Daxili sular, çaylar, göllər, kanallar

    DAXİLİ SULAR. Rayonun daxili sularına onun şimal sərhədini kəsib keçən Kür çayı, cənub sərhədini kəsib keçən Araz çayı, süni sututarlı Kürboyu bataqlıqlar, qrunt və layarası sular daxildir. Ərazi öz daxilində təbii axarlı sulara malik olmasa da, suvarma məqsədi ilə çəkilmiş Yuxarı Qarabağ, Baş Mil, Xanqızı kanalları və müxtəlif kollektorlara malikdir. Kürboyu sahillərdə aprel ayı daşqınları zamanı xırda göllər yaranır. Arazboyu ərazidə isə termal su mənbələri vardır. Ərazinin az meyilli olması və az yağıntı düşməsi sel yaranmasına imkan vermir. Ərazinin şimal-qərbdən cənub-şərqə kəsib keçən Yuxarı Qarabağ kanalı öz başlanğıcını Kür çayından, Baş Mil və Xanqızı kanalları isə Araz çayından götürməklə cənub – cənub-qərbdən şimal – şimal-şərq istiqamətində axırlar. Kür və Araz çayları təsərrüfatarın, əhalinin şirin su təminatı və suvarmanın əsas mənbələridir. Arazboyu düzənliklərdən yeraltı suların böyük ehtiyatları vardır.

      BARLAS – Govurarxın tarixi mənbələrdə adı.

     XAN QIZI ARXI - Beyləqan ərazisində çəkilmiş arx Govurarxın bir hissəsini təşkil edir. Govurarx həm Beyləqan şəhərini həm də onun ətrafındakı kəndləri su ilə təchiz etmiş, qədim Beyləqan şəhəri monqollar tərəfindən dağıdıldıqdan sonra, Govurarxında suyu qurumuşdur.  XIX əsrin 70-ci illərində Xan qızı (Xurşudbanu Natəvan) Govurarxı yenidən təmir etdirmiş və Mil düzünə su gətirilməsinə nail olmuşdur. Həmin vaxtdan da Govurarx “Xan qızı” arxı kimi adlanmışdır.

    VİNİKİR ARXI – Beyləqan rayonunda arx. Eyvazlılar kəndi ilə İkinci Aşıqlı kəndinin sərhədlərindən keçərək şimala doğru uzanır. Arx onu çəkən rus mənşəli ekskavatorçunun adı ilə adlandırılıb. Bu adla xatirəyə salınıb. Uzun müddət suyundan istifadə olunmuşdur. 

    AĞ GÖL – Azərbaycan Respublikasında şor göl. Kür çayının sağ sahilində, Mil düzündə yerləşir. Ağcabədi rayonu ərazisindədir. Sahəsi 56,2 kv.km. (3,1 min ha), maksimum dərinliyi 2,2 m, sututumu 44,7 min kub.m.-dir. Suyunun səthi okean səviyyəsindən 5 m aşağıda yerləşir. Göl axmaz mənşəlidir. Suyunu Ağcabədi və Beyləqan rayonlarındakı kollektorlardan alır. Mingəçevir su anbarı tikildikdən sonra Kür çayından bura su axımı azalmışdır. Kollektor-drenaj sularının gölə axması nəticəsində onun hidroloji rejimi dəyişmişdir. Göl əsasən qamışlıqlarla əhatə olunmuşdur. Ağ gölün suyunun səviyyəsi yay mövsümündə azalır. Su quşları var. Balıqçılıq təsərrüfatı yaradılmışdır. Yasaqlıqdır.

    ARAZ – Cənubi Qafqazda çay. Kürün ən böyük qoludur. Arpaçayın (Axuryan) birləşdiyi yerdən Bəhramtəpə su qovşağına qədər 600 km məsafədə Türkiyə, Ermənistan, Azərbaycan və İran dövlətlərin sərhədini təşkil edir. Bəhramtəpə su qovşağı yaxınlığından mənsəbədək Araz Azərbaycan ərazisindən axır. Sabirabad şəhəri yaxınlığında (dəniz səviyyəsindən 11 m aşağıda) Kürlə birləşir. Araz su sərfinə görə Cənubi Qafqazda ikinci çaydır. Uzunluğu 1072 km, hövzəsinin sahəsi 102 min kv.km-dir. Çay Türkiyədə Bingöl silsiləsinin yamaclarında, 2990 m hündürlükdən başlanır.
    Araz relyef və axın xüsusiyyətlərinə görə iki hissəyə - dağlıq və ovalıq hissələrə ayrılır. Türkiyə ərazisində Araz tipik dağ çayıdır. Orta Araz çökəkliyində, Naxçıvan çayının mənsəbinə qədər Arazı düzənlik çayı hesab etmək olar. Sədərək, Şərur, Böyükduz və Naxçıvan düzlərinin cənubunda çayın sürəti nisbətən azalır. Burada Araza soldan Sevcur, Razdan, Azad, Vedi, Arpaçay, Naxçıvan və s., sağdan Qarasu, Maku (Zəngimar) və s. qollar birləşir. Naxçıvan çayının mənsəbi yaxınlığından Həkəri çayının mənsəbinədək Araz çox yerdə kanyonları dərələrdə axır, coşqun və astanalıdır. Bu hissədə Araz soldan Əlincə, Gilan, Orduban, Mehri, Oxçu və s., sağdan Qotur, Qırsı (Qırışı) və s. qolları qəbul edir. Həkəri çayının mənsəbindən sonra Araz tədricən Aşağı Araz düzənliyinə və Kür-Araz ovalığına çıxır, yatağı meandr vəziyyəti alır. Həkəri çayının mənsəbindən aşağıda Araza soldan Quruçay, Köndələnçay və s., sağdan Selin (Sələn), Qarasu və s. qollar birləşir. Arazın Bəhramtəpə su qovşağından mənsəbinədək axdığı hissədə qolu yoxdur.
    Çayın dağlıq sahələrdən yuyub gətirdiyi süxurlar ovalıqlarda toplanır. İldə 16-17 mln. Tona qədər lil gətirir. Araz qatışıq mənbədən qidalanır. Axımının 46%-ni yeraltı sular, 38%-ni qar suları, 16%-ni yağış suları təşkil edir. Arazın mənsəbi yaxınlığında orta illik su sərfi 290,36 kub m-/ san, illik axımın həcmi 915 mln kub m-dir. Yazda qar sularının, payızda isə yağış sularının artması çayda daşqınlara səbəb olur. Suvarmaya çox ehtiyac olan iyul və avqust aylarında çayın suyu azalır ( İllik axımın 20%-ə qədərini axıdır). Çayın suyunu artırmaq üçün yuxarı Qarabağ kanalı vasitəsilə Kürdən Araza əlavə su axıdılır. Çayın suyu hidrokarbonatlı-kalsiumludur. Orta minerallaşma azsulu dövrə 560-880 mq/l, çoxsulu dövrdə isə 260-400 mq/l-dir.
    Arazın böyük suvarma və hidroenerji əhəmiyyəti var. Suyundan səmərəli istifadə məqsədi ilə çayın üzərində Bəhramtəpə su qovşağı, İranla birgə istifadə edilən Araz su qovşağı və Mil-Muğan sugötürmə qovşağı tikilmişdir. Üzərində hidrotexniki qurğular tikildikdən sonra Arazın Kürə gətirdiyi lilin miqdarı azalmışdır. Araz gəmiçiliyə yararsızdır.
Araz aşağı axınında yatağını tarix boyu bir neçə dəfə dəyişmişdir. Son dəfə 1896-cı ildə daşqın nəticəsində sahil bəndini (indiki Saatlı şəhəri yaxınlığında) uçurmuş, suyun bir hissəsi Muğan düzündən keçərək Xəzər dənizinə axmışdır. Bununla əlaqədar ərazidə bur neçə göl (Ağçala, Mahmudçala və s.) əmələ gəlmişdir. Sonralar Araz əvvəlki yatağına qaytarılmışdır.
    Bir çox antik və orta əsr müəlliflərinin əsərlərində Araz haqqında məlumat verilmişdir. Qədim yunan və latın mənbələrində Cənubi Qafqaz, Parsa (Fars) və mərkəzi Asiyada Araz adlı bir neçə çayın adı çəkilir. Çayın adı qədim türk dillərində “sakit” , “dinc” , “xeyir verən” sözündədir. Araz çayı Beyləqanın əsas su arteriyasıdır. Araz suyu ətrafdakı quraqlıq torpaqlara həyat gətirmişdir.

    BAŞ MİL KANALI - Mil düzündə suvarma kanalı. 1976-cı ildə istismara verilmişdir. Magistral kanaldır. Uzunluğu 37,1 km, suburaxma qabiliyyəti 93 kub m./san-dır. Tam beton üzlüklüdür. Kanal öz başlanğıcını Mil-Muğan hidroqovşağından götürür. Fizuli, Beyləqan, Xocavənd, İmişli və Ağcabədi rayonlarında 143,5 min hektar əkin sahəsinin suvarılmasını təmin edir. Kanalın üzərində 74 hidrotexniki qurğu, o cümlədən ən mürəkkəb konstruksiyalı dükerlər, cəldaxıdan tikilmişdir. Baş Mil kanalından Yuxarı Mil, Yeni Xanqızı və Sifir Paylayıcı kanalına suvarma suyu verilir.

    BAŞ MİL KANALI - Mil düzündə suvarma kanalı. 1976-cı ildə istismara verilmişdir. Magistral kanaldır. Uzunluğu 37,1 km, suburaxma qabiliyyəti 93 kub m./san-dır. Tam beton üzlüklüdür. Kanal öz başlanğıcını Mil-Muğan hidroqovşağından götürür. Fizuli, Beyləqan, Xocavənd, İmişli və Ağcabədi rayonlarında 143,5 min hektar əkin sahəsinin suvarılmasını təmin edir. Kanalın üzərində 74 hidrotexniki qurğu, o cümlədən ən mürəkkəb konstruksiyalı dükerlər, cəldaxıdan tikilmişdir. Baş Mil kanalından Yuxarı Mil, Yeni Xanqızı və Sifir Paylayıcı kanalına suvarma suyu verilir.

    BARLAŞ – Govurarxın tarixi mənbələrdə adı.

   BƏHRAMTƏPƏ CU QOVŞAĞI – Azərbaycanda, Araz çayı üzərində hidrotexniki kompleks. İmişli rayonu ərazisindədir. Muğan və Mil düzlərində əkin sahələrini lillərdən təmizlənmiş suvarma suyu ilə təmin etmək məqsədi ilə tikilmiş və 1957-cı ildə istifadəyə verilmişdir. Su qovşağı kompleksində bənd, suqəbuledici, durulducular, tənzimləyicilər, və s. daxildir. Muğan düzündəki Baş Muğan kanalı və Əzizbəyov adına kanal, Mil düzündəki Rəsularx kanalı Bəhramtəpə su qovşağından başlanır. Su qovşağından təqribən 170 MİN ha sahənin suvarmasında istifadə olunur.

   BOZTƏPƏARX KANALI – 1924-cü ildə İmişli rayonu ərazisində çəkilmişdir. Kanal Araz çayından başlanır, torpaq məcrada qurulmuşdur. Başlanğıcında su sərfi 8,0 kub.m/san-dır. İmişli və Beyləqan rayonlarında 11,0 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Ümumi uzunluğu 45,0 km-dir.

   DAŞQEY ARXI – Beyləqan ərazisində mövcud olmuş arx. Eyvazalılar kəndi yaxınlığındadır. Arx Mil-Muğan ərazisində yaşamış qədim tayfaların biri olan türk mənşəli daşqey tayfası tərəfindən salınmışdır. Məqsəd isə suya həsrət ərazilərin su ilə təmin edilməsi olmuşdur. Belə ki, sudan çətinlik çəkən bu tayfa öz təsərrüfatları üçün Araz çayından bir qol ayırmışlar. Araz çayından başlanan arx Qarqar  çayına tökülürmüş.  Mənbəyə görə, hazırda arxın yeri Eyvazalılar kəndində salınan təzə qəbiristanlığın yaxınlığında aydın bilinir.  Bu ərazidə qədim dəyirman yeri də qalmaqdadır. Torpaq işləri görülərkən bişmiş kərpiclə hörülən qəbirlər aşkar olunmuşdur.

   GOVURARX- Mil düzündə qədim suvarma kanalı. Öz mənbəyini Araz çayından götürən bu arx Haramı düzünün şimalı ilə Qarqar çayına qədər uzanırdı. Arxeoloji qazıntılar arxın e.ə I minilliyin sonlarında çəkildiyini və erkən orta əsrlərdə daha da təkminləşdirildiyini göstərir. Mil Govurarxı Daşburun yaxınlığında Arazdan ayrılır, indiki Beyləqanın sonra isə Təzəkəndin yaxınlığından keçərək Örənqalanın üst tərəfi ilə şimal-qərbə doğru uzanır. Ağcabədi rayonunda Üçtəpənin yaxınlığından keçərək Qaratəpə yaxınlığında Qarqaçaya birləşir. Arxın ümumi uzunluğu 60 km-dir. Govurarxda arxeoloji qazıntılar aparılmış, Qarqaçay töküldüyü yerdə onun küp qəbirləri kəsib keçdiyi müşahidə edilmişdir. Tədqiqatçılar Azərbaycanın düzən rayonlarında küp qəbirlərin yayılmasını e.ə VI-II əsrlər və eramızın II əsrinə aid edirlər. Həmin faktlara əsasən də, alimlər Govurarxın ərəb işğalına qədər salındığını göstərirlər. XIII əsrin 20-30 cu illərində monqol istilası dövründə baxımsızlıqdan yararsız hala düşmüşdür. XVI əsrin sonunda Əmir Teymur arxı bərpa etdirdikdən sonra tarixi mənbələrdə adı Barlas kimi göstərilir. Barlas Əmir Teymurun mənsub olduğu türk tayfasının adıdır. Nadir şahın dövründə (XVIII əsr) arx yenidən baxımsız vəziyyətdə idi. Sonralar bir neçə dəfə onun bərpasına təşəbbüs göstərilsə də, getdikcə əhəmiyyətini itirdi. XIX əsrin sonralarında Xan qızı Xurşud Banu Natəvan Govurarxı təmir etdirmişdir. Həmin dövrdən də bu arx “Xan qızı” arxı adlandırılmışdır. Sovet hakimiyyətinin illərində arxın yatağı əsasında Orconikidze adına kanal çəkilmişdi. Toponimin əsasında Govur komponenti təşkil edir. Türklərdə kafir və ya gavur təyini “dinsiz” hesab edilən xalqlara şamil olunurdu. Bəzi müsəlman ölkələrində, o cümlədən Azərbaycanda islamdan əvvəl tikilmiş bir çox qurğuları, istehkamların və s. qalıqları özlərindən əvvəlki “gavurlara” (dinsizlərə) məxsus olduğu üçün bu təyin işlədilirdi. Toponim “gavurların çəkdiyi arx, gavurlara məxsus arx” mənasındadır. Muğan düzündə də eyniadlı qədim suvarma kanalı olmuşdur. Həmin Govurarx Araz çayından başlayıb indiki Biləsuvar rayonu ərazisindən keçirdi. Arxeoloji tədqiqatlar Beyləqan ərazisindən keçən Govurarxın Sasanilər dövründə, erkən orta əsrlərdə çəkildiyini söyləməyə əsas verir. O çağlar bu suvarma qurğusunun kənarında salınmış bir neçə yaşayış məskəninin (Çöl Ağdam, Şəhriyar, Qalayeri, Nərgiztəpə və s.) qalıqları aşkar edilmişdir.

     XAN ARAZ- Araz çayının el arasında adı.

    XAN QIZI ARXI - Beyləqan ərazisində suvarma arxı. Govurarxın bir hissəsini təşkil edir. Govurarx həm Beyləqan şəhərini, həm də onun ətrafındakı kəndləri su ilə təchiz etmiş, qədim Beyləqan şəhəri monqollar tərəfindən dağıdıldıqdan sonra Govurarxın da suyu qurumuşdur. XIX əsrin 70-ci illərində Xan qızı (Xurşud Banu Natəvan) Govurarxın yenidən təmir etdirmiş və Mil düzünə su gətirilməsinə nail olmuşdur. Həmin vaxtdan da Govurarx “Xan qızı” arxı kimi adlanmışdır.

    KƏRBƏLƏAYİ ORUC QUYUSU – Beyləqan ərazisində mövcud olmuş kəhriz tipli quyu. Cərcis Peyğəmbər ziyarətgahının ərazisində yerləşmişdi. Eyvazlılar kənd sakini Kərbəlayi Oruc tərəfindən köçəri camaatın suya ehtiyacını ödəmək və ehsan məqsədilə qazılmışdır. Quyunun içməli suyundan ətraf kəndlərin (Aşıqlı, Əlinəzərli, Tatalılar) əhalisi də istifadə etmişlər. Hazırda yeri itib-batmışdır.

    KÖHNƏ XAN QIZI (keçmiş Govurarx) KANALI – Mil düzündə suvarma kanalı. Araz çayından Qarqar çayına qədər uzanır. Kanalın uzunluğu 64 km, başlanğıc hissədə su buraxma qabiliyyəti 45 kub metrdir. Azərbaycanda ən qədim suvarma kanallarından biridir. Tarixdə Govurarx, Barlas, Orconikidze adları ilə mövcud olunmuşdur. Ərəb işğalından sonra Govurarx adlandırılmışdır. Arxeoloji qazıntılar Govurarxın bizim eradan əvvəl birinci minilliyin sonlarında çəkildiyini və erkən orta əsrlərdə daha da təkminləşdirildiyini göstərir. XII əsrin 20-30-cu illərində monqol istilası dövründə yararsız hala düşmüşdür. XIV əsrin sonunda Əmir Teymur kanalı bərpa etdirdikdən sonra tarixi mənbələrdə adı Barlas kimi çəkilir. Barlas Teymurun mənsub olduğu türk tayfasının adıdır. Nadir şahın dövründə (XVIII əsr) kanal yenidən yararsız hala düşmüşdü. Qarabağlı Əhməd bəy Cavanşir 1866-cı ildə Araz çayından çəkdirdiy 8 km-lik kanalı Govurarxla birləşdirmişdi. 1881-ci ildə çar hökuməti Govurarxı bərpa etmək üçün qərar vermiş və plan hazırlamışdır. Lakin bu plan həyata keçməmişdir. Yalnız 1924-cü ildə Govuarxın yatağı əsasında Orconikidze adıına kanal çəkilmişdir (indiki Xan qızı kanalı). Hazırda bu kanal Baş Mil kanalına birləşdiyinə və suyu əsasən Mil-Muğan hidroqovşağından qəbul etdiyinə görə Araz çayından yalnız 8-15 kub m/san su götürülür. Torpaq məcrada çəkilmiş kanalın suyundan istifadə etməyə hazırda yalnız Beyləqan rayonu ərazisində 34 min hektar sahə suvarılır.

    KÜR - Türkiyə, Gürcüstan və Azərbaycan ərazisindən axan çay. Qafqazın ən böyük çayıdır. Uzunluğu 1515 km, hövzəsinin sahəsi 188 min kub km-dir. Kürün çox hissəsi (təqribən 900 km-i) Azərbaycan ərazisində yerləşir. Çay Türkiyədə yerləşən Qızılgədik dağının şimal-şərq yamacında 2740 metr yüksəklikdən başlanır, Xazər dənizinə tökülür. O, Tbilisi şəhərinədək dar dərələrlə (Borjomi dərəsi və s.) axır, şəhərdən aşağıda çayın dərəsi genişlənir. Qabırrı (İori), Qanıx (Alazan) və Gəncə çaylarının mənsəb hissələrində Mingəçevir su anbarı yaradılmışdır. Su anbarından aşağıda Kürçayı Kür-Araz ovalığına çıxır. Bu hissədə çayda çoxlu meandrlar əmələ gəlir. Mənsəbindən 23 km məsafədə (Sabirabad şəhəri yaxınlığında) Kürə onun ən böyük qolu olan Araz birləşir. Xəzər dənizinə töküldüyü yerdə delta (sahəsi 100 kub metr) əmələ gətirir. Əsas qolları: sağdan Araz Paravani, Xrami, Ağstafa, Şəmkir, Tərtər, Xaçın, soldan Böyük Liaxva, Araqva, Qabırrı, Qanıx, Türyan. Qarışıq mənbədən qidalanır. Çayın axımının 36%-ni qar suları, 30%-ni yeraltı sular, təqribən 20%-ni yağış suları, 14%-ni buzlaq suları təşkil edir. Orta illik su sərfi Türkiyə ilə sərhəddə təqribən 30 kub.metr/san, Tbilisidə 219 kub.m/san, Mingəçevirdə 478 kub.metr/san, mənsəbində 537 kub.metr/san-dır. Əsasən qar suları ilə qidalandığına görə Kürdə gursululuq yazda (apreldə) olur. Mingəçevir su anbarı tikildikdən sora Kür çayından suyun səviyyəsi tənzimlənmiş, daşqınların qarşısı alınmışdır. Çayda suyun səviyyəsi qışda sabit olur. Suyu lillidir. Orta hesabla hər il Xəzər dənizinə 21,0 mln. ton lil gətirir. Suvarmada və enerji istehsalında geniş istifadə edilir. Üzərində Çitaxevi, Ortaçala, Şəmkir, Yenikənd, Mingəçevir və Varvara SES-ləri tikilmişdir. Balıqla (uzunburun, bölgə, nərə, ilanbalıq, suf və s.) zəngindir. Çayın Yevlaxa qədər hissəsi (614 km) gəmiçiliyə yararlıdır. Kür çayının sahillərində Ərdəhan (Türkiyə), Borjomi, Qori, Msxeta, Tbilisi, Rustavi (Gürcüstan), Mingəçevir, Yevlax, Zərdab, Sabirabad, Şirvan, Salyan (Azərbaycan) şəhərləri yerləşir. Kür haqqında bir çox antik və orta əsr müəlliflərinin əsərlərində məlumat verilmişdir. Qədim yunan, Ərəb, Fars, Türk, Erməni, gürcü mənbələrində Kor, Kur, Kir, əl-Kurr, Mtkuari və s. kimi adı çəkilir. Tədqiqatçıların fikirincə “Su” , “Çay” mənası verən “Kür” sözü iber-Qafqaz mənşəli olub yerli Alban (Qafqaz) tayfalarının birinin dilindən götürülmüşdür. Azərbaycanda yaşayan qırız və buduq dillərində indi də “kur”sözü “su”, “çay” mənasında işlədilir.

    QARQAR – Ağdam, Ağcabədi, Xocalı və Şuşa rayonları ərazisində çay (Kür çayının hövzəsi). Uzunluğu 115 km, hövzəsinin sahəsi 1490 km-dir. Qarabağ silsiləsindən (2080 m hündürlükdən) başlanır. Zarıslı və Xəlfəli çaylarının birləşməsindən əmələ gəlir. Əsas qolları: Ballıca, Bədərə, Dağdağan və s. Yağış, qar və yeraltı sularla qidalanan çayın suyundan suvarmada istifadə olunur.
     Çayın adı ilk dəfə XIII əsrə aid mənbələrdə çəkilmişdir. Çayın adını qədim qarqar tayfasının adı ilə bağlayırlar. Qarqarlar qədim Albaniya (Qafqaz) ərazisində yaşamışlar. V əsr mənbələrində Albaniyada Qarqar tayfasının adı, III əsrdə onların yaşadıqları qeyd olunmuşdur. Mənbədə Mil və Qarabağ düzlərində yaşadıqları üçün həmin düzlərin erkən orta əsrlərdə (X əsrədək) Qarqar düzü adlandırıldığı göstərilmişdir. Digər mənbədə Yaqut əl-Həməvinin (XIII əsr) Mil düzündə Karkar adlı şəhərin adını çəkdiyi göstərilmişdir. XIX əsrdə Azərbaycanın bir sıra qəzalarında Qarqar adlı bir neçə kəndin olduğu qeyd edilmişdir. Azərbaycanda Qarqar tayfasının adı ilə bağlı Qarqar kəndi (Xocavənd), Qarqar silsiləsi (Xocalı), Qarqar çayları mövcuddur.

   MİL–MUĞAN HİDROQOVŞAĞI – Araz çayı üzərində, Füzuli rayonunun Horadiz qəsəbəsinə yaxın hidrotexniki qurğu. 1972-ci ildə tikilib istifadəyə verilmişdir. Onun tikilməsində məqsəd Araz su qovşağında Araz çayının axımının nizamlanması ilə yaradılmış su ehtiyatlarından İranla birlikdə istifadə etməkdir. Buradan İranda Muğan kanalına , Azərbaycanda Baş mil kanalına 95,0 kub.metr/san su verilə bilər. Onun köməyi ilə Füzuli, Beyləqan, Ağcabədi, Xocavənd və İmişli rayonlarının ərazilərində 120 min hektar əkin sahəsindən istifadə etmək mümkün olmuşdur.

     ORCONİKİDZE KANALI – Beyləqan ərazisində mövcud olmuş kanal.

    SARISU - Azərbaycan Respublikasında əsasən İmişli, qismən Sabirabad rayonları ərazisində göllər. Mil düzündədir. Kür çayının sağ sahili boyunca 22 km uzanan və bir-biri ilə əlaqəli 4 göldən (Sarısu, Naxalıq, Xəlifə, Əyri) ibarətdir. Suyunu əsasən, Şərbətqobu vasitəsilə Ağ göldən alır. Kür çayına axımı var. Ümumi sahəsi təqribən 70 kv.km-dir. Bəzi illərdə Kür çayının daşqın suları Sarısunun həcmini 3-5 dəfə artırır (məs., 1976, 2010-cu ildə). Suyu duzludur (5000 mq/l-dək). Balıq (çəki və s.), su quşları, bataqlıq qunduzu ovlanır.

    SARISUÇAY - Beyləqan rayonunda mövcud olmuş çay. Mənbəyə görə, keçmişdə Araz çayı yaxınlığındakı Sarısu gölündən bir neçə kiçik çay axaraq Ağ gölə və Mehman gölə qovuşurmuş. Yaz və payız fəsillərində Arazın suyu daşarkən kiçik çaylar birləşərək bütöv axar çaya çevrilərmiş. Bu çaya Sarısu çayı deyərmişlər. Sonralar qurumuşdur, hazırda həmin çayın yatağı qalır.

   YENİ XANQIZI KANALI - Mil düzündə suvarma kanalı. Kanal Köhnə Xan Qızı kanalına paralel çəkilmiş, 1985-ci ildə istismara verilmişdir. Kanalın suburaxma qabiliyyəti 40 kub. m/san, uzunluğu 51 km-dir. Baş Mil kanalından su götürür. Beton üzlük çəkilmişdir. Beyləqan və Ağcabədi rayonlarının ərazisindən 57,3 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Üzərində 32 ədəd hidrotexniki qurğu, 8 yerdə hidrometrik məntəqə 14 körpü və borulu keçid vardır.

     YUXARI QARABAĞ KANALI - Azərbaycanda, Qarabağ və Mil düzlərində suvarma kanalı. 1956-cı ildə istifadəyə verilmişdir. Magistral kanaldır. Mingəçevir su anbarından başlanır. Bəhramtəpə su qovşağı yaxınlığında Araz çayınadək davam edir. Uzunluğu 174,4 km başlanğıc hissədə suburaxma qabiliyyəti 113,5 kub.m/san-dır. Üzərində 174 hidrotexniki qurğu, 20 nasos stansiyası var. Yevlax, Bərdə, Ağcabədi və Beyləqan rayonları ərazisində 84700 ha sahənin suvarılmasında istifadə edilir. Bu kanal Mingəçevir su anbarı ilə Araz çayını birləşdirən süni su arteriyasıdır. İntensiv suvarma dövründə Araz çayının suyunu artırmaq və Muğan düzündə suvarmada istifadə etmək üçün Yuxarı Qarabağ kanalı vasitəsilə Kür çayından Araza 30 kub.m/san su axıdılır. Bəhramtəpə su qovşağı yaxınlığında Araz çayına birləşir. Kanalın çaylarla, şose, dəmir yolu və başqa maneələrlə kəsişdiyi yerlərdə mürəkkəb hidrotexniki qurğular-dükerlər-akveduklar, körpülər tikilmişdir.

     YUXARI MİL KANALI - Azərbaycanda, Mil düzündə suvarma kanalı 1985-ci ildə istismara verilmişdir. Suburaxma qabiliyyəti 30 kub. m/san, uzunluğu 20,5 km-dir. Baş Mil kanalından su götürür. Kanal Xocavənd və Beyləqan rayonlarında 19,6 min hektar əkin sahəsinin suvarılmasında xidmət edir. Kanala tam olaraq beton üzlük çəkilmişdir. Üzərində 8 hidrotexniki qurğu, 4 yerdə hidrometrik məntəqə, 6 körpü və borulu keçid vardır.

 

 

 

 

 

 

 

Yuxarı