Əkinçilik

     TƏSƏRRÜFATI.
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Burada məhsulun əsas hissəsini əkinçilik verir. Beyləqan rayonun ümumi ərazisi 113113 ha-dır. Kənd təssərüfatına yararlı torpaqlar 78071 ha-dır. Ondan 45219 ha əkinlər və dincə qoyulmuş torpaqlar, 2520 ha çoxillik əkmələr, 28711 ha örüş və otlaqlar, 1621 ha həyətyani sahələr, 3171 ha meşə fondu, 48282 ha suvarılan torpaqlardır (onların 44474 ha əkinlərdir). Dövlət mülkiyyətində 52085 ha, bələdiyyə mülkiyyətində 18994 ha, hüsusi mülkiyyətdə 42034 ha torpaq vardır. Əsası ümummilli lider Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş aqrar islahatların aparılması rayon iqtisadiyyatına müsbət dəyişikliklər yaratmış, əhalinin güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Rayonda aparılmış aqrar islahatlar nəticəsində 42034 hektardan artıq əkinə yararlı torpaqlar 15313 ailənin və ya 64751 nəfərin xüsusi mülkiyyətinə verilmişdir.
   Rayon ərazisində olan torpaqların suvarılması üçün Yuxarı Qarabağ, Köhnə Xanqızı, Yeni Xanqızı, Yuxarı Mil, Baş Mil, Boztəpəarx kanallarından istifadə olunur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 45788 ha-dır. 2000-ci ildə nisbətən əkin sahələri 11669 ha və ya 34,2 % artmışdır. Ölkədə olan kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin 3,5 %-i inzibati rayonun payına düşür. 2008-ci ildə rayonda 38 fərdi sahibkar olmuş, onlarda 194 işçi çalışmışdır. Əsas kənd təsərrüfatı bitkiləri: pambıq, taxıl, yem bitkiləri (yonca), günəbaxan, kartof, soğan, qarpız, yemiş, qarğıdalı, pomidor, kələm.

    2007-ci ildə 12971 ha sahədə dənli və paxlalı birkilər əkilmişdir, onlardan 11316 ha buğda əkinləri təşkil edir. Rayonda 1050 ha sahədə tərəvəz, 843 ha sahədə meyvə və giləmeyvə, 452 ha sahədə bostan, 353 ha sahədə kartof əkinləri olmuşdur. Üzüm bağları 109 ha-dır. Əsas bitkiçilik məhsulları istehsalı: taxıl 44 min ton, o cümlədən buğda 39,3 min.ton, tərəvəz 10,4 min.ton, bostan məhsulları 4,5 min.ton, meyvə və giləmeyvə 7,1 min.ton, üzüm 1,1 min.ton, kartof 3,3 min.t.
     1996-cı ildə rayonda 17,1 min ha sahədə pambıq əkilmiş və 23,1 min.t məhsul yığılmışdır. 2006-cı ildə əkinlər 6626 hektara, məhsul yığımı 9,3 min tona enmişdir. “Azərbaycan qədim əkinçilik diyarıdır. Ölkənin yerləşdiyi ərazinin əlverişli təbii-coğrafi şəraiti burada qədim dövrlərdən əkinçiliyin hərtərəfli inkişafı üçün zəmin yaratmışdır. Qəbələ, Örənqala, Kültəpə, Hocalı, Qaraköpəktəpə, Yaloylutəpə və bir çox başqa yerlərdə aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən əmək alətləri Azərbaycansa əkinçilik mədəniyyətinin neolitin sonları və tunc dövründə meydana gəldiyi sübut edir. Xocalıda və Kültəpədə tapılan bərk və yumşaq buğda və arpa növləri qədimdən burada dənli bitkilərin yetişdirildiyini göstərir. Arxeoloji qazıntılar zamanı tapılan əkinçilik alətləri tunc dövründə e.ə III minilliyin sonu - II minilliyin əvvəllərində toxa əkinçiliyindən xış əkinçiliyinə keçildiyini göstərir. Elə həmin dövrdə tunc oraq və ağac vəllərdən istifadə edilmişdir”.

   Beyləqan ərazisində Govurarxın qalıqları düzən ərazilərdə sasanilər dövründə süni suvarılmanın geniş tətbiq edildiyini göstərir. Örənqala yaşayış yerində əldə edilən dən daşları, dəmir oraq, təsərrüfat küpləri Beyləqanda eneolit dövründən taxılçılığın inkişaf etdiyini sübuta yetirir.
   Artıq orta əsrlərdə Beyləqanın əlverişli təbii-coğrafi şəraiti əkinçiliyin çoxsahəli təsərrüfat məşğuliyyətinə çevrilməsinə zəmin yaratdı. Bu dövrdə taxılçılıqla yanaşı, Bağçılıq, bostançılıq, tərəvəzçilik, üzümçülük daha da inkişaf etdi və texniki bitkilərin əkilməsinə başlanıldı. Azərbaycanda, o cümlədən Beyləqanda əkinçilik mədəniyyətinin inkişafının əsasını dənli bitkilər təşkil edirdi.
XIX əsrdə Beyləqanda dənli bitkilər, əsasən, buğda, arpa, qismən də qarğıdalı əkilirdi. XX əsrin əvvəllərindən texniki bitkilərə, xüsusilə də pambığa tələbat artdı və dənli bitki şəhərləri xeyli azaldı.
    XIX əsrin sonu – XX əsrin əvvəllərində əkinçilikdə xış, cüt, mala, qara kotan, və onların müxtəlif növləri, həmçinin çin, oraq, dəryaz, vəl, yaba, şana, kürək, şadara, xəlbir və sayrı yenə də əsas əmək alətləri kimi qalırdı.

      Əkinçilikdə bərk və yumşaq taxıl növləri ta qədimdən payızlıq və yazlıq olaraq əkilirdi.
     Beyləqanda suvarma əkinçiliyi üstünlük təşkil edirdi. Suvarmada əvvəllər Govurarx, sonralar isə Qarabağ kanalından istifadə olunurdu.
Payızlıq taxıl əkmək üçün əvvəlcə həmin sahə əkilir və suvarılırdı. Xalq arasında buna “arata qoyma” deyilirdi. Əkinqabağı, yəni payız aylarında həmin sahə yenidən şumlanırdı. Bu əkin isə “pərşum” adlanırdı. Məhz bundan sonra sahəyə toxum səpilirdi. Toxum, bir qayda olaraq, əllə səpilirdi. Bunu, əsasən təcrübəli əkinçilər icra edirdilər ki, toxum sahəyə bərabər miqdarda paylansın. Bir qarış sahəyə 5-7 dənin düşməsi normal hesab edilirdi. Bu üsulla əkinçi gündə iki hektar sahəyə toxum səpə bilirdi. Səpindən dərhal sonra sahə malalanır və suvarılırdı. Belə suvarma “torpaq suyu” adlanırdı. Qışda isə zəmiyə dondurma suyu verilirdi. Bu ziyanvericiləri məhv etmək üçün edilirdi. Mart-aprel aylarında sahəyə göy və xəkov suyu, may-iyun aylarında isə dən suyu verilirdi.
     Əsas biçin alətləri dişli (çin) və dişsiz oraqlar və mərəndi idi. Mərəndinin ağzı oraqdan xeyli böyük olurdu. Bəzən taxılı biçmək üçün kərəntidən (dəryaz) də istifadə olunurdu. Biçin zamanı itkiyə yol verməmək üçün muzdlu əməkdən və qarşılıqlı yardın formalarından da istifadə edilirdi. Adətən biçinçilərə zəhməthaqqı kimi on dərzdən biri verilirdi. Biçinçilər biçin zamanlı dəridən hazırlanmış qolçaqdan, barmaqcıqdan və döşlükdən istifadə edirdilər.

    Biçilən taxılın həcminə görə müxtəlif adları var idi. Biçinçinin bir əl tutumu sünbülə - dəstə, çəngə və ya bafa deyilir, on bafa bir dərz, on və ya iyirmi dərz isə pencə adlanırdı. Biçindən sonra pencələr yük heyvanları və arabalarla xırmana daşınırdı.
    Xırmanlar, adətən, hündür, küləktutan yerlərdə düzəldilirdi. Diametri 50-70 m və daha böyük olan xırman sahəsində dərzlər açılaraq yerə sərilir və öküz, at qoşulan vəllər vasitəsilə döyülürdü. Vəllər, əsasən, ağacdan düzəldilir və altına möhkəm daşlar (“diş”) bərkidilirdi. Bəzən daş vəllərdən və “carcar”lardan da istifadə edilirdi.
    Döyüm zamanı yabalardan, ağac şanalardan, kürəklərdən, xəlbir və şadaradan da istifadə edirdilər. Taxıl ağac kürələrdə sovurulduqdan sonra şadaradan və xəlbirdən keçirilib anbarlara yığılırdı.
   XX əsrin 20-ci illərinədək taxılçılıqda gübrələrdən istifadə olunsa da, məhsuldarlığı artırmaq üçün müxtəlif üsullar tətbiq olunurdu. Əkinçilər təcrübi yolla müxtəlif bitkilərin növbələmədə bir-birinə uyğunluğu müəyyənləşdirərək “toxumdəyişmə” üsulundan istifadə edir, taxılı yonca, pambıq və başqa bitkilərin yerində əkirdilər. Məhsuldarlığı artırmaq üçün çala, tala, herik, dincəqoyma və s. əkinçilik üsul və sistemlərindən də istifadə elunurdu.
  XIX əsrdə bostançılıq və tərəvəzçiliyin inkişafı ilə bağlı ixtisaslaşmış rayonlar meydana gəldi. Bakı və Yelizavetpol (Gəncə) quberniyalarında Ərəş, Göyçay, Qazax, Quba, Lənkəran, Cavad (Beyləqan da bu qəzaya daxil idi) Naxçıvan qəzaları öz dadlı yemiş və qarpızı, xiyarı, balqabağı və s. ilə məşhur idi.

    Beyləqanda əkinçiliyin digər sahəsi olan bostançılıq və dirrikçilik də inkişaf etdi.
Bostan bitkiləri meşədə təmizlənmiş talalarda və qumsal yerlərdə, çay kənarlarında, çalalarda əkilirdi. Bostan sahəsi əvvəlcədən şumlanır, suvarılaraq arata qoyulurdu. Bir-iki gün suda saxlanılmış toxum səpildikdən sonra sahə “taxtalara” bölünürdü.
     Azərbaycanda tarixən 50-dən artıq yemiş növü, çoxlu qarpız və balqabaq növləri becərilirdi.
Beyləqanda tərəvəz bitkilərindən – pomidor, xiyar, badımcan, kələm, bibər, soğan, sarımsaq, yerkökü, çuğundur, turp və müxtəlif göyərtilər əkilirdi. İri yaşayış məntəqələrindən uzaq kəndlərdə tərəvəz bitkiləri əhali tərəfindən öz ehtiyaclarını ödəmək üçün əkildiyi halda, şəhərə yaxın kəndlərdə bu, əmtəə xarakteri daşıdı və həmin yaşayış məntəqələri bu sahə üzrə ixtisaslaşdı.
   XIX əsrin ortalarından Şimali Azərbaycanda kartofun becərilməsinə başlandı. Kartof əsasən Elizavetpol (Gəncə) quberniyasında, Lənkəran, Şamaxı və Quba qəzalarında yaşayan almanlar və ruslar tərəfindən əkilirdi. Yerli əhali əvvəllər kartofu “yeralması” adlandırırdı. Azərbaycanlılar onu sonralar – XX əsrin əvvəllərindən dağlıq və dağ-ətəyi bölgələrdə əkməyə başladılar. Beyləqan ərazisində kartof çox az miqdarda əkilirdi.

      Beyləqanda bağçılığın da qədim tarixi var. Arxeoloji materiallar, qədim və orta əsr müəllifləri burada çoxlu alma, armud, üzüm, nar, heyva, gavalı, alça, gilənar və s. əkildiyini göstərir. Orta əsr müəllifi Məsud ibn Namdar öz əsərində Beyləqanda olan bağlardan və yetişən meyvələrdən söhbət açır. XIX əsrin ortalarınadək yalnız daxili tələbatı ödəyən meyvə məhsulları bu dövrdən sonra xarici bazara çıxarılmağa başlandı.
     XIX əsrdə Şimali Azərbaycan qəzaların əksəriyyəti – Quba, Şamaxı, Göyçay, Şəki, Naxçıvan, Gəncə və s əsasən meyvəçilik mərkəzlərinə çevrildi. Bu dövrdə bağbanlar əsasən xalq seleksiyası yolu ilə yetişdirilən yerli meyvə növlərinə üstünlük verir və onların məhsuldarlığını, keyfiyyətini artırmağa xüsusi diqqət yetirirdilər.
    Hər bölgə müəyyən dadlı və keyfiyyətli meyvə növləri ilə məşhur idi. Abşeronun sarı ənciri. Naxçıvanın şəkəri, əndiryani armudları, Ordubadın şaftalı növləri (salamı, zəfəranı, nazlı və s), Qubanın alması, Göyçayın narı, Şəki – Zaqatala zonasının müxtəlif növ armud növləri, Beyləqanın üzümü məşhur idi. Meyvələri həm təbii istifadə edirdilər, həm də qurudub qışa saxlayırdılar.
Beyləqan müxtəlif üzüm növləri ilə də məşhurdur. Meşələrdə (əvvəllər Beyləqan ərazisi sıx meşəlik olub) cır halda bitən üzüm onun bu ərazilərdə ən qədim dövlətlərdən olduğunu göstərir. Qədim və orta əsrlər dövründə üzümçülük Beyləqanda daha da inkişaf etdi. Üzümdən kişmiş, mövuc, doşab, riçal, sirkə, abqora və s. hazırlanırdı.

     XIX əsrdə üzümçülük müstəqil təsərrüfat sahəsinə çevrildi və Abşeron, Şirvan, Qarabağ, şəki, Quba, Qazax, Naxçıvan və Gəncədə daha çox inkişaf etdi. Üzümçülüyün inkişafına şərabçılığın böyük vüsət alması və onun məhsullarının dünya bazarına çıxarılması mühüm təsir göstərdi. Alman kolonistləri bu işdə xüsusilə fərqləndi.
    “Azərbaycanda üzümlüklər müxtəlif üsulla becərilirdi. Bunlarda ən qədimi və geniş yayılanı “xiyabanı” adlanan ağacla qaldırma üsuludur. “Molla çəpəri” adlanan üsulda isə üzüm tənəkləri paya, qamış və digər dayaqlara qaldırılırdı. “Kələsər” üsulunda tənəklərin dibinə çubuqlar sancılırdı. Abşeronda üzün tənəkləri qumun üstündə becərilirdi. Naxçıvanda isə üzüm tənəkləri qışda şaxta vurmasın deyə torpağa basdırılırdı.
     Azərbaycan Respublikasında 250 yerli üzüm növü mövcuddur. Onları 3 qrupa ayırmaq olar: süfrə növləri (ağ şanı, qara şanı, Şamaxı mərəndisi, ağagörməz, naxşabi, xatını, ağ Xəlili, sarıgilə və s.), Şərab növləri (Bayanşirə, Mədrəsə, Şirvanşahı, bəndi, sivi Abbas və s.) və kişmiş növləri (əsgəri, kişmişi, ağ Aldərə və s).
    Beyləqan ərazisində üzümçülük sovet dövründə inkişaf etməyə başladı. Quraqlıq əraziyə malik Beyləqanda geniş üzüm bağları salındı, üzüm emalı zavodu tikildi və fəaliyyətə başladı. Burada istehsal olunan üzüm SSRİ məkanına ixrac olundu.
    XIX-XX əsrlərdə Azərbaycanda texniki bitkilərin becərilməsi genişləndi. Texniki bitkilərdən ən geniş yayılanı pambıq idi.
Arxeoloji qazıntılar zamanı əldə edilən materiallar Beyləqan ərazisində qədim dövrlərdən pambıq becərildiyini sübuta yetirir. XX əsrin əvvəllərindən, daha doğrusu, sovetlər dönəmindən bu ərazidə pambıq əkini genişləndi. Beyləqan pam bıqçılıq rayonuna çevrildi. Pambıqçılığın, ümumiyyətlə, əkinçiliyinin inkişafında suvarma sistemləri önəmli yer tutur. Beyləqanda qədim zamanlardan əkinçilik təsərrüfatında süni suvarma sistemlərindən geniş istifadə olunurdu (Govurarx). Əsas suvarma mənbələri çaylar və çaylardan çəkilən arxlar, təbii və süni göllər və kəhrizlər idi. XX əsrin əvvəllərində Beyləqanda Qarabağ kanalı və Orconikidze kanalı suvarmada əsas rol oynadı.

Yuxarı