Sovet dövrü. İnzibati bölgülər

    SOVET DÖVRÜ. 1920-1939-cu illər. 1920-ci ilin aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinə sovet Rusiyasına hərbi təcavüzündən sonra Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı. 1922-ci dekabrın 30-da SSRİ yaranarkən Azərbaycan SSR ittifaqa daxil oldu, bu ittifaqın yaranmasında iştirak etdi. Azərbaycan xalqı 70 il sovet sosialist sistemi şəraitində yaşadı. 20-30-cu illərdə bolşevik, kommunist hakimiyyətinin zorakı, antibəşəri mahiyyətindən irəli gəlməklə, Azərbaycandan on minlərlə insan ədalətsiz olaraq repressiyalara uğradı, uzaq ellərə Orta Asiyaya, Qazaxıstana sürgün edildi, öz mülkündən, varından məhrum oldu, əzab-əziyyətlərə məruz qaldı. 1937-38-ci illərdə repressiyaları, 1947, 1948, 1949, 1950 və 1988-ci illərin deportasiyaları azərbaycanlıların həyatında ağır izlər buraxdı.
   Hələ çar Rusiyası dövründə Beyləqan ərazisi cəza məntəqəsi olmuş, uzaq Rusiyadan bu əraziyə yüzlərlə rus ailəsi köçürülmüşdü. Rusların Azərbaycana köçürülməsi əsasən XIX əsrin 30-40-cı illərdən başlamışdır. Belə ki Şimali Azərbaycan Rusiya tərəfindən ilhaq olunduqdan sonra Azərbaycanda müstəmləkəçilik siyasətini müvəffəqiyyətlə həyata keçirmək üçün Rusiyanın mərkəzi quberniyalarından Qafqaza, o cümlədən Azərbaycana minlərlə rus köçürüldü. Onlar əsas etibarılə rus pravoslav kilsəsi tərəfindən təqib edilən təriqətçilərdən (duxoborlar, molokanlar, subbotniklər və b.) ibarət idi. Azərbaycan ərazisinə köçürülənlər burada kəndlər salırdılar.

   Belə kəndlər indi ki Beyləqan ərazisində də salındı. Rusların Şimalı Azərbaycana ikinci dəfə köçürülmələri isə XX əsrin 20-ci illərinə təsadüf edir. Həmin dövrdə indiki Beyləqan ərazisinə xeyli rus əhali köçürüldü. Belə ki, Şimali Azərbaycanda sovet hökuməti qurulduqdan sonra ötən əsrin 20-ci illərində kəndlər istisna olmaqla, şoranlıq və düzən torpaqları olan Mil düzünə Sovet Rusiyasının mərkəzi vilayətlərindən sürgün olunmuş adamlar gətirildi. Kütləvi sürətdə sürgün olunmuş rus, tatar, molokanlar ərazidə yerləşdirildi. Sürgün olunmuş insanların yaşaması üçün “barak”lar tikildi, xutorlar yarandı. Bu gün də sürgün olunmuşların izi rayon ərazisində qalmaqdadır. Çar generalı Kovalenkonun Yuxarı Aranda saldığı bağ, sürgün olunmuşların (onların xeyli hissəsi yatalaq xəstəliyindən vəfat etdi) dəfn olunduğu qəbirstanlıq onların nişanələridir. Zaman keçdikcə əhalinin sayı çoxaldı, ərazidə Orconikidze kanalının çəkilişi də bu işə təkan verdi. Belə ki, sovet hakimiyyətinin ilk illərində Azərbaycanda yeni-yeni suvarma sistemləri yaradılmağa böyük suvarma kanalları çəkilməyə, sovxoz və kolxozların təşkilinə başlandı. Yeni çəkilən kanallardan biri də Orconikidze kanalıdır. Kanalın çəkilişinə 1924-cü ildə başlanıldı. Bu kanal ərazidə mövcud olmuş, monqollar tərəfindən dağıdılmış Gövurarxın yatağı əsasında çəkilirdi. Tərəkəmələrin ərazidə tam məskunlaşması da Mil düzündə Orconikidze kanalının çəkilişindən sonra oldu. Kanalın çəkilişindən sonra ərazidə əhali daimi məskunlaşmağa, daha çox əkinçiliklə məşğul olmağa başladı.

   Əkinçiliyin inkişafı da əhalinin çox hissəsinin məskunlaşmasına səbəb oldu. Uzun illər susuz qalmış Mil düzündə həyat qaynamağa başladı. Mil düzü canlandı, yeni-yeni əhali kütləsi gəlib burada məskunlaşdı. Əhalinin toplum halında yaşadıqları ərazilər rus rəqəmləri ilə göstərildi: “Pervıy” (1-ci), “Vtoroy” (2-ci), “Şestoy” (6-cı), “Sedmoy” (7-ci) və s. Azərbaycan SSR-i də kəndli təsərrüfatlarını kütləvi şəkildə kollektivləşdirmək sahəsində işə başlandığı zaman, ərazidə ilk sovxozlar yaradıldı, onlar da rus rəqəmləri ilə adlandırıldı və mərkəzdən idarə olundu. Orconikidze kanalı çəkildikdən sonra Mil düzündə yaranan ilk dövlət təsərrüfatı 5 nömrəli sovxoz Mil sovxozlar qrupunun mərkəzi kimi formalaşdı (1927). Sovxozun tərkibində 1,2,3,4,5 və 6 nömrəli şöbələr fəaliyyət göstərirdi. Sonralar həmin şöbələr 5 nömrəli sovxozdan ayrılıb müstəqil sovxoza çevrildi (1932-1934). Artıq 193-cu illərin sonundan hər şöbə ayrıca bir sovxoz kimi fəaliyyət göstərdi.
    Ərazidə pambığın əkilib-becərilməsi çoxlu işçi qüvvəsi tələb etdiyindən əhalin əksər hissəsi oturaq həyata keçməyə başladı. Bunun üçün kolxozçular arasında oturaqlığın köçərilikdən üstün olduğu haqda kütləvi izahat işi aparıldı.

    Kollektivləşmə dövründə rayonda kolxoz və sovxozlar yaradıldı, əhali köçəri həyatdan oturaq həyata keçdi. Kolxoz idarə heyətləri sadə tipli evlər (çovstanlar) tikilməsində kolxozçulara kömək etdi. Beləliklə, ərazidə məskunlaşan əhali heyvandarlıqla yanaşı əkinçiliklə də geniş məşğul olmağa başladı. Rayonda məktəblər açıldı, əhali təsərrüfatla daha geniş şəkildə məşğul olmağa başladı.

     İNZİBATİ BÖLGÜ (1918-1920). Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisi 113895,97 kv.km idi. Bunun 97298 kv. km-i mübahisəsiz ərazi, 16,6 min kv. km-i isə Ermənistan (7,9 min kv. km) və Gürcüstanla (8,7 min kv. km) mübahisəli ərazi idi. Azərbaycanla Rusiya arasında da iddialı ərazi (Dərbənd ərazisi) vardı. Dövlətin qərb sərhədləri Göyçə gölündən keçirdi və mübahisəsiz sahələrinin ərazisi quberniyalara, qəzalara (16), dairələrə (2) və məntəqələrə bölünmüşdü. Həmin ərazilərdə mövcud olmuş əvvəlki ərazi bölgüsü qalırdı; yeganə dəyişiklik Göyçə gölünün şərq hissəsində təsis olunmuş “Göyçə dairəsi” idi. Həmin dövrdə dövlətin tərkibindəki mübahisəsiz əraziləri inzibati ərazi bölgüsü aşağıdakı kimi idi;
     * Bakı quberniyası (sahəsi 39.075 kv. km) – Tərkibinə Cavad (Salyan), Lənkəran, Göyçay, Şamaxı və Quba qəzaları daxil idi.
    *Gəncə quberniyası (sahəsi 44.371 kv.km) – Tərkibinə Gəncə, Şamxor (Şəmkir), Qazax, Tovuz, Nuxa, Şuşa, Ağdaş (Ərəş), Cavanşır (Tərtər), Cəbrayıl, Zəngəzur qəzaları daxil idi.
    *Zaqatala dairəsi (sahəsi 3.993 kv. km) – Tərkibinə Əliabad, Car-Muxax, Qax, Almalı, Balakən sahələri daxil idi. Tərkibində qəzalar yox idi.
    *Əvvəllər İrəvan quberniyasısın tərkibində olmuş Naxçıvan və Şərur–Dərələyəz qəzaları (sahəsi 9,859 kv.km)
   Cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti Şimali Azərbaycan torpaqlarının mühafizəsini həyata keçirə bildi və Azərbaycanın bütövlüyünü əsasən qoruyub saxladı.

    İndiki Beyləqan rayonun ərazisi də bu dövlətin tərkibində idi və ərazinin bir hissəsi Bakı quberniyasının (Cavad qəzası), başqa bir hissəsi isə Gəncə quberniyasısnın (Karyağın və Şuşa qəzaları) tərkibində idi.
Quberniyalar 1920-ci ildə ləğv olundu. Qəzaların əksəriyyəti isə 1929-cu ildəki inzibati-ərazi islahatına kimi mövcudiyyətini davam etdirdi.

    İNZİBATİ BÖLGÜ  (1920-1930). Quberniyalar aprel çevrilişindən sonra (1920), qəzalar isə 1929-1930-cu illərdə ləğv olundu və rayonlaşma sistemi tətbiq olundu.
Ötən əsrin 20-ci illərinin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın təxminən 114000 kv. km ərazisi var idi. Onun 97298 kv. km-i mübahisəsiz, 16,6 min km-i isə mübahisəli ərazilər hesab olunurdu. Sovetləşmənin ilk illərində ərazi məsələlərinin birtərəfli, daşnak-bolşevik sayağı həlli nəticəsində mübahisəli ərazilər bədnam qonşularımızın ixtiyarına keçdi və bundan əlavə 11000 kv. km ərazimiz Ermənistana verildi. Buraya əsasən Zəngəzur qəzası, Şərur-Dərələyəz qəzası, Qazax qəzasının dağlıq qismi və Göyçə dairəsinin torpaqları daxil idi. Beləliklə, həmin illərdə Azərbaycan 27599 kv. km ərazi itirdi.
     XX əsrin 20-ci illərinin sonunda Azərbaycanda inzibati ərazi bölgüsü baxımından dəyişikliklər aparıldı və rayonlaşdırma sistemi həyata keçirildi. 1928-ci ilin oktyabrında Azərbaycan SSR XKS bu məsələni müzakirə edərək ona tərəfdar çıxdı. Həmin layihəyə əsasən qəzaların ləğvi lazım bilindi və rayonlaşdırılmanın əsasında üçdərəcəli bölgü – dairə, rayon, kənd soveti – qoyuldu. . VI Ümumazərbaycan Sovetlər Qurultayında (1-9.04.1929) qəbul olunmuş müvafiq bölgüyə əsasən yeni inzibati sistem tətbiq olundu.

   Yeni rayonlaşdırmaya qədər respublikada 15 qəza – Ağdam, Ağdaş, Gəncə, Göyçay, Cəbrayıl, Zaqatala, Qazax, Quba, Kürdüstan, Lənkəran, Nuxa, Salyan, Şamxor, Şamaxı və Bakı qəzaları. Eyni zamanda Naxçıvan MSSR və DQMV mövcud idi. Yeni inzibati bölgüyə əsasən 15 qəza əvəzinə 8 mahal (Naxçıvan MSSR və DQMV-dən başqa) – Qarabağ, Gəncə, Şirvan, Zaqatala-Nuxa, Quba, Lənkəran Salyan və Bakı təşkil olundu. 62 dairə, 1090 kənd soveti yaradıldı. Beyləqan ərazisi Qarabağ və Salyan mahallarına daxil idi.
    1930-ci ilin avqustunda Azərbaycan SSR XKC və MİK-in qərarı ilə dairələr (Zaqatala dairəsindən başqa) dairələr ləğv olundu. İnzibati-ərazi bölgüsünün əsas həlqələri olan rayonların sayı 63-ə çatdırıldı.
   1932-ci ildə rayonların sayı 47-yə enmişdi (Naxçıvan MSSR və DQMV-dən başqa), 50-ci illərə kimi respublikada Qubadlı (1933), Mirbəşir (1934), Yevlax, Zərdab (1935), Ucar, Jdanov (1939), Saatlı (1943) və s. rayonlarda təsis olundu.

    İNZİBATİ BÖLGÜ (1930-1939). Azərbaycanda inzibati ərazi bölgüsündə dəyişikliklər edilməsi ilə bağlı Azərbaycan SSR Ali Sovetinin qərarları ilə Ağcabədi (08.08.1930) Qaradonlu (08.08.1930) və Karyagin (08.08.1930) rayonları yaradıldı. İndiki Beyləqan rayonuna tabe olan yaşayış məntəqələri hər üç rayonun tabeliyinə verildi. Ağcabədi rayonun Kəbirli kənd sovetində Kəbirli, Təzəkənd kənd sovetində Təzəkənd, Qaradonlu rayonundakı Eyvazalılar kənd sovetində Aşıqlı, Bünyadlı, Eyvazalılar, Əlinəzərli, Əmiralılar, İmamverdilər, Savalanlı, Tatarlar, İmişli kənd sovetində Qaralar, Xalac kənd sovetində Aşıqalılar, Bala Çəmənli, Böyük Çəmənli, Dünyamalılar, Gödəklər, Qaradağlı, Xalac, Karyağın, rayonundakı Şahsevən kənd sovetində Əmirzeyidli və Şahsevən kəndləri vardı(1930-1939). Bir neçə il sonra ərazidə əhali artdığı üçün Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ağcabədi, İmişli və Karyağın (indiki Fizuli) rayonlarının bəzi əraziləri birləşdirərək yeni Jdanov rayonu yaradıldı (24.01.1939). Rayon Ağcabədi, İmişli və Fizuli rayonlarından alınmış kəndlərdən, yerli kənd və yeni salınmış sovxozlardan təşkil olundu. Mildə yaradılmış bu rayona partiya və dövlət xadimi A.A.Jdanovun adı verildi. Mil sovxozlar qrupunun 5 nömrəli sovxozunun fəhlə qəsəbəsi mərkəz oldu və Jdanov qəsəbəsi adlandırıldı. Yeni yaradılmış Jdanov rayonunun ərazisinə aşağıdakılar daxil edildi:

    *Ağcabədi rayonundan 3 və 5 nömrəli pambıqçılıq sovxozları, 4 və 6 nömrəli pambıqçılıq-toxuculuq sovxozları, 5 heyvandarlıq sovxozu, (“III Beynəlmiləl”, “Ali Sovet”, “Budyonnı”, “Voroşilov”, “Sosializm qələbəsi”) və Mil MTS.
     *İmişli rayonundan – Xalac kənd soveti (Əhmədli, Aşıqalılar, Aşağı Çəmənli, Yuxarı Çəmənli, Qarabağlı, Dünyamalılar, Gödəklər kəndləri və Xalac stansiyası).
     *Karyağın rayonundan – Şahsevən kənd soveti (Şahsevən və Əmirzeyidli kəndləri, Daşburun stansiyası və Milstroy qəsəbəsi)
     Jdanov rayonunun yaradılması ilə bağlı fərmanı Azərbaycan SSR Ali Sovetinin sədri Mirbəşir Qasımov və Azərbaycan Ali Sovetinin katibi Əziz Əliyev imzalamışdır.

 

Yuxarı