Flora və fauna

    Bitki örtüyü. Rayonun bitki örtüyü yarımsəhra bitkilərindən ibarətdir. Burada yovşanlı, şoranlı, gəvəli yarımsəhralar yayılmışdır. Kür çayı sahillərində və ona yaxın olan ərazilərdə düzən-çəmən bitki örtüyü sahələrində qamış, çil, kalış və digər bataqlıq bitkiləri vardır Kürün sahilləri boyu qovaq, soyüd, iydə və tut ağaclarından ibarət tuqay meşələri az sahələri tutur. Beylaqanın cənub-qərbində yarımsəhra, yovşanlı-efemerli bitkilər, Yuxarı Qarabağ kanalından Kür çayına qədər yovşanlı-efemerli və yovşanlı şorangəli bitkilər, Kür çayı sahilində qismən qorunmuş tuqay meşəsi, Xan qızı və Yuxarı Qarabağ kanallar arasında isə səhraların və yarımsəhraların yerində yenidən bərpa olunmuş bitki örtüyü mövcuddur. Bataqlıq çəmənləri də müəyyən əraziləri əhatə edir. Suqoruyucu, torpaqqoruyucu və yolqoruyucu məqsədilə ensiz meşə massivləri qalmaqdadır. Son dövrlər antropogen təsirin çoxalması yovşan, biyan, şoranotu və efemer bitkilərin azalmasına səbəb olmaqdadır. Şoranlığı artan ərazilərdə kalış, qamış, qarğı və yulğun bitkiləri çoxalmaqdadır.

     Heyvanat aləmi. Rayon ərazisində səhra və yarımsəhra üçün xarakterik olan heyvanlar üstünlük təşkil edir. Belə ki, heyvanlardan ceyran, çöldonuzu, canavar, tülkü, boz dovşan, quşlardan turac, göyərçin, dovdağ, qırqovul, sığırçın, qaraqarın bağrıqara; sürünənlərdən gürzə, qırmızıquyruq qumsiçanı, tarla sıçanı, Kiçik Asiya qumsiçanı vardır. Tuqay meşəsi və qamışlıq zonalarda oxlu kirpi, ilan, bayquş, ağacdələn, turac, kəklik; qalan düzən ərazilərdə tülkü, çaqqal, dovşan, siçan, siçovul, porsuq, qaz, ördək, qaağayı; qamişlıqlarda qamışlıq pişiyi, qaban və başqa heyvanlara rast gəlinir. Yaz aylarında bülbül, qaranquş kimi köçəri quşlar ərazidə yuva qururlar.

Yuxarı