Qədim yaşayış məskənləri

     YAŞAYLŞ MƏSKƏNLƏRİ VƏ EVLƏR.
Azərbaycanda bəşər tarixinin ayrı-ayrı mərhələlərində yaşayış məskənlərin müxtəlif tip və formaları mövcud olmuşdur. Şimali Azərbaycan ərazisi özünün landşaft-relyef quruluşuna görə dağlıq, dağətəyi və düzənlik ərazilərdən ibarətdir. Dağlıq ərazi təbii-iqlım şəraitinə, flora və faunasına görə zəngin olduğundan, ölkənin ən qədim sakinləri məhz burada – təbii mağaralarda məskunlaşmışlar (Azıx, Tağlar, Qobustan, Qazma, Aveydağ mağaraları). Tarixin sonrakı mərhələlərində yaşayış məskənlərin yeni bir tipi- süni mağara məskəni yarandı.
    İctimai inkişafın sonrakı mərhələlərində Azərbaycanın dağətəyi və düzənlik ərazilərində də məskunlaşma prosesi getdi. Əkinçi və maldar qəbilələrin formalaşması nəticəsində Azərbaycanın düzən və dağətəyi ərazilərində yeni-yeni qəbilə məskənləri yarandı və inkişaf etdi. Əkinçiliklə məşğul olan tayfalar süni suvarma qaydalarına yiyələndiyindən çay, arx və ya kannaların ətrafında, maldarlıqla məşğul olanlar isə otlaqlarla zəngin olan ərazilərdə məskən saldı. Azərbaycanın dağətəyi və düzən bölgələrində aşkar olunmuş eneolit və dəmir dövrünə aid çoxsaylı yaşayış məskənlərinin izləri buna əyani sübutdur.   

   Azərbaycanın yaşayış məskənlərinin tarixən yaranmış sosial-iqtisadi tipləri kənd oba, şenlik, binə, yurd, düşərgə, qışlaq, yaylaq, dəkkə, dəngə, sığırxana, yataq və s. müvəqqəti elat yaşayış məskənlərindən ibarətdir. Azərbaycanda ən geniş yayılmış yaşayış məskəni kənd olmuşdur.   

  “Kənd – oturaq əhaliyə məxsus daimi yaşayış evləri, təsərrüfat tikililəri, həyətyani sahələri, inzibati, sosial-mədəni və dini mərkəzləri, ümumi otaqları, əkin sahələri, içməli suları, ayrıca qəbiristanlığı olan və əhalinin etnik tərkibinin ümumiliyi ilə xarakterizə olunan tarixən formalaşmış məskəndir. Kənd, bir qayda olaraq, poligen (bir-birinə qohum olmayan bir neçə nəsildən ibarət əhalinin yaşayış məskəni) xarakter daşıyır və əhalinin sayı, şəhər istisna olmaqla, digər məskən tiplərindən daha çoxdur. Poligen xarakterli kəndlər hərəsi bir məhəllə təşkil edən qohum patronimik qruplardan (tayfa, basalaq, tirə, nəsil, təbəh, əqraba, ocaq, dəngə, evləri, çilək, ovladı, uşağı və s) ibarət idi və hər birinin əkin sahəsi, örüşü, biçənəyi, meşəliyi, axmaz və cələsi ilə hüdudlanan həddi olurdu”.
     İctimai inkişaf sonrakı gedişində qohumluq prinsiplərinə əsaslanan kəndlərdə baş verən dəyişikliklər onların böyüyərək qarışıq tərkibli kəndlərə çevrilməsinə səbəb oldu. Belə kəndlər patronimik ailələrin böyüyərək parçalanması, orta əsrlərdə çoxsaylı əhali qruplarının Azərbaycan ərazisinə miqrasiyası, müxtəlif obyektiv tarixi səbəblər üzündən ölkə daxilində əhalinin köçməklə yerdəyişməsi nəticəsində meydana gəldi. Qohumluq prinsipi əsasında məskunlaşma prosesi getdikcə zəiflədi, yaşayış məskənlərin salınmasında qonşuluq prinsipləri üstünlük təşkil etdi. Qarışıq tərkibli kəndlərin yaranması çar Rusiyasının Azərbaycanı işğal etməsindən sonra (XIX əsrin ilk onilliklərində) Şimali Azərbaycan ərazisinə kütləvi şəkildə ermənilərin, almanların, rusların və başqa xalqların köçürülməsi nəticəsində belə kəndlər yarandı.

     Oba - XIX əsrdə həm maldar icma üzvlərinə məxsus xüsusi qurum (birlik), həm də oturaq əhalinin müvəqqəti yaşayış məskəni idi tədricən daimi yaşayış məskəninə - kəndə çevrildi. Obalar, bir qayda olaraq, maldarlıq təsərrüfatının yaylağa və qışlağa köçməsi ilə əlaqədar meydana gəlirdi. Daimi yaşayış məskənlərindən – kənddən nisbətən aralı salınır və qohum ailələr məskunlaşırdı. Otlaqlardan səmərəli istifadə etmək məqsədilə istər yaylaqlarda, istərsə də qışlaqlarda obalar xırda vahidlərə - dəngələrə bölünür, dəngələr isə bir-birindən “otarası” adlanan mərzlərlə ayrılırdı.  

    Şenlik (şennik) da oba kimi qədim tarixə malik yaşayış məskənidir. Lakin ailə üzvlərinin sayına görə ondan kiçik idi. Şənlik əsasən qohum nəsillərdən yaranırdı.    

    Bİnə - müvəqqəti yaşayış məskənlərinin rüşeym tipi olaraq bu və digər kəndin salınmasında ilkin mərhələ təşkil edirdi. Binə XIX əsrdə Azərbaycanın dağlıq bölgələrindəki kəndlərin əksəriyyətində mövcud idi. Maldarlıqla məşğul olan əhali tərəfindən kəndin yaxınlığında salınan təsərrüfat tikililəri (yataq, tövlə, pəyə, xalxal, banistan və s.) binə adlanırdı. Binədə ailələrin sayı artdıqca tədricən təsərrüfat tikililəri və yaşayış evləri də inşa edilirdi. Bu tikililər çoxaldıqca Binə daimi yaşayış məskəninə çevrilirdi.    

    Qılaq – sığırxana, yataq və yaşayış evləri özündə birləşdirən müvəqqəti yaşayış məskənidir. Qışlaq əsasən qış aylarında yaşayış üçün nəzərdə tutulan ərazi, otlaq sahəsidir. İlin 8-9 ayını qışlaqlarda keçirən Beyləqanın maldar elatları yalnız yay aylarında yaylaqlara qalxardılar. Qışlaq daimi və kəndə keçidin son mərhələsi hesab olunurdu.
    Beyləqan ərazisi də maldar, köçəri ellərin qışlaq yeri olmuşdur. Azərbaycanda geniş yayılmış müvəqqəti yaşayış məskənlərindən biri də yaylaqdır. İlin 3-4 ayını yaylaqda keçirən maldar elatlar yüksək alp çəmənliklərində yerləşən yaylaqlarda alaçıq və dəyələrdə yaşayırdılar. Beyləqan əhalisi də yazın son ayında yaylaqa köçər, su mənbələrinə yaxın yurd salardı. Adətən bir neçə qohum ailə bir yerdə yurd (yaylaq) salır, bəzən də varlı ailələr ayrıca yaylaqlara düşərdi. Qohum ailələrin bir neçə il dalbadal düşdükləri yurd yerləri – yaylaqlar ailə başçısının, bəzən də onların təmsil etdikləri kəndlərin adı ilə adlanırdı (Aşıqlı yurdu, Fərman yurdu və s) .

    Müvəqqəti yaşayış məskənlərinin bəziləri (binə, oba, yataq, qışlaq, sığırxana və s.) təxminən maldarlıq təsərrüfatının inkişafı ilə bağlı idi və daim yaşayış məskəni olan kəndin yaranmasında müəyyən mərhələ təşkil etdi. Qışlaq yerinin daimi məskənə - kəndə keçid təşkil etdiyini bəzi kənd adlarının tərkibində “qışlaq” komponentinin olması da təsdiq edir (Zəngilanın, Günqışlaq, Qəbələnin Aydınqışlaq, Goranboyun Başqışlaq, Qazağın Düzqaşlaq, Köhnəqıçılaq kəndləri).
   Beyləqanda böyük ailələrin kiçik qruplara parçalanması əhali artımı, yiğcam tərkibli kəndlərdə torpaq çatışmazlığı və s. yeni yaşayış məskənlərin əmələ gəlməsinə səbəb oldu. Bəzən ana kənddən ayrılan törəmə kəndlər öz əvvəlki ad mənsubiyyətini qoruyub saxlayır, bəzən də ya kənd adlarına, ya da ana kənddən ayrılam tayfa adlarına xüsusi komponentlər (oba, binə, məzrə, düzə və s.) əlavə olunurdu. Xalac və Çəmənli kəndlərindən ayrılan bir neçə nəsil yaxın ərazilərdə yurd saldı, yaranmış kəndlər həmin nəsillərin adları ilə adlandı (Dunyamalılar, Yuxarı Çəməlı və Aşağı çəmənli).  

    Beyləqan ərazisində şəhərtipli məskənlər də mövcud olmuşdur. Tarixi məlumatlar Beyləqan torpaqlarında şəhər mədəniyyətinin, şəhərtipli ilk yaşayış məskənləri e.ə. I minilliyin əvvəllərində meydana gəldiyini sübuta yetirir. Beyləqan ərazisində olan qədim şəhərlər (Paytakaran, Yunan) karvan-ticarət yolları üzərində yerləşirdi, şəhər məişət tərzinə tam uyğun idi. Azərbaycanın feodal tipli şəhərləri sırasında əsas yer tutan Təbriz, Bakı, Şamaxı, Gəncə, Naxçıvan, Bərdə, Dərbənd, Qəbələ, Şabran, Şəki ilə yanaşı Beyləqan da var. Onların memarlıq-planlaşdırma quruluşlarında bir sıra ümumi cəhətlər var. Beyləqan şəhəri digər şəhərlər kimi “ərk” (içqala, narınqala), “şəhristan” (əsilzadələrin yaşadığı hissə) və “rabat” (sənət və ticarət hissəsi) adlı üç bölmədən ibarət idi. Şəhərin “ərk” hissəsində hakimin sarayı və başqa əsas rəsmi binalar, onlar üçün ayrılmış sahələr vahid planlaşdırma kompleksi şəklində istehkam divarları ilə əhatə olunaraq yerləşirdi. “Şəhristan”, adətən həm müdafiə, həm də xarici görkəm baxımından şəhərin əhəmiyyətli və gözəgəlimli sahəsində yerləşirdi. Şəhərin “rabat” hissəsində yaşayış, ticarət və sənətkarlara məxsus binaların yerləşdiyi mürəkkəb və qarışıq küçə şəbəkəsi ilə ticarət-sənət cərgələri – çarşı və dalanlar, bazarlar, karvansaralar yerləşirdi. Şəhərtipli yaşayış məskənləri məhəllələrə bölünür, məhəllələr şəhərin bir neçə bölməsini əhatə edirdi. Əhalinin rahatlığı üçün hər məhəllədə məscid, hamam, mədrəsə, bazar və başqa ictimai və dini səciyyəli binalar inşa edilirdi. Beyləqan şəhərində yaşayış evlərinin fasadı həyətə istiqamətlənmişdi və küçə divarı bütöv idi.

    XX əsrin 30-cu illərindən başlayaraq yeni sosial münasibətlər və təsərrüfat formalarının yaranması ilə əlaqədar xalq yaşayış məskənlərin yeni tipi – kolxoz və sovxoz qəsəbələri salındı. Beyləqan ərazisində də belə qəsəbələr salındı (1,2,3,4,5 və 6 nömrələri sovxoz qəsəbələri).
    Yaşayış məskənləri əkinçilik, əkinçilik-maldarlıq və maldarlıq tiplərinə bölünür. Mil-Muğan və Qarabağ düzənlikləri suvarma əkinçiliyi üçün əlverişli olduğundan, burada məskunlaşma düzənlik və caykənarı (arxkənarı) ərazilərdə oldu. Köçəri maldarlıq təsərrüfatı ilə bağlı müvəqqəti məskunlaşma Mil və Qarabağ düzündə qışlaqlarda və yüksək dağlıq ərazilərdə yaylaqlarda oldu.
    Azərbaycanın yaşayış məskənləri relyef üzrə yamac, yarımyamac, vadi və düzənlik yaşayış məskənləri olmaqla dörd qrupa bölünür. Dağlıq və dağətəyi bölgələr üçün səciyyəvi olan yamac tipli kəndlərin əsas xüsusiyyəti onların dağın küləkdən və çovğundan mühafizə olunan güney səmtində salınmışdır.

    Beyləqan düzənlik yerdə olduğundan böyük kənd yaşayış məskənləri düzənlik yerlərdə salınır, aran kəndləri adlanırdı. Bu kəndlər sahəcə böyük ərazidə yerləşir, həyətyani sahələri geniş olur, təsərrüfat tikililəri, yaşayış evi, məhəllələr isə bir-birindən xeyli aralı salınır və sərbəst yerləşir, məişət bölməsində talvar-kölgəlik yaradılır.
     Kənd yaşayış məskənləri forma baxımından koma-koma, pərakəndə (dağınıq), sıx-qarışıq tərkibli yığcam kəndlərə bölünür (dairəvi və cərgəvi kəndlərdə vardır).
    Koma-koma kəndlərdə yaşayış binaları və təsərrüfat tikililəri ayrı-ayrı qruplar şəklində tikilir bir-birindən müəyyən məsafədə yerləşir. Belə kəndlərin formalaşmasında patronimik münasibətlərin (qan doğulduğu ilə birləşən icma üzvlərinin bir yerdə yaşamağa can atması), təbii-coğrafi şərait və ərazinin topoqrafik quruluşunun, həcminin iqtisadi amillərin (təsərrüfat fəaliyyətinin istiqaməti, məişət tərzi və s) mühüm rolu olur.
   Sıx-qarışıq tərkibli yığcam kəndlər dağlıq və düzənlik ərazilərdə yarandı. Bu kəndlər böyük patriarxal ailələrin dağılması nəticəsində meydana gəlir, öz yaşayış evlərini məhəllə daxilində tikir. Düzənlik ərazilərdə sıx-qarışıq tərkibli yığcam kəndlər böyük ailələrin parçalanması nəticəsində yaranan yeni ailələrin məhəllə çərçivəsinə sığır və digər nəslin qonşuluğunda məskən salırdı. Cərgəvi formalı kəndlər təbii yarğan, qobu, çay, arx, dəmir yolu və magistral yolları kənarı boyunca salınır. Belə kəndlərdə yaşayış binaları bəzən yolun (arxın, çayın və s.) bir tərəfli, bəzən də hər iki tərəfli boyunca cərgəvi formada düzülür. Cərgəvi formalı kəndlər də həm dağlıq, həm də düzənlik ərazilərində mövcud olmuşdur. Beyləqan ərazisində də bu formalı kəndlər vardır. Daşburun və Xalac dəmir yolu stansiyaları, Qarabağ və Orconikidze kanalları kənarında belə kəndlər vardır.

    Yaşayış məskənlərinin plan quruluşunda həyətlər də var. Düzbucaqlı, çoxbucaqlı, formasız olan kəndli həyətləri üç bölmədən ibarət idi: yaşayış və təsərrüfat tikililərin yerləşdiyi inşaat bölməsi, onların qarşısında yerləşdirilən məişət-istehsal bölməsi, əkin-dirrik sahəsi və meyvə ağaclarının salındığı yaşıllıq bölməsi. Bu bölmələr arasında (tapan, qarğı (qamış) çəpər, çubuqhörmə və s) əlaqəni təmin etmək üçün isə kiçik qapı, çax-çax və addamac qoyulurdu. Həyətlərin ətrafına hasar (barı, çəpər) çəkilirdi. Hasarın çəkilməsində qarğı, qamış, daş, çiy kərpic, kol, çubuq, möhrə, ağac və s. kimi yerli materiallardan istifadə edilirdi (payalı çəpər, payalı-xəndəkli çəpər, dik çəpər, sındırma çəpər, hörmə çəpər, əkmə çəpər, təppə çəpər, çax-çax çəpər, tapan çəpər, darava, basma çəpər, çilçat çəpər, qara barı, möhrə barı, kərpic barı, daş hasar, daşqura hasar və s.). Həyətə giriş yolu doqqaz (pospələnd), çax-çax (adamac) və darvaza (alaqapı) formasında olur.
     Azərbaycanda ən qədim məskən tipləri təbii və süni mağaralar (zağa, pənah, daran, kaha, kühül, sınaq, dəlmə). Belə mağaralar həm də ibtidai insanların ilk sığınacaq yerləri – evləri idi. Süni mağaralar tədricən qazma tipli evlərlə əvəz olundu. Daş hörgünün meydana gəlməsi isə qazma və yarımqazma tipli evlərin yaranmasında mütərəqqi rol oynadı. Böyük patriarxal ailələr üçün nəzərdə tutulmuş qaradam tipli yaşayış evləri də olmuşdur. Qaradamlar tədricən aradan çıxdı, yerüstü evlərin yeni-yeni tipləri meydana gəldi.
    Aran kəndlərində yüngül konstruksiyalı evlər üstünlük təşkil edir. XIX əsr – XX əsrin əvvəllərində çubuqdan, qarğı və qamışdan tikilən yüngül konstruksiyalı bu evlər Naxçıvan, Qarabağ, və Cənubi Azərbaycan bölgələrində “çovustan”, Qərb bölgəsində və Gəncəbasarda isə “qarğıdurma” adlanırdı.

    XIX əsr – XX əsrin əvvəllərində Şimali Azərbaycanda geniş yayılmış yaşayış evlərinin bir qismini möhrə (palçıq) tipli evlər təşkil edirdi. Bu tip evlər bəzən 30-40 sm hündürlükdə çay daşından hörülmüş bünövrə üzərində, bəzən də bilavasitə yer səthindən başlayaraq tikilirdi. Beyləqan ərazisində də bu tipli evlər tikilirdi.
     XIX əsrin sonlarından başlayaraq Azərbaycanda xalq arasında “işıqlı ev”, “ağ otaq”, “tənəbi ev”, “aynabəndli ev”, “imarət”, “malikanə”, “mülk” və “qəsr” kimi adlarla məlum olan, iqtisadi cəhətdən təminatlı şəxslərə məxsus daha mürəkkəb quruluşlu evlər meydana gəldi. Adətən belə evlər hündür daş hasarlarla əhatələnir, giriş və ya alaqapılarla təchiz olunur, sıra tağları, sıra sütunları daş şəbəkəli qapı və pəncərələri ilə diqqəti cəlb edirdi. Kənd yerlərində nadir hallarda tikilir və çoxotaqlı, kürsülü, aynabəndli (siyirtmə şəbəkəli), ikimərtəbəli, əksər hallarda isə çatmadam örtüklü olurdu. Beyləqan ərazisində bu tip evlər XX əsrin əvvəllərindən tikilməyə başladı.

     Maldar elatlara məxsus olan və müxtəlif adlar daşıyan müvəqqəti yaşayış evləri (alaçıq, koma, dəyə, muxru, qarakeçə, dünlüklü ev, kolux mağardəyə və s.) də var. Müvəqqəti yaşayış evləri əsasən, yaylaq şəraitində inşa olunur, asanlıqla sökülüb-yığıla bilirdi.
    Etnoqrafik araşdırmalar göstərir ki Şimali Azərbaycanın maldar elatlarının istifadəsində olan müvəqqəti yaşayış evlərinin müxtəlif variantları içərisində dəyə (Şirvanda-qarakeçə) və alaçıq üstünlük təşkil edirdi. Dəyə həm ölçüsünə, həm də tikilmə üslubuna görə alaçıqdan fərqlənirdi. Həcminə görə alaçıqdan kiçik olan dəyə, möhkəmliyinə görə də ondan geri qalırdı. Alaçıq və dəyə eyni müvəqqəti yaşayış evinin iki müxtəlif növüdür. Alaçıq və dəyənin içərisində “nəmi”, yaxud “bucaq” deyilən xüsusi yer düzəldilir, burada heyvandarlıq məhsulları və ərzaq saxlanılırdı.
     “Adətən, belə evlərə daxil olduqda ilk dəfə adamın gözünə bir-birinə söykənmiş mis qabların uzun cərgəsi, sonra yan-yana qoyulmuş xalçalar, keçələr və barxana dəyir. Yerdə, evin ortasında ocaq qalayıb yemək hazırlayır, çörək bişirir və qışda isinirlər. Giriş yolu ilə üzbəüz arxa divar boyu alcaq taxt yerləşdirilir, üstünə paltar yığılmış yun məfrəşlər qoyulur, divardan isə silah asılır”.
    Yerüstü evlərdə müxtəlif məqsədlər üçün düzəldilmiş divar açırımları (taxta, zeh, və ya rəf, divar şkafı, yük yeri, dolab, buxarı və s.) mövcud idi. Ailə məişəti üçün səciyyəvi olan bütün proseslər (yemək, yataq, dincəlmək və işləri görmək və s.) döşəmə üzərində həyata keçirilir, döşəmə saman qatılmış palçıqda qalın suvanır, suvaq quruyandan sonra onun üzərinə və divarlara ağ gildən şirə çəkilirdi. Şirələnmiş döşəməyə, ev sahibinin maddi imkanından aşlı olaraq keçə, palaz, cecim, həsir, kilim, xalça, gəbə və s. salınır, üzərinə aşılanmış qoyun dərisindən ayaqaltı qoyulur, mütəkkə, balış və döşəkçələr (nalça, nimdər) düzülürdü.

    Yaşayış evlərində yük yeri (camaxatan) olurdu. Pəyə, qazma və qaradam tipli evlərdə yük yeri daş, kərpic və ya ağac dayaqlar üzərində qurulan yükaltılardan, yerüstü evlərdə isə divar açırımlarından ibarət olurdu.
   Evlərdə taxça düzəldilir, ev avadanlıqları, qiymətli şeylər, qadın zinətləri, içərisində xeyir-şər libasları qoyulan və bahalı parçalardan hazırlanan paltar boğçası saxlanılırdı. Qab-qacaq, azuqə, çay və xörək dəsgahı taxçanın bir növü olan dolabda (dulada) saxlanılırdı. Müxtəlif mətbəx avadanlığı yığmaq üçün evin yan divarları boyunca rəf (zeh, ləmə) düzəldilirdi.
    Evlərdə xörək hazırlamaq və evləri qızdırmaq məqsədilə buxarı düzəldilirdi. Yaşayış evlərinin qızdırılmasında ilk əvvəl orta ocağı, buxarı-tənəkə (çuqun sobalar), kürsü (gil, kürə, manqal), sonralar qaz sobaları və buxarla işləyən müasir istilik sistemlərindən istifadə edilirdi. Evlərin qızdırılmasında yanacaq kimi odun, kərmə (qırma), təzək və neftdən geniş istifadə olunurdu.
    Yaşayış evlərində anbar kimi kəndi, iri sandıq (yaxdan), çubuq, və ya qarğıdan düzəldilmiş, yaxud ipdən hörülmüş qaşıqlıq, məhrəba asmaq üçün ağacdan üçbucaq formasında düzəldilmiş asılqan, iynə-sap qoymaq üçün iynədan, divara vurulan xalçaların üzərinə bənd edilən müxtəlif naxışlı əl tikmələri və s. məişət əşyaları da yer tuturdu. Evlərin yığışdırılmasında və süpürülməsində “tuğ” adlanan kiçik süpürgələrdən geniş istifadə olunurdu.
     Evlərin daxili sahmanında işıqladırma məsələsi də başlıca yer tuturdu. XIX əsrdə evlərin süni işıqladırılmasında gecələr orta ocağından, ucu alovlu kösövdən, buxarıda yanan ocağın şöləsindən, gündüzlər isə qapı və pəncərə açırımlarından, dam bacasından, sonralar müxtəlif yağlı bitkilərdən (palıd, tozağacı, gərməşov və s.), mazut və qara neftlə işləyən qaraçıraqdan çıraqlar, XX əsrin əvvəllərinə yaxın şüşəli lampalar, fənərlərdən, “yeddilik”, “onluq”, otuzluq lampa növlərindən istifadə olunurdu.

   XX əsrin əvvəllərinə qədər xalq yaşayış evlərinin böyük əksəriyyətində, demək olar ki, mebel olmamış, varlı ailələrdə “taxt” adlanan ağac çarpayılar, ağacdan düzəldilmiş masa, kətil və s. avadanlıqlara təsadüf edilmişdir.   

    BEŞİNCİ ÇARDAXLI YAŞAYIŞ YERİ – ölkə əhəmiyyətli tarixi-arxeoloji abidə (III- IX əsrlər). Yuxarı Çəmənli kənd yaxınlığında, təpədə qədim yaşayış yeri. Ərazi əkinçilik üçün əlverişli olduğundan həmin çağda əkinçi tayfalar burada məskunlaşmış idilər. Təpədə bir ədəd təndir aşkar edilmişdir.

    BİRİNCİ-DÖRDÜNCÜ ÇARDAXLI YAŞAYIŞ YERİ – ölkə əhəmiyyətli tarixi-arxeoloji abidə (ilk tunc dövrü, XI-XIII əsrlər). Aşağı Çəmənli kəndi yaxınlığında (1,5 km qərbdə) qədim yaşayış yeri. İnventar nömrəsi 849.     

    BİRİNCİ SULTANBUD YAŞAYIŞ YERİ – ölkə əhəmiyyətli tarixi-arxeoloji abidə (tunc dövrü). Dunyamalılar kəndi ərazisində, Bahar qəsəbəsindən şimal-şərqdə təpədə yerləşir. İki təpədən ibarətdir. Birinci təpə böyük, ikinci təpə isə nisbətən kiçikdir. 1960-cı ildə tədqiq olunmuşdur. Yerüstü materiallar III-IX əsrlərə, aşağı qatdakı materiallar isə tunc dövrünə aiddir. İnventar nömrəsi 856. Təpənin üstünə lövhə vurulmuşdur.     

   ÇARDAŞLI YAŞAYIŞ YERİ – Çardaxlı yaşayış yeri - ölkə əhəmiyyətli tarixi-arxeoloji abidə (ilk tunc dövrü, XI-XIII əsrlər). Aşağı Çəmənli kəndi yaxınlığında qədim yaşayış yeri.  

    ÇATALTƏPƏ – Beyləqan rayonunda təpə. Eyvazalılar kəndinin şimalında yerləşir. Təpə iki hissədən ibarətdir: Böyük Çatal və Kiçik Çatal. Mənbəyə görə, təpənin adı yerli əhalinin məişəti ilə bağlıdır. Belə ki, Eyvazalılar camaatı yayda Sarıyer yaylağına qalxar, payızda isə Arana dönər. Yaylaqdan Arana 15-17 gün ərzində çatardılar. Bu qədər yol qət edən camaat atların, dəvələrin yükünü açar, dincələrmişlər. Çatal sözü də buradan əmələ gəlimışdir: Çatal – yani çatıq al, dincəl. Digər rəvayətə görə isə təpə qoşa olduğuna görə çatıqlı təpə və ya Çatal təpə adlanır. Təpə ətrafında dəyirman yeri və qədim qəbiristanlıq qalıqları var. 

     ENİAN – Qafqaz Albaniyasında şəhər. Uti vilayətinə (Mil düzü) daxil idi. Enian haqqında Strabon məlumat vermişdir. Ehtimal ki, erkən orta əsrlərdə Enian, Yunan adlanmışdır. Strabonun məlumatına görə, Enianda yunanlar yaşayırdılar. Yeri müəyyənləşdirilməmişdir.

   İKİNCİ SULTANBUD YAŞAYIŞ YERİ – Ölkə əhəmiyyətli tarixi-arxeoloji abidə (tunc doru). Bahar qəsəbəsindən şimal-şərqdə, təpəlikdə yerləşir. 1960-cı ildə tədqiq olunmuşdur. Yerüstü materiallar III-IV əsrə, aşağı qatdakı materiallar isə tunc dövrünə aiddir. İnventar nömrəsi 956.

   KƏBİRLİ MAHALI – Qarabağda tarixi mahal. Qarabağda idi. Xanlıqlar dövründə (XVIII əsrin ortaları – XIX əsrin I yarısı) Qarabağ xanlığının tərkibinə daxil olan Kəbirli mahalında əsasən kəbirli eli yaşayırdı. Mahalın adı da bu elin adından götürülmüşdür.       

    KƏNDTİPLİ YAŞAYIŞ YERLƏRİ – Beyləqan ərazisində arxeoloji abidələr (e.ə. VII-I əsr). Bir-birindən müəyyən məsafədə, ətraf ərazilərdən bir qədər hündürlükdə, yol, çay və arxların kənarlarında salınmışdı. Nisbətən kiçik sahəyə (3 hektaradək ərazi) malik arxeoloji abidələrdir. Ətraf ərazini nəzarətdə saxlamaq və düşmən hücumlarına maneçilik törətmək məqsədilə salınırdı. Təhlükə gözlənildikdə yaxınlıqdakı şəhəri xəbərdar etmək üçün hündür yerlərdə məşəllər yandırılırdı. Bu məqsəd üçün ərazidə olan kurqanlardan (haray təpələri) da istifadə olunurdu. Beyləqanın kənd tipli yaşayış yeri qismən öyrənilmişdi. Belə ki, Beyləqan ərazisində ki kənd tipli yaşayış yerlərinə Aşağı Çəmənli kəndi yaxınlığındakı I-IV Çardaqlı, kültəpə yaşayış yeri, Qaratəpə yaşayış yeri, Saraytəpə, Təzəkənd, I-II Sultanbud, V Çardaqlı yaşayış yerləri daxildir. Bu yaşayış yerlərində aparılan arxeoloji tədqiqat işlərinə görə müəyyən edilmişdir ki ərəblərin Azərbaycana gəlişi ilə əlaqədar həmin yaşayış yerlərində həyat kəsilmiş və ərazinin xəritəsində böyük dəyişikliklər baş vermişdir. Belə ki, ərəblər bütpərəslərin yaşayış yerlərini şər, kafir və dinsiz adamların məskəni hesab etmiş və bu yerlərdə uzun müddət əkin-biçinə icazə verməmişlər.

     ARAN- Azərbaycanda yayı isti qışı mülayim iqlimi ovalıq və düzənlik yerlər (Azərbaycan Respublikasının Kür-Araz Samur-Dəvəçi Lənkəran ovalıqları, Gəncə-qazax və Arazboyu düzənlikləri və s.) Əsas pambıqçılıq rayonları və qışlaqlar Arandadır. Kür-Araz ovalığın ikinci adı kimi işlədilir. Bir çox hallarda əhali arasında Aran ölkənin bütün düzən ərazilərini birləşdirən toponim kimi başa düşülür. Aran ölkənin ən mühüm kənd təsərrüfatı əraziləridir, taxıl, bostan-tərəvəz bitkiləri əkilir, Bəzi yerlərdən qış otlaqları kimi istifadə edilir. Aran “isti, düzən yer” mənası verir.       

     ARRAN (Aran) – antik dövr və orta əsrlərdə Kür və Araz çaylarının qovuşduğu yerdə, Qarabağ (dağlıq hissəsi də daxil olmaqla), Mil düzü və Muğan düzünün bir hissəsi əhatə etmiş, islamdan əvvəlki dövrdə təqribən indiki Azərbaycan Respublikasının yerləşdiyi tarixi-coğrafi məkan. Arran coğrafi adına qədim Alban, fars, ərəb, gürcü və erməni mənbələrində rast gəlmək mümkündür.
     Muasir günümüzdə də Aran adlanan ərazi Azərbaycan Respublikasının bir hissəsidir. Buraya antik dövrdə olduğu kimi Mil və Muğan düzləri (Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonları) daxildir.
    Adının mənşəyi. Bəzi rəvayətlərdə və qədim tarixi mənbələrdə (Musa Kalankatuklu) Arran sözünün Qafqaz Albaniyasının banisinin adından götürüldüyü qeyd edilir. Bəzi rəvayətlərə görə bu şəxs Nuh peyğəmbərin oğlu Yafət olmuşdur.
     Arrandan keçən Araz çayı hələ qədim zamanlardan antik dövr coğrafiyaçılarına bəlli olmuş və qədim yunan coğrafiyaçıları Araz çayını Arakses kimi xatırlamışlar. Bundan əlavə bəzi tədqiqatçıların fikrincə, Arran Zərdüştlük dininin ilkin tapdığı yerdir və bir qayda olaraq Avestada xatırlanan “İlk Torpaq” (Airyana Vaego) adlı yerin mümkün məkanı kimi məhz Arran göstərilir.

    İngilis tarixçi və şərqşünası Çliford Bosvörz Arran əhalisini yunanların alban, gürcülərin isə Rani adlandırmasını, sonralar isə ərəblər tərəfindən əl-Rən və ya ər-Rən kimi işlədilməsini qeyd edirdi.
     Sərhədləri. XIII əsrdə müəllifi bilinməyən “ Əcayibəl-Dünya” adlı orta əsr salnaməsində Arran vilayətinin 30 fərsəng (200 km) en və 40 fərsəng dən bir ərazini tutduğu qeyd olunur. Kür çayının Araz çayına qədərki sağ sahili bütövlükdə Arrana aid edilir (çayın sol sahili isə Şirvan adı ilə tanınmışdır). Ərazinin sərhədləri tarix boyu dəyişmiş, bəzən müasir Azərbaycan Respublikasının ərazisini əhatə etmiş, bəzən isə kəskin şəkildə kiçilmişdir.
   Orta əsr ərəb tarixçisi, səyyah və coğrafiyaçıları Arran və onun bəzi böyük şəhərləri Bərdə, Beyləqan, Gəncə və digərləri haqqında ümumi məlumat vermişlər.
   Qədim Arran torpağının bir qismini təşkil edən Mil və Muğan düzləri ( Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları) bu gün Azərbaycan Respublikası ərazisində yerləşir.

    Qısa tarixi. İranın işğalından sonra ərəblər Qafqaz Albaniyasına doğru hərəkət edirlər və VIII əsrdə Albaniya ( Arran daxil olmaqla) ərəblərin işğalı altına düşür. Ərəb işğalına qədər isə Albaniya müxtəlif dövrlərdə Sasanilər hakimiyyətinə tabe olan Mehranilər sülaləsi tərəfindən idarə olunurdu.
    Azərbaycana islamın gəlişindən sonra Arran müxtəlif dövrlərdə Rəvvadilər, Sacilər, Salalilər, Şəddadilər, Şirvanşahların hökmdar sülalələri tərəfindən idarə olunur. Arran ölkəsinin erkən orta əsrlərdə ən mühüm şəhəri Bərdə idi. Bərdə X əsrdə özünün ən gözəl çağlarını yaşayırdı. Bu dövrdə şəhər pul kəsmə mərkəzi kimi vacib bir əhəmiyyət daşıyırdı. Lakin ruslar və digər şimal tayfalarının şəhərə aramsız və dağıdıcı basqınları Bərdənin süqutu ilə nəticələnir.
    XI əsrdən etibarən Arran iqtisadi-strateji əhəmiyyətini və qüdrətini itirməyə başlayır, Arran adı tarixi mənbələrdə nadir hallarda işlədilir XIII əsrə qədər Arran Səlcuqilər imperiyasının, Azərbaycan Atabəylər dövlətinin, daha sonra isə Hülakülər imperiyasının tərkibində olur. Onları Çobanilər, Cəlairilər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilərin hakimiyyəti əvəz edir.

  ŞƏRƏF TƏPƏSİ – Beyləqan rayonunda Eyvazlılar kəndi ərazisində qədim kurqan. Meliorasiya işləri zamanı təpə ətrafında qazıntı aparılmış və təpə qismən dağıdılmışdır. Təpənin alt qatlarından qədim silahlar, saxsı qabların qırıqları, insan sümükləri və küplər aşkarlanmışdır. Hündürlüyü iki metr olan saxsı küpün içərisində xeyli miqdarda daşlaşmış arpa dənələri aşkarlanmışdır. Həmin küp kənd sakini Əjdər Quliyevin evində qorunub saxlanılır.

Yuxarı