Heydər Əliyevin I və II səfəri

     ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV ölkəyə rəhbərlik etdiyi dövrdə Beyləqan rayonuna beş dəfə səfər etmişdir. Ulu öndərin hər səfəri rayon sakinləri üçün böyük bir hadisəyə çevrilmiş və onun beyləqanlılara xoş münasibəti yaddaşlarda öz izini qoymuşdur. Bu gün də beyləqanlılar bu səfərləri məmnunluq hissi ilə xatırlayır, həmin hadisələrin şahidi olanlar ağızdolusu danışır, yadigar fotoşəkilləri qiymətli əşya kimi saxlayırlar. Biz də bu səfərlərin izi ilə araşdırmalara başladıq, arxivlərə, kitabxanalara, muzeylərə baş vurduq, həmin səfərlərin şahidləri ilə görüşdük. Çox qiymətli materiallarla və fotoşəkillərlə rastlaşdıq. Əldə etdiyimiz hər bir mənbədən və materialdan bəhrələnməyə çalışdıq. Mənbələr ulu öndərin tarixin müəyyən zaman kəsiyində gördüyü işlərdən, keçirdiyi müşavirələrdən, yığıncaqlardan, sadə zəhmət adamları ilə görüşlərdən xəbər verdi. Diqqətimizi daha çox cəlb edənsə, çox gərgin iş qrafiki olmağına baxmayaraq, hər bir kəsə diqqətlə yanaşan Heydər Əlirza oğlu Əliyev sadə zəhmət adamlarına verdiyi qiymət və Beyləqanın 40 illiyi ilə bağlı təbriki oldu. Belə ki, həmin dövrdə ölkəyə rəhbərlik edən Heydər Əliyev Beyləqan rayon partiya-təsərrüfat fəalları yığıncağında iştirak etmiş, çıxış edərkən sonda insanlarına müraciətlə demişdir:
    “... Mən dəfələrlə demişəm ki, Jdanov rayonu 40 illik tarixə malik yeni rayondur, həm də əsl mənada fəhlə rayonudur. Burada halal zəhmətlə dolanmaq əhval-ruhiyyəsi üstünlük təşkil edir... İcazə verin, şəxsən öz adımdan sizi – Mil düzünün qəhrəman oğul və qızlarını, bütün əmək adamlarını rayonunuzun 40 yaşının tamam olması münasibəti ilə səmimi qəlbdən təbrik edim, sizə daha böyük müvəffəqiyyətlər arzulayım”.
    Biz də ulu öndərin bu təbrikini 70 yaşı tamam olan Beyləqan rayonu üçün də bu gün Heydər Əliyev təbriki kimi qəbul edir və rayonun yubileyi ilə bağlı hazırlanan “Beyləqan” ensiklopedik toplu kitabında ulu öndərin Beyləqan rayonuna səfərlərinə də yer verməyi qərara aldıq.

      I SƏFƏR (20-25.08.1971).  Heydər Əliyev Respublikaya yenicə rəhbərlik etməyə başlamışdı. Və onun ölkəyə rəhbərliyə başlaması ilə hər tərəfdə bir canlanma, bir inkişaf nəzərə çarpırdı, bütün ölkə hərəkətdə, fəaliyyətdə idi. Ölkə tikinti meydançası, zəhmət-hünər meydanını xatırladırdı. İnsanlar qurub-yaratmağa, daha məhsuldar işləməyə çalışırdılar. Beyləqan rayonunun əmək adamları əllərindən gələni əsirgəmir, dövrün, zamanın ruhuna uyğun olaraq əzmlə çalışır, yüksək nəticələr göstərmək uğrunda daha gərgin işləyirdilər. Belə bir dövrdə rayonun kənd təsərrüfatı əməkçiləri respublikanın bütün pambıqçılarına müraciət etmişdi (30.06.1971). Müraciət rayon kənd təsərrüfatı qabaqcıllarının müşavirəsində müzakirə olmuş, qəbul edilmişdi. Azərbaycan KP MK pambıq istehsalını və dövlətə satışını artırmaq üçün əlavə öhdəliklər qəbul edən və respublikanın bütün pambıqçılarını bu təşəbbüsə qoşulmağa çağıran Beyləqan rayon kənd təsərrüfatı əməkçilərinin təşəbbüsünü bəyənmişdi. Azərbaycan KP MK vilayət, şəhər, rayon partiya komitələrinə, kolxoz və sovxozların ilk partiya təşkilatlarına tövsiyə etmişdir ki, Jdanov rayonu əməkçilərinin yaradıcılıq təşəbbüsünü geniş müzakirə və müdafiə etsinlər, pambıq bitkilərinə nümunəvi qulluq edilməsinə, 1971-ci ildə dövlətə pambıq satışı sahəsində planların və öhdəliklərin vaxtında yerinə yetirilməsinə nail olsunlar.
     Jdanov rayonu əməkçilərinin həmin müraciətindən aydın olur ki, rayon pambıqçıları həmin il dövlətə 27,5 min ton pambıq satmağı, yüksək məhsul yetişdirmək və onun erkən hasil olmasını təmin etmək üçün əlavə kompleks aqrotexniki tədbirlər görməyi, əmək məsrəfini azaltmağı və məhsulun maya dəyərini aşağı salmağı, rayon mexanizatorları maşınla 13 min ton pambıq yığmağı, 3500 hektar sahədə pambıq məhsulunu əl əməyindən istifadə olunmadan kompleks sürətdə yığmağı, bu tədbirləri həyata keçirməklə 200 min manat vəsaitə qənaət etməyi qarşılarına məqsəd qoymuşlar.

     Bu müraciətdən bir neçə gün sonra 7 iyul 1971-ci il tarixdə Azərbaycan KP MK-da müşavirə keçirilmiş, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev müşavirədəki nitqində rayon əməkçilərinin bu təşəbbüsünü bəyəndiyini bildirərək demişdir: “Respublikan pambıqçıları Jdanov rayon kolxozçularının və sovxoz fəhlələrinin Azərbaycan KP MK tərəfindən bəyənilmiş təşəbbüsünə ürəkdən tərəfdar çıxmışlar və plandan əlavə məhsul təhvilinə dair əvvəlki öhdəliklərini yenidən nəzərdən keçirərək bunları artırırlar. Şübhə etməmək olar ki, Azərbaycan pambıqçıları Vətənə verdikləri sözə əməl edəcəklər”. Bu müşavirədən bir müddət sonra Azərbaycan KP MK-nın birinci katibi Heydər Əlirza oğlu Əliyev Beyləqan rayonuna səfər etmişdir. (20-25.08.1971). Bu, Heydər Əliyevin Beyləqan rayonuna ilk səfəri idi. Heydər Əliyev səfər zamanı pambıq tarlalarını gəzmiş, əmək adamları ilə görüşmüş, öz tövsiyə və təkliflərini vermişdir.

     II SƏFƏR (20-21.07.1976).  Heydər Əliyevin Beyləqan rayonuna ikinci səfəri 20 iyul 1976-cı ildə olmuşdur. Səfər zamanı ulu öndər tarlaları gəzmiş, zəhmət adamları ilə görüşmüş, 3 nömrəli sovxozda olmuş, sovxozun pambıqçılıq briqadiri, Sosialist Əməyi Qəhrəmanı Sərdar İmrəliyevin və Lenin ordenli Əhməd Əhmədovun briqadalarında olmuş, əmək adamları ilə görüşmüş, söhbət etmişdir. İyulun 20-də rayon partiya-təsərrüfat fəallarının yığıncağında iştirak etmiş, nitq söyləmiş, kənd təsərrüfatının ayrı-ayrı sahələrində, xüsusilə ictimai heyvandarlığın inkişaf etdirilməsi və yem toplanışında yol verilmiş nöqsanlardan danışmış, öz rəy və təkliflərini vermişdir. Sonra isə Heydər Əliyev Respublika pambıqçılarının Beyləqanda (həm də Kürdəmirdə) keçirilən zona müşavirəsində iştirak etmişdir. 1976-cı il iyunun 20-21-də Jdanov və Kürdəmirdə keçirilən zona müşavirələrinin iştirakçıları dövlətə pambıq satışına dair götürdükləri öhdəliklərin müvəffəqiyyətlə yerinə yetirilməsini təmin etmək sahəsində qarşıda duran məsələlərə daha çox diqqət yetirmişdilər

     Müşavirələrdə rayon partiya komitələrinin birinci katibləri, rayon icraiyyə komitələrinin sədrləri, bütün pambıqçılıq kolxozlarının sədrləri, və pambıqçılıq sovxozların direktorları, kənd təsərrüfatı idarələrinin rəisləri, rayon komsomol komitələrinin birinci katibləri, Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyi rayon birləşmələrinin müdirləri, Xalq Nəzarəti komitələrinin sədrləri, pambıqtəmizləmə zavodlarının direktorları, nazirliklərin və Baş idarələrin rəhbərləri Azərbaycan KP MK-nın və Respublika Nazirlər Sovetinin məsul işçiləri iştirak etmişlər. Zona müşavirələrində Heydər Əliyev çıxış etmişdir: 

   - Ötən beşilliyi müvəffəqiyyətlə başa çatdırmış Respublikamızın əməkçiləri işlərinə yaxşı başlamışlar. Azərbaycan sənayesi ümumi məhsul istehsalının həcminə və onun satışına dair yarımillik tapşırığı artıqlaması ilə ödəmişdir. Kənd əməkçiləri dövlətə taxıl satışına dair xalq təsərrüfatı planını və qəbul olunmuş öhdəlikləri vaxtından xeyli əvvəl yerinə yetirmişdir. Bütün heyvandarlıq məhsulları növlərinin satışına dair yarımillik planlar artıqlamasılə ödənilmişdir. Baramaçıların da müvəffəqiyyətləri sevindiricidir; onlar nəinki illik planın öhdəsindən gəlmiş, həm də barama istehsalı üzrə müəyyən edilmiş səviyyəni ötüb keçmişlər. Keçən ildəkindən 45 min ton çox tərəvəz tədarük edilmişdir. Ümumittifaq fonduna 283 min ton tərəvəz göndərilmişdir, ki bu da planda nəzərdə tutulduğundan xeyli çoxdur...
     ...Tam əsasla demək olar ki, indi pambıqçılar üçün ən məhsul bir dövr başlamışdır. Çünki indi pambığa qulluq edilməsi sahəsində bütün aqrotexniki tədbirlər kompleksinin keyfiyyəti və səmərəliyi yüksək məhsul yetişdirilməsini qabaqcadan təmin edir. Pambıqcılıq sahəsində çalışan ən böyük təcrübəsi olan alimlərin, mütəxəssislərin və əməli işçilərin səylərini birləşdirmək lazımdır. Rayonların, təsərrüfatların rəhbərləri, briqadirlər işin təşkilinə şəxsən başçılıq etməli, ən qəti tədbirlər görməli və bir dəqiqənin belə hədər getməsinə yol verməməlidilər...
    ...Kənd əməkçilərinə mədəni, tiçarət, məişət və tibbi xidmətin necə təşkil edilməsinin də böyük əhəmiyyəti vardır. Buna görə də tarlalarda və tarla düşərgələrində lazımi qaydalarda xidmətin təşkil olunmasına daim nəzarət edilməlidir. Pambıqçıların və bütün kənd əməkçilərin yarışı mətbuatda, televiziya və radio verilişlərində geniş işıqlandırılmalıdır...
...Bu il pambıq yığımı dövrü yüksək məhsul yetişdirilməsinə pambıqçıların sərf etdikləri böyük əməyin nə qədər səmərəli və keyfiyyətli olduğunu göstərəcəkdir...
   ...Maşınlardan yüksək məhsuldarlıqla istifadə olunması yığımın müvəffəqiyyətini, onun maksimum qısa müddətə keçirilməsini xeyli dərəcədə təmin edəcəkdir. İndi texnikanın profilaktik yoxlanışını və təmirini sürətləndirmək və yaxın vaxtlarda onun hazır vəziyyətdə olmasına baxış keçirmək lazımdır. 1976-ci il maşınla pambıq yığımının təşkilində həqiqətən dönüş ili olmalıdır.

 Bütün nəqliyyat vasitələrini, lafetləri vaxtında qaydaya salmaq, pambığın qurudulması üçün asfalt meydançalar hazırlamaq lazımdır. Pambıq emalı zavodlarının və tədarük məntəqələrinin yeni məhsulun qəbuluna hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Bunun üçün həm Yüngül Sənaye Nazirliyinin, digər müvafiq təşkilatların rəhbərləri, həm də rayonların rəhbərləri məsuliyyət daşımalıdırlar. Məhsul qəbul edən kadrların qayğısına qalmaq, məhsulun mütəşəkkil və fasiləsiz qəbul olunması üçün lazım olan qədər işi yaxşı bilən, təşəbbüskar və etibarlı adamlar hazırlamaq lazımdır. Pambığın qəbulu zamanı düzgün olmayan hərəkətlərə və sui-isitifadə hallarına tamamilə son qoyulmalıdır. Həm pambıqçılıqda, həm də kənd təsərrüfatının bütün başqa sahələrində işin müvəffəqiyyəti yüksək mütəşəkkillikdən. Iş prosesində meydana çıxan bütün məsələləri kənd təsərrüfatı orqanları, kolxoz və sovxoz rəhbərlərinin operativ sürətdə həll etmək, kolxozçuların və sovxoz fəhlələrinin yüksək məhsuldarlıqla işləməsinə əngəl törədən maneələri vaxtında aradan qaldırmaq bacarığından asılıdır.
   Taxıl biçinini də ən yaxın günlərdə başa çatdırmaq və yem tədarükünü sürətləndirmək ümdə vəzifələrdəndir. Düşünürəm ki, bütün bu qayğılarımıza cavab olaraq pambıqdan və bütün kənd təsərrüfatı bitkilərindən bu il rekord miqdarda məhsul götürüləcək, İctimai heyvandarlığın məhsuldarlığı hər vasitə ilə artırılacaqdır...

   Heydər Əliyevin rayona səfərindən sonra isə Partiya Komitəsinin Büro iclası keçirilmişdir (29.07.1976). İclasda Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP. MK-nın birinci katibi Heydər Əliyevin rayonun partiya-təsərrüfat fəalları yığıncağında qarşıya qoyduğu vəzifələri bütünlüklə həyata keçirmək üçün rayon Partiya Komitəsinin kompleks tədbirlər planı təsdiq edilmişdir. Həmin planda pambıqçılıq, taxılçılıq, üzümçülük, heyvandarlıq, tikinti və abadlıq, partiya təşkilatı və ideoloji iş sahələrində konkret tədbirlərin qörülməsi qarşıya vəzifə kimi qoyulmuşdur.

Yuxarı