Beyləqanlı məşhur insanlar 1.

    BU YURDUN AD-SAN QAZANMIŞ OĞUL VƏ QIZLARI: Qədim Beyləqan diyarının adını tarixə yazan, ona ad-san qazandıran bu yurdun dəyərli, qəhrəman oğul və qızları olmuşdur. Onların əməyi, dəyanəti, şücaəti olmasaydı bu gün yəqin ki, nə indiki Beyləqan olardı, nə də onun tarixdəki şərəfli adı. Tarixi və adəbi qaynaqlarda onların haqqında söhbətlər açılmış, qəhrəmanlıq yollarından, sənətkarlıq məharətindən, elmdə və ədəbiyyatda qazandıqları uğurlardan danışılmışdır. Tarixi keçmişimizin dəyərli isimləri bu yurda şöhrət gətirmişlər. Məsud ibn Namdar, Mücirəddin Beyləqani, Şihabəddin Beyləqani, Qəssab Müsafir,Əbu Musa, Həsən ibn Zəki əl-Bəyləqani, Qaçaq Kazım… Tarix və ədəbiyyat kitablarından oxuyub-bildiyimiz, rəvayətlərdən eşitdiyimiz, yaxud bizim müasirimiz olan insanlar olmuşlar. Onların bir çoxu tək bu yurdun deyil, bütün Azərbaycanın şərəf salnaməsində yer tuturlar.  

    MƏSUD İBN NAMDAR (XI əsrin ikinci yarısı, Beyləqan şəhəri  - XII əsrin birinci rübü, yenə orada) - ərəbdilli şair. Qədim ədəbiyyatşünaslar öz əsərlərində əslən Beyləqnlı olan Məsud ibn Namdarın və başqalarının adlarını çəkirlər. Bunlardan "Şirvan və Arran feodal inzibati dairələrində məmurluq edən, öz fəaliyyətinin bir sıra epizodunu o dövr ərəb abidələri üçün ənənəvi olan təmtəraqlı ədəbi formada təsvir edən" Məsud İbn Namdar Azərbaycan mədəniyyəti tarixində özünəməxsus yer tutmuşdur. Onun həyat və yaradıcılığının ən yaxşı və son tədqiqatçısı olan V.M. Beylis, Məsudun orta əsrdə hər hansı bir elm sahəsində mütəxəssis olan alim deyil, ədəbi baxımdan savadlı, tipik ədib olduğunu müəyyənləşdirir. Məsudun dövrümüzə çatan əlyazması üç hissədir - hekayətlərdən, məktublardan və şeirlərdən ibarətdir. Həmin şeirlər, həyatını Beyləqan, Gəncə və Şirvanda, o dövrün bir çox şairləri kimi rəsmi dövlət vəzifələrində keçirən ziyalı şəxsiyyətin bizə yetişmiş toplusunun üçdə birindən çoxunu təşkil eidr. Onun əsərləri Şirvan və Aran tarixinin öyrənilməsində mühüm mənbədir. Əsərdə Beyləqanın əhalisi, ticarət və sənətkarlıq, xalqın silahlı çıxışları haqqındakı məlumatlar xüsusilə qiymətlidir. Əsasən mövzulara həsr olunmuş şeirləri Məsudun xidməti fəaliyyəti ilə sıx bağlı idi. Bu bağlılıq şeirlərin qruplaşdırılmasında da özünü göstərir: əl-Gənziyyət (Gəncə dövrü şeirləri). Əl-Beyləqanəyyət (Beyləqan dövrü şeirləri), əl-Əmniyyət (Gəncə mustövfişi Əmin əl-Mülkün adı ilə), əl-ixvaniyyət ("Dostluq"), "Köhnə şeirlər" və b. əsərlərində özünün ləqəbini "Bədi əz-zaman" (Zamanın möcüzəsi") kimi qeyd edir. Məsud ibn Namdarın şeirlərinin təhlili göstərir ki, "Arrandan olan Bədi əz-zaman bütün ənənəvi isublardan faydalanmaqla fəsahətləri olan) bir şəhsiyyət idi. Məsud ibn Namdarın bu əsəri 1970-ci ildə Moskvada rusca V.M Beylisin ön sözü ilə nəşr olunmuşdur.   

     MÜCİRƏDDİN BEYLƏQANİ (Əbu Bəkr Müzəffər Mücirəddin Beyləqani: 1130, Beyləqan şəhəri - 1194, Təbriz şəhəri) - XII əsrin qüdrətli Azərbaycan şairi. Eldənizlərin saray şairi, Xaqaninin istedadlı tələbələrindən olmuşdur. Lirik qəzəlləri, qəsidə və rübailəri var. Şeirlərində saray mühitindən narazılıq, zəmanədən şikayət motivləri də ifadə edilmişdir. Şərqin ən qüdrətli şairlərindən biri olan müəllimi Əfzələddin Xaqaninin də uyuduğu Təbrizdəki “Məqbərət üş-şüəra”da – “Şairlər məzarlığı”nda dəfn edilib.

Lirik qəzəlləri, qəsidə və rübailərilə könüllərdə taxt-tac quran Mücirəddin Beyləqani Arranın böyük şəhərlərindən olan Beyləqanda doğulub yaşadığı üçün özünə “Beyləqani” təxəllüsü götürmüş, o dövrün qüdrətli şairlərinin bir çoxu kimi o da sarayda – Atabəylərin himayəsində yazıb-yaratmışdır. İbtidai və orta təhsilini Beyləqan mədrəsələrində almış, 19-20 yaşlarında Şirvana gəlmiş, Xaqani ilə tanış olmuş, ondan şeir, sənət dərsi almış, özünəməxsus yaradıcılıq yolu keçmişdir. Şeirlərinin pafosuna, monumentallığına, üslub zənginliyinə, mövzu rəngarəngliyinə, bədii ümumiləşdirmələrinə görə onu muasirləri Xaqaniyə, Nizamiyə bərabər tutmuşlar.

Əvvəlcə Eldənizlərin sarayında yaşayan, Atabəylər sülaləsinin başçısı Şəmsəddin Eldənizə, onun oğlu Məhəmməd Cahan Pəhləvana yazdığı qəsidələrilə məşhur olan Mücirəddin 1155-ci ilin ortalarında Seyfəddin Müzəffər ibn Məhəmməd Arslanın hakimiyyətdə olduğu Dərbənd sarayına gəlmiş, bir müddətdən sonra – 1157-ci ildə Əmir Məhəmməd ibn Rəvvadinin yanına – Gəncəyə gəlmişdir. Qədim mədəni mərkəzlərdən sayılan Gəncənin ədəbi mühiti, ictimai-siyasi ab-havası cavan şairin yaradıcılığına və dünyagörüşünə ciddi təsir göstərmiş, o, Gəncədə bir-birindən gözəl şeirlər yazmışdır. Gəncədə yaşadığı 4 il ərzində o, gənc şair İlyasla – Nizami Gəncəvi ilə tanış olmuşdur.

1161-ci ili artıq Həmədanda Sultan Arslan şahın sarayında qarşılayan Mücirəddin Beyləqani Sultan Arslan şahla yanaşı Atabəylər dövlətinin banisi böyük Atabəy Şəmsəddin Eldənizin də şəninə öygülər yazmış, onun sərkərdəlik qüdrətini, dövlətçilik zəkasını dönə-dönə qeyd etmişdir. Dövrün ən istedadlı, ən seçmə adamlarını saraya toplayan, şair və musiqiçilərə xüsusi qayğı, diqqət göstərən Atabəy Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvan saray şairlərinin rəhbərliyini Mücirəddin Beyləqaniyə tapşırmış, ona “Məlikuş-şüəra” (“Şairlər şahı”) adını vermişdir. Məhəmməd Cahan Pəhləvanın ölümündən sonra Qızıl Arslanın yanında xidmət edən şair saray həyatının ziddiyyətlərini, dedi-qodularını, çəkişmələrini, intriqalarını gördükcə sarsılır, özünü boşluqda hiss edir, bu zülmət dolu mühitdən üzaqlaşmaq istəyir.

...Mənim oxum – səhər çağı

Çəkdiyim ah, qılıncım – dilimdir.

-deyən şair paxıllığını çəkənləri, onu mənən-cismən sındırmağa, məhv etməyə çalışanları ildırım kimi iti söz qılıncı ilə yandırıb-yaxır. Ömrünün son illərini Təbrizdə keçirən şair 1194-cü ildə gözlərini abədi olaraq yumur. Məhəmmədəli Tərbiyətin yazdığına görə zəngin yaradıcılığ xəzinəsi qoyub getmiş Mücirəddin Beyləqaninin 15 min beytlik “Divanı”nın olduğunu öz gözləriylə görübmüş.

1980-cı ilə qədər yaradıcılığını natamam şəkildə öyrəndiyimiz böyük şairin zəngin xəzinəsi iranlı doktor Məhəmməd Abadinin apardığı tədqiqatlardan, axtarışlardan sonra üzə çıxmışdır. Məhəmməd Abadi Mücirəddin Beyləqaninin 5469 beytdən ibarət “Divanı”nı nəşr etdirmişdir. “Divan”a şairin 3059 beyt qəsidəsi, 504 beyt qəzəli, 448 meyt şikayətnamələri, 620 beyt qitəsi, 255 beyt müləmməsi, 285 beyt tərkibbəndi, 298 beyt rübaisi daxildir. “Qürbət ül-kemal” əsərinin müqəddiməsində Mücirəddin Beyləqaninin şeirdəki məharətini Xaqani sənətkarlığından üstün tutan, onu göylərə qaldıran Əmir Xosrov Dəhləvinin təbiriylə desək “Mücirəddin Beyləqani müasirləri arasında sözün sultanı kimi tanındı, heç vaxt ölməyən, diri qalan sözü də onu zaman-zaman yaşadacaqdır”.

Gənc yaşlarından ömrünün sonunadək Beyləqan, Gəncə və Şirvan şəhər idarələrində işləmişdir. Əsərlərində bu şəhərlərdə baş verən tarixi hadisələr təsvir olunur. Özünün verdiyi məlumata görə ərəb, fars və türk dillərində əsərlər yazmışdır. Ərəb dilində yazdığı hekayələri, məktubları və şeirləri bizə gəlib çatmışdır. 2000 beytdən artıq olan poetik irsi ənənəvi şeir formalarındandır. Bu əsərlərdə xalq yaradıcılığından da çox istifadə olunmuşdur. Bədii irsi XI əsrin sonu və XII əsrin  əvvəllərində Azərbaycan ədəbi həyatının, bədii fikrinin və tarixinin bir sıra məsələlərini öyrənmək üçün ilkin qaynaqlardan biri kimi böyük əhəmiyyətə malikdir. Zəmanədən, xüsusilə taxt-tac sahibi zalım şahlardan şikayəti burada əsas mövzulardan biridir. Avtobioqrafik mahiyyətli şeirlərində şairin xain, satqın, hiyləgər, adamlara nifrəti ifadə olmuşdur. Adının mənası “qoruyuucu”dur.

      ŞİHABƏDDİN BEYLƏQANİ – Beyləqanlı şair.

     ŞİRİNOV ƏBDÜL ADIŞİRİN OĞLU (1936, Beyləqan rayonu, Əhmədli kəndi) - əmək qabaqcılı. “Partiyanın XXI qurultayı” adına kolxozda mexanizator işləımişdir (1955-1996). “Qirmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir (12.12.1973)

   QƏSSAB MÜSAFİR (? - ? Beyləqan). Tarixi şəxsiyyət (VIII yüzil). VIII yüzilin ortalarında Beyləqan şəhəri və onun ətraf bölgələrində xaricilər adı alltında ictimai hərəkət güclənmişdi. Bunlardan biri də Beyləqanda qəssablıq edən Müsafirin adı ilə bağlıdır. Üsyan 748-ci ildə başladı. Müsafir ilk əvvəl başına bir qrup xarici toplayaraq ərdəbil şəhərinə getdi, burada tərəfdarların sayını çoxaltdı və sonra Varsana gəldi. Yolda onlara çoxlu miqdarda xarici qoşuldu. Lakin Müsafir Vasanda olan zaman ərəb canişiri Asim ibn Yəzid Beyləqanda qalan xaricilərdən başçılarını həbs etdi, üsyançılara divan tutdu. O, Beyləqanı öz müavininə tapşıraraq Bərdəyə qayıtdı. Müsafir yoldaşlarının həbs olunduğunu eşidən kimi öz tərəfdarları ilə birgə bir gecəyə Varsandan Beyləqana gəldi. Onlardan İsma ibn Süleyman adlı bir nəfər nərdivan vasitəsilə qala divarını aşıb içəridə gözətçi dəstəsinin rəisini öldürdü. Sonra Müsafir şəhərə daxil oldu, səhər hakimini həbs etdi və öz yoldaşlarını həbsdən buraxdırdı. Bu hadisədən sonra Beyləqan xaricilərin toplanış mərkəzinə çevrildi. Burada böyük qüvvə topladıqdan sonra müsafir Varsana hərəkət etdi. Lakin Bərdədə Asimin ona qarşı hazırlıq gördüyünü eşidərək gecə ikən Bərdəyə yollandı. Bərdə darvazaları ağzında əvvəl Asimin hərbi qüvvəsini, sonra isə Asimin əvəzinə canişin təyin olunan Əbdülməlik ibn Müslümü və onun qardaşı İshaqı məğlub etdi. Abbasilər Müsafirin başçılıq etdiyi Beyləqan üsyanını yatırtdılar (750). Xəlifə Əbülabbas as-Saffakın (750-754) dövründə Müsafir öldürüldü.

     VARD İBN SAFLAN - Beyləqan hakimi, VIII yüzilliyin tarixi şəxsiyyəti. Müsafirdən sonra Beyləqanda antiərəb üsyana Beyləqan hakimi Vard ibn başçılıq etmişdir. Azərbaycandakı ərəb canişini Məhəmməd ibn Sul üsyançıları Beyləqandan sıxışdırıb çıxararaq şəhəri əlinə keçirdi (752). Üsyançılar Gilab qalasına çəkildilər. Lakin Gilab qalasına sığınmış Beyləqan əhalisi onlara aman veriləcəyinə inandırdıqından sonra Beyləqana qayıtmışdılar.

    İSTEFANUS ƏBÜLƏSƏD (Stefanus Əbüləsəd: ? - ?, Beyləqan) – Beyləqan hakimi olmuşdur. 816-cı ildə Azərbaycanda ərəb ağalığına və yerli feodallara qarşı Babəkin başçılığı ilə böyük xalq üsyanı başlanır. Beyləqanın Əbüləsəd təxəllüsü feodal hakimi Stefanusun təhriki ilə Babək beyləqanlıları məğlub edir (826), Babək üsyanı müvəffəqiyyət qazandığı dövrdə Böyləqanın feodal hökmdrları Stefanus Əbüləsəd və Yəsai Əbu Musa onunla əlbir hərəkət edirdi. Beyləqan hakimləri öz torpaqlarında cərəyan xalq üsyanlarının anytifeodal xarakter daşıdığını başa düşür, bu narazılığı hər vasitə ilə yatırtmağa çalışır və bunun üçün Babəklə olan dostluq münasibətindən istifadə edirdilər.

826-830/1-ci illər ərzində Babək qoşunlarının köməyi ilə Stefanus Əbüləsəd, sonrakı dəfə də Yesai Əbu Musart beyləqanlıların üsyanını yatırtdı. Bu hadisələrdən biri 826-cı ildə, ikincisi isə 830-cu ildə olmuşdur. Sonuncu dəfə beyləqanlılar Berdjor vilayətinin Ureats, Karnakaş, Xakari və Tapaq kəndlərini tutmuşdular. Üçüncü dəfə Devon və Şapuxun başçılığı ilə üsyan edən beyləqanlılar (830/1) Əbüləsədi öldürmüş və Qoroz (Qoris) qalasında möhkəmlənmişdilər. Onlar Arsax və Utinin bir sıra əyalətlərini, şəhər və kəndlərini əllərinə keçirmişdilər. Stefanus Əbüləsəd öldürüldükdən sonra onun yerini Yesai Əbu Musa tutdu və üsyanı yatırtdı.

    ƏBU MUSA (? - ?) – Beyləqan hakimi (IX yüzil). Azərbaycanda ərəb ağalığına və yerli feodallara qarşı Babəkin başçılığı ilə böyük xalq üsyanı başlandı (816). Babək üsyanı müvəffəqiyyət qazandığı dövrdə Beyləqanın feodal hökmdarları Stefanus Əbüləsəd və Yesai Əbu Musa onunla əlbir hərəkət etdi. Beyləqan hakimləri öz torpaqlarında baş vermiş xalq üsyanları hər vasitə ilə yatırtmağa çalışır və Babəklə dostluq münasibətlərindən də yararlanırdılar.

826-830/1 illər ərzində Babək qoşunlarının köməyi ilə iki dəfə Stefanus Əbüləsəd, bir dəfə də Yesai Əbu Musa Beyləqanlıların üsyanını yatırtdı. Üçüncü dəfə üsayn edən beyləqanlılar Devon və Şapuxun başçılığı ilə (830/1 ci ildə) Əbüləsədi öldürdülər və Qoroz (Qoris) qalasında möhkəmləndilər. Onlar Arsax və Utinin bir sıra əyalətlərini,  şəhər və kəndlərini ələ keçirdilər.

Stefanus Əbüləsəd öldürüldükdən sonra onun yerini Yesai Əbu Musa tutdu. O, Babək qoşunlarının köməyi ilə həmin yerləri geri qaytardı və üsyanın başçıları Devon və Şapuxu edam etdirdi. Babək bu dəfə beyləqanlılarla yumşaq hərəkət etdi, onları sülh yolu ilə ələ keçirməyə çalışdı. O, hatda Qoris qalasında yerləşən qoşun sərkərdəsi Rüstəmə əmr etdi ki, üsyançılarla vuruşsun, onların etimadını qazanmağa çalışsın. Babəkin Beyləqan  üsyançılarına olan münasibıtdəki dönüşə görə də Səhl ibn Sumbat və Yesai Əbu Musa ilə Babəkin arası dəydi.

   QAÇAQ KAZIM (?, Aşıqlı kəndi – 1910, yenə orada). Çar üsul-idarəsinə, onun yerlərdəki nökərlərinə qarşı amansız mübarizə aparan el qəhrəmanı. Aşıqlı obasından olan qaçaq Kazım yerli camaatın zorla köçürülməsinə etiraz edən qardaşının tutulub edam edilməsindən sonra silahlanıb dağlara çəkilmiş, çar məmurlarına qarşı döyüşmüşdür. Tutulub, Sibir katorqasına göndərilmiş, lakin qaçmağa müvəffəq olmuş, Kür qırağı və Soltanbud meşələrinə, Qarabağ dağlarında dolaşmış, yoxsulların, kimsəsizlərin, çoban-çoluğun arxa-dayağı olmuşdur. 1910-cu ildə təsadüfü gülləyə tuş gəlmişqızını dəfn etməyə gələn qaçaq Kazım pusquya düşmüş, xəyanətkarcasına öldürülmüşdür. Oğulları Şiraslan, Babakişi və həyat yoldaşı Yetər döyüşə-döyüşə mühasirədən çixmiş, dağlara çəkilmişlər. Uzun illər keçməsinə baxmayaraq, xalq öz igid oğlunu unutmamış, onun qəhrəmanlığına nəğmələr, şeirlər qoşmuşdur.

    SOSİALİST ƏMƏYİ QƏHRƏMANLARI: Gülzar Abdulyeva, Gülüstan Agayeva, Güllü Cabbarova, Maral Fərəcova, Allahqulu Hacıyev, Mülayim Həsənova, Bahandur Hüseynov, Rəşid İmanov, Sərdar İmrəliyev, Sevil Qazıyeva, Əhməd Əhmədov, Bərşad Quliyev, Mürsəl Məhrəliyev, İmran Məmmədov, Hüseyn Pənahov, Havvaxanım Rzayeva, Əlibala Şirinov, Əskinaz Usubova.  

    ABDULLAYEVA GÜLZAR RZA QIZI (1914, Beyləqan r. Birinci Şahsevən kəndi - 1985 yenə orada). Sosialist Əməyi Qəhrəmanı (1948). “Bakı” koxozunda sıravi kolxozçu (1932-1960), Şahsevən kənd kitabxanasında müdir (1931-1974) işləmişdir. 1947-ci ildə becərdiyi 5 hektar sahənin hər hektarından 60,5 sentner pambıq götürdüyünə görə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layıq görülmüşdür. Sov.İKP XXIII qurultayına nümayəndə seçilmiş, Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin böyük və kiçik gümüş medalları ilə təltif edilmiş (1957-1958) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir (IV və V çağırış). İttifaq əhəmiyyətli təqaüdçü idi.

    AĞAYEVA GÜLÜSTAN AĞAMİRZƏ QIZI (20.03.1898, Zəngilan rayonu, Şərifan kəndi – 04.01.1974 Beyləqan şəhəri) - Sosialist Əməyi Qəhrəmanı (1948). Beyləqan rayonu 5 nömrəli pambıqçılıq sovxozunda fəhlə işləmişdir (1930-1960). 1947-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olduğuna görə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. “Şərəf nişanı” və “Lenin” ordenləri ilə təltif edilmişdir.

   CABBAROVA GÜLLÜ CAVAD QIZI (1921, Beyləqan rayonu, Əhmədli kəndi, 19.07.2000 yenə orada) - Əmək Qəhrəmanı “26 Bakı komissarı” (1938-1952) və “Partiyanın XXI qurultayı” (1952-1995) kolxozlarında işləmişdir. Qazandığı əmək göstəricilərinə görə “Lenin” ordeni ilə təltif edilmişdir (13.08.1948).

  ƏHMƏDOV ƏHMƏD DADAŞ OĞLU (26.05.1938 Ağcabədi rayonu, Arazbar kəndi) – maşınla pambıq yığımı ustası (1972), əməkdar mexanizator (1972). Sosialist Əməyi Qəhrəmanı (1981), SSRİ Dövlət mükafatı laureatı (1985). Orta məktəbi Beyləqan rayonunun Təzəkənd kəndində bitirmişdir. Beyləqan Mil MTS-də kurs (1951) və Ağdam Kənd Təsərrüfatı Texnikumunu bitirmişdir (1970). “Səməd Vurğun” kolxozunda traktorçu, pambıqçılıq briqadiri (1963-1995), “İlqar” kəndli fermer təsərrüfatında fermer (1995-1999) işləmişdir. Torpaq islahatı başlayandan sonra “İlqar” kəndli (fermer) təsərrüfatını yaratmışdır (1995). Geniş ərazidə toxumçuluqnan məşğul olur, ətraf rayonların əkinçilərini yetişdirdiyi yüksək məhsulad buğda toxumu ilə təmin edir. Fermer təsərrüfatının üzvləri 25 hektar sahədə taxıl, 4 hektar sahədə pambıq, 10 hektar sahədə isə yonca toxumu əkir və bol məhsul götürülür. Azərbaycan KP-nin XXIX, XXX və XXXI qurultaylarına nümayəndə, SSRİ Ali Sovetinə deputat (X-XI çağırış) seçilmişdir. “Şərəf nişanı” (1966) və “Lenin” (1971; 1973; 1976; 1981) ordenləri ilə təltif edilmişdir. Əməkdar mexanizator, Sosialist Əməyi Qəhrəmanı fəxri adları verilmişdir. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin 3 qızıl, 3 gümüş, 3 bürünc medalına və onlarla fəxri diplomlarına layiq görülmüşdir. 2000-ci ildən Prezident təqaüdçüsü və rayon Ağsaqqllar Şurasının sədridir. 1987-ci ildə maşınla məhsul yığımında fəqləndiyinə, yəni topladığı 1100 ton məhsulun 1000 tonunu maşınla yığdığına görə SSRİ Dövlət mükafatı laureatı olmuşdur. Ümummilli lider Heydər Əliyev Beyləqan rayonuna səfərləri zamanı Əhməd Əhmədonun başçılıq etdiyi kompleks – mexanikləşdirilmiş briqadada üç dəfə olmuş (1971, 1976, 1980) və onun işindən razı qalaraq lazımi məsləhət və tövsiyələr vermişdir. Gənc fermerlər müntəzam olaraq Əhməd Əhmədovla görüşür, qarşılaşdıqları problemlərin həllində onun böyük iş təcrübəsindən faydalanırlar. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyevin təşəbbüsü ilə Təzəkənd kəndində “İlqar” kəndli (fermer) təsərrüfatının sahəsi “Əhməd məktəbi” elan edilmiş, fermer və sahibkarlara kömək məqsədi ilə “Əhməd məktəbi” yaradılımışdır (2006). “Əhməd məktəbinə” fermerlərlə, təsərrüfatla məşqul olan insanlarla tez-tez görüşlər, müşavirələr keçirilir.

    FƏRƏCOVA MARAL SƏMƏD QIZI (1915, Beyləqan rayonu, Dünyamalılar kəndi) – pambıq ustası. Sosialist Əməyi Qəhrəmanı (10.03.1948). “Gəray Əsədov” kolxozunda manqabaşçısı işləmişdir (1931-1970). 1947-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricisinə nail olmuş. Sosialist Əməyi Qəhrəmanı fəxri ada layiq görülmüşdür.

    HACIYEV ALLAHQULU NAMAZ OĞLU (1899, Beyləqan rayonu, Tatalılar kəndi, 1985, yenə orada) - Sosialist Əməyi Qəhrəmanı (17.08.1948). Beyləqan rayonunun “Yeni həyat” kolxozunda çoban, baş çoban, ferma müdiri işləmişdir (1932-1966). 1947-ci ildə qoynçuluq sahəsində yüksək nəticələr əldə etmiş, “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.

    HƏSƏNOVA MÜLAYİM MEHDİ QIZI (1927 Ağdam şəhəri) -Sosialist Əməyi Qəhrəmanı (1955). Ağdam rayonunun “Natavan” üzümçülük sovxozunda fəhlə, manqa başçısı, Beyləqan rayonunun “Həzi Aslanov” kolxozunda briqadir, ilk partiya təşkilatı katibi vəzifəsində işləmişdir (1947—1982). 1954-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdir. İki dəfə “Lenin ordeni” “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.

    HÜSEYNOV BAHADUR HƏKİMXAN OĞLU (1922 Imişli rayonu, Alıqulular kəndi) - Sosialist Əməyi Qəhrəmanı (1958). Beyləqan rayonundakı “Dostluq” kolxozunda baş çoban işləmişdir (1945). 1957-ci ildə qoyunçulur sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. ÜİXTNS-nin bürünc (03.12.1967), kiçik qızıl (30.01.1959) medalları, “Lenin” (21.11.1958), 3 dəfə “Qırmızı Əmək Bayrağı” (14.03.1966; 08.04.1971; 27.12.1976) ordenləri ilə təltif edilmişdir.

     İMANOV RƏŞİD UĞURLU OĞLU (1905 Beyləqan aryonu, Tatalılar kəndi, 1997, yenə orada) - Sosialist Əməyi Qəhrəmanı (17.08.1948). “Yeni Həyat” kolxozunda baş çoban, qoyunçuluq briqadiri işləmişdir (1937-1972). 1947-ci ildə heyvandarlıq sahəsində yüksək əmək göstəricisinə nail olduğuna görə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. “Lenin” 1948 və “Qırmızı Əmək bayrağı” 1971 ordenləri ilə təltif edilmişdir. 1972-ci ildən ittifaq əhəmiyyətli fərdi təqaüdçü idi. 1981-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şəkidə keçirilmiş ümumrespublika heyvandarlıq müşavirəsinin iştirakçısı olmuş və xatirə medalı almışdılr. 

     İMRƏLİYEV SƏRDAR MƏMMƏD OĞLU (15.12.1930 Cəbrayıl rayonunun Horovlu kəndi, 25.01.1987-Beyləqan rayonu Bahar kəndi) - Sosialist Əməyi Qəhrəmanı (30.04.1966). Azərbaycan SSR əməkdar mexanizatoru (1966), Azərbaycan SSR əməkdar pambıqçısı (1975), SSRİ Dövlət mükafatı laureatı (1975). Beyləqan rayonunun Bahar 3 nömrəli sovxoz qəsəbəsində traktorçu köməkçisi (1943-1945), mexanizator (1945-1960) həmin sovxozda pambıqçılıq üzrə kompleks mexanikləşdirilmiş briqadanın briqadiri olmuşdur (1960-1987). İttifaq migiasında tanınan Sərdar İmrəliyevin iş təcrübəsini öyrənmək üçün işlədiyi sovxozda “Sərdar məktəbi” yaradılmışdır. 1964-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. ASE elmi şurasının üzvü (1976), SSRİ Ali Sovetinin deputatı olmuşdur (VI, VII, VIII, IX, X çağırış). 4 dəfə “Lenin" (16.02.1963; 30.04.1966; 08.04.1971; 16.12.1972) və “Oktyabr İnqilabı” (23.02.1978) ordenləri ilə təltif edilmişdir. Sov. İKP-nin XXII-XVVII qurultaylarının, Azərbaycan KP-nin XXV-XXXI qurultaylarının nümayəndəsi olmuşdur.

    QAZIYEVA SEVİL HƏMZƏT QIZI (01.03.1940, Zaqatala rayonu, Aşağı Tala kəndi – 27.09.1963, yenə orada) – Azərbaycanda ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı (1963; ölümündən sonra). 60-cı illərdə əmək fəaliyyəti ilə əlaqədar Beyləqan şəhərinə köçmüşdür. Beyləqan rayonundakı 5 nömrəli “Mil” pambıqçılıq sovxozunda traktorçu, pambıqyığan maşın sürücü-mexaniki (1960-1961) və traktor-tarlaçılıq briqadasının başçısı omuşdur (1961-1963). Sonralar sovxoz onun adının daşıyırdı. O, respublikada “Qızlar sükan arxasına!” hərəkatının təşəbbüscüsüdür. Onun çağırışı ilə 600-dən çox qız sürücü-mexanik peşəsinə yiyələnmişdir. AKTA-nın mexanizasiya fakultəsini bitirmişdir (1962). Azərbaycan SSR Ali Sovetinin deputatı (VI çağırış) olmuşdur. “Lenin” ordeni (1963) və medallarla təltif edilmişdir. İş başında faciəli sürətdə həlak olmuşdur. ALKGİ MK 1965-ci ildə Sevil Qazıyeva adına mükafat təsis etmişdir. Bakıda, Beyləqanda və Zaqatalada onun xatirəsini əbədiləşdirən abidələr qoyulmuş, bağ salınmışdır. Pambıq yığımında fərqlənən sürücü-mexaniklərə verilmək üçün Sevil Qazıyeva adına Billur kubok təsis edilmişdir (1965). Nəbi Xəzrinin “Günəşin bacısı” poeması ona həsr olunmuşdur.

   QULİYEV BƏRŞAD RÜSTƏM OĞLU (1884, Cəbrayıl rayonu, Tatalılar kəndi, 02.09.1985 Beyləqan rayonu Tatalılar kəndi). Sosialist Əməyi Qəhrəmanı (17.08.1947). “Yeni həyat” kolxozunda çoban işləmişdir (1932-1966). 1946-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olduğuna görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. “Lenin” ordeni ilə təltif edilmişdir (1947).  

  MEHRƏLİYEV MÜRSƏL MEHRALI OĞLU (1910, Beyləqan rayonu, Tatalılar kəndi – 1997 yenə orada) - Sosialist Əməyi Qəhrəmanı (17.08.1948). “Yeni həyat” kolxozunda çoban, baş çoban, sədr işləmişdir (1932-1970). 1947-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olduğuna görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir (1948).

   MƏMMƏDOV İMRAN SƏFƏR OĞLU (1902, Beyləqan rayonu, Tatalılar kəndi) - Sosialist Əməyi Qəhrəmanı (17.08.1948). “Yeni həyat” kolxozunda briqadir, ferma müdiri, sədr işləmişdir (1937-1963). 1947-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olduğuna görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. “Oktyabr İnqilabı” (1948) və “Qırmızı Əmək Bayrağı” (1948) ordenləri ilə təltif edilmişdir. 1963-cü ildən İttifaq əhəmiyyətli təqaüdçü idi.

   PƏNAHOV HÜSEYN MİSİRXAN OĞLU (1911, Beyləqan rayonu, Dünyamalılar kəndi) - Sosialist Əməyi Qəhrəmanı (1949). Gəray Əsədov adına kolxozda işləmişdir (1932-1967). 1948-ci ildə yüksək əmək göstəricisinə nail olduğuna görə Sosialist Əməyi Qəhrəmanı fəxri ada layiq görülmüşdür.

   RZAYEVA HAVVAXANIM ABBAS QIZI (1910, Beyləqan rayonu, Aşıqalılar kəndi) - Sosialist Əməyi Qəhrəmanı (1948). Füzuli rayonundakı “26 Bakı komissarı” kolxozunda (1935-1945), Beyləqan rayonunda “Gəray Əsədov” adına kolxozda manqabaşçısı işləmişdir (1945-1963). 1947-ci ildə yüksək əmək göstəricisinə nail olduğuna görə Sosialist Əməyi Qəhrəmanı fəxri ada layiq görülmüşdür. İki dəfə “Lenin” ordeni ilə təltif edilmişdir.

    ŞIRINOV ƏLİBALA ƏBDÜL OĞLU (1903, Beyləqan rayonu, Dünyamalılar kəndi, 03.11.1973, Bakı şəhəri, İkinci Fəxri xiyaban) - Sosialist Əməyi Qəhrəmanı (1951). Azərbaycan SSR pambıq ustası. “Gəray Əsədov” kolxozunda sıravi kolxozçu, mühasib, kolxoz sədri işləmişdir (1931-1971). Beyləqan rayonu Xalac kənd sovetində sədr (1926-1931), “Gəray Əsədov” kolxozunda hesabdar (1932-1934), kolxoz sədrinin müavini (1935). Gödəklər kəndində kolxoz sədri (1936), “Gəray Əsədov” kolxozunda sədr (1937-1971) işləmişdir. 1950-ci ildə pabıqçılıq sahəsində böyük uğur qazanmışdır. Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (II-V; VII-VIII çağırış). İki dəfə “Lenin” (03.04.1948; 11.10.1951), “Şərəf nişanı” (10.12.1958), “Qırmızı Əmək Bayrağı” (30.05.1966) ordenləri ilə təltif olunmuşdur. Kolxozçuların III Ümumittifaq qurultayının (1969), Sov İKP qurultayının nümayəndəsi olmuşdur. Öz biliyi, çalışqanlığı, təcrübəsi və böyük təşkilatçılıq bacarıqı nəticəsində başçılıq etdiyi “Gəray Əsədov” kolxozu qısa müddət ərzində böyük iqtisadi, mədəni və sosial inkişaf yolu keçmişdir. 1956-cı ildən başlayaraq onun rəhbərliyi ilə kolxozun vəsaiti hesabına müəyyən edilmiş ərazidə asfalt və səkilər, məktəb və xəstəxana, uşaq bağçası və mədəniyyət evi, qış və yay kinoteatrı, kitabxana və telefon qovşağı, mağaza və yeməkxana, 500 daş evi olan bir kənd salınmışdır. Sonrakı bir neçə il ərizində hər birində soyuducu və televizoru olan 1000 evlik bir kənd yaranmışdır. Ə. Şirinov bu xidmətlərinə görə nəinki öz kəndində və rayonunda, həm də respublikada böyük nüfuz və hörmətə malik olmuşdur. İttifaq əhəmiyyətli pensiyaçı idi.

    TELLİ HƏSƏN –YUSİFOV HƏSƏN MEHDİ OĞLU (10.01.1894. Beyləqan rayonu Tatalılar kəndi -05.06.1951, Bakı şəhəri, Bayıl xəbsxanası) – Əmək qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (17.08.1948). Telli Həsən adıyla məşhur olan Qarabağın tanınmış el ağsaqqalı Həsən Yusifov ötən əsrin 30-cu, 40-cı illərində rüspublikamızda qoyunçuluq təsərrüfatın inkişafında müstəsna xidmətlər göstərmişdir. Gənc yaşlarından qoyunçuluqa maraq göstərmiş, ötən əsrin 30-cu illərində birgə təsərrüfatların yaradılmasında – Tatalılar kəndində kolxozlaşma prosesinin başa çardırılmasında iştirak etmişdir. Telli Həsənin şəxsi təşəbbüsü ilə 1937-ci ildə “Kaqanoviç” kolxozu yaradılmış və 1937-1948-ci illər ərizində bu kolxoza rəhbərlik etmiş, rekord nəticələrə nail olmuşdur. Cəmi 400 baş qoyunu olan tasərrüfat 1948-ci ildə qoyunların sayı 16 min başa çatdırılmışdır. “Yeni həyat” kolxozunda kolxoz sədri, sovet sədri işləmişdir. SSRi Ali Sovet Rəyasət heyətinin fərmanı ilə 1948-ci ildə “Kodonoviç” kolxozunun 6 nəfər əmək qabağcılı, o cümlədən kolxozun sədri Həsən Mehdi oğlu Yusifov Sosialist Əməyi Qəhrəmanı adına, bir nəfər isə “Lenin” ordeninə layiq görülmüşdür. 1945-ci il dekabrın 12-də Krasnodar şəhərində heyvandarlıq təsərrüfatına həsr olunmuş beynəlxalq sərginin birinci dərəcəli diplomuna layiq görülən Həsən Yusifov, eyni zamanda “Qafqazın müdafiəsi”, “Almaniya üzərində qələbə” medalları ilə təltif edilmişdir. İttifaq miqiyasında tanınan, heyvandarlıqın inkişafında göstərdiyi böyük nailiyyətlərə görə SSRİ Kənd Təsərüffatı naziri İ Benediktadan şəxsən təşəkkür məktubu alan Telli Həsən 1951-ci il iyul ayının 3-də qəflətən həbs edilmiş, Azərbaycan SSRi Daxili Nazirliyin Bayıldakı 2 nömrəli xəbsxanasına salınmış, 2 aydan sonra istintaq zamanı müəmmalı şəkildə vəfat etmnişdir.

“Yeni həyat” kolxozunda kolxozçu, (1936-1939), kolxoz sədri (1939-148), kənd sovet sədri (1948-1951) işləmişdir.

    USUBOVA ƏSKİNAZ ƏBDÜLƏLİ QIZI (1927, Beyləqan rayonu Dünyamalılar kəndi) - Sosialist Əməyi Qəhrəmanı. “Gəray Əsədov” kolxozunda manqabaşçısı işləmişdir (1942-1967). 1947-ci ildə pambıqçılıq sahəsində yüksək göstəricilərə nail olmuşdur. İki dəfə “Lenin” ordeni ilə təltif edilmiş, Sosialist Əməyi Qəhrəmanı fəxri ada layiq görülmüşdür.

 

Yuxarı