Müqəddəs məkanlar

   BEYLƏQAN RAYONUNDA MƏSCİDLƏR – Beyləqan rayonunda memarlıq abidələri (XIX-XXI əsrlər). Məscidlər müsəlmanların ibadət yeri olmaqla, Yaxın və Orta Şərqdə, Orta Asiyada, Azərbaycanda, Hindistanda və İspaniyada geniş yayılmışdır. İlk Məscid Məhəmməd Peygəmbərin dövründə Mədinədə tikilmişdir. Müsəlman aləmində ən müqəddəs məscid Məkkədə inşa edilmiş “Məscidülhəram” (“Beytül-lah” – “Allahın evi”) məscididir. Azərbaycanda əsasən mərkəzi günbəzdə örtülmüş kubşəkili və qoşa minarəli məscidlərə rast gəlinir. Beylıqan ərazisində məscidlər əsasən qırmızı kərpic və çay daşından hörülmüşdür. Bəziləri iki minarəlidir. Məscidlərin əksəriyyəti yarıuçuq vəziyyətdədir. Beyləqan ərazisində Mil-minarə mascidi olmuş, monqol hücumu zamanı dağıdılmışdı. Seyid aminə Xatun məscidi, Aşıqalılar məscidi, Dünyamalılar məscidi, Türklər məscidi və s. vardır.Azərbaycan ərazisində türbələrlə yanaşı, memarlıq abidələri kimi məscid binaları da geniş yayılmışdır. Xalqımız 80 ildən artıq bir müddətdə sovet ideologiyasının təsiri altında yaşadığına baxmayaraq, öz inam və etiqadlarını qoruyub saxlamış, müqəddəs dini ocaqların dolayısı ilə dağıdılmasının qarşısını ala bilmişdir. Aşıqalılar kəndində məscid binası tikilərək dindarların istifadəsinə verilmişdir. Dünyamalılar kəndində isə məscid binasının tikintisi davam etdirilir.

   SEYİD AMİNƏ XATUN MƏSCİDİ - Bunyadlı kəndində məscid. Seyid Aminə Xatun tərəfindən tikilmişdir (1992). Özü daşdan, minarələr kərpicdən hörülmüşdür. Xaricdən yarımdairəvi, daxildən dörbucağlı formadadır. a10 m, hündürlüyü 8 m-dir. 2 minarəlidir. Minarənin hər birinin hündürlüyü 15 m, hər minarədə 1 qapı, 4 pəncərə, minarəyə qalxmaq üçün 55 pilləkən var.

    ZİYARƏTGAHLAR. Beyləqan rayonunun əhalisi müqəddəs dinimizə bağlı, inanclı, imanlı insanlardır. Ta qədimdən Allaha bağlanmış bu insanlar zaman-zaman öz istək və arzularını müqəddəs ziyargahlarda dilə gətirmiş, burada ibadət etmişlər. Əhalinin ən çox üz tütduğu belə məkanlardan biri Həzrəti-Cərcis peyğəmbər ziyarətgahıdır. Bu Ziyarətgah Həzrəti-Cərcis peyğəmbərin məzarı üzərində tikilmiş türbədən ibarətdir. Azərbaycan ərazisində yeganə peyğəmbər məzarı Beyləqan ərazisindədir. Elə ona görə də Beyləqanı Peyğəmbər yurdu , Peyğəmbər diyarı adlandırırlar. Rayon ərazisində bir sıra ziyarətgahlar var: Cərcis Peyğəmbər ziyarətgahı, Seyid Ağa ziyarətgahı, Seyid Aminə Xatun ziyarətgahı, Seyid Xırda ziyarətgahı, Seyid Miryusif Ağa ziyarətgahı.    

  Qəbirüstü daş abidələr. Ölən insanın xatirəsini əbədiləşdirmək üçün ötən əsrdə qəbir üzərində ucaldılmış daş abidələrə Beyləqan ərazisində sıx-sıx rast gəlinir. Qəbirüstü daş abidələrinin bir hissəsi Cərcis peyğəmbər ziyarətgahı ərazisində, digər hissəsi isə rayon Tarix-Diyarşunaslıq Muzeyinin həyətində yerləşdirilmişdir.

    KURQANLAR – Azərbaycan ərazisində geniş yayılmış qəbir tiplərindən biri də kurqanlardır. Kurqanlar adətən yarımkürə formalı olmaqla süni sürətdə yaradılmış təpədir. Azərbaycan ərazisində ən qədim kurqanlar eneolit dövrünə aiddir. Müxtəlif böyüklükdə və formada düzəldilən kurqanların qəbir kamerası sərdabə, katakomba, daş və taxta qutu formasında olur. Əksər qəbirlərdə ölən insanlarla birlikdə onun atı, arvadı, qulları, əşyaları, qab-qacaq, yemək, silah, bəzək əşyaları qoyulurdu. Beyləqan rayonu ərazisində bu tip qəbir abidələri var. Beyləqan ərazisində bu günədək tədqiq edilmiş ən qədim kurqan ikinci Aşıqlı kəndi ərazisindədir. Sarıtəpə adlanan bu kurqanda (e.ə.VII-V əsrlər)1953-cü ildə tədqiqat işləri aparılmışdır. Ikinci kurqan isə Eyvazlılar kəndi yaxınlığındadır. Şərəftəpəsi adlanan bu kurqan təsərrüfat işləri zamanı qismən dağıdılmışdır. Təzəkənd yaxınlığında da iki kurqan vardır (ilk tunc dövrü). Tədqiq olunmuşdur. Aşağı Çəmənli kəndi yaxınlığında yeddi təpə vardır. Tədqiq olunmuşdur.

    QƏBİRÜSTÜ DAŞ HEYKƏLLƏRİ – Beyləqanda qəbirüstü abidələr. Azərbaycanda, o cümlədən şərq aləmdə geniş yayılmış adətlərdən biri də ölən insanın xatirəsini əbədiləşdirməkdir, onun xatirəsinin nəsildən-nəslə üçün qəbir üzərində daş abidələrin ucaldılmasıdır. Ötən əsrlərə aid bu daş abidələrə Beyləqan ərazisində də rast gəlinir. Qəbirüstü daşlar üzərindəki rəsmlər həmin çağın kalliqrafiya sahəsindəki qabiliyyətləri haqqında ətraflı söz açmağa, həm də dəfn olunmuş şəxslərin sənəti, peşəsi, yaxud məşğuliyyəti haqqında geniş bilgilər verir. Məsələn, bağbanın qəbiri üzərində bağ rəsmləri, at belində, kəmərindən xəncər asılmış kişi, dərzilik peşəsinin əlaməti olan qayçı kimi rəsmlər dəfn olunan şəxsin kimliyi haqqında məlumat verir. Üzərində qoç, at, qoyun heykəlləri olan qəbirlərin qaraqoyunlular və ağqoyunlular dövrünə aid olduğu barədə mülahizələr var. Qəbirüstü daş heykəllər Cərcis peyğəmbəri ziyarətgahı ərazisində və rayon Tarix-Diyarşünaslıq Müzeyində açıq səma altında yerləşdirilmişdi

    DÜNYAMALILAR MƏSCİDİ – Dünyamalılar kənd sakini Cəmşid Xudaverdiyev tərəfindən, öz şəxsi vəsaiti hesabına inşa olunur. Ümumi sahəsi 420 kv.m. Yardımçı binaların sahəsi 180 kv.m. Çöl-talvar hissəsi 220 kv.m-dir. İnşasına 2007-ci ildə başlanılmışdı, Hazırda son tamamlama işləri aparılır. 450 min man vəsait xərclənmişdir.

    PİR YULĞUN – Beyləqan rayonunda pir. Eyvazlılar kəndi ərazisində “Qara təpə” adlanan yerdədir. Yerli əhali yulğunu müqəddəs hesab etmiş, ona nəzir bağlayıb, niyyət etmişlər. 

   REYĞƏMBƏR MƏQBƏRƏSİ – Beyləqan rayonunda memarlıq abidəsi. Cərcis peyğəmbərin qəbiri üzərində Təbrizli usta Həsən tərəfindən tikilmişdir. (1905-1907). Birinci Aşıqlı kəndin ağsaqqalı Hacı Qurban tərəfindən qəbirin üstü götürülmüş, onun oğlu Hacı Qulunun rəhbərliyi ilə elat ağsaqqalları tərəfindən qəbirin üstündə türbə ucaldımışdır.

     HACI SEYİD ƏLİ AĞA MƏSCİDİ - Kəbirli kəndindədir. Hacı Seyid Əli ağanın arzusu ilə onun oğlu Kərbəlayi Rəsulun şəxsi vəsaiti hesabına (ustalar Cahid və Firdovsi) inşa edilmişdir (2004). Dindarların istifadəsinə verilmişdi (2007). Dini ayinlərin icrası üçün hər şərait yaradılıb, qarşısında ağaclar əkilib, yol çəkilib, bulaq kompleksi tikilib.

Yuxarı