Kəndlər 2

   QARADAĞLI – Beyləqan rayonunda kənd. Yuxarı Çəmənli inzibati ərazi dairəsinə daxil olan inzibati ərazi vahidi Qaradağlı bələdiyyəsinin mərkəzi. Bakıdan 299 km məsafədə, rayon mərkəzindən 32 km qərbdə, Mil düzündə yerləşir. Şimaldan və şimal-qərbdən rayonun Dünyamalılar, şimal-şərqdən və şərqdən Yuxarı Çəmənli kəndləri, cənubdan və cənub-qərbdən İran İslam Respublikası, qərbdən Qəhrəmanlı, cənub-qərbdən İkinci Şahsevən kəndləri ilə həmsərhəddir. Sahəsi 1045,3 ha. Ondan dövlət mülkiyyətində 42,8 ha, bələdiyyə mülkiyyətində 253,3 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 10, perspektiv inkişaf fondu 20, örüş 13,7, suvarma kanalları və arxlar 30, kollektor-drenaj şəbəkəsi 43,1, ictimai tikinti 2,8, kənd altında ümumi istifadə olan 36,6, yollar 33,5, məktəb 2,5, qəbiristanlıq 2,20 ha, yararsız şoran torpaq 58,9 ha) xüsusi mülkiyyətdə 749,2 ha (o cümlədən özəlləşdirilən torpaqlar 688,20, həyətyani 61 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı hər nəfərə 0,95 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 172, ailələrin sayı 166, əhalisi 817 nəfərdir (2009). Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəb, mədəniyyət evi, klub, kinoqurğu, kitabxana, uşaq bağçası, tibb məntəqəsi çörək-bulka sexi, ATS var. Tarixi abidələrdən Seyid Miryusif Ağa türbəsi göstərilə bilər.
     Tarix. Yerli məlumata görə yaşayış məntəqəsinin əsası Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş ailələr tərəfindən qoyuluşdur. Yaşayış məntəqəsinin adi və tarixi ilə bağlı müxtəlif qaynaqlarda kifayət qədər məlumata rast gəlmək olur. Kəndin adı qızılbaşların qaradağlı tayfasının adı ilə əlaqədardır. Qaradağlılar türk tayfa birliyi olan Oğuzların kəngərli tayfasının Qaraxanbəyli tirəsindəndir. Onlar orta Asiyadan Cənubi Azərbaycanın Qaradağ mahalına gəlmiş (XIII əsr) və burada məskunlaşmışlar. Qaradağlılar əvvəl ağqoyunluların səfəvilərin sahsevənlərin, XVI əsrin əvvəllərində isə qızılbaşların tərkibinə daxil idilər. Qızılbaşların Qaradağlı tayfası Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynadı Və səfəvilər hakimiyyətə keçdikdən sonra müxtəlif ərazilərə yayıldılar. Belə ki, XVII əsrdə səfəvi şahı I Şah Abbas (1587-1629) qaradağlıları şahsevənlilərlə birlikdə Şimali Azərbaycanın müxtəlif yerlərinə köçürdü, Şirvan hakimini onlardan təyin etdi. Deməli, qaradağlı adlı kəndlər Qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yarandı və həmin tayfaya məxsus ailələrin etnik adını özündə əks etdirdi. Cənubi Azərbaycanda eyniadlı tarixi vilayət vardı (indiki Arasbaran). Babək hərəkatının alınmaz qalası – Bəzz qalası Qaradağdadır. XVIII əsrin ortalarında Azərbaycanda yaranan Xanlıqlardan biri Qaradağ xanlığı idi, İranla Rusiya arasında bağlanmış Gülüstan sülhünə (1813) əsasən İranın hakimiyyəti altında qaldı. Qaradağ sözü “qara” və “dağ” sözlərinin birləşməsindən yaranmışdır. “Dağ” sözü indiki mənasında, “qara” sözü isə qədim türk dilində həm “böyük” mənasını verir, həm də ki indiki mənasında rəng bildirir. Deməli, Qaradağ sözü həm “böyük, uca dağ”, həm də “süxurların rəngi qara olan dağ” anlamındadır. Dağ (tağ) sözünə VI-VIII əsr qədim türk yazılı abidələrində, XI əsr Mahmud Kaşğari lüğətində, XI-XII əsr “Kitabi - Dədə Qorqud” dastanında rast gəlinir. XIX əsrdə Cənubi Qafqazda Qaradağlı adlı 14 kənd olmuşdur. Hazırda respublikada Qaradağ komponentli 19 toponim qeydə alınmışdır (Ağdam (2), Ağdaş, Ağsu, Goranboy, Gədəbəy, Bakı, Balakən, Beyləqan, Bərdə, Şəki, Tərtər (2), Fizuli, Xaçmaz (2), Xocavənd və Ucar rayonlarında). Eyni adlı dağ (Gədəbəy, Şərur və Şahbuz rayonlarında) və çay (Xocalı rayonu) və Qaradağ qəbiristanı (Ordubad r.) var. Nəsillər bunlardır: Mirhüseynli, Əhmədli, Qənili. Kolxoz qurulmuş (1937), “Sərdar Əliyev” adlanmış, islahatla bağlı ləğv edilmişdir (1997).Böyük Vətən müharibəsində 20 nəfər iştirak etmiş, 11 nəfər həlak olmuş, 5 nəfər veteran vardır. Qarabağ müharibəsində 10 nəfər iştirak etmiş, 3 nəfər əlil olmuş. Nüfuzlu din xadimi Seyid Miryusif Ağa bu kənddə yaşamışdır.

   QARALILAR – Beyləqan rayonunda kənd. Qaralılar kəndinin daxil olduğu Qaralılar inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 299 km məsafədə, rayon mərkəzindən 32 km və İmisli dəmiryol stansiyasından 6 km şimal-şərqdə, Araz çayının sol sahilindən 2 km aralı, İmişli-Bəçirəvan şose yolu kənarında, Mil düzündədir. Şimaldan İmişli rayonunun Sərxanlı, şərqdən Beyləqan rayonun İmamverdili, cənubdan Godəklər, cənub-qərbdən Bünyadlı, qərbdən Türklər, şimal-qərbdən Sarısu kəndləri ilə həmsərhəddir. Sahəsi 977 ha. Ondan dövlət mülkiyyətində 25 ha, bələdiyyə mülkiyyətində 348 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 39, perspektiv inkişaf fondu 15, örüş 75, mal-qara üçün ümumi istifadədə olan örüş 45, suvarma kanalları və arxlar 29,8, kollektor-drenaj şəbəkəsi 56,2, ictimai tikinti 8, kənd altında ümumi istifadə olan 58, yollar 10, məktəb 1, qəbiristanlıq 2, yararsız şoran torpaq 9 ha) xüsusi mülkiyyətdə 604 ha (o cümlədən özəlləşdirilən torpaqlar 580, həyətyani 24 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı hər nəfərə 0,68 ha pay torpağı bölünmuşdür. Təsərrüfatın sayı 257, ailələrin sayı 200, əhalisi 981 nəfərdir (2009). Məcburi köçkünlərin sayı 100 nəfərdir. Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəb, klub, kitabxana, xəstəxana, uşaq bağçası, körpələr evi, ATS, ticarət mərkəzi, 2 yanacaqdoldurma məntəqəsi, 2 tikinti materiallarinin satış mağazası, Azərbaycan əsgəri abidəsi var.
   Tarıx. Yaşayış məntəqəsi İmamverdili kəndindən (keçmiş Birinci İmamverdili kəndi) çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Yerli məlumata görə, kəndin qədim tarixi vardır (1730). Köçəri həyat tərzi keçirən elat camaatı kolxoz quruculuğu ilə bağlı oturaq həyata keçmişdir (1935). Kənd 1935-ci ildə yaradılmışdır. Kənd Qara ləqəbli Alı kişinin adı ilə bağlıdır. Qara Alı bu ərazidə məskunlaşmış və kənd də onun adı ilə adlandırılmışdır. Hazırda kənddə Qara Alının nəslindən olanlar yaşayır. Mənbəyə görə Qatalı adlı kənd Sabirabad rayonunda da mövcuddur. Bu yaşayış məskənini Qəzvin mahalından köçüb gələnlərin salması ehtimal olunur. XIX əsrdə Birinci Qaralı Qəzvinli adlanırdı. Xalq arasında Qaralu kimi də işlənir. Qaralı nəslinə mənsub yaşayış yeri mənasındadır. Tarixi yerlərdən Qaratəpə, Qumçala var. Kənddə Abışov, Əhmədov, Quliyev, Ağayev, Səfərov kimi soyadları daşıyan nəsillər məskundur. Kolxoz yaranmış (1935), “Lenin yolu”, “Lenin” (1935-1989), “Qarabağ” (1989-1997) adlanmış, islahat ilə bağlı ləğv edilmişdir (1997).Böyük Vətən müharibəsində 14 nəfər iştirak etmiş, 6 nəfər itkin düşmüşdür, 7 nəfər veteran vardır. Qarabağ müharibəsində 16 nəfər iştirak etmiş, 3 nəfər əlil olmuş, 13 nəfər veteran var.

    ORTA ƏLİNƏZƏRLİ – Beyləqan rayonunda kənd. Orta Əlinəzərli kəndinin daxil olduğu eyniadlı inzibati ərazi dairəsinin və bələdiyyənin mərkəzi. Bakıdan 281 km məsafədə, rayon mərkəzindən 14 km şimal-şərqdə, Mil düzündə yerləşmişdir. Şimaldan rayonun Şərq, şərqdən Dünyamalılar, cənubdan Əlinəzərli, qərbdən Birinci Aşıqlı kəndləri ilə həmsərhəddir. Sahəsi 620 ha, təsərrüfatlarının sayı 352, ailələrin sayı 352, əhalisi 1148 nəfərdir (2009). Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. K.Əliyev adına orta məktəb, kitabxana var.
    Tarix. Yaşayış məntəqəsinin eyniadlı digər kənddən fərqləndirmək üçün toponimin əvvəlinə orta sözü əlavə edilmişdir. Yerli məlumata görə yaşayış məntəqəsi 1946-cı ildə yaranmışdır. Tarixi yerlərdən Fətəlioğlu küdrüsü, Daşqey arxı, Kərbəlayi Hümbətalı yurdu, məhəllələrdən isə Conbullar məhəlləsi var. Nəsllər: Əmiralılar, Papaqçıalılar, Aşurlar, Göyüşlülər, Mirzəalılar, Məşədi İbrahimlilər. Kolxoz qurulmuş (1932), "Kirov" adlanmış, torpaq islahatı ilə bağlı ləğv edilmişdir (1997). Böyük Vətən müharibəsində 10 nəfər iştirak etmiş, 4 nəfər həlak olmuş, 2 nəfər itkin düşmüş, 1 nəfər əlil olmuşdur. 3 nəfər veteran vardır. Qarabağ müharibəsindən 8 nəfər iştirak etmiş, 1 nəfər şəhid olmuş, 1 nəfər itkin düşmüş, 8 nəfər müharibə veteranı var. Cəfərov Hidayət, Mehdi Həsənov, Teymur Rəhimov bu kəndin yetirmələrindəndir.

     SƏHRA - Yuxarı Kəbirli kəndinin keçmiş adı.

   TATALILAR - Beyləqan rayonunda kənd. Tatalılar kəndinin daxil olduğu Tatalılar inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 291 km məsafədə, rayon mərkəzindən 24 km şimalda, Mil düzündə yerləşmişdir. Şimaldan Yuxarı Qarabağ kanalı,şimal-şərqdən rayonun Eyvazlılar, cənub-şərqdən İkinci Aşıqlı, cənubdan Təzəkənd, cənub-qərbdən Kəbirli, qərbdən və şimal-qərbdən Baharabad kəndləri ilə həmsərhəddir. Sahəsi 1971,5 ha. Ondan dövlət mülkiyyətində 192 ha, bələdiyyə mülkiyyətində 653,5 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 21, perspektiv inkişaf fondu 20, örüş 160,4, suvarma kanalları və arxlar 50, kollektor-drenaj şəbəkəsi 59,4, ictimai tikinti 3, kənd altında ümumi istifadə olan 13,2, yollar 21,9, məktəb 3,5, qəbiristanlıq 8, yarasız şoran torpaq 245,1 ha) xüsusi mülkiyyətdə 1126 ha (o cümlədən özəlləşdirilən torpaqlar 1066, həyətyani 60 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı torpaqlar özəlləşdirilmiş, hər nəfərə 0,53 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 541, ailələrin sayı 490, əhalisi 2191 nəfərdir (2009). Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəb, əsas məktəb, tibb məntəqəsi, kitabxana, klub, uşaq bağçası, poçt, var. Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.
     Tarix. Yaşayış məntəqəsinin əsl adı Tat Alılardır. Toponim eyvazlılar (əmiralılar da adlanırdılar) tayfasının tirələrindən birinin adı ilə bağlıdır. Yerli məlumata görə kəndin əhalisi əvvəllər köçəri (mövsümi) həyat tərzi keçirmiş, sovet hakimiyyəti dövründə oturaq həyata keçmişlər (1937). Yerli məlumata görə kəndin əsasını Cənubi Azərbaycandan Beyləqan ərazisinə keçmiş Alı adlı şəxs qoymuşdur (İndiki İran ərazisindən keçənləri "tat" adlandırırdılar). Tarixi yerlərdən Çataltəpə, Qarabağ kanalı, Meşə zolağı var. Məhəllələr: Kosalar, Məlillər, Orduxanlı, Səfərli, İmamalılar, Keçəlli, Hacılar, Səfərli, Alıbabalardır. Kolxoz qurulmuş (1966) "Yeni həyat" adlanmış, torpaq islahatı ilə bağlı ləğv edilmişdir (1996). Böyük Vətən müharibəsində 6 nəfər iştirak etmiş, 4 nəfər həlak olmuşdur. 2 nəfər veteran vardır. Qarabağ müharibəsində 14 nəfər iştirak etmiş, 4 nəfər şəhid olmuşdur, 10 nəfər veteran vardır. Rəşid İmanov, Allahqulu Hacıyev, İmran Məmmədov, Mürsəl Mehrəliyev, Bərşad Quliyev, Həsən Yusifov bu kəndin yetirmələridir.

    TƏZƏKƏND - Beyləqan rayonunda kənd. Təzəkənd və Bolsulu kəndlərinin daxil olduğu Təzəkənd eyniadlı inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 276 km məsafədə, rayon mərkəzindən 9 km şimal, Mil düzündə yerləşmişdir. Şimaldan rayonun Tatalılar, Eyvazlılar və İkinci Aşıqlı, şimal-şərqdən Birinci Aşıqlı, şərqdən və cənub-şərqdən Şəfəq, cənubdan və cənub-qərbdən Bolsulu, qərbdən və şimal-qərbdən Kəbirli kəndləri ilə həmsərhəddir. Sahəsi 3189,5 ha. Ondan dövlət mülkiyyətində 10 ha, bələdiyyə mülkiyyətində 773,5 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 30, perspektiv inkişaf fondu 50, örüş 4,2, mal-qara üçün ümumi istifadə olan örüş 14, suvarma kanalları və arxlar 106,2, kollektor-drenaj şəbəkəsi 200, ictimai tikinti 47,4, kənd altında ümumi istifadə olan 101,8, yollar 73, məktəb 2,5, qəbiristanlıq 3,3, meyvə bağları 20, təpələr 1,8 qamışlıq, bataqlıq, göl 14,5, kanalaltı torpaq 100,3, tarla düşərgəsi 4,5 ha) xüsusi mülkiyyətdə 2406 ha (o cümlədən özəlləşdirilən torpaqlar 2289, həyətyani 117 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı torpaqlar özəlləşdirilmiş, hər nəfərə 0,84 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 870, ailələrin sayı 870, əhalisi 3003 nəfərdir (2009). Əhali pambıqçılıq, taxılçılıq, əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana var. Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur. Ölkə əhəmiyyətli tarixi-arxeoloji abidə olan Təzəkənd abidələri, Təzəkənd kurqanları, Təzəkənd yaşayış yeri var.
   Tarix. Yaşayış məntəqəsi 30-cu illərdə pambıqçılığın inkişafı ilə əlaqədar müxtəlif yerlərdən gəlmiş ailələrin indiki ərazidə məskunlaşması nəticəsində yeni yarandığına görə belə adlanmışdır. Respublikada eyniadlı 18 yaşayış məntəqəsi qeydə alınmışdır. Məhəllələr bunlardır: Arasbarlı, Mərzili, İmişli, Aşıqlı, Dilağarda, Sırxavənd.Böyük Vətən müharibəsində 124 nəfər iştirak etmiş, 114 nəfər həlak olmuş, 10 nəfər veteran vardır. Qarabağ müharibəsində 37 nəfər iştirak etmiş, 7 nəfər şəhid olmuş, 1 nəfər itkin düşmüş, 2 nəfər əlil olmuşdur, 27 nəfər veteran vardır. Əhməd Əhmədov, Ələmşad Məmmədquliyev bu kəndin yetirmələridir.

     YUXARI ÇƏMƏNLİ - Beyləqan rayonunda kənd. Yuxarı Çəmənli və Qaradağlı kəndlərinin daxil olduğu Yuxarı Çəmənli inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 310 km məsafədə, rayon mərkəzindən 43 km şərqdə, Bakı- Naxçıvan dəmiryolundan 3 km aralı, Mil düzündədir. Şimaldan rayonun Dünyamalılar, şimal-şərqdən və şərqdən Aşağı Çəmənli, cənub-şərqdən və cənubdan Qaradağlı, cənub-qərbdən İkinci Şahsevən və Birinci Şahsevən, qərbdən Qəhrəmanlı, şimal-qərbdən Dünyamalılar kəndləri ilə həmsərhəddir. Sahəsi 941 ha. Ondan dövlət mülkiyyətində 16 ha, bələdiyyə mülkiyyətində 328 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 15, perspektiv inkişaf fondu 14, örüş 4, suvarma kanalları və arxlar 98, kollektor-drenaj şəbəkəsi 119,5, ictimai tikinti 12,6, kənd altında ümumi istifadə olan 43,3, yollar 11, qamışlıq, bataqlıq, göl 10,6,ha) xüsusi mülkiyyətdə 597 ha (o cümlədən özəlləşdirilən torpaqlar 570, həyətyani 27 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı torpaqlar özəlləşdirilmiş, hər nəfərə 1,06 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 117, ailələrin sayı 110, əhalisi 587 nəfərdir (2009). Kənddə 96 nəfər məcburi köçkün məskunlaşmışdır. Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəb, kitabxana, klub, xəstəxana, tarixi abidələrdən Beşinci Çardaxlı yaşayış yeri mövcuddur.
    Tarix. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Cavad qəzasında maldarlıqla məşğul olmuş çəməli tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Əvvəllər adı Arazçəmənli olmuşdur. Sonralar bu kənd iki hissəyə ayrılmışdır: Yuxarıoba (indiki Yuxarı Çəmənli) və Aşağı Çəmənli. Xələclərin bir qolunu təşkil edən çəmənli tayfası qışı Cavad qəzasında (Mil düzündə), yayı isə Kəlbəcər bölgəsinin Qatardaş yaylağında keçirirdilər. Kənddə rəhimlər, murğuzlu, bəylik nəsilləri var.Böyük Vətən müharibəsində 3 nəfər iştirak etmişdir. Qarabağ muharibəsində 17 nəfər iştirak etmiş, 4 nəfər şəhid olmuş, 1 nəfər itkin düşmüş, 2 nəfər əlil olmuş, 10 veteran vardır.

   YUXARI KƏBİRLİ - Beyləqan rayonunda kənd. Örənqala inzibati ərazi dairəsinə daxil olan Yuxarı Kəbirli inzibati ərazi vahidi və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 302 km məsafədə, rayon mərkəzindən 35 km şimal-qərbdə, Mil düzündə yerləşmişdir. Şimaldan və şimal-qərbdən və cənubdan Ağcabədi rayonu, şimal-şərqdən rayonun Örənqala, şərqdən Günəş kəndləri, cənubdan, cənub-qərbdən, qərbdən, şimal-qərbdən Haramı düzü ilə həmsərhəddir. Sahəsi 456 ha. Ondan bələdiyyə mülkiyyətində 170,3 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 18, perspektiv inkişaf fondu 4,3, örüş 10, suvarma kanalları və arxlar 13,4, kollektor-drenaj şəbəkəsi 40,4, ictimai tikinti 4,3, kənd altında ümumi istifadə olan 51,3, yollar 25,2, məktəb 1,2, qəbiristanlıq 2 ha) xüsusi mülkiyyətdə 286,6 ha (o cümlədən özəlləşdirilən torpaqlar 275, həyətyani 11,6 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı torpaqlar özəlləşdirilmiş, hər nəfərə 0,41 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 186, ailələrin sayı 174, əhalisi 841 nəfərdir (2009). Əhali kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğuldur. Orta məktəb, tibb məntəqəsi, klub, uşaq bağçası, ictimai-iaşə obyektləri var. Tarixi abidələrdən Qara təpə yaşayış yeri göstərilə bilər.
   Tarix. Yaşayış məntəqəsi üzümçülük sovxozunun malikanəsi yanında salınmışdır. Toponim Kəbirli tayfasının adı ilə bağlıdır. Mil düzündə bağ-bağat olmayan susuz, quru çöldə olduğu üşün Səhra adlanmışdır. Yuxarı Kəbirli adlanır (1994). Tarixi yerlərdən Govurarx, Xan qızı arxı qeyd oluna bilər. Kənddə məhəllələrdən Qasımlı, Əmrahlı, Mürşüdlü, Quliyevlər, İmamqulular, Məhəmmədəli obası, Həsənovlar, Əsgərovlar, Azadovlar, Seyidlər, Ovşarlar, Əzimovlar kimi məhələllələr var. Onlarda Kəbirli, Qızıllı, Qərvəndli, Ulubabalı, ArıxMəmmədli, Qarasaqqallar, Hacıhəsənli, Borçalılar, Gəncimalılar, Usuflu, Ətyeməzli, Tərəbasanlı, Şuşəməmmədli, Qazaxlar, Doluşrular, Pirqulular, Azadlı, Dəymədağlı kimi nəsillər məskundur. Sovxoz qurulmuş (1958), "Komsomolun 50 illiyi" adına üzümçülük sozxozu adlanmış torpaq islahatı ilə bağlı ləğv edilmişdi (1998).Böyük Vətən müharibəsində 5 nəfər iştirak etmiş, 5 nəfər veteran vardır. Qarabağ müharibəsində 26 nəfər iştirak etmiş, 3 nəfər şəhid olmuş, 1 nəfər əlil olmuşdur. 17 nəfər veteran var. İslam Kəbirli bu kəndin yetirməsidir.

Yuxarı