Ərəb dövrü. Üsyanlar

     ƏRƏB DÖVRÜ. (VII əsrin ikinci yarısı-IX əsrin birinci yarısı). Xəzərlərin, ərəblərin və Bizansın davamlı hücumları nəticəsində Albaniya müstəqilliyini itirdi (705). Azərbaycan torpaqları bütünlüklə Ərəb Xilafətindən asılı hala düşdü.
     Azərbaycan (Atropatena), Qafqaz Albaniyası və Liberiya (Gürcüstan) əraziləri sasanilər İranın ən böyük inzibati ərazisi vahidlərindən idi. Ərəb işğalından sonra Qafqaz bölgəsindəki ölkələrin tarixi-coğrafi ərazi bütövlüyü saxlanılsa da, onlar inzibati cəhətdən dəyişikliyə uğradı. Adurbadaqan, Albaniya, Ermənistan, şərqi Gürcüstan və Əl-cəzirə vilayətləri ərəb dövlətinin 5 vilayətindən birini təşkil etdi. Qafqaz Albaniyasının ərazisi ərəblər tərəfindən Arran adlanmağa başladı. Biraz sonra ərəblər Atropatena və Albaniya ərazilərini birləşdirərək vahid Azərbaycan ərazisinə çevirdilər və öz kökünü Atropatena adından götürən “Azərbaycan” məfhumu meydana gəldi. VIII əsrin ortalarından başlayaraq ərəb müəllifləri Arran-Albaniya ərazisindən danışarkən onu Azərbaycanla əlaqələndirir və tarixi Albaniyanın Beyləqan və digər şəhərlərini Azərbaycan şəhəri kimi göstərirlər. Məsələn: “Əl-Ədiyyə...Azərbaycan ölkəsinə yola düşdü və Beyləqanda məskən saldı” (əl-Kufi).

   Tədricən Albaniya ərazisi vahid Azərbaycanın tərkibində Arran, Şirvan, və Muğan vilayətləri kimi tanınmağa başladı. Vahid Azərbaycan ərazisi 5 hissəyə - Azərbaycan, Arran, Muğan, Şirvan və Şəki vilayətlərinə bölündü. Ölkə ərazisində Girdiman, Kambisena, Şakaşena, Tabasaran, Məsqəd, Leyzan, Xursan, Muğaniyə, Sisakan, Bəzzeyn, Məsiran və s. mahalları vardır. İri şəhərlərdən biri də Beyləqan idi. Ərəblərin Azərbaycanı işğal etmələri və onun xilafətin tərkibində olması ölkənin tarixi-siyasi coğrafiyası ilə yanaşı, mənəvi həyatına, əhalinin etnik tərkibinə də güclü təsir göstərdi. Belə ki, islam dininin yayılması və möhkəmlənməsi, Zərdüştilik və qismən də xristianlığı aradan çıxartdı və ərazidə vahid din birliyi yarandı.
   Zərdüştilik və xristianlığa əsaslanan ikili mədəniyyətin yerini islama əsaslanan vahid mədəniyyət tutdu. Atropatena və Qafqaz Albaniyası əhalisinin bir-birinə qovuşması, onların tərkibindəki türkdilli əhalinin çoxluq təşkil etməsi türk dilinin hər iki ərazidə üstün mövqe tutması vahid dilin meydana gəlməsi ilə nəticələndi. Ən əsası isə vahid Azərbaycan ərazisi təşəkkül tapdı və möhkəmləndi. Ərəblər ilk vaxtlardan Azərbaycana axışdı, IX əsrin birinci rübünə kimi davam etmiş köçürmə siyasəti nəticəsində Arranda və Azərbaycanda məskunlaşdılar. İlk vaxtlarda müstəqil fəaliyyət göstərən ərəb qəbilələri zaman keçdikcə yerli əhali arasında assimilyasiya olundu və sonra öz etnik mənsubiyyətini unutdu. Ərəblərə qarşı Azərbaycan ərazisində etirazlar, üsyanlar baş vermişdir. Beyləqanda bu üsyanların mərkəzlərindən olmuşdur.

  “Ərəblərə qarşı dini-siyasi hərəkatın güclənməsi. Müsəlmanların şimala doğru yollarını bağlamış Xəzər Xaqanlığının arasıkəsilməz yürüşləri Xilafətin Cənubi Qafqazdakı mövqeyini kökündən sarsıtmışdı. Ərəblər Cənubi Qafqazda möhkəmlənmək naminə bütün vasitələrə əl atırdılar. Lakin yerli əhali nə xəzərlərə, nə də ərəblərə tabe olmaq istəyirdi. Hələ VII əsrdən kiçik Asiya və Qafqazda (Bizans, Albaniya və s.) yayılmış pavlikianlar hərəkatı bu və sonrakı onilliklərdə yerli və gəlmə feodallara qarşı ideologiyaya çevrilmişdi. Ərəb mənbələrində “əl-bayaliqa, baylaqani) adlandırılıan bu təriqətçiləri bəzi tədqiqatçılar (Z.Bünyadov, V. Minorski və b.) Beyləqanla əlaqələndirirlər. Belə ki, məhz Beyləqanda pavlikiançılıq geniş yayılmışdı. Əl-Məsudi (X əsr) bu təriqətin xristianlıq və atəşpərəstlik arasında orta mövqe tutduğunu göstərir. Onların ilkin təlimində xeyir dünyası ilə şər dünyası arasında mübarizə əsas yer tuturdu. Dövlətin dayağı olan kilsəni onlar şeytan yuvası hesab edirdilər. Alban kilsəsi və pavlikianları “kafir” elan edərək ərəb ağalığına qarşı çıxan bu təriqətçilərlə mübarizə aparırdı.
   Xilafətin mərkəzində də bu vəziyyət sabit deyildi. Xəlifə Xaşamdan (743-744) sonrakı bir ildə xəlifə taxtında Əməvilərin üç nümayəndəsi dəyişmişdi. 744-cü ildə xilafətin Qafqazdakı canişini Mərvan xəlifə taxtına çıxdı. Lakin ölkəni bürümüş dini-siyasi hərəkatın qarşısını almaq mümkün olmadı.

   Ərəb tarixçisi əl-Kufinin (IX əsr) dediyinə görə “Mərvan ibn Məhəmməd xəlifə olan kimi Azərbaycan və Ərminiyədə igtişaşlar başlandı”. Ərəb üsul-idarəsinə qarşı yönəlmiş bu hərəkatın başında “qəssab” ləqəbli beyləqanlı Müsafir ibn Kəsir (Kuseyir) dururdu. Mərvanın canişinliyi dövründə o, Dərbənd hakimin köməkçisi vəzifəsində idi. Mərkəzdə hakimiyyət uğrunda gedən dini-siyasi çəkişmədən öz mənafeləri üçün istifadə edən başqa yerli feodallar kimi Müsafir də vergi zülmündən zara gəlmiş xalqın köməyi ilə ərəb ağalığından qurtarmaq istəyirdi və buna bir müddətliyə nail ola bildi. Əməvilərə qarşı Xilafətin bütün vilayətlərində qızışan mübarizə dalğası Azərbaycanı da bürüdü, ölkənin xeyli hissəsi üsyançıların əlinə keçdi. Yalnız mərkəzdə hakimiyyəti ələ almış Abbasilərin ilk nümayəndəsi Əbu-l-Abbasın (750-754) qardaşı Əbu Cəfər Azərbaycan, ərminiyə və Əl-Cəzirənin valisi təyin edildikdən sonra bölgədəki vəziyyəti sabitləşdirmək mümkün oldu. Üsyançılara qarşı göndərilmiş 100 minlik qoşin iğtişaşlara son qoydu. Müsafir ölüdürüldü”.
  “Vergi yükünün ağırlığı, xəzərlərin VIII əsrin 60-cı illərindən artan hücumları nəticəsində əhalinin güzəranının pisləşməsi üsyan və çıxışların sayını artırdı. 794-cü ildə Beyləqanda başlayan üsyanın başında “əşşəri” (hərfən şər, şərəşur adam) ləqəbinə görə xaricilər təriqətinə mənsubluğu (“şurat”-xaricilər təriqətinə mənsub olanların erkən ləqəblərindən biridir) anlaşılan Əbu Müslim dururdu. Üsyan çox keçmədən bölgələrin hər yerinə yayıldı. Onun başlanmasına əsas bəhanə bərdəlilərin xəlifə tərəfində xərac toplamaq üçün ora göndərilən Əbu-s-Sabahı öldürmələri oldu. Geniş intişar tapmış bu üsyanın yatırılması üçün xəlifənin göndərdiyi böyük qoşunu üsyançılar məhv etdi. Xəlifə qoşunlarının nəzarət etdiyi bəzi şəhərlər, o cümlədən Bərdə, Beyləqan, Naxçıvan və s. üsyançıları əlinə keçdi. Lakin ilkin uğurlara baxmayaraq, hücum ərəfəsində Əbu Müslimin qəfil ölümü, ardıcıllarının səriştəsizliyi üsyanın zəifləməsinə səbəb oldu. Əmir Yəzid ibn Məzyədin başçılıq etdiyi qoşun üsyançıların son hücumunu da dəf etdi”.

   BEYLƏQAN DÖYÜŞÜ - Beyləqan ərazisində baş vermişdi (1194). Bu döyüşdə Eldənizlər hökmdarı Əbubəkiri qardaşı Əmir Əmiran Ömər məğlubiyyətə uğratdı. Əmir Əmiran Ömər bu döyüşdə Şirvan hökmdarı Birinci Axsitan və Gürcü çarı Tamara ilə ittifaqa girmişdi.

    ƏSKÜYƏ ÜSYANI – Beyləqanda baş vermişdir (1030). Kiyev knyazı Müdrik Yaroslavl 38 gəmi ilə slavyan drujinalarının Xəzər dənizinə işğalçılıq yürüşünə yollamışdı. Onlar Suqovuşanda (indiki Sabirabad rayonu ərazisində) Şirvanşah qoşunlarını məğlub etdilər. Həmin əsnada Şəddadi hökmdarı Fəzlin oğlu Əsküyə Beyləqanda atasına qarşı qiyama başladı. Və Beyləqanın müstəqil hakiminə çevrildi. Fəzl Beyləqana Musanın başçılığı ilə hərbi dəstə göndərdi. Slavyanların gəmilərindən istifadə edən Musa qardaşına qarşı slavyanlarla gizli danışıqlara girdi. Slavyanlar Arazı üzü yuxarı qalxaraq Arazdan Beyləqana axan Gavur arxı vasitəsilə xırda qayıqlarla Beyləqana yaxınlaşdılar. Ikigünlük vuruşlardan sonra Beyləqan şəhəri təslim oldu. Əsküyə edam edildi. Beyləqan işə yenidən Səddadilərin hakimiyyəti altına keçdi. Şəddadi hökmdarı Musa slavyanlara böyük hədiyyələr verərək yola saldı. 

    PAVLİKANLAR HƏRƏKATI – ərəblərə və yerli feodallara qarşı baş vermiş ictimai hərəkat. İki yüz ilə qədər davam etmişdir. Hələ VII əsrdən Kiçik Asiya və Qafqazda (Bizans, Albaniya və s.) yayılmışıdı. Beyləqan bu hərəkatın baş verdiyi əsas məkanlarda biri idi.    
    Ərəb mənbələrində “əl-bayaliqa, baylaqani” adlandırılan bu təriqətçiləri Beyləqanla əlaqələndirirlər. Mənbələrə əsasən göstərilir ki, pavlikançılıq Beyləqanda yerli xristian əhali arasında geniş yayılmışdı. VII əsrdə ən böyük ictimai hərəkat pavlikilərin hərəkatı oldu. VII əsrin sonları – VIII əsrin əvvəllərində Azərbaycan Albaniyasında hakimiyyəti tamamilə ələ alan ərəblər pavlikilərin (albanlar) üzərinə böyük töycü qoydular. Əvvəllər əsas vergi (tüstü vergisi) kəndli həyətlərinin sayı ilə bağlı idi. Artıq vergidən can qurtarmaq üçün kəndli ailələri böyüyəndə də ayrılmırdı. Buna görə də ərəblər tüstü (ailə) vergisini can vergisi ilə (adambaşına vergi) əvəz etdilər. Bundan sonra vergi toplanması mütəşəkkil soyğunçuluq xarakteri aldı. Bu azmış kimi, yerli feodallar da əhalidən alınan vergini ağırlaşdırdılar. Həm ərəblərin, həm də yerli feodalların vergi siyasəti pavlikilər adı ilə antifeodal hərəkatının yanmasına səbəb oldu.

    Bu üsyan, orta əsrlərdə Şərqdə ən uzun sürən kütləvi bidətçi hərəkat oldu. Bu üsyan gah güclənir, gah da zəifləyirdi. Lakin buna baxmayaraq, iki yüz ilə qədər davam etmişdi. Pavlikilər iri torpaq sahiblərinə, mövcud kilsə ayinləri və kilsə iyerarxiyasına qarşı çıxır, dünyanın əsasını iki qaynaqda (xeyir və şərdə) görür və xoşbəxtlik və xeyrin göylərdə deyil, yerdə olduğuna, xeyirin qələbəsinə inanırdılar. Pavlikilər müstəqil icmalar təşkil edir, feodallara və kilsəyə tabe olmaq istəmirdilər. Onlar kilsəni şeytan yuvası hesab edir, Alban Kilsəsi və pavlikianları “kafır” adlandırır, onlara qarşı mübarizə aparırdı. Pavlikilər haqqında ilk məlumat Partav kilsə məclisinin (706-707) qərarlarında var. Bu qərarlarda pavlikilər zadəganlar və ruhani kilsə əyanları tərəfindən bidətçilər (kafirlər) kimi pislənir.
   Uzun mübarizədən sonra pavlikanlıq Albaniya əhalisinin yalnız yuxarı hakim təbəqələri arasında sıxışdırıldı və aradan götürüldü. Əhalinin geniş təbəqəsi arasında isə bu hərəkat antifeodal xarakterli olaraq qalmaqda idi. Girdman və Balasakan vilayətlərində isə daha çox yayılmışdı. Mənbədə göstərilir ki, Bərdədə çağırılmış (768) kilsə məclisinin qərarlarında adları çəkilən kafirlərə bidətçilər və pavlikilər kimi baxılmalıdır.
    Beyləqan əhalisinin ərəblərə boyun əymədiyi də Azərbaycan Albaniyasındakı pavlikilərin fəaliyyəti ilə bağlıdır (VII-IX əsrlər). Beyləqanda baş vermiş üsyanlara nəzər salanda görmək olur ki, Beyləqan əhalisi – balasakanlar və pavlikilər IX əsrin ortalarına qədər çox böyük qüvvə sayılırdılar. Belə olmasaydı, Babəkin müttəfiqi olan yerli knyazlar və Xilafət onlarla hesablaşmazdı. Uzun sürən mübarizədən sonra tamamilə qırılıb qurtarmaq və islamlaşmaq təhlükəsində qalan pavlikilər bütövlükdə və ya qismən Beyləqandan Bizansa köçdü, yerdə qalan az bir hissəsi isə islamı qəbul edərək burada qaldılar.

     BEYLƏQAN ÜSYANI – Beyləqan şəhərində baş vermişdir (748). Usyana Qəssab Müsafir başçılıq etmişdir. O, Beyləqan hakimini məğlub etmiş və üsyan Beyləqan, Bərdə və Ərdəbil şəhərlərinə qədər genişlənmişdir. Ərəb sərkərdəsi Məhəmməd ibn Sul Bərdə ilə Beyləqan arasında yerləşən Dəyirman kəndi yaxınlığında Qəssab Müsafirlə qarşılaşmışdır (748). Ağır döyüş olmuş, ərəb sərkərdəsi məğlubiyyətə uğramışdı. Lakin Bərdədən gələn yeni qüvvələr sayəsində ərəb sərkərdəsi yenidən Qəssab Müsafirlə döyüşə girmiş və onu məğlub etmişdi. Bu döyüş tarixdə azərbaycanlıların yadelli işğalçılara qarşı aparılan azadlıq hərəkatı kimi qalmışdır.

     BEYLƏQAN ÜSYANI – Beyləqan şəhərində baş vermişdir (752). Üsyan ərəblərə qarşı olmuşdur. Üsyana Qubad ibn Asəf-Beyləqani başçılıq etmişdir. Üsyan geniş ərazini əhatə etsə də, ərəb ordusu tərəfindən yatırılmışdır.

     BEYLƏQAN ÜSYANI – 794-795-ci illərdə baş vermişdir. Üsyana Abbasi xəlifələri əl-Hadinin və Harun ər-Rəşidin dövründə dəfələrlə üsyan etmiş, xaricilər təriqətindən olan, əl-Kufinin “Əş-şəri” – şər (şərəşur adam) adlandırdığı məşğur qiyamçı Əbu Müslüm başçılıq edirdi.Bu usyan ərəblərə qarşı idi və başlanmasına əsas bəhanə vergi zülmündən cana doymuş bərdələliləri ərəb amidi (vergi rəisi) Əbussabbahı    öldürülmələri olmuşdur. Üsyan tezliklə genişləndi. Üsyançılar Gilab qalasını ələ keçirdi, sonra Bərdə yaxınlığında altı min qoşunu olan Madam əl-Xumsi adlı ərəb sərkərdəsini məğlub etdilər. Dörd ay Dəbil şəhəri üsyançılar tərəfindən mühasirədə saxlandı. Lakin yenidən usyançılar qayıdıb Beyləqanda yerləşdilər. Üsyanı yatırmaq üçün xəlifə Harun ər-Rəşid (786-809) 12 min nəfərdən ibarət güclü qoşun dəstəsi göndərdi. Qoşuna Yəhya əl-Həraşi rəhbərlik edirdi. Xaricilərin qüvvəsi məğlub oldu və yenə də Gilaq qalasına çəkildilər. Əbu Müslüm isə öldürüldü. Şəhərin əhalisi Yəhyadan aman istədi. Yəhya şəhərə daxil olub onun əhalisinə aman vermiş və möhkəmləndirilmiş qalanı dağıdmışdır.

       BEYLƏQAN ÜSYANI – IX əsrdə baş vermişdi. Beyləqanda ərəb ağalığına qarşı qaldırılmışdır. Üsyana səbəb əl-Məmunun (813-833) Azərbaycana göndərdiyi canişini beyləqanlıların tanımaq istəmədiyi olmuşdur. Üsyana Əbdülməlik ibn əl-Cahhaf əs-Sülami rəhbərlik edirdi. Üsyançılar canişin Tahir ibn Məhəmməd əs-Sənani Bərdə şəhərində mühasirədə saxlamış, Tahirin köməyinə yeni qüvvə göndərildikdən və beyləqanlıların toxunulmazdığı təmin edildikdən sonra Bərdənin mühasirəsini ləğv etmişdilər və Tahir sərbəst buraxılmışdır. Xəlifə Tahiri geri çağırmış, onun xilaskarı Süleyman ibn Əhməd əl-Haşimini yerinə canişin təyin etmişdir. Süleyman üsyançıların rəhbəri Əbdülməlikə aman vermişdir.

      BEYLƏQAN ÜSYANI – XII əsrdə baş vermişdir. Sultan Məhəmməd İsfahana (Börküyarıqla müharibəyə) yola düşəndə Arranda həyacan başlamışdı. Gəncədə naməlum bir amid bundan istifadə etmiş, vəzirdən razılıq almış və vergi yığmaq hüququ ilə Beyləqana yollanmışdı. Amid şəhər əhalisinin müəyyən qrupu ilə əlaqəyə girərək şəhəri əlinə keçirmişdir. Amidə pənah gətirənlər yerli hakimlərdən narazı olan yoxsul əhali idi. Başçıları isə Başar idi. Çox çəkməmişdi ki, əhali amidin hərəkətlərinin aldadıcı olduğunu başa düşmüş və səhəri gün Bərzənddən gələn çapar sultanın (Məhəmmədin) ordularının qaçdığını bildirən kimi Başarın başçılığı ilə üsyan qaldırmışdı. Başar amidin başını kəsib qala divarından atmışdı. Üsyançılar Gəncə divanından şəhərdə qalmış 15 nəfəri (katibləri) də öldürmüşdü. Şəhərin rəisi şəhərə qayıtmış, üsyançıları öz tərəfinə çəkmişdi. Üsyançılar şəhərdə kənar idarələri­­n olmasının əleyhinə idilər, Gəncəyə tabe olan idarə məmurlarını şəhərdən qovmağa çalışır, yerli idarələrin onlarla hesablaşmalarını tələb edirdilər. Az sonra Gəncə divanından şəhər əhalisinə hədələyici məktub gəlmiş və bir daha üsyan edəcəkləri tədqirdə şəhərə qoşun yeridiləcəyi bildirilmişdi. Lakin şəhər əhalisi tabe olmaqdan imtina etmişdi. Gəncə divanı beyləqanlıların məktubunu aldıqdan sonra Əmir Əd əl-Cabbarın səkərdəliyi altında türk hərbi qüvvələri Beyləqanı ələ keçirmək üçün şəhərə hücum etmişdi. Şeyh Məhəmməd Gəncə divanının elçisi kimi şəhərə daxil olur və əhali çox yumşaqcasına diplomatik danışıq aparır. Beyləqanlılar Şeyxə rədd cavabı verirlər. Şəhər əhalisinin xahişi ilə Məsud ibn Namdar Şirvanşah Fəriburzə (1063-1117/7) məktub göndərir. Şirvanşahın sarayından gələn məktubda Əbd-Cabbar öz istəyindən əl çəkməyə çağırılır, şəhəri mühasirədən azad etmək tələb edir, üsyançılara isə ordu ilə kömək ediləcəyi göstərilirdi. Lakin vəd edilmiş ordu göndərilmir. Çərşənbə günü tezdən Əbd əl-Cabbarın qoşunları ilə beyləqanlılar arasında döyüş başlanır. Beyləqanlılar üstün gəlir. Əbd əl-Cabbar məğlub edildikdən sonra da şəhərdə sakitlik yaranmır. Daxili çəkişmələr artır. Məsud ibn Namdar hakim təyin edildikdən sonra şəhərdə nisbətən sakitlik yaranmışdır.

      BEYLƏQAN VƏ ƏRƏB-XƏZƏR MÜHARİBƏLƏRİ – Xəlifə II Ömərin (717-720) hakimiyyətinin birinci ilində xəzərlər ərəblərə qarşı böyük yürüşlərə başladı. Onlar Arrandan, Beyləqandan keçib Cənubi Azərbaycan torpaqlarına qədər irəlilədilər. Təbəri qeyd edir ki, “Bu il 717/8-ci il xəzərlər Arrana hücum edib bir qədər müsəlman qırmışlar”. II Yezidin (720-724) hakimiyyəti zamanı xəzərlər qıpçaq və digər türk tayfalarının köməyi ilə Arrana və Beləqana yürüş etdilər (722/723) və məğlub oldular. Həmin il II Yezid böyük qüvvə göndərdi və xəzərlər geri çəkildi. Xəzərlər Arrana və Beyləqana növbəti yürüş etdilər. (726/727) və məğlub oldular.Gevond xəzərlərin basqını haqqında yazır: “Onlar Hunlar torpağından Dərbəndə keçdilər və sonra Maskutlar torpağından keçərək Beyləqana hücum etdilər”. Xəzərlərin hücumu xəlifəni və saray əhlini çaşdırdı. Lakin xəlifə Səidi komandan təyin edib xəzərlərlə vuruşa göndərdi. Xəzərlər geri çəkildilər və geri çəkilərkən Beyləqanı dağıtdılar. Səid Beyləqana daxil oldu. Beyləqan yaxınlığındakı çayın kənarında olan vuruşmada xəzərlər tamamilə darmadağın edildilər. Səid döyüşdə həlak olmuş xəzər komandanı Barcikin başını kəsib xəlifəyə göndərdi. VIII əsrin sonlarına qədər xəzərlər bir neçə dəfə Arrana və Beyləqana yürüşlər etmişdilər. Bu yürüşlər nəticəsində yerli xalq çox əziyyət çəkmiş, iqtisadiyyata ciddi ziyan dəymişdi.

      BEYLƏQANA RUSLARIN HÜCUMU – Ruslar Azərbaycana ilk dəfə ticarət məqsədilə, 914-944-ci illərdə qəsbkar kimi gəlmişlər. Arranın paytaxtı Bərdə şəhərini dağıdıb yandırmışdılar. X əsrin sonlarında Dərbənd hakimi öz hakimiyyətini möhkəmlətmək üçün rusları köməyə çağırdı (987) və ruslardan ibarət mühafizə dəstələri saxlamağa başladı. Bu fürsətdən istifadə edən ruslar 38 gəmi ilə yenidən xəzər sahillərinə yürüş etdilər (1030). Onlar Şirvanşahın qoşunlarını Bakı yaxınlığında və Kürlə-Arazın qovuşduğu yerdə məğlub etdilər və Arazla yuxarı qalxmağa başladılar. Bu zaman Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin oğlu Musa Beyləqanda qiyam qaldırmış qardaşı Əskuyəni məğlub etmək üçün rusları köməyə çağırdı. Ruslar Beyləqana sudan (Arazdan axan Gavur arxla xırda qayıqlardan istifadə edərək) və qurudan yaxınlaşdılar. Rusların drujinaları Beyləqan şəhərinin müdafiyəsini yarıb şəhəri işğal etdi. Rusların Beyləqana gəlişi böyük fəlakətə səbəb oldu. Böyük dağıntılar törədildi. Şəhər iqtisadiyyatına ciddi ziyan dəydi. Şəddadi hökmdarı Musa şəhər əhalisinə divan tutduqdan sonra ruslara böyük hədiyyələr verdi. Ruslar Beyləqan şəhərində çox qalmadılar və qısa müddətdən sonra şəhəri tərk etdilər.

 

Yuxarı