri pambıqtəmizləmə (Yevlax, Beyləqan, Bərdə, Ləki, Ucar, Şirvan, Horadiz, Sabirabad, Salyan pambıqtəmizləmə zavodları), pambıq parça toxuculuğu (Mingəçevir toxuculuq kombinatı), tikiş (Göyçay, Bərdə tikiş fabrikləri), yun emalı (Yevlax ilkin yun emalı fabriki) və xalça istehsalıdır (Ağdam, Qazıməmməd, Cəbrayıl). Şirvanda süni dəri, Ağdamda metiz-furnitur zavodları vardır. Yeyinti sənayesinin ət (Ağdam, Mingəçevir, İmişli), süd və yağ-pendir (Bərdə, Ağcabədi və s.), balıq (Bankə balıq kombinatı, Mİngəçevir və Qazıməmməd balıq zavodları), sərab (Ağdam, Kürdəmir, Cəlilabad, Göyçay və s. rayonlar), konserv (Ucar, Göyçay, Ağdam) tütün (Yevlax tütün fermentləşdirmə zavodu) və s. sahərləri inkişaf etmişdir. Tikinti materialları istehsal olunur. Kür-Araz iqtisadi rayonu Azərbaycanın müxtəlif kənd təsərrüfatı məhsulları istehsal edən mühüm mərkəzlərindəndir. Suvarma böyük əhəmiyyətə malikdir. Sovet hakimiyyəti illərində burada Mingəçevir su anbarı yaradıldı, bir çox suvarma kanalı ( Baş Muğan, Yuxarı Qarabağ, Yuxarı Şirvan və s.) çəkildi. Rayonun kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, üzümçülük, subtropik meyvəçilik, habelə heyvandarlıq məhsulları istehsalı təşkil edir. Azərbaycanda istehsal olunan pambığın 90%-dən çoxunu Kür-Araz iqtisadi rayonu verirdi (1981). Əsas pambıq əkilən rayonları Muğan , Salyan, Mil, Qarabağ və Şirvan zonaları idi. Üzümçülük inkişaf etdirilirdi. Kür-Araz iqtisadi rayonu respublikanın iri heyvandarlıq rayonlarındandır. Azərbaycanın kolxoz , sovxoz və təsərrüfatlararası birlikləri üzrə hasil edilən ətin, südün və yunun təqribən 3/1-ni verir. Baramaçılıq geniş yayılmışdır. Kür-Araz iqtisadi rayonu inkişaf etmiş nəqliyyat şəbəkəsinə malikdir. Azərbaycanın əsas dəmir yolu xətləri ( Bakı-Tbilisi, Bakı- Yerevan, Bakı- Astara) və magistral avtomobil yolları (Bakı- Qazax, Bakı- Astara və s.) rayonu ərazisindən keçir. Çay ( Kür) və hava nəqliyyatından istifadə olunur.

    KÜR–ARAZ OVALIĞI – Azərbaycanın mərkəzi və şərq hissələrində, Kür və Araz çaylarının aşağı axarında, Cənubi Qafqazda ən böyük dağaracı düzənlik. Ovalıq şimal-qərbdən Mingəçevirdən şərqə Xəzər dənizinə qədər uzanır. Uzunluğu 260 km, eni 120-150 km-dir. Kür-Araz ovalığı qərbdə Qarabağ dağlarının ətəklərindən, şimal və şimal-şərqdə Xocaşen-Ləngəbiz tirəsinin cənub yamaclarından ayrılır. Gətirmə konuslarında hündürlük 200 metrə çatır. Ovalığın 2/3 hissəsi orta və şərqdə okean səviyyəsindən aşağı yerləşir. Kür və Araz çayları ovalığı bir neçə hissəyə bölür. Kür çayının sol sahillərində, Şirvan düzü, Kür çayı ilə Qarabağ silsiləsinin ətəkləri arasında Qarabağ düzü, Kür və Araz çayları arasında Mil düzü, Kür və Araz çaylarının sağ sahilində Muğan düzü yerləşir. Kür çayının aşağı axarında sağ sahildə cənub-şərqi Şirvan düzü, sol sahildə Salyan düzü ayrılır. Ovalıq akkumulyativallüvial mənşəlidir. Onun yastı hamar relyefi çayların gətirmə konusu, çökəkliklər, təpələr, palçıq vulkanlarının konusu ilə pozulur. Burada neft-qaz yataqları, tikinti materialları, gil, mişar daşı ehtiyatları vardır.
    Düzənlik Kaynozoyun IV dövr çay və dəniz çöküntüləri ilə örtülür. Burada qışı mülayım keçən yarımsəhra və quru çöl iqlimi yaranır. Havanın orta temperaturu 14,5 C-dir. Yanvarın orta temperaturu 1,0-3,0 C, iyulun orta temperaturu 20,0-27,0 C-yə çatır. İl ərzində 200-400 mm, Cənub-şərqi Şirvanda 200 mm-ə qədər yağıntı olur. Kür-Arazda Ağ göl, Sarısu, Hacıqabul gölləri, Kür çayı sahillərində axmazlar, kanallar və kollektorlar boyu, Xəzərin sahilində şoranlıqlar və bataqlıqlar vardır. Torpaq örtüyü boz, boz-çəmən, boz-qonur, allüvial-çəmən tiplərindən ibarətdir. Onlar üzərində efemerli-şorangəli səhra, yovşanlı-şorangəli və yovşanlı-gəvərli yarımsəhra bitkiləri bitir. Onlar yarımsəhra landşaft qurşağını yaradır. Kür-Araz ovalığı ölkənin ən mühüm kənd təsərrüfatı bölgəsidir. Suvarılan torpaqlarda pambıq, taxıl, üzüm, bostan-tərəvəz bitkiləri əkilir. Yarımsəhra bitkilərinin qış otlaqları üçün əhəmiyyəti böyükdür.

     QALA TƏPƏ – Beyləqan ərazisində təpə. Yerli məlumata görə, qədim zamanlarda il quraqlıq keçir, əkilən taxıllar quruyur, amma indiki Qala təpənin ətrafında taxıl zəmiləri birə beş bar yetirir. Hadisədən xəbər tutan Beyləqan hakimi əraziyə gəlir və buranın bərəkətli torpaq olduğunu gördükdən sonra bu təpənin üstündə qala tikilməyi qərara alır və tikdirir. Həmin vaxtdan da bu təpənin adı Qala təpə qalır. Hazırda Birinci Aşıqlı kəndinin içməli su anbarı həmin təpənin üstündə yerləşir.

   QARABAĞ DÜZÜ – Azərbaycan Respublikasında düzənlik, Kür-Araz ovalığının bir hissəsi. Şimal-qərbdən Gəncə-Qazax düzənliyi, qərbdən Kiçik Qafqazın Murovdağ və Qarabağ silsilələri, cənubdan və cənub-şərqdən Mil düzü ilə əhatə olunur. Şirvan düzündən Kür çayı vasitəsilə ayrılır. Hündürlüyü dağətəyi hissədə 500 metrə qədər; cənub-şərq kənarında okean səviyyəsindən aşağıdır. Səthi zəif dalğavari və terraslıdır. Dağətəyi hissədə relyefi dərə və yarğanlıdır. Düzdağ və Gödəkboz tirələri Qarabağ düzünün şimal-qərbindədir. Düzənlikdə çoxlu kurqan var. Antropogen sisteminin allüvial-prolüvial çöküntülərindən təşkil olunmuşdur. Faydalı qazıntıları: gil, çınqıl, qum. Neft yatağı (Tərtər) var. Iqlimi əsasən mülayim isti və quru subtropikdir. Orta temperatur yanvarda 0-2 C, iyulda 27 C-yə qədərdir. Illik yağıntı 250-350 mm-dir. Çayları (İncəçay, Tərtər, Xaçın, Qarqar və s.). Kür hövzəsinə aiddir. Suvarmada geniş istifadə olunduğundan çayrarın çoxunun suyu əksər hallarda mənsəbə çatmır. Yuxarı Qarabağ kanalı Qarabağ düzündən keçir. Artezian sularından da istifadə olunur. Mil-Qarabağ kollektoru Qarabağ düzündən başlanır. Yarımsəhra, quru çöl və kolluq-çöl landşaftı inkişaf etmişdir. Qarabağ düzündə kiçik sahədə düzən meşələri (saqqızağacı, aran palıdı, qarağac və s.), Kür çayı sahilində isə seyrək tuqay meşələri (aran palıdı, qarağac, qovaq, söyüd və s.) eləcə də kolluqlar (iydə, yulğun, nar və s.) var. Pambıq, üzüm, taxıl və quru subtropik meyvələr yetişdirilir. Heyvandarlıq inkişaf etmişdir. Qış otlaqları var.

   GEOLOJİ QURULUŞU. Beyləqan da daxil olmaqla Azərbaycan ərazisi Alp-Himalay geosinklinalının Ön Asiya hissəsində yerləşir. Ərazinin geoloji inkişaf tarixində Alp qırışlığı ayrılır. Kaynazoy erasının Neogen dövründə Beyləqan rayonunun ərazisi dəniz altında olmuş, tektonik qalxma nəticəsində suyun səthinə qalxmış və Kaynozoy erasının Antropogen yaşlı IV dövr çökmə süxurları ilə örtülmüşdür.

     Faydalı qazıntılar. Rayonda  IV dövr çökmə süxurları geniş yayıldığı üçün çökmə mənşəli bütün faydalı qazıntılara rast gəlinir. Haramı düzü qum-çınqıl , Arazboyu maili düzənliyi qum-çınqıl, termal su, maili düzənliklərdə isə gil və qumla yanaşı neft də tapılmışdır. Haramı düzündə böyük ehtiyyatda içməli su olduğu müəyyənləşdirilmiş və qismən istifadə olunmaqdadır. Ərazidəki qış otlaqları və torpağı ən əhəmiyyətli təbii ehtiyyatlardandır.   

    İqlim. Rayon ərazisi quru subtropik iqlim qurşağında yerləşir. Ərazidə qışı mülayim, yayı isti quraq keçən yarımsəhra və quru çöl iqlim tipi hakimdir. Qış fəslində mülayimlik, yay dövründə isə tropiklik üstünlük təşkil edir. İqlimin bu cür formalaşmasında ərazinin həm şimal, həm də cənub hissəsində maili çay çökəkliyi, cənub-qərbində təpəli, şərqində hamar düzənliyin olması mühüm rol oynayır. Ərazi daima olaraq fəsillər üzrə dəyişməklə şərq, qərb və şimaldan cənub siklonları, tropik, Orta Asiya və yerli hava kütlələrinin təsiri altındadır. Rayonda il ərzində 20-25 gün ağ yel küləkləri əsir. Havanın orta illik temperaturu 14,0 C-yə çatır. Yanvarın orta temperaturu 1,8 C, iyulun orta temperaturu 26,0 C-dir. Yay aylarında bəzən havanın mütləq maksimum temperaturu 41 C-yə qədər yüksəlir. Havanın mütləq minimum temperaturu 10 C olub il ərzində -8 C ilə 15 C arası dəyişilir. Bəzən havanın mütləq minimum temperaturu -21 C-yə qədər aşağı düşür. Ümumi radiasiyanın illik miqdarı 130,7 kkal/sm.kv-dir. 5 C-dən yüksək olan temperaturların illik cəmi 4916 C, 10 C-dən yüksək olan temperaturların illik cəmi 4438 C-dir. Payızda ilk şaxtalar noyabrın 20-dən sonra, yazda son şaxtalar martın 20-dən sonra müşahidə edilir. Havanın orta illik nisbi rütubəti 72 faiz olub il ərzində 58-82% arasında dəyişir. Yağıntıların illik miqdarı 312 mm-dir. Yağan qar 10-12 gün yerdə qalır. Buxarlanma qabiliyyətinin illik miqdarı 1000 mm-dir. Rütubətlik əmsalı 0,3-ə bərabərdir və ərazidə yay vaxtı suvarma tələb olunur. Küləklər əsasən şərqdən və cənub-şərqdən əsir, onun orta illik sürəti 2,2 m/saniyədən çox olmur. Sürəti 15 m/saniyədən çox olan güclü küləklər il ərzində 10 günədək əsir. İl ərzində 300 mm yağıntı düşür. Araz və Kür çayları boyu daha çox, Mərkəzi Aran hissəsində isə orta hesabla 300 mm təşkil edir. Yağıntıların çoxu ilin soyuq dövründə, əsasən yazda və payızda olur.

   Torpaq Örtüyü. Torpaq örtüyü quru subtropik iqlim şəraitində yaranır. Rayonda boz, boz-çəmən torpaqlar, Kür çayı sahillərində çəmən-meşə torpaqları yayılır. Beylaqanın təbii şəraitinin müxtəlifliyinin nəticəsidir ki, cənub-qərb hissə - Haramı düzü ərazisi açıq-boz qəhvəyi, qalan bütün hissədə boz-çəmən, Kür çayı yaxınlığında bataqlıq-çəmən və lilli bataqlıq, Beylaqan şəhərinin şimalında – Yuxarı Qarabağ kanalının sızma zonasında isə şoranlaşmış şoran-şorakət torpaqlar üstünlük təşkil edir. Torpaq quruluşuna görə strukturlu və qismən struktursuz olmaqla mexaniki tərkibində qumsallıq və gillicəlik üstünlük təşkil edir. Bütün suvarılan torpaqlaqrda dənəvərlik normadan az olduğundan rütubət saxlama imkanları azdır. Bitki örtüyünün zəif inkişaf etməsinin nəticəsidir ki torpaqda humusun (çürüntünün) miqdarı 8-15% arasında dəyişir, bu da qidalılıq etibarı ilə bitkiçilikdə əlavə gübrələmə tələb edi

Yuxarı