Senaye

     Sənaye. Rayonda 2007-ci ildə 9 sənaye müəssisəsi fəaliyyət göstərmişdir. Bu sahədə olan işçilərin orta sayı 477 nəfərdir. Sənaye obyeklərində əsasən rayon ərazisində becərilən kənd təsərrüfatı məhsulları emal olunur. 2007-ci ildə istehsal olunan sənaye məhsullarının həcmi 2719 min manat təşkil etmişdir. Onun miqdarı 2006-cı ildə istehsal edilən mıhsulların 71,9 %-i qədərdir.
     Rayon ərazisində 9 süd email sexi fəaliyyət qöstərir. Onların gündəlik istehsal gücü 24 tondur. Süd email müəssisələri Milabad qəsəbəsində, Kəbirli, İkinci Şahsevən və Dünyamalılar kəndində yerləşir. Birinci Şahsevən kəndində şəkər sexi vardır. “Örən-Qala” şərab zavodunda nar şirəsi istehsal olunur. Meyvə-tərəvəz məhsulların emalı üçün “Beyləqan-Konserv” ASC və Dunyamalılar kəndində illik istehsal gücü 626 min şərti banka olan konserv zavodu fəaliyyət göstərir. Birinci Şahsevən kəndində yeni “Aqrolizinq” təşkilatı vardır. Pambığın ilkin emalı üzrə “CTS-Aqro” MMC-nin illik gücü 30 min ton pambıq emalı zavodu və “Beyləqan-Pambıq” ASC fəaliyyət göstərir. 2007-ci ildə 1604 ton mahlic istehsal olunmuşdur. Kərpic istehsalı üzrə “Aran-Qala” LTD müəssisəsi yaradılmışdır. Əlinəzərli kəndində qarışıq yem sexi vardır.

     Tikinti. Rayonda fəliyyət göstərən 14 tikinti təşkilatında 697 işçi çalışır. Əsas kapitala yönəldilən investisiyalar 5986,7 min manat təşkil edir. Bu il 4952,9 min manatlıq əsas fondlar istifadəyə verilmişdir.

     Nəqliyyat. Respublika əhəmiyyətli Ələt-Culfa dəmir və avtomobil yolları rayon ərazisindən keçir. Hazırda onun Horadiz şəhərinə qədər olan hissəsindən istifade edilir. Rayon ərazisində Daşburun və Xalac dəmiryol stansiyaları yerləşir. Rayonda olan avtomobil yolların uzunluğu 330 km-dir. Onun 140 km-i respublika əhəmiyyətlidir. Yevlax-Ağcabədi-Bəhramtəpə avtomobil yolu rayon ərazisindən keçir. Rayon ərazisində uzunluğu 46 km olan Mingəçevir-Bəhramtəpə-Biləsuvar, uzunluğu 25 km olan Bəhramtəpə-Həkəri-Mincivan, uzunluğu 32 km olan Yuxarı Qarabağ kanalı-Beyləqan-Daşburun respublika əhəmiyyətli yolları vardır. Bu yolların ümumi uzunluğu 103 km təşkil edir və bütün yollar III kateqoriyalıdır . Bundan əlavə rayon ərazisində 32 km III dərəcəli və 127 km IV dərəcəli yerli əhəmiyyətli avtomobil yolları mövcuddur. Rayon ərazisindən ümumi uzunluğu 47 km olan II kateqoriyalı dəmiryol xətti keçir. “Reqionların sosial-iqtisadi inkişaf proqramı (2004-2008-ci illər) çərçivəsində rayonda 82,5 km avtomobil yolu bərpa edilmişdir. Əhalinin təbii qazla təminatı üçün qaz kəmərləri şəbəkəsi çəkilmişdir. 2007-ci ildə rayonda avtomobil nəqliyyatı ilə 328 min ton yük, 5212 min nəfər sərnişin daşınmışdır. 3779 avtomobil nəqliyyatı vasitəsi, o cümlədən 923 yük avtomobili, 81 avtobus, 2615 şəxsi minik avtomobili vardır. Beyləqan əhalisi əsasən avtomobil və dəmiryol nəqliyyat sistemindən istifadə edir. Bakı-Daşburun-Horadiz dəmiryol xətti vasitəsi ilə ən zəruri yüklərin daşınması və sərnişindaşıma işləri həyata keçirilir. Əsas nəqliyyat vasitəsi avtobus və minik avtomobilləridir. Hər gün Beyləqandan Bakı və Gəncə şəhərlərinə avtobuslar hərəkət edir. Rayonun yaşayış məntəqələrinə gündəlik avtobus marşrutları işləyir.

     RABİTƏ. Rayon ərazisində 1 şəhər, 25 kənd poçt şöbəsi, 5 poçt agentliyi, 10 danişiq məntəqəsi, 4 səyyar mobil telefonçu fəaliyyət göstərir. Əhaliyə 40-dan yuxarı ənənəvi və qeyri-ənənəvi poçt xidməti göstərilir. Hər 100 ailəyə 57 telefon düşür. Rayon mərkəzində 2300 №-lik Elektron ATS tikilmiş (2003), bütün kənd birləşdirici xətlərin avadanlıqları HDSL-lərlə əvəz olunmuş (2006), rayon mərkəzinə optik kabel çəkilmiş (2008) və rayon rabitəsi tam elektronlaşmışdır. Dünyanın istənilən ölkəsi ilə telefon, faks və internet əlaqəsinə girmək mümkündür.

    Ticarət. Pərakəndə əmtəə dövriyyəsi 2007-ci ildə 46886,8 min manat, ahaliyə göstərilən pullu xidmətlər 9846,6 min manat, hər nəfərə görə 97,72 manat olmuşdur. Onların 1586,4 min manatı məişət xidmətlərinin payına düşür (hər nəfərə 15,74 manat).

     İstirahət və turizm zonaları. Beyləqan rayon Aran iqtisadi rayonları qrupuna daxildir. Onun ərazisində turizm zonası yoxdur. Rayon ərazisində son illərdə istifadəyə verilmiş Heydər Əliyev adına parkda, “Cənnət bağı”nda və “Xan bağı”nda isitirahət gusələri fəaliyyət göstərir.

Yuxarı