Şəhərin siyasi-ictimai tarixi

     İLK ORTA ƏSRLƏRDƏ ŞƏHƏRİN SİYASİ-İCTİMAİ TARİXİ. Beyləqan şəhərinin siyasisi tarixinə qədim Azərbaycanın siyasi tarixinin ayrılmaz bir hissəsi kimi baxmaq lazımdır. İlk orta əsr və orta əsrlər dövründə Azərbaycanı əhatə etmiş hadisələr eyni zamanda ölkənin mərkəzi rayonlarından birində yerləşən Beyləqan (Paytakaran) şəhərini öz təsiri altına almışdır.
      Azərbaycanın həmin dövr siyası tarixi bir sıra ümumiləşdirici və sanballı tədqiqat əsərlərində öz həllini müəyyən dərəcədə tapmışdır. Lakin bu qiyymətli əsərlərdə və onlardan istifadə olunmuş geniş ədəbiyyatda Beyləqan şəhərinin siyasi tarixi ümumi məsələlərin içərisində əridildiyindən və Beyləqan hadisələri cuzi yer tutduğundan həmin şəhərin siyasi tarixi haqqında tam təsəvvür yaratmaq mümkün olmur. Bu sahədə ən qiyymətli əsər Y.A.Paxomovun “Paytakaran- Beyləqan-Örənqala” adlı məqaləsidir.
       Ümumiyyətlə, Beyləqan şəhərinin ilk dövrlərinin siyasi tarixi bizə yaxşı məlum deyildir; bu haqda yazılı mənbələrdə çox az məlumat var, arxeoloji material isə yox dərəcəsindədir. Yazılı mənbələrdə verilmiş yazılı məlumatların əksəriyyəti şəhərin siyasi hadisələrini bir tərəfli şərh edir.
    Məlumdur ki, Beyləqan şəhərinin yerləşdiyi ərazi – indiki Mil düzü orta əsrlərdə Albaniya və Arran ölkəsinin əsas torpaqlarından idi. Erkən orta əsrlərdə Paytakaran sasanilərdən asılı vəziyyətdə olan Atropatenanın şimal sərhəd şəhərlərindən birinə çevirilmişdir.

    VII əsrinin 20-ci illərində Xəzərlər Bizans imleriyasi ilə ittifaq bağladıqdan (626-cı il) sonra 626-628-ci ilərdə Albaniyaya (Arrana) hücumlar təşkil etdiyi bir vaxtda da Paytakaran sasanilərin əlində güclü bir hərbi-inzibati baza idi. Heç də təsadüfi deyil ki, Xəzər xaqanı Bizans imperatoru İrakliyə ittifaq üçün razılıq verdiyi zaman demişdi :”Paytakaranda olmağa və bu şəhəri dağıtmağa mənim özümün də əsasım var”. Xəzərlərin 626-628-ci il hücumları zamanı şəhərin özü olmasa da, ətrafı çox böyük ziyan çəkmişdi. Moisey Kaqankaytuqlu özünün “Ağvan tarixi” adlı əsərində xəzərlərin Albaniyaya etdiyi hücumların dahşətindən ətraflı bəhz etmişdir (Xəzərin böyük qırğınlarından biri müəllifin kəndi yaxımlığlnda olmuşdur).
   VII əasrin 20-ci illərində xəzərlərin Mil düzü, o cümlədən Beyləqan ətrafında olması arxeoloji nöqteyi-nəzərdən də təsdiq olunmuşdur. Örənqaladan 20 km şimal-qərbdə yerləşən Üçtəpə kurqanlarından (3 nömrəli) birindən (qazıntı zamanı kuraqana sonralar xüsusi şaxta qazmaq yolu ilə basdırılmışdır) bir qəbir aşkara çıxarılmışdır.
   A.A.İessen qəbirdə dəfn edilmiş şəxsin Xəzər ordusu iştirakçılarından olduğunu qeyd edir və göstərir ki, bu qəbirdəki şəxs yəqin ki, 626-628-ci illərdə xəzərlərin Albaniyaya hücumları zamanı həlak olmuşdur. Qəbirdə həm Xəzər (geyim, qılınc, və gil qab), həm Sasani (üzük), həm də Bizans-Roma (sikkə,əqiq) mənşəli əşyaların olması bu tarixi müəyyən qədər təsdiq edir. Görünür, kurqanda dəfn olunmuş şəxs həm Bizans həm də Sasani orduları ilə təmasda olmuşdur və buna görə də onun əlində müxtəlif ölkələrə aid bu əşyalar keçə bilmişdir (hədiyyə, qənimət və s.şəkildə).

   Beləliklə, VII əsrin 20-30-cu illərində Albaniya (Arran) sasanilərdən asılı vəziyyətdə olsa da, xəzərlərin hücumlarına tez-tez məruz qalır və bu hadisələr də ölkə iqtisadiyyatını pozurdu. Paytakarana gəldikdə, VII əsr mənbələrində onun Sasani imperiyasına daxil edilmiş Atropatenanın himayəsində olduğu göstərilir.
   VII-ci əsrin ortalarında Sasani imperiyası dağılır, onun tərkibinə daxil olan torpaqlar Ərəb xilafətinin əlinə keçir. Atropatena və onun himayəsində olan Pytakaran (Balasakan) da bu ərazidəki şəhərlərlə birlikdə ərəblər tərəfindən tutulur.
   Yaqubi yazır ki, xəlifə Osman Səlman ibn Rəbiənin əmir təyin olunması haqda fərman verdi. Bu fərmana əsasən Səlman yola düşüb Beyləqana gəldi. Beyləqan əhalisi onu qarşılamağa çıxdı və onunla sülh bağladı. Sülhün məhz Beyləqan şəhəri əhalisi ilə bağlandığı İbn əl-Fəqihin verdiyi məlumatdan da aydın olur.
    Bəlazuri yazır ki, Səlman Beyləqanı sülh yolu ilə tutdu və bu sülhə görə o, əhaliyə onların həyatını, var-dövlətini və şəhər divarlarının toxunulmazlığına söz verdi. Bunun əvəzində isə Beyləqan əhalisi ona torpaq və can vergiləri verməli oldu. Sülhün şərtləri haqqında həmin məlumat, demək olar ki, eynilə İbn əl-Əsirin əsərində də təkrar olunur. Bundan sonra Beyləqan şəhəri ərəb-xəzər müharibələri ilə əlaqədar gah xəzərlərin, gah da ərəblərin əlinə keçir. Bəzən yaranmış şəraitdən istifadə edən yerli əhali yadelli işğalçılara qarşı üsyan edir və şəhəri öz əllərinə keçirirdi.

   Bəlazuri yazır ki, xəlifə II Yəzidin dövründə (720-724) əmir təyin olunmuş Cərrah ibn Abdullahın orduları şimal rayonlarında müharibədə xəzərlərə qalib gəldikdən sonra 724-cü ilin “ qışını Bərdə və Beyləqanda keçirmişdir”. Bu dövrdə xəzərlər ərəblər üçün böyük təhlükə törədirdi. Xəlifələr ən məşhur sərkərdələrini xəzərlərə qarşı göndərməli olurudu. Cərrahın öhdəsinə 25000 nəfərlik ordu verilmişdi. Xəzərlərin 730-cu il hücumundan bəhs edərkən onların zəbt etdikləri yer sırasında Paytakaranın (Beyləqanın) da adı çəkilir.
  Cərrah ibn Abdullah 730-cu ildə Varsan-Ərdəbil yolu üzərində xəzərlər tərəfindən öldülülür. Onlarla mübarizə aparmaq üçün həlifə Hişamin dövründə ( 724-743) hakim təyin olunmuş Məsləmə ibn Əbdül Məlik həmin ildə Səid ibn Əmir əl-Həraşınin böyük bir ordu ilə Azərbaycana göndərdi. Səid bir-birin ardınca xəzərlərin əlinə keçən səhərləri, o cümlədən Beyləqanı geri qaytarır. Lakin yenidən qoşun toplayaraq 100 minlik ordu ilə Beyləqana Səidin üzərinə hücuma keçirlər. İbn-əl-Əsirin dediyinə görə, bu dəfə döyüş Beyləqan çayı üzərində olur. Yaqubi yazır ki, Səid döyüş zamanı xəzərlərin sərkərdəsi Barziki atdan salır, başını kəsir və xəlifə Hişama göndərir. İbn əl-Əsirə görə bu döyüşdə çayda oğlanların sayı (silahla) öldürülənlərdən çox olmuşdur...

    VIII əsrin ikinci yarısında müəyyən ara verməklə xəzərlərin Arran ölkəsinə davam edən hücumları Beyləqan şəhərini narahat etməyə bilməzdi. Xəzərlər 763-764-cü illər hücumları zamanı Kürdən cənubdan yerləşən bir sıra şəhər, qala və əyalətlərə bərabər, “gözəl Balasakan çölünü” də ələ keçirmişdilər. Lakin bu hücumlar zamanı Beyləqan şəhərinin tutduğu mövqe tam aydın olmur. Güman etmək olar ki, həlifə Harun ər-Rəşidin dövründə (786-809) xəzərlərlə ittifaq bağlanana qədər bütün Arran ölkəsi kimi Beyləqan şəhəri də xəzərlərin hücumları ilə bəzən hesablaşmalı və yaranmış siyasi vəziyətdən asılı olaraq onlara vergi verməli olmuşdur. Bu dövürdən Xəzər Xaqanlığı öz ömrünün qürub çağını yaşayırdı və Arranda onların hökmranlığı çox da möhkən ola bilməzdi. Şübhəsiz IX-X əsrlərdə Cənubi Qafqazda, o cümlədən Arranda ərəb xilafətinin də ağalığı xeyli zəifləmişdi. Yerli feodallar mərkəzi hakimiyyətə tabe olmaqdan tez-tez imtina edir, xalq üsyanları isə vaxtaşırı bütün ölkəni bürüyürdü. Buna baxmayaraq, IX əsrin sonlarına, yəni xalifətdən yarımaslı vəziyyətdə olan Sacilər dövləti Məhəmməd ibn Əbu-Sac əl-Afşinin (892-901) əlinə keçdiyi dövrə qədər Beyləqan şəhəri, azadlıq uğrunda daim mübarizə aparan yerli əhalinin və xilafətdən narazı olan feodalların əlinə keçdiyi kiçik fasilələri nəzərə almasaq, ərəb canişinlərinin hakimiyyətində idi.Mənbələr IX əsrin sonlarından etibarən Beyləqan şəhərinin Sacilər dövlətinin (879-929) tərkibinə daxil olduğunu qeyd edir. Lakin Beyləqanda Sacilərin hakimiyyəti çox sürmür, onlar X əsrin birinci rübündə Arranı, o cümlədən Beyləqanı itirirlər.Sacilərdən sonra Beyləqanın siyasi tarixi əsas etibarilə Azərbaycanın Şəddadilər, Şirvanşahlar, Səlcuqilər və Eldənizlər sülaləsindən olan feodal dövlətlərinin aralarında baş verən və həmin dövrlərdə olmuş xarici hücumların (məsələn, monqol istilasının) tarixi ilə bağlanır.

     BEYLƏQANIN İCTİMAİ HƏRƏKAT TARİXİNƏ DAİR. Beyləqan şəhəri ictimai hərəkat və sinfi mübarizə baxımından diqqəti xüsusi cəlb edir. Burada müxtəlif dövrlərdə xalq üsyanları baş vermişdi. VIII əsrin ortalarında Beyləqan şəhəri və onun ətraf bölgələrində xaricilər adı altında ictimai hərəkat   güclənmişdi. Təbəri yazır ki, II Mərvanın dövründə (745-750) Beyləqanda qəssablıq edən Müsafir adlı bir nəfər başına bir qrup xarici toplayaraq Ərdəbil şəhərinə gedir. Burada tərəfdarlarının sayını çoxaltdıqdan sonra Varsana gəlir. Yolda onlara çoxlu miqdarda xarıcı qoşulur. Lakin Müsafir Varsanda olan zaman ərəb canişini Asim ibn-Yəzid Beyləqanda qalan xaricilərin başçılarını həbs edir, üsyançılara isə divan tutur. O, Beyləqanı öz müavininə tapşıraraq Bərdəyə qayıdır. Müsafir yoldaşlarının həbs olduğunu eşidən kimi öz tərafdarları ilə birlikdə bir gecəyə Varsandan Beyləqana gəlir. Onlardan İsma-ibn-Süleyman adlı bir nəfər nərdivan vasitəsilə şəhərin qala divarını aşıb içəridə gözətçi dəstəsinin rəisini öldürür. Sonra Müsafir şəhərə daxil olur, şəhər hakimini həbs edir və öz yoldaşlarını həbsdən buraxır. Bundan sonra Beyləqan xaricilərin toplanış mərkəzinə çevrilir. Burada böyük qüvvə topladıqdan sonra Müsafir Varsana hərəkət edir. Lakin Bərdədə Asimin ona qarşı hazırlıq gördüyünü eşidərək gecə ikən Bərdəyə qayıdır və Bərdə darvazaları ağzında Asimin ordusunu məğlub edir. Bundan sonra Müsafir Asimin əvəzinə canişin təyin olunan Əbdülməlik ibn Müslümü və daha sonra onun qardaşı İshaqı da məğlub edir.

    Xəlifəlikdə hakimiyyət Abbasilər sülaləsinin əlinə keçdikdən sonra (750-ci il) Abbasilər xalq üsyanlarını yatırtmaq üçün daha kəskin tədbirlər görürdülər. Onlar Müsafirin başçılıq etdiyi Beyləqan üsyanını yatırtdılar. Bu barədə ilk dəfə xəlifə Əbülabbas as-Saffaq (750-754) təşəbbüs göstərir, onun dövründə Müsafir öldürülür. Müsafirdən sonra üsyançılara Beyləqan hakimi Vard ibn Safvan başçılıq edirdi. Azərbaycandakı ərəb canişini Məhəmməd ibn Sul 752-ci ildə üsyançıları Beyləqandan sıxışdırıb çıxararaq şəhəri əlinə keçirir. Üsyançılar Gilab qalasına çəkilirlər. Görünür, Gilab qalası Beyləqan üsyançılarının ikinci (Beyləqandan sonra) sığınacaq yeri idi. Çünki hər dəfə Beyləqan alındıqda üsyançıların bu qalaya çəkildiyi mənbələrdə qeyd olunur.

    Bəlazurinin yazdığına görə, Gilab qalasına sığınmış Beyləqan əhalisi onlara aman veriləcəyinə inandıqdan sonra Beyləqana qayıdırlar. Yəqubi yazır ki, Gilab qalasında yerli  əhalidən başqa çoxlu səfil adamlar da toplaşmışdılar ki, onların böyük əksəriyyətini Məhəmməd ibn Sulun göndərdiyi Saleh ibn Sabah əl-Kindi qırdı.

   794-795-ci illərdə Beyləqanda ərəblərə qarşı yenə də üsyan baş verir. Bu dəfə üsyana Əbu Müslüm başçılıq edirdi. Üsyan tezliklə genişlənərək Gilab qalasını da əhatə edir. Üsyançılar Gilab qalasını ələ keçirdikdən sonra Bərdə yaxınlığında altı min ordusu olan Madam əl-Xumsi adlı ərəb sərkərdəsini məğlub edirlər. Bundan sonra dörd ay Dəbil şəhərini mühasirədə saxlayır və qayıdıb yenədə Beyləqanda yerləşirlər.  Üsyanı yatırdmaq üçün xəlifə Harun ər-Rəşid (786-809) 12 min nəfərdən ibarət güclü qoşun dəstəsi göndərməli olur. Bu qoşuna Yəhya əl-Həraşi rəhbərlik edirdi. Yəqubi yazır ki, xaricilərin ordusu məğlub olub yənə də Gilab qalasına qaçır. Şəhərin əhalisi isə Yəhyadan aman istəyir. “Yəhya şəhərə daxil olub onun əhalisinə aman verir və möhkəmləndirilmiş qalasını dağıdır”. Lakin buna baxmayaraq, Beyləqanda ərəb ağalığına qarşı mübarizə dayanmaq bilmirdi. Onlar heç cür ərəb canişinlərinə tabe olmaq istəmirdilər. Məsələn, üsyançılar əl-Məmunun (813-833) Azərbaycana göndərdiyi canişini tanımaq istəmirlər. Onlar Əbdülməlik ibn əl-Cahhaf əs-Sulaminin rəhbərliyi ilə üsyan edərək canişin Tahir ibn Məhəmməd əs-Sənanı Bərdə şəhərində mühasirədə saxlayırlar. Tahirin köməyinə yeni qüvvə göndərildikdən və beyləqanlıların toxunulmazlığı təmin edildikdən sonra Bərdənin mühasirəsi ləğv olunur və Tahir azadlığa buraxılır. Göründüyü kimi, çox vaxt xəlifə beyləqanlılarla hesablaşmalı olur. Təsadüfi deyil ki, bu dəfə də Xəlifə Tahiri geri çağırır, onun xilaskarı Süleyman ibn Əhməd əl-Haşimini yerinə canişin təyin edir. Süleyman üsyançıların rəhbəri Əbdülməlikə aman verməli olur.

    Məlumdur ki, 816-cı ildə Azərbaycanda Babəkin başçılığı ilə böyük xalq üsyanı başlanır. Bu üsyan da ərəb ağalığına və yerli feodallara qarşı çevrilmişdi. Lakin maraqlı burasıdır ki, beyləqanlıların üsyanı xürrəmilərin üsyanı ilə birləşmir. Ümumiyyətlə, xürrəmilər hərəkatında Beyləqanın tutduğu mövqe mənbələrdə çox zəif işıqlandırılmışdır.

   Şübhəsiz, Beyləqan şəhərində baş vermiş ictimai çıxışlar şəhərin  tarixinin şanlı səhifələrindən birini təşkil edir. Beyləqan əhalisinin üsyankar əhvali-ruhiyyəsi şəhərin sonrakı tarixinə də  təsirini göstərmişdir.

BEYLƏQAN XI-XIII ƏSRİN ƏVVƏLLƏRİNDƏ

   Siyasi və ictimai tarix. XI-XIII əsrin əvvəlləri Beyləqanın siyasi tarixində xüsusi dövr təşkil edir. Bu dövrdə şəhərin iqtisadiyyatı durmadan genişlənir. O, böyüyüb cənubi Qafqazın görkəmli şəhərlərindən birinə çevrilir. Məlumdur ki, artıq bu dövrdə Bərdə öz əvvəlki mövqeyini itirmişdi. Onun Mil-Qarabağ düzündə ölkənin iqtisadi və siyasi həyatında oynadığı rol şimal-qərbdə Gəncə, cənub-şərqdə isə Beyləqan şəhərinə keçmişdi. Muğan düzündə ilk orta əsrlərdə əhəmiyyətli mövqe tutmuş bir çox şəhərlər (məsələn, Şəhriyar yaşayış yerində mövcud olmuş şəhər) siyasi və ictimai hadisələrin, o cümlədən ardı-arası kəsilməyən feodal müharibələrinin qurbanı olmuşdu. Arazla Bolqarçayı birləşdirən Muğan Govurarxı sıradan çıxmış, onun üzərində yerləşən qala və şəhərlərdə həyat sönmüşdü. Artıq X əsrin sonunda Beyləqan şəhəri, bir növ bütün Qarabağ, Mil və Muğan düzlərinin ən nəzərəçarpan şəhəri olmuşdu. Bu dövrdə elə bir vəziyyət yaranmışdır ki, həmin düzənliklərə göz dikən hər bir yerli və xarici dövlət Beyləqan şəhəri ilə hesablaşmağa məcbur idi.

     Səlcuqların Cənubi Qafqaza gəlişləri ərəfəsində Beyləqanın siyasi həyatında baş vermiş ən böyük hadisə Gəncə Şəddadilərinin şəhəri ilə keçirmək uğrunda apardıqları mübarizədir. Münəccimbaşı qədim bir əlyazmasına əsaslanaraq yazır ki, öz qardaşını (Mərzbanı) və qardaşı oğlunu (Şirvini) öldürdükdən sonra 985-ci ildə Gəncədə hakimiyyət başına keçmiş Fəzlun ibn Məhəmməd öz dövlətini genişləndirmək məqsədilə 993-cü ildə Bərdə və Beyləqan şəhərlərini tutur. Ondan sonra Beyləqanda Fəzlunun oğlu Ləşkəri hakimlik edir. Lakin bir az keçmir ki, Ləşkəri atasının və vəliəhd olacaq qardaşı Musanın əleyhinə çıxır. Ona görə də 1030-cu ildə Fəzlun Musanı Beyləqana göndərir. Musa şəhəri mühasirəyə alır və guya o vaxt təxminən 38 gəmi ilə Şirvana daxil olmuş rusları köməyə çağırır. Musa rusların köməyi ilə Beyləqanı alır və qardaşı Ləşkərini öldürür.

     Lakin Beyləqanın nə vaxta qədər Şəddadilərin əlində qalması dəqiq məlum deyildir. Hər halda buna əmin olmaq olar ki, Şəddadilərin güclü dövlət olduğu bir dövrdə Beyləqan şəhəri əsas etibarilə onların himayəsi altında idi. Mənbədə Şavur ibn əl-Fəzlunun (1048/1049-1066/1067) “Arranın bütün ərazisini və onun  qalasını (çox ola bilər ki, burada söhbət Beyləqan haqqında gedir – Q.Ə) öz hakimiyyəti altına aldığı” qeyd olunur. Doğrudur, Şavur ibn əl-Fəzlunun dövründə Arran ərazisinə alanların (1062-ci il) basqını haqqında da bəhs edilir. Lakin bu basqınlar   qısamüddətli olmuş və ancaq qarətçilik məqsədi güdmüşdür. 1086-cı ildə Səlcuqlar tərəfindən Gəncənin sonuncu dəfə zəbt olunması və Şəddadilər sülaləsinin məhv edilməsi ilə bütün Arran Səlcuq hakimiyyətinə tabe edilir. Deməli, Beyləqan şəhəri də səlcuqlardan asılı vəziyyətə düşür. Mənbədə yazılır ki, “Türklər (səlcuqlar-Q.Ə.) Arran ölkəsində, onun düzənliklərində və dağlarında, bütün əyalətlərində və qalarında  yerləşib möhkəmləndilər”. Y.A.Paxomov yazır ki, səlcuqlar sülaləsi üzvləri arasında hakimiyyət uğrunda aparılan mübarizə və Məlikşahın oğulları Börküyarıqla Məhəmməd arasındakı çəkişmə nəticəsində Arran Beyləqanla birlikdə Məhəmmədin əlinə keçir.

     1105-ci isə Məhəmməd bütün Səlcuq dövlətinin sultanı olur və Gəncə sultanın iqamətgahlarından birinə çevrilir. Lakin ilk mənbələrin verdiyi məlumatdan  aydın olur ki, Beyləqan şəhərinin Səlcuq dövlətinə tabeliyi bir növ formal xarakter daşayırdı; şəhər əhalisi Səlcuqların hakimiyyəti ilə heç də həmişə razılaşmırdı. V.M.Beylis haqlı olaraq XI əsrin sonu və XII əsrin başlanğıcında şəhər əhalisinin hakim dairələrə qarşı fəal və cəsarətli hərəkatını müəyyən qədər Səlcuq dövlətinin zəifləməsində, xüsusilə iki qardaş arasında 5 ilə qədər (1098/1099-1103/1104) davam edən müharibələrdə axtarır.  

   Hər halda istər Börküyarıqla Məhəmməd arasında gedən müharibələr və istərsə də Məhəmmədin sultanlığı illərində (1105-1118) Beyləqanda Gəncə divarının (Səlcuq hakimiyyətinin) mövqeyi möhkəm deildi. Bu dövrdə şəhərdə azadlıq uğrunda aparılan mübarizənin güclənməsi bunu sübut edir. Heç də təsədüfi deyildir ki, V.F.Minorski həmin dövrdə Beyləqanı “demək olar ki,   muxtariyyət qazanmış şəhər” hesab edir. Eyni fikirdə V.M.Beylis də razılaşır.  Məsud ibn Namdarın əlyazmasından məlum olur ki, XII əsrin başlanğıcında Beyləqan şəhərinə nəinki Gəncə hakimləri və Səlcuq sultanları, həm də Şirvanşahlar göz dikmişdi. Onlar şəhəri ələ keçirmək və yaxud şəhərin idarə olunmasında öz təsir dairələrini gücləndirmək üçün yaranmış siyasi vəziyyətdən istifadə edirdilər. V.F.Minorski yazır ki, “gah Gəncədən, gah  Şirvandan, gah da Səlcuqlar tərəfindən təyin olunmuş hakimiyyət nümayəndələri arasında rəqabət” vardı. Bu dövrdə Beyləqanda Müstoufi vəzifəsində işləmiş Məsud ibn Namdar Şirvanşahların mövqeyində dururdu. V.M.Beylis Məsud ibn Namdarın əlyazmasına əsaslanaraq qeyd edir ki, elə bir vəziyyət yaranmışdı ki, Beyləqan şəhərini bilavasitə idarə etməli olan Gəncə hakimlərinin şəhəri özünə tabe etməyə kifayət qədər  hərbi gücü yox idi, bunun üçün onların kənardan köməyə ehtiyacı var idi.  Şirvanşahların isə hərbi imkanı olsa da, Beyləqana sahib olmaq tələbini qətiyyətlə irəli ata bilmirdilər.

  Məsud ibn Namdarın əlyazmasında təsvir edilən hadisələrdən məlum olur ki, Beyləqan əhalisi, xüsusilə sənətkarlar şəhərin muxtariyyətini qorumağa, şəhər hakimlərinin özbaşınalığının qarşısını almağa və kənardan şəhərin hərbi nəzarətdə saxlanmasına mane olmağa çalışırdılar. Maraqlı burasıdır ki, Məsud ibn Namdarın özüdə Beyləqanın muxtariyyət qazanmasının tərəfdarı olmuşdur. O, əsasən şəhərin daxili işlərini qaydaya salmağa çalışmışdır.

   Məsudun əlyazmasından məlum olur ki, Sultan Məhəmməd İsfahana (Börküyarıqla müharibəyə) yola düşəndə Arranda həyacan başlanır. Bundan istifadə edərək, Gəncədə naməlum bir amid vəzirdən (Məhəmmədin vəziri Müəyyəd-əl-Mülk Əbubəkr Ubeydulla ibn Nizam-əl-Mülk idi) razılıq alır və vergi yığmaq hüququ ilə Beyləqana yollanır. Amid şəhər əhalisinin müəyyən qrupu ilə əlaqəyə girərək şəhəri əlinə keçirə bilir. Mənbədən məlum olur ki, amidə pənah gətirənlər aldanmış yoxsul əhali idi; onlar, görünür, yerli hakimlərdən razı deyildilər. Onların başçısı Başar adlı bir nəfər idi. Məsud amidə köməklik edənləri “cübbəli itlər, paltarlı canavarlar, çılpaqlar və ayağıyalınlar, dişləri iti aclar, tör-töküntülərin tör-töküntüsü, yaranmışların ən pisi, insanların ən alçağı, azğınlaşmış nəsil...” adlandırır. Mətndən məlum olur ki, bunlar çəkməçilər, əczaçılar, toxucular idi.

    Amid şəhəri alan günün səhəri xeyli pul toplayıb şəhərdə kef çəkməyə başlayır. Məsudun yazdığına görə, onların içərisində əvvəllər acından ölən sadə adamlardan da var idi. Lakin bu çox çəkmir. Əhali amidin hərəkətlərinin aldadıcı olduğunu başa düşür və səhəri gün Bərzənddən gələn çapar yalan-gerçək sultanın (Məhəmmədin) ordularının qaçdığını bildirən kimi, Başarın başçılığı ilə üsyan qaldırır. Başar amidin başını kəsib qala divarından atır. Sonra üsyançılar Gəncə divanından şəhərdə qalmış 15 nəfəri (katibləri) də öldürüb başlarını qala divarı yanındakı üfunətli peyinliyə tullayır, bədənlərini isə itlərə verirlər. Üsyan getdikcə artır. Əhalinin hərəkəti üçün “küçələr darısqallıq” edir. Şəhərin xəzinəsi və şərab dükanları qarət olunur. Məsud yazır ki, “qadağan edilən, müqəddəs sayılan və riayət olunmalı hər şey pozuldu və talan edildi... Şəhər başsız adama, idarə bünövrəsiz binaya çevrildi”

    Şəhərin rəisi şəhərə qayıdanda qorxuya düşür, tez şirin dilini işə salır və üsyançıları öz tərəfinə çəkə bilir. V.M.Beylis belə hesab edir ki, üsyançıların yerli idarə məmurları əleyhinə çıxmaq maraqı yox idi. Onlar başlıca olaraq, şəhərdə kənar idarələrin olması əleyhinə idilər. Bu hadisə zamanı isə əsasən Gəncəyə tabe olan idarə məmurlarını necə olursa-olsun, şəhərdən qovmağa çalışırdılar. Lakin üsyançılar belə hesab edirdilər ki, yerli idarə onlarla da hesablaşmalıdır. Məsələn, onların Məsud ibn Namdarla müsahibəsi buna canlı misaldır. Üsyan baş verəndə Məsud ibn Namdar şəhərdə yox idi. Bu, onun “mən onların amidi necə öldürdüklərinin şahidi olmamışam” sözlərindən aydın olur. Məsud şəhərə qayıdanda özünü çox ehtiyatla aparmağa məcbur olur. Üsyançılar onu ittifaqa dəvət edirlər. Məsud etiraz etdikdə ona bildirirlər ki, sən ya gərək bizimlə razılaşasan, ya da şəhərdən çıxıb gedəsən. “Sən bizim ümidimiz olmusan, indi niyə düşmən olursan. Əgər sənin dəstən olmasaydı, biz səni daşla əzişdirərdik, sənin müsbət keyfiyyətlərinə görə bağışladıq. Sən şəhər əhalisinin arzusu olmadan, şəhərdə qalmalı deyilsən, orada sən yüksəlməzsən. Hər dəfə sən onların evlərinin yanından keçəndə onların baxışından üzünü qorumalı olacaqsan. Nə qədər ki, onlar yer üzündədir, başqalarının tərəfində olsan, səni barmaqları ilə hədələyəcəklər...”

    Məsud bu sözlərdən sonra şəhəri tərk etmək qərarına gəlir. Lakin rəis işə qarışır. Onu bu yoldan döndərməyə çalışır. “Mən sənin getmək arzuna öz əlimlə icazə verə bilmərəm” deyir. Mənbədə göstərilir ki, rəislə Məsud ibn Namdar söhbət etdiyi vaxt Gəncə divanından şəhər əhalisinə hədələyici məktub gəlir. Məktubda şəhər əhalisi intizama dəvət olunur, onların idarə işinə qarışmağa haqqı olmadığı göstərilir və bir daha üsyan edəcəkləri tədqirdə şəhərə qoşun yeridiləcəyi bildirilir. Lakin şəhər əhalisi tabe olmaqdan imtina etdiklərini bildirirlər: “Sizin sözləriniz bizə təsir etmir və hədəniz bizi qorxutmur. Bizim öz işimiz var, sizində öz işiniz. Vaxtilə biz razı olmuşuq, ancaq indi sizin tutduğunuz yoldan (istiqamətdən) imtina edirik”. Gəncə divanı beyləqanlıların məktubunu aldıqdan sonra Əmir Əbd əl-Cabbarın sərkərdəliyi altında türk hərbi qüvvələri Beyləqanı ələ keçirmək üçün şəhərə hücum edir.

   Əmir Əbd əl-Cabbarı Şeyx Məhəmməd adlı şəxs müşayiət edirdi. Şeyx Məhəmməd əhalini sakitləşdirməli, müqavimət göstərməməyə çağırmalı və əmirin onların nahından keçəcəyini vəd etməli idi. Həm də Şeyx öz hərəkətlərində ehtiyatlı olmalı idi. Şeyx Məhəmməd Gəncə divanının elçisi kimi şəhərə daxil olur və əhali ilə çox yumşaqcasına diplomatik danışıq aparır.

   Beyləqanlılar şeyxə rədd cavabı verirlər. Şeyx bu haqda əmirə xəbər verdikdə Əbd əl-Cabbar əkin və bağ-bağatları məhv etməyə başlayır, üzümlükləri viranəliyə çevirir və şəhəri mühasirəyə alır. Hadisələrin təsvirindən məlum olur ki,  Əbd əl-Cabbarın Beyləqana hücumu yay aylarında olmuşdur. Şəhər əhalisi əmirin yanına sufilərdən ibarət nümayəndə göndərərək onun öz əməlindən əl çəkməsini xahiş edirlər. Lakin Əbd əl-Cabbar onlarla razılaşmır. Nümayəndələr “göz yaşı ilə” və “ürəkləri kinlə dolu” geri qayıdır və əhalini mübarizəyə hazır olmağa çağırırlar: “Onların arasında birlik yoxdur. Sizin əksəriyyətiniz isə birlikdə hərəkət edirsiniz. Əgər sizdən iyirmi möhkəm adam tapılsa, onlardan iki yüzünə qalib gələ bilər. Onlardan qorxmayın... Allah  düzlərin tərəfindədir. Onların qılınclarından və nizələrindən ehtiyat etməyin, mübarizəyə girişin”.

   Şəhər əhalisinin xahişi ilə Məsud ibn Namdar Şirvanşah Fəriburza (1063-1117/7) məktub göndərir. “Əgər Alllah kömək olsa, o sizə qələbə çaldırar, evinizi şənləndirər, sizə uzun ömür bəxş edər”. Şirvanşahın sarayında üsyançıların ünvanına bir qədər məzəmmətedici sözlər deyildikdən sonra (görünür, Məsud ibn Namdar kimi Fəxrəddin Fəriburz dövləti də, ümumiyyətlə, üsyanın əleyhinə idi) Əbd əl-Cabbara hədələyici məktub yazılır və Beyləqanın Şirvanşahlara daha çox aidiyəti olduğu göstərilir. Əbd əl-Cabbara müraciyətdə qeyd edilir ki: “Siz Yezidin nəslindən deyilsiniz, Rəvvadilərin varisi olmamısınız, şəddadilərin də xələfi sayılmırsınız və sizin nəsildən heç kəs şöhrətlənməmişdir”. Bir sözlə məktub Əbd əl-Cabbarı öz istəyindən əl çəkməyə çağırır, şəhəri mühasirədən azad etməyi tələb edirdi. Beyləqana göndərilən cavab məktubundan isə onlara odru ilə kömək ediləcəyi göstərilir: “Kömək haqqında sizin xahişinizə artıq razılıq verilmişdir, yanınıza çəyirtkə yığını kimi ordu (dəstələri) gələcəkdir”. Lakin vəd edilmiş ordu göndərilmir. Məktubun ruhlandırıcı təsiri olsa da, Şirvanşah şəhərə real köməklik göstərmir. Nədənsə o, ehtiyatlı hərəkət etməli olur. Çərşənbə günü tezdən Əbd əl-Cabbarın qoşunları ilə beyləqanlılar arasında döyüş başlanır. “Budur onlar dərələrdə və təpələrdə yığın-yığın göründülər, şəhərdə, onun bütün darvazalarında isə dalğalar hərəkətə gəldi”. Məsud yazır ki, mən döyüşdə iştirak etmirdi, ancaq döyüşə baxan dəstənin içərisində vardım. Müəllif döyüşün gedişini, qoşunların düzülüşünü, xüsusilə cavan beyləqanlıların qarşısında düşmənlərin qaçdığını böyük fərəhlə qələmə almışdır: “Onlar bizim cəsarətimizi hiss edən kimi, birdən geri çəkildilər və qaçdılar”. Döyüş axşama kimi davam edir. Axşam hər dəstə öz hərbi düşərgəsinə qayıdır. Səhər tezdən döyüş yenə də başlanır. “Beş hissədən ibarət qoşun görünür”. Beyləqanlılar onlara qarşı çıxırlar. Döyüş getdikcə güclənir. Şəhər əhalisi qala divarlarının üstünə çıxıb döyüş səhnəsinə tamaşa edir. Məsud yazır ki, “...ağ qılınclar ildırım kimi parıldayır, atlar kişnəyir, torpaq silahdan paltar geyir”.

   Görünür, döyüşün gedişində beyləqanlıların geri çəkilmə halları da olmuşdur. Çünki Məsud bir yerdə qeyd edir ki: “...Məni qorxu və şübhə bürüdü”. Əgər əsgərlər (beyləqanlılar) ”burada dur”, “qəm yeməyin”, “həqiqətdə Allah bizimlədir” sözlərini çığırıb deməsəydilər, “az qalmışdır ki, ürəyim quş ürəyi kimi tir-tir əssin”. Axşam müharibə yenədə dayandı. “Onlar düzənlikdə müxtəlif tərəflərə dağıldılar, xırda çəyirtkələr kimi düzənlikdə bir-birindən ayrı düşdülər...”. Bütün gecəni isə yata bilmədilər. Bu minvalla o biri günü də döyüş öz axarı ilə başladı və davam etdi.

   Məsudun təsvirindən məlum olur ki, bu döyüşə şəhər əhalisi xüsusi hazırlıq görür. “Biz qabaqcadan hazırlaşmışdıq, düşməni hesaba almışdıq, onların qarşısında divar ucaltmışdıq, arxalarında isə maneələr çəkmişdik”. Maraqlı burasıdır ki, Beyləqanın şimal-qərb qala darvazaları qarşısında və ondan bir qədər aralıda köbər (dik) şəkildə uzanan belə torpaq tökmələr indiyə qədər qalmaqdadır. Çox ehtimal ki, həmin torpaq tökmələr beyləqanlıların düşmənə qarşı gördükləri müdafiə tədbirlərinin qalıqlarıdır. Döyüşlərdə bu maneələr böyük rol oynamışdır. Düşmən həmin maneələri yandan hərlənməli olurdu. Şəhər darvazalarından böyük izdihamla əhali bayıra çıxan kimi qızğın döyüş başlanır. Bu dəfə də beyləqanlılar qalib gəlir. “Onlar başa düşdülər ki, xilas olmaq mümkün deyil və ora-bura atılan avadanlıq kimi dağıldılar, quyularda və xəndəklərdə bulunaraq ən pis halda tikə-tikə parçalandılar. Onlardan bəziləri sədlərin üstünə yayıldılar və yağış suyu olan hovuzlarda gizləndilər. Elələri də var idi ki, qarınları üstündə, bəziləri dördəlli sürünürdülər. Qalanları qəbiristanlıqlara və tarlalara qaçıb dağıldılar”. Məsud yazır ki, “biz qalib gəldik”. “Onlar yüngül və yüklü, atlı və piyada... qaçırdılar. Ata oğluna rast gəldikdə ona diqqət etmirdi. Tayfadan çox az qalan oldu, qoşunlardan isə ölülərdən başqa heç kəs xilas olmadı”. Məsud ibn Namdar döyüşün sonunda düşməndən xeyli qənimət əldə edildiyini göstərir.

   Maraqlı bir də burasıdır ki, Məsud bütün bu hadisələrin hamısını öz gözlərilə görmüşdür. “Nə baş vermişdirsə hamını öz gözümlə görmüşəm. Allaha and olsun ki bu hadisələrdən heç nə uydurma deyildir”. Təsvirdən məlum olur ki, şəhər əhalisi ilə müəyyən ixtilafların olmasına baxmayaraq, Məsud şəhər əhalisinin Əbd əl-Cabbarın qoşunlarına qalib gəlməsini ürəkdən istəmişdir. Məhz onun şəhər əhalisinin düşmənlərə qalibiyyətli döyüşünü bu qədər yüksək ruhla təsvir etməsi də həmin hisslərdən doğmuşdur.

   Əbd əl-Cabbar məğlub edildikdən sonra da şəhərdə sakitlik yaranmır. Daxili çəkişmələr artır.  Əhali yenə də Məsud ibn Namdardan narazılıq edir. Mənbədə bu narazılığın əsil səbəbi göstərilmir. V.M.Beylis belə hesab edir ki, Məsud ibn Namdarın Şirvanşahlarla ittifaq ideyası əhalinin hec də hamısını razı salmırdı. Bu da onlarda Məsud ibn Namdara ən azı inamsızlıq yaradırdı. Şübhəsiz burada Şirvanşahların Beyləqan əhalisinə təzəcə qurtarmış müharibədə qoşunla kömək edəcəyinə söz verib, lakin əməl etmədiyi də rol oynaya bilərdi. Digər tərəfdən, Beyləqan üsyançıların qarşıya qoyduqları məqsəddən aydın olur ki onlar şəhərin idarə olunmasında iştirak etmək tələbini irəli sürürdülər. Məsud ibn Namdar isə bunun əleyhinə idi.

  Qeyd etmək lazımdır ki, hər dəfə söhbət üsyandan, şəhər əhalisinin idarə işlərinə qarışmasından gedəndə hakim dairələr bunun əleyhinə çixir, məsələ kəskin sinfi mübarizə xarakteri alırdı. Məsələn, Gəncə divanından Beyləqanın “qara camaatına” yazılan məktubda “İdarə və hakimiyyət rəiyyətin nə işinə qalıb?”- deyə üsyançılar hədələnir. Şirvanşahların sarayında isə üsyançıların hərəkəti belə qiymətləndirilmişdir “Siz öz ağanıza qarşı üsyan etməklə pis iş görmüşsünüz... O, sizə istədiyiniz hər şeyi verir. Siz ümid etmədiyiniz xoşbəxtliyi ondan alırsınız... Bu gün siz alçalmaq zülmünə ona görə düçar olmusunuz ki, yer üzündə hüququnuz çatmayanı əldə etməyə çalışırsız...”. Üsyançılara eyni münasibəti, hətta biraz da kəskin formada Məsud ibn Namdar bəsləyir: O, üsyançıları belə adlandırır “Özlərini savadlı hesab edən çəkməçilər, özlərini guya saymağı bacarırmış kimi göstərən əczaçılar, hüququ və vəzifə daşımağa səlahiyyətləri çatırmış kimi lovğalanan toxucular”. 

   Başqa bir yerdə Məsud deyir: Bazar və dükanlar hara, “yer şumlayan, unu becərən adamlar hara, hakimiyyət hara…başçılıq və rəhbərlik etmək hara? Məgər avam ləyaqət qapısına ayaq basa bilərmi?”Şəhərin rəisi də üsyançılara təxminən eyni nəzərlə baxır: “Həqiqətən bu xalq qalxanları əzişdirən nizələrin və qılıncların gücünə yaranmışdır”. Doğrudur, üsyançıların arasında birlik olmadığı kimi, hakim dairələr arasında da tam birlik yox idi. Onlar bəzən öz siyasi mövqeləri və mənafeləri üçün üsyançıların tərəddüd edən dəstələrindən istifadə edirdilər. Yuxarıda haqqında bəhz etdiyimiz Gəncə divanı adından gəlmiş amidin üsyançıların müəyyən dəstəsini öz tərəfinə çəkməsi buna missal ola bilər.  Bərk ayaqda rəisin Məsud ibn Namdarla kütlə arasında barışdırıcı mövqe tutması da bu yolda atılan addımlardandır. Buna baxmayaraq, hər halda bizə bir şey tam aydındır ki, Şirvanşah sarayı və Gəncə divanı kimi, Beyləqan məmurları, o cümlədən Məsud ibn Nəmdar da şəhər əhalisinin idarə işlərinə qarışmasının, onların belə bir hüquqa malik olmasının daim əleyhinə olmuşlar.

   Üsyançıların arasında da birlik yox idi. Belə ki, üsyançıların daha cəsarətlə hərəkət edən hissəsi Məsud ibn Namdarı öldürmək və onun varidatını  soymaq istədikləri vaxt, əhali arasında onu müdafiə edənlər də tapılmışdı. Üsyançıların müəyyən hissəsi və şəhərin rəisi Məsudun bir idarə işçisi kimi böyük təcrübə və bilik sahibi olduğunu başa düşür və ondan sonralar da öz xeyirləri üçün istifadə etməyə çalışırdılar. Rəisin hərəkətlərindən məlum olur ki, o, bir tərəfdən Məsud ibn Namdardan idarə işlərində istifadə etməyə çalışırdısa, onun vasitəsilə idarə işlərini sahmana salmaq istəyirdisə, digər tərəfdən üsyançılardan qorxurdu. Buna görə də o, Məsud ibn Namdarı öz hərəkətlərində ehtiyatlı olmağa çağırırdı. “Ciddi işlərdə sakit olmaq lazımdı, sənin xalqınla daha ehmal və daha yavaş hərəkət etmək lazımdı, sonra asanlıqla onları tabe və asılı vəziyyətə salmaq olar”.

   Hadisələrin gedişində məlum olur ki,   Beyləqan şəhəri Sirvanın da himayəsini qəbul etmək istəmir. Rəis Məsuda başa salır ki, biz hüquqlarımızı “öz xeyirxahlığımız və qanımızla qazanmışıq. Biz bunun üçün canımızdan və övlədlarımızdan keçmişik. Mənbədə göstərilir ki, Məsud ibn Namdarın şəhər əhalisi ilə tap əlaqəni kəsmək və şəhərdən çıxıb getmək üçün çox səy göstərməsinə baxmayaraq, nəhayət o, yenə də şəhərdə qalmalı olur. V.M.Minorski və K.Kaenin fikrincə, Məsud 1111/1112-ci ilə qədər şəhərdə qalır. Məsud ibn Namdar şəhərdə ki son günlərinə qədər burada baş vermiş hadisələrin mərkəzində durmuşdur. Şəhər əhalisi gah onu vəzifəsindən azad etmək, gah vəzifəsində saxlamaq istəyir. Məsudun onları idarə işlərinə qarışmağa qoymaması əhalini narazı salırdı. Lakin onlar Məsud ibn Namdarın getməsinə də razı deyildilər, çünki onun yerini ondan pisi tuta bilərdi. Bənmədə göstərilir ki, Məsud ibn Namdarın müəvinnindən əhali daha çox narazı idi. Rəis də yeni katib təyin olunmasının tərəfdarı deyildi. “Özgə katiblərdən biz qorxuruq və hər darvazaya uçub qonan quşlar bizə lazım deyil”.

   Məsud ibn Namdarın dövründə Beyləqanda baş vermiş siyasi hadisələrdən biri də vali seçkisi ilə əlaqədar şəhərdə başlanan hadisələrdir. Vali vəzifəsinə Hacib əs-Seyfi və Əmir Alpquş keçməli idi. Alpquşu Sirvan hakimləri müdafiyə edirdilər. Məsud ibn Namdar da onun tərəfdarı idi. Başqa məsələlərdə olduğu kimi, vali tayinatı məsələsində də bütün əhali işə qarışmışdı. Bu mübarizədə Alpquş qalib gəldi.   

    Beyləqanda daha bir siyasi hadisə şəhərə hakim təyin olması ilə başlanır. V.M.Beylis yazır ki, bu hadisədə Şəhər əhalisi az iştirak edir.    Şəhər hakimi olmaq üstündə mübarizə Məsud ibn Namdarın verdiyi məlumatda iki cür təsvir olunur. Birinci variantda mübarizə Əmir Eynəddin Altuntaşla İbn Tuğtekin adlı bir nəfər arasında, ikinci variantda isə bu mübarizə ibn Tuğtekin ilə Əbd əl – Cabbar arasında aparılır.  Sonuncuda Erkəgöz adlı bir nəfər (İbn Tuğtekinin qohumu) də  iştirak edir. Məsud ibn Namdar özü Altuntaşın tərəfini saxlayırdı. Şəhər hakimi olmaq uğrunda aparılan mübarizədə Altuntaş qalib  gəldi. O, Məsud ibn Namdarı şəhərə hakim (özünə naib vəzifəsinə) təyin edir.

   Məsud  ibn Namdar hakim  təyin edildikdən sonra şəhərdə nisbətən sakirlik yarandığını güman etmək olar. Hər halda o, şəhəri tərk edən zaman idarə işlərinin qaydaya salınmış olduğunu qeyd edir. Məsud ibn Namdar təxminən 1111/1112-ci ildə Bağdada səfərə çıxır. Bununla da onun şəhərin siyasi həyatı haqqında verdiyi məlumat bitir.

    Beləliklə, XI əsrin sonu və XII əsrin ilk illəri əhatə edən dövrdə Beyləqanın siyasi tarixinə Məsud ibn Namdarın verdiyi təsvir baxımından nəzər saldıqda, belə nəticəyə gəlmək olar ki, bu vaxt, şəhər əsasən muxtariyyət qazanmışıdı və yaxud bu amal uğrunda daim mübarizə aparan bir şəhərə çevrilmişdi. Bu dövrdə şəhər əhalisi, hüsusilə sənətkarlar artıq şəhərin idarə işlərinə qarışmaq kimi böyük ictimai tələblərlə çıxış edirdilər. Məsud ibn Namdarın şəhəri  tərk edib səfərə çıxıb getməsinin səbəbi bizə məlum olmasa da (bəlkə də bu, onun qocalığı ilə əlaqədar idi), onun şəhərdən getdikdən sonra da şəhərlə əlaqəsini kəsmədiyini tam  söyləmək olar. Onun səfərdə olduğu müddətdə İraq amidinə və xəlifə əl-Mustəhzinə yazdığı şikayət məktublarında  Beyləqanda  bəzi  hüquqlarının  bərpa olunmasından bəhs   edilirdi. II əsrin ortalarından başlayaraq Kür çayından aşağı bütün Azərbaycan torpağları, o cümələdən Beyləqan şəhəri də Eldənizlər dövlətinin tərkibinə daxil idi.  Bunu yazılı mənbələrlə bərabər, Beyləqan şəhərindən tapılmış çoxlu sikkə qalıqları da sübut edir.

   II əsrdə yaşamış Sədrəddin əl-Hüseynin verdiyi məlumatdan aydın olur ki, Gəncə və Beyləqan şəhərləri Səlcuq dövlətinin zəiflədiyi dövrdə bir müddət gürcü çarlığına xərac verməli olmuşlar. Gürcülər Azərbaycana gəlmiş Atabəy Eldənizə məktub yazıb həmin xəracın bir neçə illərdən bəri verilmədiyini ona bildirmiş və məktubda xəracın ödənilməsini tələb etmişlər. Atabəy Eldəniz onlara belə cavab verir: “Mən İraqı tərk edib bu məmləkətlərə ona görə gəlmişəm ki, ordu toplayıb Tiflisə hərəkət edim, onu muhasirədə saxlayaraq ələ keçirim. Əgər qüvvəniz varsa çıxın meydana...”. Atabəy Eldəniz bu vaxt Həmədanda olan Səlcuq sultanı Arslan şahdan da xahiş edirdi ki, böyük ordu ilə onun yanına gəlsin.  Atabəylə Arslan şah Naxçıvanda görüşür, sonra Gəncəyə hərəkət edirlər. Gürcü çarı yazdığı məktubdan peşman olur, xəracdan əl çəkdiyini bildirir. Müharibə əhvali-ruhiyyəsində olan ordu sərkərdələrinin təkidi ilə Eldəniz Gürcü çarının təklifini qəbul etmir və 1161-ci ildə qızğın döyüş başlanır. Gürcü çarı məğlub olur. Görünür, Beyləqan şəhəri bundan sonra, yəni Atabəylər dövlətinin gücləndiyi bir dövrdə xeyli müddət asudə həyat keçirir.

  Çar Tamaranın dövründə (1184-1212) Beyləqan ətrafına və bəzən şəhərə gürcü qoşunlarının yenə hücum etməsi haqqında mənbələrdə məlumat verilir. Lakin gürcülər şəhəri dağıtmayıb onun əhalisindən müəyyən miqdar qənimət almaqla kifayətlənmişlər. İbn əl-Əsir yazır: “Bu yerlərdə olan müsəlmanlar gürcülərə alışmışdılar. Gürcülər bir yeri aldıqda oranı pul sərf edib düzəldər, abadlaşdırardılar;  sonra da oradan qayıdıb gedərdilər. Demək, bir sözlə, onlar düşmənlərin ən yaxşısı idi”. XII əsrin sonlarında mənbələrin verdiyi məlumata görə, Beyləqan Eldənizlərdən Atabəy Abubəkrin ixtiyarına keçir. Bu dövrdə Gəncədə atabəylik edən Əbubəkrin qardaşı Əmir Əmiran Şirvanşahlarla qohumluq əlaqəsinə girir, onların birlikdə Beyləqanı ələ keçirmək cəhdləri baş tutmur. Gürcü mənbəyinin verdiyi məlumata görə, Əbubəkr Beyləqan darvazaları yanında Əmiranın ordusunu məğlubiyyətə uğradır.

  Lakin əl-Hüseyni bu döyüşü başqa cür təsvir edir. O qeyd edir ki, döyüş zamanı Əbubəkrin orduları məğlub edildi. Onlardan “ölənlər oldu və az bir qismi də qaça bildi. Əmir (Əbubəkr - Q.0.) də ölülər arasında yerə düşdü”.  Əbubəkr Əmir Əmiranın əsgərlərindən birinə tanışlıq verdikdən sonra həmin əsgər onu xilas edib Beyləqana apardı. Əmir Əmiranın isə Gəncəyə qayıtdı.

  Əbubəkr Beyləqanı öz hakimiyyəti altında saxlaya bilir. Lakin Əbubəkr ömrünün son illərində eyş-işrətlə məşğul olduğu üçün gurcü sərkərdələri yenə Arranı tutur və Beyləqana xərac kəsirlər. Əbubəkrdən sonra isə Beyləqan Atabəy Özbəyin ixitiyarına keçir. XIII-cü əsrin 20-ci illərinə aid bir mənbədə göstərilir ki, Beyləqan böyük şəhər olmuşdur. Əbubəkr və Özbəyin dövründə şəhərdə olduqca çox tikinti işləri aparılmışdır; orada çoxlu qəsirlər və evlər tikilimişdir.  Keçmişdə sudan korluq çəkən bu şəhərə Arazdan bir neçə arx çəkilmişdir. Müəllif yazır ki, şəhərdə “qışda hava cənnət havasını xatırladır, nə istidir, nə də soyuq. Beyləqan şahların daimi yaşadığı yer idi”. Sonuncu məlumata əsasən guman etmək olar ki, Beyləqan XIII əsrin birinci rübündə Eldənizlərin iqamətgahlarından birinə çevrilmişdi. Bu isə şəhərin böyük iqtisadi və siyasi əhəmiyyətini göstərir.  Mənbənin verdiyi məlumatdan və şəhərin iqtisadi və mədəni yüksəlişindən aydın olur ki, Beyləqan Eldənizlərin dövründə nisbətən dinc həyat keçirmişdir. Lakin bu dinclik monqolların Azərbaucana Hücumu ilə yenə də pozulmuşdur. 

     

Yuxarı