Maldarlıq. Quşçuluq.

   İRİ VƏ XIRDABUYNUZLU MAL-QARA. Beyləqan rayonunda heyvandarlıq məhsulları istehsalı hüsusi çəkiyə malikdir və bu məhsulların istehsalı ilbəil artan templə inkişaf etməkdədir. Belə ki, 2007-ci ildə rayonda 51,2 min baş iribuynuzlu mal-qara, o cümlədən 24,5 min baş inək və camış, 271 min baş qoyun və keçi saxlanmış, heyvandarlıq məhsulları istehsalında ət (kəsilmiş çəkidə) 2719 ton, süd istehsalı 23450 ton, yumurta 7707 min ədəd olmuşdur. Iribuynuzlu mal-qara 52855 min baş (24621 baş inək və camış), xırdabuynuzlu mal-qara 282601 min baş olmuşdur (2009). Azərbaycanda maldarlıq əkinçiliklə yanaşı ən mühüm və qədim təsərrüfat sahələrindəndir. İbtidai heyvandarlığın əsası mezolit dövründə isə oturaq həyat tərzi sürmüş əhali davar və qaramal saxlayıb əhliləşdirməklə maldarlığı inkişaf etdirdi. Eneolit dövründə Ön Asiya, o cümlədən Azərbaycanda müasir ev heyvanlarının əksəriyyəti əhliləşdirildi. Maldarlığı ət, süd, yun, dəri, buynuz və sümük məmulatları insanların məişətdə qida, geyim və əmək aləti kimi istifadə olundu. Qaramal, at və dəvə minik, yük, və qoşqu vasitəsi kimi mühüm əhəmiyyət kəsb etdi. Maldarlıq cəmiyyətin sosial-iqtisadi inkişafında aparıcı sahə oldu. Heyvanlardan əkinçilikdə geniş istifadə edildi. Mal-qaranın sürətli artımı ilə əlaqədar eneolitin son dövründən etibarən oturaq maldarlıq formasından fərqli olaraq, yaylaq maldarlığı təşəkkül tapdı.
     Azərbaycanın bütün dağlıq bölgələrində maldar tayfaların məskunlaşması başa çatdı (IV minilliyin sonu – erkən tunc dövrü). Maldarlıq təsərrüfatında qoyunçuluq əsas yer tutdu (tunc və dəmir dövrü). Qoyunçuluğun inkişafı köçəri maldarlıq formasının yaranmasına səbəb oldu. Erkən feodalizm dövründən yarımköçəri maldarlıq forması yayıldı. Əkinçiliklə və köçmə maldarlıqla məşğul olan əhalinin fəaliyyəti yarımköçəri, “yarımköçmə” və “yarımoturaq” kimi də istifadə olunur.

    Orta əsrlərdə Azərbaycanda daimi nizami ordu olmadığından hər bir feodal özünün silahlı hərbi hissələri ilə döyüşə getməli olurdu. Ona görə də dövlət və feodallar ölkənin müdafiəsində xidməti olan şəxslərə yaxşı qışlaq və yay otlaqları verir, onları vergilərdən azad edirdi. Həmin ərazilərdə isə bu şəxslər qaramal, at, dəvə saxlayır, qoyunçuluqla məşğul olurdu. Azərbaycanda belə maldarlıq forması elat (xalq) maldarlığı adlanırdı. Beyləqan camaatı da elat-tərəkəmə maldarlığı ilə məşğul idi.
    Orta əsrlərdə Beyləqan şəhərinin, kənd təsərrüfatının, ticarətin inkişafı heyvandarlıq məhsullarına tələbatı artırdı və bu sahəni inkişaf etdirdi. Şəhər həyatının yüksəlişi ilə əlaqədar təsərrüfat sahələr üzrə ixtisaslaşdı. Sənətkarlıq inkişaf etdikcə heyvandarlıq məhsullarına olan tələbat artdı.
  Kür – Araz ovalığında yerləşən Mil, Qarabağ, Şirvan və Muğan düzlərində xırdabuynuzlu maldarlıq təsərrüfatının əsası qoyunçuluq təşkil etdi. Keçidən isə qoyun sürülərində yedəkçi – erkəc kimi istifadə edildi. Kür – Araz ovalığın çayları, axmazlar, qamışlıq, bataqlaşmış göl sahillərində suvarma əkinçiliyinə əsaslanan ərazilərdə iribuynuzlu maldarlıq təsərrüfatın əsasını camış təşkil etdi. Əsas nəqliyyat vasitəsi kimi at, dəvə və uzunqulaqdan istifadə olundu.

    Beyləqanda maldarlıq oturaq və köçmə formalarda təşəkkül tapdı və tədricən ticarət maldarlığına çevrildi (XIX əsrin ortaları), XX əsrin əvvəllərində maldarlığa əmtəə münasibətlərinin xüsusi çəkisi taxılçılığa nisbətən daha yüksək oldu. Beyləqandan digər ölkə bazarlarına yun ixracı artdı (XIX əsrin sonu – XX əsrin əvvəlləri).
   Sosial- iqtisadi inkişaf, süni suvarma sistemləri (Orconikidze kanalı) yaradılması, yarımsəhra və səhra ərazilərin suvarma əkinçiliyinə cəlb edilməsi ilə köçəri maldar əhali oturaq həyata, əkinçiliklə köçmə maldarlıq təsərrüfat formalarına keçdi. Suvarma əkinçiliyin, elm və texnikanın inkişafı ilə əlaqədar sənaye maldarlığı inkişaf etməyə başladı (XX əsrin ikinci yarısı). Hazırda Azərbaycanda maldarlıq təsərrüfatı bazar iqtisadiyyatına uyğun qurulur və inkişaf edir.

    Quşçuluq. Beyləqan rayonunda ötən əsrin 90-cı illərində tikilmiş, istehsal gücü 250 min baş olan broyler fabriki müvcuddur. Hal-hazırda həmin fabrik fəaliyyət göstərmir. Odur ki, rayonda indiki dövrdə quşçuluq ancaq əhalinin şəxsi təsərrüfatı hesabına inkişaf etdirilir. Rayonda əhalinin şəxsi təsərrüfatlarında 413 min baş ev quşları (toyuq, ördək, qaz, hindtoyuğu) vardır ki, bu da 2004-cü ilin sonuna olan məlumatlarla nisbətən 24721 baş çoxdur (01.01.2009).

Yuxarı