Tarixi-arxeoloji abidələr

    Beyləqan rayonu ərazisində çoxlu sayda həm arxeoloji, həm də memarlıq abidələri mövcuddur. Onların tədqiqi bu ərazidə yaşayışın 6000 ildən çox yaşı olduğunu sübuta yetirir.

    Tarixi - arxeoloji abidələr. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeydə alınan respublika əhəmiyyətli tarixi-arxeoloji abidələr bunlardır: Beyləqan yaşayış yeri (orta əsr abidəsi; bax: Örənqala), I-IV Çardaxlı yaşayış yeri (ilk tünc dövrü; XI-XIII əsrlərə aid tarixi-arxeoloji abidə; bax: Birinci-dördüncü Çardaxlı yaşayış yeri: Çardaxlı abidələri), Catal təpə, Kültəpə yaşayış yeri (XI-XIII əsrlər abidəsi; bax: Kültəpə), Sarıtəpə qəbiristanlığı (e.ə. VII-VI əsrlərə aid tarixi-arxeoloji abidə; bax. Sarıtəpə), Qaratəpə yaşayış yeri (e.ə. I minilliyə aid tarixi-arxeoloji abidə; bax Qaratəpə), Saraytəpə yaşayış yeri (ilk tunc dövrü; bax Saraytəpə yaşayış yeri), Təzəkənd yaşayış yeri (ilk tünc dövrü; bax Təzəkənd abidələri). Küp qəbirlər nekropolu (antic dövr; bax Küp qəbirlər nekropolu). Birinci Sultanbud yaşayış yeri (tünc dövrü; bax Birinci Sultanbud yaşayış yeri), İkinci Sultanbud yaşayış yeri (tünc dövrü; bax İkinci Sultanbud yaşayış yeri), Sultanbud qəbirstanlığı, Beyləqan qalası.

    BEYLƏQAN ABİDƏLƏRİ – Beyləqan rayon ərazisində yerləşən respublika əhəmiyyətli tarixi-arxeoloji abidələr. Müxtəlif dövrləri əhatə edir. Tədqiq olunan və qeydə alınanlar bunlardır: Beyləqan yaşayış yeri (Orta əsr abidələri); I-IV Çardaxlı yaşayış yeri (ilk tunc dövrü; XI-XIII əsrlərə aid tarixi-arxeoloji abidə); Kültəpə yaşayış yeri (XI-XIII əsrlər abidəsi); Sarıtəpə qəbirstanlığı (e.ə. VII-VI aid tarixi-arxeoloji abidə); Qaratəpə yaşayış yeri (e.ə. I minilliyə aid tarixi-arxeoloji abidə); Saraytəpə yaşayış yeri (ilk tunc dövrü); Təzəkənd yaşayış yeri (ilk tunc dövrü); Küp qəbirlər nekropolu (antik dövr); Birinci Sultanbud yaşayış yeri (Tunc dövrü): İkinci Sultanbud yaşayış yeri (tunc dövrü).

   BEYLƏQAN QALASI – Beyləqan rayonu ərazisində mövcud olmuş qala. Qafqaz Albaniyasının Paytakaran şəhərinin yerində inşa edilmişdir. Qalanın Sasani Şahı I Qubad tərəfindən salındığı barədə məlumat var. Bir çox tarixçilərin, xüsusilə erməni tarixçilərin əsərində adıçəkilən qalanın Qafqaz Albaniyasının Paytakaran şəhərinin yerində salındığı qeyd edilir. Beyləqan qalası dövrümüzə qədər qorunub saxlanmayıb. Lakin tarixi mənbələrdə onun haqqında kifayət qədər məlumat var. Ərəb səyyahı ibn Xordadbeh “Yollar və ölkələr haqqında kitab” əsərində Bərdə və Beyləqan qalalarının təsvirini verib, onların çiy kərpicdən tikildiyini qeyd edib. Qala divarlarının qalınlığı 6 metr olub. 1953-1954 illərdə Örənqala ərazisində aparılmış qazıntı işləri zamanı qalanın xarabalıqları aşkar edilib. 

    KÜP QƏBİRLƏRİN NEKROPOLU – ölkə əhəmiyyətli tarixi-arxeoloji abidə (antik dövr). Təzəkənd ərazisindədir. Dörd ədəd qəbirdən ibarətdir. Qəbirlərdən insan sümüyü, məişət əşyaları tapılmışdır. Tam öyrənilmişdir. İnventar nömrəsi 855.

    KÜP QƏBİRLƏRİN MƏDƏNİYYƏTİ – Kür və Araz çayları hövzəsində, həmçinin Gürcüstan və indiki Ermənistan ərazisində yayılmış arxeoloji mədəniyyət (e.ə. II əsr – eramızın əramızın əvvəlləri). Küp qəbirləri mədəniyyəti üçün əsasən qirmızı və ya boz rəngli iri küplərdə (hündürlüyü 1,5 m) dəfn adəti xarakterikdir. Azərbaycanda küp qəbirləri mədəniyyətinə aid qəbiristanlar Mingəçevir, Mil-Qarabağ, Şirvan, Naxçıvan və s. ərazilərdə aşkar edilmişdir. Ölülər bükülü vəziyyətdə sağ və ya sol böyrü üstdə, əsasən, üfüqi şəkildə dəfn olunmuşdur. Qəbirlərdən müxtəlif saxsı qablar, əmək alətləri və s. aşkar edilmişdir. Tapıntılar Qafqaz Abaniyasının Yaloylutəpə mədəniyyəti üçün də səciyyəvi olub, forma və tərkib cəhətdən eyniyyət təşkil edir. Küp qəbirləri mədəniyyəti Azərbaycanın düzən və ya dağətəyi rayonları üçün xarakterikdir. Küp qəbirləri mədəniyyətinə mənsub əhali əkinçilik, maldarlıq, ovçuluq, balıqçılıq, sənətkarlıq və ticarətlə maşğul olmuşdur. Son dövrlərə aid qəbirlərdən Arşakı, Roma, Sasani pulları, şüşə qablar, qızıl və gümüşdən bəzəklər və s. tapılmışdır.

    ÖRƏNQALA – Kəbirli kəndi yaxınlığında arxeoloji abidə. 1930 və 1950-ci illərdə aparılmış arxeoloji qazıntılar zamanı Örənqalanın Beyləqan şəhərinin qalıqları olduğu müəyyən edilmişdir. V əsrdən başlayan Örənqala şəhəri bu günə qədər tam araşdırılmayıb. Qalıqları Beyləqan rayonu ərazisindədir. 1500 il yaşı olan Örənqala Qarabağın ən qədim şəhərlərindən biridir. Aran bölgəsinin mədəniyyət mərkəzi kimi tanınan bu şəhərin tarixi V-XIII əsrlərə təsadüf edilir. Ərazisi 40 hektardan çox olmuş, Arazdan çəkilən su kanalları şəhəri dörd tərəfdən əhatə etmişdi. Su kanalları həm iqtisadi, həm də hərbi əhəmiyyətə malik olan yaşayış məntəqəsi Şah I Qubadın dövründə hərbi sənaye şəhəri kimi məşhurlaşmışdı. Burada ilk qazıntı işləri Moskvadan gələn alimlər aparmış (1930), araşdırmanı Azərbaycan Elmlər Akademiyası arxeoloqları davam etmişdilər (1960). Hər iki ekspedisiya pasport xarakteri daşımışdır. Şəhərin sirri isə hələ də torpaq altındadır. Mənbələrə görə, yaşayış məskəni dörd hissədən - varlılar, sənətkarlar, tacirlər və kasıblar məhəllələrindən ibarət olub. Şəhərdə həm ticarət və sənətkarlıq, həm də elmi mərkəzlər olmuşdur.
   Örənqala şəhər yerini tədqiq etmək üçün təşkil edilmiş ekspedisiyalar: 1. SSRİ Elmlər Akademiyası Azərbaycan filialının elmi əməkdaşları İ.İ.Meşşaninov rəhbərliyi altında (1933); 2. Ə.Ələkbərovun rəhbərliyi altında (1936); 3. İ.M.Cəfərzadənin rəhbərliyi ilə (1951); 4. 1953-1957 il qazıntıları – SSRİ EA arxeologiya İnstitutunun Leninqrad bölməsi ilə Azərbaycan SSR EA Tarix İnstitutunun birgə ekspedisiyası (1953), rəhbəri – İ.İ.İesen; 5. A.L.Yakobson və N.V.Minkeviç-Mustafayrva (1957); 6. V.P.Fomenko (1958); 7.F.İ.İbrahimov.
     Q.M.Əhmədovun qənaətincə, Örənqalanın hansı şəhərin xarabalıqları olması məsələsi ancaq 1955-ci ildə həll edilmişdir. Belə ki, həmin ildə Örənqala şəhər yerinin sənətkarlar məhəlləsində qazıntı zamanı əldə edilən materiallar içərisində bir ədəd bütöv və dörd ədəd istehsalat tullantısı olan şar-konusvari qab parçası tapılmışdır. Bu qab parçalarının üzərinə vurulmuş kiçik möhürlərin içərisində ərəbcə “Fəzlun Beyləqanda hazırlanmışdır” sözləri yazılmışdır. Bu qab parçalarının istehsalat tullantısı olması (yəni yerli istehsalın olması), Örənqalanı Beyləqan şəhərinin xarabaları hesab edən tarixçilərin fikrini qəti şəkildə təsdiq etmişdir.
   Mənbələrə görə, Örənqalanın özünəməxsus hərb mədəniyyəti və hərbi sənayesi dövrün ən inkişaf etmiş şəhərləri ilə müqayisə olunurdu. Amma bütün bu faktlar sovet hakimiyyəti illərində gizlədilmişdir.
   Mənbəyə görə, monqollar Beyləqan şəhərini uçurub dağıtdıqdan sonra şəhərin qala divarları üzün illər sahibsiz qalır. Yerli əhali monqollara qarşı mərdliklə döyüşdükləri üçün bu məkan “Ərənlər qalası” (igidlər, qəhrəmanlar qalası) adı ilə məşhurlaşır. İllər ötdükdən sonra bu torpaqdan insan ayağı kəsilir, ərazi köçəri maldarların qışlağına, vəhşi heyvanların oylağına çevrilir. Ona görə də “Örənqala” ilə əvəz olunur (“örənlik”, ot bitməyən, həyatın sönmüş olduğu xaraba yer anlamındadır).

    SULTANBUD TƏPƏLƏRİ – Bahar qəsəbəsinin ərazisində ölkə əhəmiyyətli arxeoloji abidə. Qədim yaşayış yeri. İki təpədən ibarətdir. Yerüstü materiallar əsasən erkən və inkisar etmiş orta əsrlər dövrünə aid müxtəlif tipli saxsı qab qırıqlarından ibarətdir. Tunc və ilk dəmir dövrünə aid qab qırıqlarına da təsadüf olunmuşdur. Sultanbud təpələri vahid kompleksdən ibarət çoxtəpəli yaşayış yeridir. Təpələrlə bağlı el arasında bir sıra rəvayətlər dolaşmaqdadır.

   ŞƏRƏF TƏPƏSİ – Beyləqan rayonunda Eyvazlılar kəndi ərazisində qədim kurqan. Meliorasiya işləri zamanı təpə ətrafında qazıntı aparılmış və təpə qismən dağıdılmışdır. Təpənin alt qatlarından qədim silahlar, saxsı qabların qırıqları, insan sümükləri və küplər aşkarlanmışdır. Hündürlüyü iki metr olan saxsı küpün içərisində xeyli miqdarda daşlaşmış arpa dənələri aşkarlanmışdır. Həmin küp kənd sakini Əjdər Quliyevin evində qorunub saxlanılır.

    TƏZƏKƏND ABİDƏLƏRİ - Ölkə əhəmiyyətli tarixi-arxeoloji abidə (ilk tunc dövrü). Örənqala şəhər xarabalığından 8 km cənub-şərqdə qədim yaşayış yeri. Biri birindən 700 m aralı iki təpədən (hündürlüyü 3-4 m; birincisi - 5,5 ha, ikincisi – 1,3 ha) və qəbiristandan ibarətdir. Təpələr xəndəklə əhatə olunmuşdur. 1936, 1955 və 1957-ci illərdə arxeoloji axtarışlar zamanı daşdan iki sütun altlığı, küp qəbirləri, Roma imperatoru Avqustun gümüş pulları, gil şamdanlar, dən daşları, saxsı qab qırıqları, təndir qalıqları və s. tapılmışdır. Materiallar antik dövr və erkən orta əsrlərin əvvəllərinə (e.ə. – II eramızın V əsrləri) aiddir. Təzəkənd abidələrində XII-XIII əsrlərdə də yaşayış olmuşdur. Tədqiqatçıların bir qisminin fikrincə Təzəkənd Paytakaran şəhərinin xarabalığıdır. Abidə ilk görkəmini dəyişmiş, ətrafda xəstəxana və yaşayış binaları tikilmişdir.

    TORPAQ QƏBİRLƏR – Beyləqan rayonunda qəbir abidələri. İkinci Aşıqlı, Örənqala, Şəfəq kəndlərinə rast gəlinir. Tədqiqatlar zamanı müəyyən edilmişdir ki, İkinci Aşıqli kəndi yaxınlığında qəbiristanlığda qəbirlərin (e.ə. V-III əsrlər) dərinliyi 0,7 m-dən, 1,4 m-ə qədər, uzunluqları 2 m-dən 2,4 m-dək, enləri isə 0,8 m-dən 1,2  m-dir. Ölülərin üzü cənub-şərqə - Məkkəyə tərəf, sol böyrü üstə uzadılmışdır. Qəbirlərin üstü ağac və torpaqla örtülmüşdür.  Örənqala kənd qəbiristanlığında qeydə alınmış qəbirlərin kənarı 5x25  sm ölçülü bişmiş kərpiclərlə örtülmüşdür.  Bu qəbirlər VII-IX əsrlərə aid edilib. 

   KÜLTƏPƏ – ölkə əhəmiyyətli tarixi-arxeoloji abidə (e.ə. III minillik – eramızın XI-XIII əsrləri). Beyləqan rayonunda orta əsrlərə aid yaşayış yeri. Aşağı Çəmənli kəndi yaxınlığında, kənddən 1,5 km qərbdədir. Araz çayının qədim yatağının sol sahilindəki Çardaxlı abidələrinə (e.ə. III minillik – eramızın IX-XIII əsrləri) daxildir. Hündürlüyü 3-3,5 m sahəsi təqribən 1,5 ha-dır. Axtarışlar zamanı müxtəlif saxsı qab nümunələri (bəsit, şirli), əmək alətləri, bəzək əşyaları, tikinti materialları (orta əsrlər üçün xarakterik olan bina bəzəkləri və bişmiş kərpiclər) və s. tapılmışdır. Yerlı məlumata görə, təbii yüksəkliklər olan təpələrin ətəyi yaşayış və əkin üçün əlverişli olduğu üçün burada yaşayış məskəni olmuşdur. Burada yaşayış monqolların yürüşü zamanı kəsilmişdir. İnventar nömrəsi 850.

   SARAYTƏPƏ YAŞAYIŞ YERİ – ölkə əhəmiyyətli tarixi arxeoloji abidə (ilk tunc dövrü). Qədim yaşayış yeri Gödəklər kəndindən 2,5 km şərqdə yerləşir. Təpənin hündürlüyü 10 m, diametri 150 m-dir. 1950-ci ildə kəşfiyyat xarakterli qazıntı aparılıb. Tunc cam, böyük saxsı küp və s. məişət əşyaları tapılıb (inventar nömrəsi 853). Saraytəpə ilə bağlı el arasında bir sıra rəvayətlər dolaşmaqdadır.

  QARATƏPƏ – Respublika əhəmiyyətli arxeoloji abidə, kənd tipli yaşayış yeri. Beyləqan rayonunun Kəbirli kəndi yaxınlığında e.ə.I minillikdən orta əsrlərə qədər ki dövrə aid yaşayış yeri. Hündürlüyü 4 m, diametri 140 m, sahəsi 2 ha-ya yaxındır. Qazıntılar zamanı qalınlığı 4,6 m olan 3 mədəni təbəqə öyrənilmişdir. E.ə. VII-VI əsrlərə aid alt təbəqədə çiy kərpicdən hörülmüş çoxmənzilli yaşayış binasının qalığı, təndir, ocaq aşkar edilmiş, qara rəngli şirlənmiş gil qablar, nehrə, ipəyirən, dən, dən daşları və s. tapılmışdır. II təbəqədən (e.ə. V-I əsrlər) dördkünc binanın qalıqları üzə çıxarılmış, antropomorf və zoomorf qablar əldə edilmişdir. Üst hissəsi uçub tökülmüş, alt hissəsi isə 36x36x14 sm ölçülü kərpicdən hörülmüş binanın şimal-qərb divarının dibində ocaq yeri aşkar edilmişdir. Təbəqənin üst qatlarından tapılmış gil qabların bir qismi Yaloylutəpə mədəniyyəti üçün xarakterikdir. Hər iki təbəqənin materialları e.ə. I minillikdə Mil düzündə oturaq əkinçiliklə yarımköçəri maldarlığın eyni vaxtda mövcud olmasına baxmayaraq maldarlığın üstünlük təşkil etdiyini göstərir. Yaxınlıqdakı (4 km) Beyləqan şəhərinin tərəqqi etdiyi dövrdə Qaratəpədə kiçik yaşayış yeri olmuşdur. Bu IX-XIII əsrlərə aid olan III təbəqənin materiallarından (Örənqala tipli şirli və şirsiz qablar, onların qırıqları və s.) da aydın görünür.
     Yerli məlumata görə, Eyvazlılar və digər ətraf kəndlərdə əhalisi uzaq keçmişlərdən bəri heyvandarlıqla məşğul olmuş, Yaz-yay aylarında Laçın, Kəlbəcər yaylaqlarında qış aylarında isə Mil düzündə yerləşən “Ağ göl” yaxınlığına “Qaratəpə” deyilən əraziyə köç etmişlər. “Qaratəpə” sözü qədim türk dilində “Böyük təpə” anlamındadır. Təpədə qəbiristanlıq və dəyirman mövcuddur. “Qaratə”nin cənub hissəsinin bir kilometrliyində Araz çayının bir qolu keçirmiş. “Qobu” adlanan bu münbit ərazidə hazırda Eyvazlılar kəndinin qışlaqları yerləşir. Bu gün də ətrafda dəyirman və saxsı qablar istehsal edən emalatxana yerləri bilinməkdədir. Zaman-zaman müəyyən əşyalar tapılmışdır. “Qaratəpə” ətrafında tapılan bu tarixi əşyalar – saxsı çıraqlar cürdəklər, saxsı səhənglər , qədim sikkələr Eyvazlılar kənd orta məktəbinin tarix kabinetində saxlanılır.

    SARITƏPƏ – ölkə əhəmiyyətli tarixi arxeoloji abidə. Beyləqan rayonun ikinci Aşıqlı kəndi yaxınlığında e.ə. VII-V əsrlərə aid qəbiristan. Təsərrüfat işləri zamanı aşkar olunmuşdu (1953). Təqribən 3 m dərinlikdə açılmış qəbirlərdən insan sümükləri, dəmir bıçaq, xəncər, dəhrə, tunc düymələr, bülöv daşı, nazik divarlı qara və boz rəngli təkqulp kuboklar, camlar, nehrələr, küplər, həmçinin qalın divarlı qablar və s. maddı mədəniyyət nümunələri aşkar edilmişdir. Tapıntılar Kiçik kurqanın materiallarını xatırladır. Əhali, əsasən yarımköçəri həyat sürmüş, əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmuşdur. 

   UÇTƏPƏ – Rəvayətə görə Əmir Teymur bahar çağı Mil düzünə gəlir və Beyləqan şəhərinin xarabalıqlarını görəndən sonra burada yenidən şəhər salmaq niyyətinə düşür. ətraf ərazidə heç bir tikinti materialı tapa bilmədiyinə görə qəzəblənir və qoşuna geri dönmək əmri verib, Beyləqan xarabalıqlarından uzaqlaşır. Arzusunu yerinə yetirə bilmədiyi üçün Əmir Teymur çox dilxor olur. Ərazidən bir az aralanmış qoşunu dayandırır və onu üç hissəyə bölür, hərəyə 7 torba torpaq gətirmək, yan-yana üç təpə ucaltmaq əmri verir. Əmr yerinə yetirilir. Rəvayətə görə, Mil düzündəki Üçtəpə Əmir Teymurun yadigarıdır. Sonralar bu təpələrdən gözətçi məntəqəsi kimi istifadə olunmuşdur.

    Şəhərin müdafiə tikintiləri. XI-XIII əsrin əvvəllərində Beyləqan Şəhərinin müdafiəsi xüsusi əhəmiyyətə malik idi. Bu dövrdə şəhərin qala divarı əlavə möhkəmləndirilməklə bərabər, onun müdafiəsini asanlaşdırmaq üçün qala xəndəyindən kənarlarda süni sədlər salınmış və bəzi kiçik qalalar tikilmişdir. Bu sədlər əsasən şəhərin şimal-qərb qala darvazası qarşısında və şəhərdən qərbə (Mil-Minarəyə doğru) uzanan ərazidə düzəlmişdir.
    Şəhərin əsas ərazisi ilə Mil-Minarə arasındakı sahədə bir neçə kiçik qala xarabalıqları qalmışdır. Bu qalalardan daha böyüyü Orconikidze adına kanalın lap yaxınlığında, ondan qərbdə Govurarxın yatağı yanında yerləşir... Qalanın planı kvadrat şəklindədir. Künc bürcləri əsas cəhətlərə yönəldilmişdir. Sahəsi 160x160 m-dir. “Narınqala”nın sahəsi isə 18x18 m-dir. Ola bilsin ki, qala şəhərə qərb tərəfdən olan hücumların qarşısını almaq və Govurarxın şəhərə gedən suayrıcını mühafizə etmək üçün tikilmişdir.
    Nisbətən kiçik ölçüdə olan digər bir müdafiə qalası birincidən 200 m qərbdə yerləşir. Qeyd etmək lazındır ki, belə qalalar vaxtilə şəhərin başqa tərəflərində də olmuşdur. Şəhərin kənarlarında tikilmiş tək-tək qalalar şəhərə edilən düşmən hücumları qarşısında maneələr törətmək və şəhəri gözlənilən təhlükədən xəbərdar etmək üçün idi; yəni təhlükə üz verdikdə burada gecələr məşəl yandırılır, gündüzlər isə göyə tüstü qaldırılırdı. Sonuncu məqsəd üçün 20-25 m-ə qədər hündürlüyü olan qədim kurqanlardan da istifadə olunmuşdur. Beyləqandan 20-30 km aralıda şimal-qərb tərəfdə yerləşən Üçtəpə, cənub-şərq tərəfdə yerləşən Sultanbud və şərq tərəfdə yerləşən Saraytəpə buna misal ola bilər. Həmin kurqanların üstündə orta əsrlərə aid tikinti qalıqlarının varlığı dediklərimizi təsdiq etməyə bir daha əsas verir. Şübhəsiz ki şəhərin müdafiəsində əsas rolu şəhəri əhatə edən qala divarları və onun xəndəyi oynayırdı. Heç təsadüfi deyildir ki, Beyləqanın XI-XIII əsrin əvvəllərinə aid qala divarı əvvəlki dövrlərə nisbətən daha çox möəkəmləşdərilmişdir. Bu dövrdə şəhərin qala divarı ancaq bişmiş kərpiclə hörülmüşdü.

       BEYLƏQANDA AZƏRBAYCAN ATABƏYLƏRİNİN ŞƏXSİ EMBLEMLƏRİ – Şəmsəddin Eldəniz Cənubi Azərbaycanın hakimi təyin edildikdən sonra (1136) Arran və Azərbaycanın başqa yerlərini də (Şirvandan başqa) özünə tabe etdi (1152). Eldənizlər sülaləsi hakimiyyətdə olduğu dövrdə Beyləqan şəhəri və Atabəylərin təbeliyində oldu. Məlumdur ki, qədim Beyləqan şəhərində hələ xilafət dövründən zərbxana vardı. Atabəylər dövründə də burada, kiçik şəhər adlanan yerdə Atabəylərin şərəfinə mis pullar kəsilirdi. Pulların üzərinə Azərbaycanın şəxsi nişanı olan qoç və aslan təsvirləri vurulurdu. Qoç türklərdə döyüşkənlik, aslan isə cəsurluq və güc rəmzidir. Beyləqan ərazisindən tapılan mis və saxsı qablar üzərində də bu təsvirlər tez-tez verilir. Sənətkarlar bu emblemləri ştamplama və zərbetmə üsulu ilə vururdular. Bu mis və və saxsı qablara başqa ərazilərdə rast gələndə həmin əşyaların Atabəylərin torpaqlarında düzəldildiyi bilinirdi. 

     BEYLƏQANDA NADİR TAPINTI (MÖHÜR-ÜZÜK) – Qədim Beyləqan (Örənqala) ərazisində arxeoloji qazıntı zamanı tapılmışdı. Möhür-üzük “Kiçik şəhər”də yaşayış yerində tapıldı. Təqribən XII əsrin əvvələrində düzəldilmişdir. Möhür-üzüyün uzunluğu 2,1 sm, eni 1,9 sm, qalınlığı 0,4 sm-dir. Möhürün üzəri ərəb əlifbası ilə yazılmışdır. Möhürün mərkəzində Məhəmməd peyğəmbərin adı və 12 imamın adı yazılmışdır. Möhürün üzərində, yuxarıdan sağdan-sola 4 imam (Əli, Hüseyn, Həsən, Əli), II cərgədə 3 imam (Məhəmməd, Cəfər, Musa), III cərgədə 3 imam (Əli, Məhəmməd, Əli), IV cərgədə 2 imamın (Həsən, Mehdi) adları yazılmışdır. Orta əsrlər Azərbaycan şəhərlərinin heç birində bu cür möhür-üzük tapılmamışdır. Ona görə də bu üzük orta əsr nümunələri içərisində nadir tapıntı hesab edilir. Ehtimala görə, möhürdən vəqf sənədlərinin və müqaqvilələrin təsdiqi üçün istifadə edilirmiş.

    BEYLƏQANDA ŞƏHƏR İSTEHKAMLARI – Monqol istinası nəticəsində şəhər və kəndlər talan edildi, dağıdıldı. Bəzi şəhərlər bir daha dirçələ bilmədi. Beyləqan da onlardan biri idi. Köçəri monqol əyanlarının özbaşnalıqları və ənənəvi əkinçilik bölgələrinin köç ərazilərinə çevirmək cəhdləri çox keçmədən iflasa uğradı. Qazan xanın həyata keçirdiyi islahatlar (XIII əsrin sonu – XIV əsrin əvvəlləri) ölkənin hər bir cəhətdən dirçəlməsinə səbəb oldu, köhnə şəhərdə dirçəiş başladı, yeni şəhərlər və kəndlər salındı. “Əvvəlki dövrlərdə olduğu kimi şəhərin etibarlı müdafiə sistemlərinin yaradılmasına böyük əhəmiyyət verilirdi. Aparılal arxeoloji tədqiqatlar monqol ağalığı dövründə və sonrakı dövrlərdə şəhər istehkamlarının bərpası və yenidən qurulması ilə bağlı xeyli faktik materiallar vermişdir. XVIII əsr rus rəssamı Sergeyevin çəkdiyi mənzərə rəsmləri Şamahıda monqol istilasından sonra tikilmiş və şəhristani dövrələyən qala divarlarına dair aydın təsəvvür yaradır. Şəkillərdən aid olur ki, bu qala divarları ərazinin relyef quruluşuna uyğunlaşdırılmış və ziqzaqşəkillidir. İstehkamın cənub hissəsi Came məscidinin arxasından keçərək şərq və qərb tərəfdən dağın ətəklərinə qalxırdı.

    Örənqalada aparılan arxeoloji qazıntılar zamanı Əmir Teymurun inşa etdirdiyi, arxeoloji ədəbiyyata “Kiçik şəhər” kimi daxil olmuş, 14 hektar sahəni əhatə edən şəhristanın qala divarlarının qalıqları üzrə çıxarılıb, tədqiq olunmuşdur. Şəhərin qərb və şimal divarları bərpa olunmuş, ona şərq və cənubdan birləşən yeni divarlar tikilmişdir. Arxeoloji qazıntılarla müəyyən edilmişdir ki, qala divarları iki tərəfdən bir-birinə paralel, bişmiş kərpicdən adi palçıqla hörüldükdən sonra divarlar arasındakı boşluq torpaqla doldurulmuşdur. Bayır və içəri tərəfdən bişmiş kərpiclə hörülmüş üz divarının arasına tökülən torpaq layı bu iki divarı bir-birinə bağlayaraq 6 metrə qədər qalınlıqda əzəmətli bir qala divarı əmələ gərtirmişdir. Qala divarların qarşısında müdafiə sisteminə daxil edilən xəndək qazılmış. Xəndəyin torpağından isə üz divarının arasındakı boşluğu doldurmaq üçün istifadə edilmişdir. Üz divarları şəhər xarabalıqlarından əldə olunmuş köhnə və bəzən sınıq kərpiclərlə səliqəsiz hörülmüşdür. 33 bürclə möhkəmlənmiş Kiçik qala divarlarının hündürlüyü 7 metrdən yüksək olduğu ehtimal edilir”. 

  BEYLƏQANIN QƏBİR ABİDƏLƏRİ – Beyləqan ərazisindəki qəbir abidələri, əsasən müsəlman qəbirlərindən, xatirə abidələri türbələrindən, qəbrüstü məzar daşlarından, qoç və at fiqurlarından ibarətdir.Müsəlman qəbirləri. “Beyləqanda şəhərin şimal-qərb qala darvazasında, VI sahədə aparılan qazıntılar zamanı 10 ədəd sadə müsəlman qəbirləri üzə çıxmışdır. Onların üstü bişmiş kərpiclər vasitə ilə örtülmüşdür. Qəbirlərə hec bir material qoyulmamışdır. Müşahidələr göstərir ki, bəhs edilən tipdə müsəlman qəbirləri şəhərin başqa yerlərində də aşkar edilmişdir.

     II qazıntı sahəsində aparılan tədqiqatlar zamanı qəbirstanlığın şəhəryerindən şərqə, təxminən 200 metr məsafədə yerləşdiyi, fəxri qəbirstanlığın isə qərbdə Mil-minarə isitqamətində yerləşdiyi müəyyən edilmişdir. Mil-minarə ilə şəhər yeri arasında bir neçə türbə qalığı aydın görünməkdədir. Həmin türbələrin də üst örtüyündə kaşılardan geniş istifadə olunmuşdur.

   Azərbaycanın xristian əhalisi IX-XIII əsrin əvvələrində də ölüləri sərdabədə, daş tabutda və torpaq qəbirlərdə dəfn etmək adətini saxlayırdı. Daş sərdabələrə Bərdə rayonunun Zimirxan kəndində, Ağdam rayonunda Govurqalada və başqa yerlərdə təsadüf olunmuşdur. Sadə torpaq xristian qəbirləri Amaras şəhər yerində aşkara çıxarılmışdır, ölü əlləri qarnının üstündə çarpazlaşdırılımış halda dəfn edilmiş, qəbirlərə avadanlıq qoyulmamışdır. IX-XIII əsrlərə aid xristian qəbirləri Şəki rayonunda Kiş məbədi ərazisindəki qəbirstanlıqda da tədqiq olunmuşdur. Burada sadə torpaq qəbirlərlə yanaşı, katakomba qəbirləri də aşkarlanmışdır.

     Bəhs olunan dövrdə üstündə xaç və başqa məişət təsvirləri olan qəbir daşları meydana gəlib yayılmışdır. Alban xaçdaşları Kəlbəcər, Gədəbəy, Laçin, Ağdam və Yuxarı Qarabağ ərazisində qeyd alınmışdır. Bu dövrdə tarixi Alban vilayəti olan Sünikdə menhirləri xatırladan qəbrüstü xaç daşlarının ucadılması faktı da diqqəti cəlb etməyə bilməz. Belə xaç daşlardan biri IX əsrdə alban knyazının qəbiri üzərində qoyulmuşdur. Onun hündürlüyü 2,5 metrə çatır. Aşağıda eni 1,4 m, yuxarıda 1,6 m-dir. Üstü yarımdairəvi tağ formasında tamamlanır. Üzərində nəbati və astral naxışlar fonunda alban xaçı qabardılmışdır. Qeyd edək ki, bəhs olunan dövrdə alban xaç daşlarının səcciyəvi cəhətlərindən biri onların bədii tərtibatında xristian ikonoqrafiyasının müsəlman bəzək elementləri ilə çulğalaşmasıdır.  

  Beləliklə, arxeoloji tədqiqatlar bəhs olunan dövrdə müsəlman dəfn adətinin ölkə ərazisində geniş yayıldığını, qəbirlərin üstünə sənduqə, baş və sinədaşları kimi xatirə abidələri qoyulduğunu göstərir. XI əsrin sonlarından başlayaraq xatirə abidələrinin mürəkkəb növlərindən olan türbələrin inşasına başlanılır. IX-XII əsrlərdə onlar daha geniş yayılır. Bəhs olunnan dövrdə ölkənin bəzi dağlıq bölgələrində xristian adəti ilə dəfn qalmaqda idi.

   TÜRBƏLƏR. Beyləqan şəhər yerində aparılan arxeoloji qazıntılar zamanı türbələr aşkara çıxarılmışdır. “Qülləvari-günbəzli” türbələr qrupuna Beyləqanda 1966-cı ildə tədqiq olunmuş türbə, Naxçıvanda Der və Əlincəçay xanəgahındakı türbələr, Marağa yaxınlığındakı Günbed-e Qafariyyə aid edilir. Beyləqan şəhər xarabalıqlarında uç türbə arxeoloji qazıntılarla öyrənilmişdir. 1958-ci ildə sənətkar məhəlləsində III qazıntı sahəsində tədqiq edilmiş türbə xaricdən kvadrat, daxildən isə dairəvi plana malik idi. İçərisinin diametri 4,7 metrə bərabərdir. Giriş qaoısəının şimal-qərb tərəfdən yerləşdiyi ehtimal olunur. Türbə şəhər xarabalıqlarından götürülmüş bişmiş kərpiclərdən, əhəngli məhluldan istifadə etməklə inşa edilçiş, kaşılarla bəzədilmişdir. Kaşılar kvadrat, üç, altı, səkkiz, bucaqlı və s. formada idi. Türbənin içərisində iki, ətrafında isə 12 qəbir aşkar edilmişdir. Türbədəki qəbirlər bişmiş kərpiclərlə hörülmüş, üstü eyni materialla bağlanmışdır. İki saylı qəbr diqqəti daha çox çəkir. Qəbrin uzunluğu iki metr, eni baş tərəfdə 50 sm, ayaq tərəfdə 30 sm idi. Qəbirin dibində ağac çürümtüləri və parçaları var idi. Skelet kəlləsi qərbə tərəf uzadılmış vəziyətdə yerləşmişdir. Skeletin kəllə tərəfində iki olmaqla qəbrindən dörd mis piyalə, on ədəd romb şəkilli, kənarları və ucu kəsilmiş ox şəkilli mil lövhə, 23 ədəd dəmir mıx tapılmışdır. Ölünün sol əlinin orta barmağına tünd-qirmızı rəngli qaşı olan qızıl üzük geydirilmişdir. Qabırğalar nahiyyəsində muncuqlar, kəllənin altından lent qalığı, eləcə də qəbirin müxtəlif yerlərindən çoxlu sap və parça qalığıarı tapılmışdır. Tapıntılardan aydın olur ki, ölü paltarda, bəzəkləri ilə tabutda dəfn edilmişdir. Türbənin ətrafında tədqiq onunan qəbirlər də eyni qayda ilə hörülərək üstü bişmiş kərpiclərlə ortülmüşdür. Onlardan yeddisi tam təmizlənmiş, beş qəbir isə dağıdılmış vəziyyətdə idi. 

     IV qazıntı sahəsində aşkara çıxarılmış türbə qalığı xaricdən səkkizguşəli, daxildən isə xaçvari plana malik idi və 21x21x4 sm ölçülü bişmiş kərpiclərlə hörülmüşdü. Türbənin 65 sm enində girişi şimal-qərbində idi. Onun hər iki tərəfində bayırdan kvadrat biçimli hörgü əlavə olunmuş və bu kvadratların içərisi torpaqla doldurulmuşdur. Türbənin içərisində üç hissədən ibarət mehrab düzəldilmiş, nəbati naxış və ərəb yazısı ilə bəzədilmişdir. Dörd yerdə qipsdən qəbirüstü sinədaşı düzəldilmişdi. Onlardan yalnız birinin altında skelet qalıqları, qabırğa sümüyü mühafizə olunmuşdu. Beyləqanda 1966-cı ildə tədqiq olunmuş türbənin qalıqlarının hündürlüyü 1 metrə qədər salamat qalmışdır. Sərdabə türbənin daxili həcminin əsasını təşkil edirdi. Planda xaçvari formaya malik olub mərkəzində kvadrat biçimli salon, künclərində isə dörd dərin olmayan taxça vardı. Qalıqlar əsasında mərkəzi salonun kürəvi və ya səkkizkünclü günbəzlə örtüldüyü ehtimal olunur. Döşəməsi torpaqdan olan sərdabənin cənub tərəfində, giriş qapısının qarşısında iki qəbir aşkar edilmişdir. Abidə kvadrat formada, bişmiş kərpicdən inşa olunmuşdur. VI qazıntı sahəsində sərdabədən başqa daha on müsəlman qəbiri aşkarlanıb tədqiq edilmişdir. Beyləqan türbələri və onların ətrafındakı qəbirlər XIII əsrin ikinci yarısı – XIV əsrin əvvəllərinə aid edilir.

    QOÇ VƏ AT FİQURLARI. “Məzar daşlarının üçüncü mühüm qrupunu qoç və at fiqurlardan ibarət qəbrüstü xatirə abidələri təşkil edir. Plastik sənət tarixinə və əhalinin dini inanclarına işıq saçan həmin abidələr Azərbaycanın bütün bölgələrində - Gəncə-Qazax, Gədəbəy, Laçın, Kəlbəcər, Lerik-Yardımlı, Naxçıvan-Zəngəzur, Borçalı bölgələrində, Cənubi Azərbaycanın Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətlərində yayılmışdır... Qoç daşları Qaraqoyunlu və Ağqoyunlu tayfaları ilə bağlılığı şübhə doğurmur və bu tayfaların azərbaycanda hakimiyyətinə gəlişi ilə bir sıra qədim dini inancların, ənənələrin durçəlişi baş vermiş, keçmişdə xalq inamlarında totem xarakteri daçıyan qoç fiqurları qəbirüstü abidə kimi geniş yayılmışdır. Qeyd edək ki, türk tayfalarında dəfn mərasimi ilə bağlı qoç fiqurlarından istifadə qədim tarixə malikdir. 1957-1958-ci illərdə Monqolustanda, Ulan-Bator şəhərindən 400 km qərbdə türk xaqanı Kül-Təkinin sərdabəsində arxeoloji qazıntı apararkən girişdə qarşı-qaşıya qoyulmuş daşdan iki qoç fiquru aşkarlanmışdı. Umimiyyətlə, tədqiqatçılar qoç heykəllərin qəbirüstü abidə  kimi qoyulması adətinin qədim türk tayfalarından ilk dəfə oğuzlarda meydana gəldiyini bildirirdilər. Gəncə-Qazax, Qarabağ bölgələrinin qoç daşları bir sıra arxaik xüsusiyyətləri ilə diqqəti cəlb edir. Uzunluğu 80-90 sm, hündürlüyü 50-60 sm olan bu abidələr öz monumentallığı, formalarının ümumiləşdirilmiş bir səpkidə işlənməsi ilə fərqlənir.

    Son orta əsrlərdə Azərbaycanda məzarüstü xatirə abidəsi kimi daş at heykəllərə Gəncə-Qazax, Laçın və Kəlbəcərdə və digər bölgələrdə rast gəlinir. Üzərinda at heykəli olan qəbirləri əhalinin “oğuz zağası” adlandırılması da təsadüfü olmayıb, oğuz tayfalarnın qədim dəfn adətində atla bağlı mərasimlərin müsəlman dəfn adətinə uyğunlaşdırılıraq transformasiya olunmuş şəraitdə yaşadığını göstərir. Beyləqan ərazisində qoç və at fiqurlarından ibarət qəbirüstü abidələr aşkarlanmışdır. Onların bir hissəsi rayon Tarix-Diyarşünaslıq Muzeyinin həyətində, digər hissəsi isə Cərcis Peyğəmbər qəbristanlığında yerləşdirilmişdir.

Yuxarı