Qəsəbələr

    ARAN İQTİSADİ RAYONU – Azərbaycan Respublikasında iqtisadi rayon. İqtisadi rayon Ağcabədi, Ağdaş, Beyləqan, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab inzibati rayonları və Şirvan, Mingəçevir, Yevlax şəhərlərini əhatə edir. Əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi rayonun ümumi sahəsi 21,43 min kv. km olmaqla, ölkə ərazisinin 24,7 faizini əhatə edir. Ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən düzənliklərdən ibarətdir. Yalnız ətraf dağlara yaxın hissələrinin səthi meyillidir. Region üçün əsasən quru subtropik iqlim xarakterikdir. Əsas yeraltı sərvətləri neft, təbii qaz, yodlu və bromlu mədən sularından, müxtəlif tikinti materiallarından ibarətdir. Bu ehtiyatlar əsasən rayonun mərkəz və cənub-şərq hissəsində cəmlənmişdir. Kür və Araz çaylarının su ehtiyatları, əksinə yararlı geniş torpaq fondu rayonun başlıca təbii sərvətləridir.
   İqtisadi rayonun sənayesi, əsasən onun cənub-qərbində (Şirvan, Səlyan, Neftçala) və şimal-qərbində (Mingəçevir və Yevlax şəhərlərində) cəmlənmişdir. Elektro energetika rayonun inkişaf etmiş və ixtisaslaşmış sahələrindən biridir. Mingəçevir şəhərinin iki elektrik stansiyasının istehsal etdiyi enerji ölkədə istehsal edilən enerjinin təxminən 60 faizi həcmindədir.
   Kimya, maşınqayırma, yüngül, yeyinti, tikinti materialları istehsalı iqtisadi rayonun sənayesinin əsasını təşkil edir.Kimya sənayesi müəssisələri Mingəçevir, Salyan, Neftçala şəhərlərində fəaliyyət göstərir. Salyanda plastik kütlə zavodu, Neftçalada yod-brom zavodu mövcuddur.
   İnkişaf etmiş sənayesi ilə yanaşı, Aran iqtisadi rayonun mühüm kənd təsərrüfatı rayonudur. Kənd təsərrüfatı suvarma əkinçiliyinə əsaslanır. Pambıqçılıq, taxılçılıq, üzümçülük, quru subtropik meyvəçilik, bostançılıq kənd təsərrüfatının ixtisaslaşmış sahələridir. Azərbaycanda istehsal olunan pambığın 90 faizdən çoxu bu rayonun payına düşür.
    Aran iqtisadi rayonun ölkə və beynəlxalq əhəmiyyətli magistral nəqliyyat xətləri (dəmir və şose yolları) üzərində yerləşir. Bakı şəhərinin ölkənin əsas iqtisadi rayonları, Gürcüstan, İran və Türkiyə ilə birləşdirən nəqliyyat yolları bu rayonun ərazisindən keçir. Son vaxtlar beynəlxalq yükdaşımaların çoxalması bu yolların əhəmiyyətini artırmışdır.

   ARAZ –Beyləqan rayonunda qəsəbə. Birinci Şahsevən bələdiyyəsinin tərkibindədir. Orconikidze kanalının çəkilməsi və qışlaqların suvarması məqsədilə ərazi suvarma sistemləri idarəsi yaradılmış və bu idarənin işçiləri burada məskunlaşdıqdan sonra qəsəbə yaranmışdır. Əvvəlki adı Orconikidze olmuşdur. Əhali 194 nəfərdir (2009). Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəb var. Orconikidze qəsəbəsi adlanmlş, hazırda Araz qəsəbəsi adlanır. 

   BAHAR – Beyləqan rayonunda şəhərtipli qəsəbə. Bahar qəsəbəsinin daxil olduğu eyniadlı inzibati ərazi dairəsinin və bələdiyyənin mərkəzi. Bakıdan 290 km məsafədə, rayon mərkəzindən 23 km cənub-şərqdə, Daşburun dəmiryol stansiyasından 16 km aralı, Mil düzündə yerləşmişdir. Şimal rayonun Əlinəzərli, şimal-şərqdən Dünyamalılar, cənubdan Birinci Şahsevən, qərbdən Yuxarı Aran, şimal-qərbdən Mayak və Əlinəzərli kəndləri ilə həmsərhəddir. Sahəsi 1295,6 ha-dır. Ondan dövlət mülkiyyətində 20 ha, bələdiyyə mülkiyyətinə 357,8 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 42, perspektiv inkişaf fondu 15, örüş 23, ümumi istifadədə olan mal-qara üçün örüş 12, suvarma kanalları və arxlar 60, kollektor-drenaj şəbəkəsi 125,3, ictimai tikinti 10, kənd altında ümumi istifadədə olan 43,8, yollar 20, məktəb 1, meydança 3,7, kanalaltı torpaq 2 ha), xüsusi mülkiyyətdə 917,8 ha (o cümlədən özəlləşdirilən torpaqlar 882,8, həyətyani 35 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı torpağlar özəlləşdirilmişdir, hər nəfərə 0,77 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 368, ailələrin sayı 386, əhalisi 1224 nəfərdir (2009). Əhali əkinçilik, pambıqçılıq və heyvandarlıqla məşğuldur. Orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, uşaq bağçası, ticarət şəbəkəsi var.
     Tarix. Yaşayış məntəqəsi 3 nömrəli pambıqçılıq sovxozunun 2 nömrəli şöbəsi yanında salınmışdır. Rəmzi olaraq belə adlandırılmışdır (1965-ci ildə). Yerli məlumata görə, Sovet hakimiyyəti dövründə salınmış bu yeni yaşayış məntəqəsinə Mildəki yeni həyatla əlaqədar olaraq “Bahar” adı verilmişdir. Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə mərkəz Qəhrəmanlı qəsəbəsi olmaqla Bahar qəsəbə sovetliyi yaradılmışdır (22.11.1965). Sonralar Beyləqan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklikedilmiş, Bahar qəsəbəsi Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla Bahar qəsəbə inzibati ərazi vahidi yaradılmış (22.05.2007), həmin inzibati ərazi vahidini əhatə edən Bahar qəsəbə nümayəndəliyi təşkil edilmiş və fəaliyyətə başlamışdır (12.07.2007). Böyük Vətən müharibəsində 10 nəfər iştirak etmişdir. Qarabağ müharibəsində 35 nəfər iştirak etmiş, 5 nəfər əlil olmuşdur. 25 nəfər veteranı var. Sosialist Əməyi Qəhrəmanı Sərdar İmrəliyev burada yaşayırdı.     

    BAHARABAD – Beynəlxalq rayonunda şəhərtipli qəsəbə. Örənqala inzibati ərazi dairəsinə daxildir. Bakıdan 302 km, rayon mərkəzindən 35 km məsafədə, Mil düzündə yerləşmişdir. Şimaldan Ağcabədi rayonu, şərqdən rayonun Tatalılar, cənubdan Kəbirli kəndləri, cənub-qərbdən və cənubdan Örənqala qəsəbəsi ilə həmsərhəddir. Sahəsi 456 ha-dır. Ondan bələdiyyə mülkiyyətində 174,5 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 12, perspektiv inkişaf fondu 3,5, örüş 17, suvarma kanalları və arxlar 15, kollektor-drenaj şəbəkəsi 36, ictimai tikinti 4,5, kənd altında ümumi istifadədə olan 53, yollar 30, məktəb 1,5, qəbiristanlıq 2 ha), xüsusi mülkiyyətdə 281,5 ha ( o cümlədən özəlləşdirilən torpaqlar 271, həyətyani 10,5 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı torpaqlar özəlləşdirilmiş, hər nəfərə 0,41 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 146, ailələrin sayı 146, əhalisi 847 nəfərdir (2009). Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəb, feldşer-mama məntəqəsi, kitabxanası var.  
    Tarix. Yaşayış məntəqəsi üzümçülük sovxozunun malikanəsi yanında salınmış (1965), rəmzi olaraq belə adlandırılmışdır. Yerli məlumata görə, Gürcüstanda yaşayan Axıska türkləri Orta Asiyaya sürgün olunduqundan (15.12.1944) sonra yaşamaq üçün oradan könüllü olaraq Azərbaycana köçüb gəlmişlər (1954). Saatlı rayonunda məskunlaşan Axıska türklərinin bir hissəsi sonra oradan Beyləqan rayonuna gələrək Baharabad qəsəbəsinin əsasını qoymuşlar (1961). Axıska türkləri əraziyə baharın ilk günlərində gəldikləri üçün qəsəbənin adını da məhz fəslə uyğun olaraq Baharabad adlandırmışlar. Ərazidə “Komsomolun 50 illiyi” üzümçülük sovxozu olmuş, 1997-ci ildə ləğv edilmişdir. Böyük Vətən müharibəsində 5 nəfər iştirak etmiş, 5 nəfər veteran vardır. Qarabağ müharibəsində 2 nəfər iştirak etmişdir.

    BOLSULU – Beyləqan rayonunda qəsəbə. Təzəkənd inzibati ərazi dairəsində inzibati ərazi vahidi, eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 275 km məsafədə, rayon mərkəzindən 8 km şərqdə, Beyləqan-İmişli şose yolundan 8 km, Orconikidze adına kanaldan aralı, Mil düzündə yerləşmişdir. Şimaldan və şimal-şərqdən rayonun Təzəkənd, şərqdən Şəfəq kəndləri, cənub-şərqdən “Dostluq” təsərrüfatı, cənubdan Allahyarlı, şimal-qərbdən Kəbirli kəndləri ilə həmsərhəddir. Sahəsi 866 ha-dır. Ondan dövlət mülkiyyətində 283 ha, bələdiyyə mülkiyyətində 179 ha, (o cümlədən bələdiyyənin ehtiyat fondu 15, perspektiv inkişaf fondu 5, örüş 17, suvarma kanalları və arxlar 20, kollektor-drenaj şəbəkəsi 50, ictimai tikinti 1,6, kənd altında ümumi istifadə olan 25,8, yollar 10,3, məktəb 0,40, qaçqın düşərgəsi 32,3 ha), xüsusi mülkiyyətdə 404 ha (o cümlədən özəlləşdirilən torpaqlar 388, həyətyani 16 ha) torpaq sahəsi var. Hər nəfərə 0,60 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 234, ailələrin sayı 234, əhalisi 817 nəfərdir (2009). Əhalisi pambıqçılıq və taxılçılıqla məşğuldur. Pambıqtəmizləmə zavodu, orta məktəb, uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi var.
     Tarıx. Yaşayış məntəqəsi 5 nömrəli pambıqçılıq sovxozunun 4-cü şöbəsinin fəhlələri üçün salınmışdır. Kənd kanalının yaxınlığında, Bolsulu adlı ərazidə salındığına görə belə adlandırılmışdır. Məhəllələr: İsmayıbəyli, Məcburi köçmələr. Böyük Vətən müharibəsində 2 nəfər iştirak etmiş, 1 nəfər veteranı vardır. Qarabağ müharibəsində 12 nəfər iştirak etmiş, 1 nəfər itkin düşmüş, 1 nəfər əlil olmuşdur, 6 veteranı vardır. Asif Cavadov bu kəndin yetirməsidir.

    GÜNƏŞ - Beyləqan rayonunda qəsəbə. Örənqala inzibati ərazi dairəsinə daxil olan eyniadlı inzibati ərazi vahidi və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 285 km məsafədə, rayon mərkəzindən 18 km şimal-qərbdə, Mil düzündə yerləşmişdir. Şimaldan rayonun Örənqala, şimal-şərqdən Bahraabad, şərqdən və cənub-şərqdən Kəbirli kəndləri, cənubdan Haramı düzü, qərbdən və şimal qərbdən Yuxarı Kəbirli kəndi ilə həmsərhəddir. Sahəsi 466,2 ha. Ondan bələdiyyə mülkiyyətində 178,2 ha, (o cümlədən bələdiyyənin ehtiyat fondu 12 ha, perspektiv inkişaf fondu 3,2, örüş 8,8, suvarma kanalları və arxlar 17, kollektor-drenaj şəbəkəsi 40, ictimai tikinti 4,8, kənd altında ümumi istifadə olan 57, yollar 31, məktəb 1,4, qəbiristanlıq 3 ha) xüsusi mülkiyyətdə 288 ha (o cümlədən özəlləşdirilən torpaqlar 276, həyətyani 12 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı hər nəfərə 0,41 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 162, ailələrin sayı 162, əhalisi 831 nəfərdir (2009). 175 nəfər məcburi köçkün yaşayır (2009). Əhalisi əkinçilik və heyvandarlıqla məşğuldur. Z.Əhmədov adına orta məktəb, feldşer-mama məntəqəsi, klub, kitabxana var.
    Tarix. Yaşayış məntəqəsini Sirik Nüsüs (Cəbrayıl rayonu) kəndlərinə köçüb gəlmiş ailələr “Komsomolun 50 illiyi” adına üzümçülük sovxozunun Örənqala şöbəsinin malikanəsi yanında salmışlar (1954). 1965 ildə rəmzi olaraq Günəşli adı verilmiş, bir müddət sonra Günəş adlandırımışdır. Respublikada eyniadlı 5 yaşayış məntəqəsi mövcuddur. Sovxoz yaradılmış (1956), təsərrüfat “Komsomolun 50 illiyi” üzümçülük sovxozu adlanmış, islahatla bağlı ləğv edilmişdir. (1998). Qarabağ müharibəsində 6 nəfər iştirak etmiş, 1nəfər şəhid olmuşdur.

     XAÇINABAD - Beyləqan rayonunda qəsəbə. Kəbirli inzibati ərazi dairəsinə daxildir. Bakıdan 287 km məsafədə, rayon mərkəzindən 20 km cənub-şərqdə, Bakı-Horadiz dəmiryolu kənarında, Mil düzündədir. Şimaldan və şimal-şərqdən rayonun Kəbirli kəndi, şərqdən və cənub –şərqdən Xocavənd qəsəbəsi, cənubdan və cənub-qərbdən, qərbdən və şimal-qərbdən Haramı düzü ilə həmsərhəddir. Sahəsi 15 ha, təsərrüfatların sayı 50, əhalisi 218 nəfərdir (2009). Əhali əkinçilik və maldarlıqla məşğuldur. Əsas məktəb, feldşer-mama məntəqəsi, kitabxana, ictimai-iaşə obyektləri var.
      Tarix. Yerli məlumata görə, qəsəbənin əsası 1958-ci ildə qoyulmuşdur.

    QƏHRƏMANLI – Beyləqan rayonunda şəhər tipli qəsəbə (1966-cı ildən). Qəhrəmanlı qəsəbəsinin daxil olduğu Qəhrəmanli inzibati ərazi dairəsinin və eyni adlı bələdiyyənin mərkəzi. Bakıdan 285 m məsafədə, rayon mərkəzindən 18 km cənub-şərqdə, Daşburun dəmiryol stansiyasından 11 km aralı, Beyləqan-Orconikidze-İmişli şose yolu kənarında, Orconikidze adına kanalın sağ sahilində, Mil düzündədir. Şimaldan rayon Yuxarı Aran və Mayak, şimal-şərqdən və şərqdən Bahar, cənub-şərdən Dünyamalılar, cənubdan Birinci Şahsevən, cənub-qərbdən və qərbdən Yeni Mil, cənubdan Milabad, şimal-qərbdən Yuxarı Aran kəndləri ilə həmsərhəddir. Sahəsi 1857,4 ha. Ondan dövlət mülkiyyətində 47 ha, bələdiyyə mülkiyyətində 416 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 40, perspektiv inkişaf fondu 15, örüş 22,8, mal-qara üçün ümumi istifadədə olan örüş 13, suvarma kanalları və arxlar 77, kollektor-drenaj şəbəkəsi 133,6, ictimai tikinti 13,6, kənd altında ümumi istifadə olan 50, yollar 26, məktəb 1,5, qəbiristanlıq 14,5, yararsız şoran torpaq 2,6, meydança 4, kanalaltı torpaq 2,4 ha) xüsusi mülkiyyətdə 1394,4 ha (o cümlədən özəlləşdirilən torpaqlar 1351,4, həyətyani 43 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı hər nəfərə 0,77 ha pay torpağı bölünmüşdür. Təsərrüfatın sayı 342, ailələrin sayı 448, əhalisi 1821 nəfərdir (2009). 600 nəfər məcburı köçkün yaşayır. Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Üzümçülük və pambıqçılıq sovxozları, çörək zavodu, orta və ibtidai məktəb, körpələr evi, uşaq bağçası, 50 çarpayılıq xəstəxana, mədəniyyət evi, kitabxana, klub, kinoqurğu, poçtamt, 200 nömrəlik EATS, Region Aqrar Elm Mərkəzi, 3 saylı Pambıq Toxuculuğu üzrə Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi var.
     Tarix. Yaşayış məntəqəsi 3 nömrəli pambıqçılıq sovxozunun malikanəsinin yanında salınmışdır. Qəsəbə rəmzi olaraq 1966-cı ildən belə adlandırılmışdır. Yerli məlumata görə, qəsəbə yaşayış məntəqəsi kimi müxtəlif ərazilərdən köçürülmüş və ya sürgün edilmiş əhalinin yaşayıb işləməsi üçün yaradılmışdır (1930-cu illərin əvvəllərində). Sonralar qəsəbə statusu almışdır (1965). Qəsəbənin adı Bahar yaşayış məntəqəsində yaşayan Sərdar İmrəliyevin Sosialist əməyi Qəhrəmanı adı alması şərəfinə Qəhrəmanlı adlandırılmışdır (1966). Qəsəbə əhalisinin əksəriyyəti tək-tək gəlmə ailələr təşkil etdiyinə görə qəsəbədə ayrıca köklü nəsillər, tayfalar yoxdur. Sovxoz yaradılmış (1939), “Lenin” adına 3 nömrəli Pambıqçılıq sovxozu adlanmış (1939-1999), torpaq islahatı ilə bağlı ləğv edilmişdir (1999). Böyük Vətən müharibəsində 3 nəfər iştirak etmiş, 3 nəfər veteran vardır. Qarabağ müharibəsində 24 nəfər iştirak etmiş, 4 nəfər şəhid olmuş, 2 nəfər itkin düşmüş, 1 nəfər əlil olmuşdur. 17 nəfər veteran var. Yusif Muradov, Məhərrəm Xudiyev, Məmməd Bayramov, Cəmil Hacıyev bu kəndin yetirmələridir.    

    MAYAK – Beyləqan rayonunda qəsəbə. Yuxari Aran inzibati ərazi dairəsinə daxil olan kənd, eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 276 km məsafədə, rayon mərkəzindən 9 km şərqdə, Mil düzündə yerləşmişdir. Şimaldan rayonun Əlinəzərli, şimal-şərqdən Dünyamalılar, şərqdən və cənubdan-şərqdən Bahar, cənubdan Qəhrəmanlı, cənub-qərbdən Yuxarı Aran kəndləri, qərbdən Beyləqan şəhəri ilə həmsərhəddir. Sahəsi 1530 ha-dır. Ondan dövlət mülkiyyətində 17 ha, bələdiyyə mülkiyyətində 354 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 36, perspektiv inkişaf fondu 10, örüş 5,2, suvarma kanalları və arxlar 23, kollektor-drenaj şəbəkəsi 201, ictimai tikinti 17, kənd altında ümumi istifadə olan 18, yollar 20, məktəb 1,3, təpələr 21, meydança 1,5, ha) xüsusi mülkiyyətdə 1159, ha (o cümlədən özəlləşdirilən torpaqlar 1140, həyətyani 19 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı hər nəfərə 1,61 ha pay torpağı bölünmüşdür. Təsərrüfatın sayı 181, ailələrin sayı 183, əhalisi 719 nəfərdir (2009). Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəb, uşaq bağçası, feldşer-mama məntəqəsi, kitabxana, poçt, EATS, ictimai- iaşə obyektləri var.

     Tarix. Yaşayış məntəqəsi 5 nömrəli pambıqçılıq sovxozunun malikanəsi yanında salınmışdır (1939). Rəmzi olaraq belə adlandırılmışdır (1972). 5 nömrəli pambıqçılıq sovxozu qurulmuş, islahatlarla bağlı ləğv edilmişdir (1996). Qarabağ müharibəsində 17 iştirak etmiş, 2 nəfər şəhid olmuş, 3 nəfər əlil olmuşdur.

    MİL – Beyləqan rayonunda qəsəbə. Mil kəndinin daxil olduğu Mil inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 285 km məsafədə, rayon mərkəzindən 18 km cənub-şərqdə, Mil düzündə yerləşmişdir. Şimaldan rayonun Qəhrəmanlı, şimal-qərbdən Milabad şərqdən Birinci Şahsevən, cənubdan Əmirzeyidli kəndi, qərbdən və şimal-qərbdən Füzuli rayonunun Qayıdış qəsəbəsi ilə həmsərhəddir. Relyefi yastı və təpəli düzənlikdən ibarətdir. Torpağı boz, boz-çəmən torpaqlardır. Antropogen təsirindən qəsəbənin qərbində süni gölməçə əmələ gəlmişdir. Təbii və yabanı bitkilərdən yovşan, qarağan, sirkan, biyan, yağlıtikan, yulğun, cil, və s. yayılmışdır. Sahəsi 1164 ha, təsərrüfatların sayı 462, əhalisi 2182 nəfərdir (2009). Ərazidə 386 nəfər məcburi köçkün, 20 nəfər qaçqın məskunlaşmışdır. Əhali kənd təsərrüfatı və ticarətlə məşğuldur. Orta məktəb, mədəniyyət evi, 2 uşaq bağçası, 2 kitabxana, feldşer-mama məntəqəsi, rabitə və informasiya şöbəsi, yanacaqdoldurma məntəqəsi, 5 ictimai iaşə obyekti, 99 ticarət obyekti, çörəkbişirmə sexi, avtomobillərin yağlanması sexi, 4 avtomobil mühərriklərinin təmiri sexi, 6 aptek, broyler fabriki, İlham Quliyevin büstü var.
   Tarix. Mil üzümçülük sovxozunun malikanəsi yanında salınmışdır. Qəsəbə Mil düzünün adı ilə adlandırılmışdır (1965). Yerli məlumata görə, qəsəbə 1949-cu ildə salınmışdır. Goranboy rayonu ərazisində də eyniadlı kənd mövcud olmuşdur. İndiki Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşirmiş. 1727-ci il tarixli “ Gəncə - Qarabağ əyalətinin müfəssəl dəftəri” ndə Gəncə qəzasının İncərud nahiyəsində Mil kəndinin olduğu və İncə çayının kənarında yerləşdiyi göstərilir. Azərbaycanda Mil düzü (Kür-Araz ovalığının bir hissəsi) və Mil qəsəbəsi (Beyləqan r.) vardır. “Mil üzümçülük sovxozu yaradılmış (1949), torpaq islahatı ilə bağlı ləğv edilmişdir (1997 ).Böyük Vətən müharibəsində 5 nəfər iştirak etmiş, 3 nəfər veteran var. Qarabağ müharibəsində 23 nəfər iştirak etmiş, 5 nəfər şəhid olmuş, 2 nəfər əlil olmuşdur.

  MİLABAD – Beyləqan rayonunda qəsəbə. Milabad kəndinin daxil olduğu Milabad inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 282 km məsafədə, rayon mərkəzindən 15 km cənubda, Mil düzündədir. Bakı - Horadiz magistral yolunun yaxınlığında, Baş Mil və Mil kanalları arasında yerləşir. Şimaldan rayonun Yeni Mil, şimal-şərqdən Qəhrəmanlı, şərqdən və cənub-şərqdən Birinci Şahsevən, cənubdan və cənub-qərbdən Mil, qərbdən və şimal-qərbdən Allahyarlı kəndi ilə həmsərhəddir. Sahəsi 1410,85 ha-dır. Ondan dövlət mülkiyyətində 10 ha, bələdiyyə mülkiyyətində 459,6 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 9,70, perspektiv inkişaf fondu 12,9, örüş 32,4, suvarma kanalları və arxlar 58,8, ictimai tikinti 23,4, kənd altında ümumi istifadə olan 98, yollar 188, məktəb 2,5, qəbirstanlıq 2, meşə zolağı 2,4, qamışlıq, bataqlıq, göl 19,5, yararsız şoran torpaq 10 ha, xüsusi mülkiyyətdə 732 ha (o cümlədən özəlləşdirilən torpaqlar 675, həyətyani 57 ha) torpaq sahəsi var. Hər nəfərə 0,33 ha pay torpağı bölünmüşdür. Təsərrüfatın sayı 444, ailələrin sayı 480, əhalisi 2190 nəfərdir (2009). Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Əsas təsərrüfatı üzümçülükdür. Şərab zavodu, orta məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası, tibb məntəqəsi, rabitə və informasiya şöbəsi, un dəyirmanı, 4 iaşə obyekti, 10 ticarət obyekti, çörəkbişirmə sexi, 3 avtomobil təmiri sexi var.
    Tarix. Yerli məlumata görə, qəsəbə sovet dövründə salınmışdır (1949). Milabad sözü Mil düzünün abadlaşdırılması anlamındadır. “Mil” üzümçülük sovxozu yaradılmış (1948). Torpaq islahatı ilə bağlı ləğv edlmişdir (1997). Qarabağ müharibəsində 14 nəfər iştirak etmiş, 3 nəfər şəhid olmuş, 1 nəfər itkin düşmüş, 5 nəfər əlil olmuşdur.

    ORCONİKİDZE – Araz qəsəbəsinin keçmiş adı. 

  ÖRƏNQALA - Beyləqan rayonunda qəsəbə. Örənqala, Baharabad, Yuxarı Kəbirli, Günəş kəndlərinin daxil olduğu Örənqala ərazi nümayəndəliyinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 299 km məsafədə, rayon mərkəzindən 32 km şimal-qərbdə, Mil düzündədir. Şimaldan, şimal-qərbdən və qərbdən Ağcabədi rayonu, şimal-şərqdən və şərqdən rayonun Baharabad qəsəbəsi, şərqdən və cənub-şərqdən Kəbirli, cənubdan və cənub-qərbdən Günəş kəndi ilə həmsərhəddir. Sahəsi 1183 ha-dır. Ondan bələdiyyə mülkiyyətində 442 ha, (o cümlədən bələdiyyənin ehtiyat fondu 24,1, perspektiv inkişaf fondu 6, örüş 10, suvarma kanalları və arxlar 25, kollektor-drenaj şəbəkəsi 158,7, ictimai tikinti 12, kənd altında ümumi istifadə olan 120, yollar 76, məktəb 2,2, qəbirstanlıq 8), xüsusi mülkiyyətdə 740,9 ha (o cümlədən özəlləşdirilən torpaqlar 719,9, həyətyani 21 ha) torpaq sahəsi var. Hər nəfərə 0,41 ha pay torpağı bölünmüşdür. Təsərrüfatın sayı 435, ailələrin sayı 408, əhalisi 1892 nəfərdir (2009). 40 nəfər köçkün məskunlaşmışdır. Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Əsas təsərrüfatı üzümçülükdür. Şərab zavodu, N. Quliyev adına məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası, 25 çarpayılıq xəstəxana, un dəyirmanı, poçt, ATS, 22 sahibkarlıq obyekti, Nazim Quliyevin büstü var. Bu məkanda tarixən mil minarə adlı əfsanəvi bir tikilinin, ya qurğunun mövcudluğu barədə rəvayətlət var.
     Tarix. Keçmiş adı Miltikinti qəsəbəsi. 1965-ci ildən Azərbaycanın qədim Beyləqan şəhərinin xarabalığının el arasındakı adı ilə Örənqala adlanmışdır. Toponim örən (qədim türk dilində "xaraba", "uçmuş divar"), və qala sözlərindən ibarət olub, "xaraba qalan, dağılmış qala" mənasındadır. Yerli rəvayətə görə, monqol istilasının gedişində Beyləqan şəhəri ələ keçirilərək dağıdılır, şəhərin qala divarları sahibsiz qalır (1220). Yerli şəhər və kənd əhalisi düşmənlə mərdliklə döyüşdüyü üçün xeyli vaxt " Ərənlər qalası" (yəni igidlər ərənlər qalası) adı ilə məhşurlaşır. Əsrlər keçdikcə bu torpaqdan insan ayağı kəsilir, ərazi köçəri maldarların qışlağına çevrilir. Bununlada ad dəyişdirilir, "Ərənqala" " Örənqala" ilə əvəz olunur. Örənqala örənlik, ot bitməyən həyat sönən yer anlamındadır.
  Kolxoz qurulmuş (1956), "Komsomolun 50 illiyi" adına üzümçülük sovxozu adlanmış, torpaq islahatı ilə bağlı ləğv edilmişdir. (27.04.1998). Qarabağ müharibəsində 12 nəfər iştirak etmiş, 4 nəfər şəhid olmuş, 3 nəfər əlil olmuşdur.

    SARISU - Beyləqan rayonunda qəsəbə. Şərq inzibati ərazi dairəsinin tərkibində inzibati ərazi vahidi və eyniadlı bələdiyyənin mərkəzi. Düzənlikdədir. Müharibədən sonrakı illərdə yaranmışdır. Şərq ərazi nümayəndəliyinə daxildir. Bakıdan 297 km məsafədə, rayon mərkəzindən 30 km şimal-şərqdə, Mil düzündə yerləşmişdir. Şimaldan və şimal-şərqdən İmişli rayonu, cənubdan Dünyamalılar, cənub-şərqdən Bünyadlı kəndləri, cənub-qərbdən rayonun türklər qəsəbəsi, qərbdən və şimal-qərbdən Şərq qəsəbəsi ilə həmsərhəddir. Sahəsi 1268 ha. Ondan bələdiyyə mülkiyyətində 386 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 29, perspektiv inkişaf fondu 20, örüş 30, mal-qara üçün ümumi istifadədə olan örüş 60, suvarma kanalları və arxlar 40, kollektor-drenaj şəbəkəsi 157,9, ictimai tikinti 5, kənd altında ümumi istifadə olan 28,8, yollar 9,3, məktəb 1, qəbiristanlıq 5 ha) xüsusi mülkiyyətdə 882 ha (o cümlədən özəlləşdirilən torpaqlar 871, həyətyani 11 ha) torpaq sahəsi var. Hər nəfərə 1,76 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 121, ailələrin sayı 100, əhalisi 600 nəfərdir (2009). Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Natamam orta məktəb, tibb məntəqəsi, kitabxana var. Təksaqqız ziyarətgahı var.
   Sarıbaş, Sarısu, Ağ göl, Şirinqum və b.) birinin adıdır. Qəsəbə də ərazinin adı ilə adlanmışdır. Yerli məlumata görə qəsəbə Şərq kəndindən ayrılmış, Sarısu adı ilə yaradılmışdır (1960). Resuplikada eyni adlı 3 yaşayış məntəqəsi və 1 çay mövcuddur.Böyük Vətən müharibəsində 2 nəfər iştirak etmişdir. Qarabağ müharibəsində 5 nəfər iştirak etmişdir, 1 nəfər əlil olmuşdur.

    ŞƏFƏQ - Beyləqan rayonunda qəsəbə. Şəfəq kəndinin daxil olduğu eyniadlı inzibati ərazi dairəsinin və bələdiyyənin mərkəzi. Bakıdan 263 km məsafədə, rayon mərkəzindən 2 km şərqdə, Mil düzündə yerləşmişdir. Şimaldan rayonun İkinci Aşıqlı, şimal-şərqdən Birinci Aşıqlı, şərqdən Əlinəzərli, cənub-şərqdən və cənubdan Mayak kəndləri və Beyləqan şəhəri, qərbdən "Dostluq" sovxozu, şimal-qərbdən Təzəkənd, kəndi ilə həmsərhəddir. Sahəsi 1755 ha. Ondan dövlət mülkiyyətində 527 ha, bələdiyyə mülkiyyətində 271 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 26, perspektiv inkişaf fondu 14, örüş 18, suvarma kanalları və arxlar 20,4, kollektor-drenaj şəbəkəsi 81,6, ictimai tikinti 4,5, kənd altında ümumi istifadə olan 23, yollar 21, məktəb 1, qəbiristanlıq 41, meşə zolağı 9,7, təpə 9,3, meydança 1,5 ha) xüsusi mülkiyyətdə 957 ha (o cümlədən özəlləşdirilən torpaqlar 938, həyətyani 19 ha) torpaq sahəsi var. Hər nəfərə 0,82 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 227, ailələrin sayı 286, əhalisi 1045 00nəfərdir (2009). Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəb,uşaq bağçası, EATS, poçt şöbəsi, kitabxana, bioloji laboratoriya, REŞ-in yarımstansiyası, yanacaqdoldurma məntəqəsi, şadlıq sarayı, ictimai-iaşə və ticarət obyektləri var. Tarixi abidələrdən Həzrəti Cərcis Peyğəmbər türbəsi, Peyğəmbər ziyarətgahı göstərilə bilər.
    Tarix. Böyük Vətən müharibəsindən sonrakı illərdə təşkil edilmiş 5 nömrəli pambıqçılıq sovxozunun 5-ci şöbəsinin fəhlələri üçün salınmışdır. (1965). Rəmzi olaraq belə adlandırılmışdır. Respublikada eyniadlı 2 kənd qeydə alınmışdır. (Beyləqan və Goranboy rayonları). Tarixi yerlərdən Həzrəti Cərcis Peyğəmbər ziyarətgahı var. Kolxoz yaradılmış (1939), 5 nömrəli sovxozun 5-ci şöbəsi adlanmış, torpaq islahatı ilə bağlı ləğv edilmişdir (1999). Qarabağ müharibəsində 30 nəfər iştirak etmiş, 15 nəfər şəhid olmuş, 2 nəfər itkin düşmüş, 13 nəfər veteran var.

   ŞƏRQ - Beyləqan rayonunda qəsəbə. Şərq və Sarısu kəndlərinin daxil olduğu Şərq inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Şərq qəsəbəsinin və Sarısu kəndinin daxil olduğu nümayəndəliyinin mərkəzi. Bakıdan 292 km məsafədə, rayon mərkəzindən 25 km şərqdə Mil düzündə yerləşmişdir. Şimal şərqdən və şərqdən rayonun Sarısu cənub şərqdən Türklər, cənubdan Dünyamamlılar, cənub- qərbdən Əlinəzərli, qərbdən İkinci Aşıqlı kəndləri ilə həmsərhəddir. Sahəsi 3307 ha. Ondan dövlət mülkiyyətində 135 ha, bələdiyyə mülkiyyətində 1123 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 107, perspektiv inkişaf fondu 40, örüş 396,5 suvarma kanalları və arxlar 133,4, kollektor-drenaj şəbəkəsi 330, ictimai tikinti 39,4, kənd altında ümumi istifadə olan 12, yollar 53,7, məktəb 2, qəbiristanlıq 4, qamışlıq, bataqlıq, göl 1,9, meydança 3,1 ha) xüsusi mülkiyyətdə 2049 ha (o cümlədən özəlləşdirilən torpaqlar 2004, həyətyani 45 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı torpaqlar özəlləşdirilmiş, hər nəfərə 1,32 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 415, ailələrin sayı 419, əhalisi 1801 nəfərdir (2009). Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Çörək zavodu, orta məktəb, mədəniyyət evi, kitabxana, klub, uşaq bağçası, 25 çarpayılıq xəstəxana, feldşer-mama məntəqəsi, poçt, ATS var.
      Tarix. Yaşayış məskəni həmin rayondakı 4 nömrəli pambıqçılıq sovxozunun fəhlələri üçün 1965 - ci ildə salınmışdır. Rəmzi olaraq belə adlandırılmışdır. Təksaqqız ağacı ziyarətgahı vardır. Böyük Vətən müharibəsində 2 nəfər iştirak etmişdir, 1 nəfər veteran vardır. Qarabağ müharibəsində 20 nəfər iştirak etmiş, 7 nəfər şəhid olmuş, 3 nəfər əlil olmuşdur, 20 nəfər veteran vardır.

   TÜRKLƏR - Beyləqan rayonunda qəsəbə. Türklər kəndinin daxil olduğu Türklər inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 295 km məsafədə, rayon mərkəzindən 28 km şimal-şərqdə, Mil düzündə yerləşmişdir. Şimal-şərqdən rayonun Sarısu, cənub-şərqdən Bünyadlı, cənubdan Dünyamalılar, cənub-qərbdən Əlinəzərli, qərbdən Birinci Aşıqlı kəndləri, şimal-qərbdən Şərq qəsəbəsi ilə həmsərhəddir. Sahəsi 2188 ha. Ondan dövlət mülkiyyətində 45 ha, bələdiyyə mülkiyyətində 462 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 55, perspektiv inkişaf fondu 20, örüş 88, mal-qara üçün ümumi istifadədə olan örüş 60, suvarma kanalları və arxlar 16, kollektor-drenaj şəbəkəsi 126, ictimai tikinti 9,5, kənd altında ümumi istifadə olan 47, yollar 17, məktəb 1,5, qəbiristanlıq 5, yararsız şoran torpaq 17 ha) xüsusi mülkiyyətdə 1681 ha (o cümlədən özəlləşdirilən torpaqlar 1640, həyətyani 41 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı torpaqlar özəlləşdirilmiş, hər nəfərə 1,3 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 295, ailələrin sayı 271, əhalisi 1464 nəfərdir (2009). Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Kənd sakinlərinin şəxsi vəsaiti hesabına məscid tikilmişdir (256 kv.m.). Orta məktəb, xəstəxana (həkim ambulatoriyası), kitabxana, klub, ictimai-iaşə obyektləri var.
     Tarix. 4 nömrəli sovxozun 3 nömrəli şöbəsi yanında yaranmışdır. Qəsəbənin 1944-cü ildə Gürcüstandan Özbəkistana sürgün edilən və 1962-ci ildən oradan Azərbaycana köçmüş türklər (Axıska və ya Mesxetiya türkləri) saldığına görə 1965-ci ildə belə adlandırılmışdır. Yerli məlumata görə, burada məskunlaşan türklər Gürcüstanın Axıska bölgəsinin Adıgün rayonunun Xarcan kəndindəndir. Kəndi Azərbaycan dövləti öz vəsaiti hesabına saldıraraq Axıska türklərinə hədiyyə etmişdir. Respublikada eyniadlı iki kənd mövcuddur. Tarixi yerlər: Yuxarı Qarabağ kanalı, Sarısu kanalı. Məhəllələr: Mərkəzi küçə, Məscid küçəsi, Təzə məhəllə, Artezian küçəsi, I, II və III küçələr. Nəsillər: Xatolar, Suxumilər, Parxilər, Dabbanlar, Qipolar, Dalagillər, Prasunalar. Kolxoz qurulmuş (1962), III şöbə adlanmış, torpaq islahatı ilə bağlı ləğv edilmişdir (1997).Böyük Vətən müharibəsində 69 nəfər iştirak etmiş, 48 nəfər həlak olmuş, 21 nəfər veteran vardır. Qarabağ müharibəsində 5 nəfər iştirak etmiş, 1 nəfər şəhid olmuş, 1 nəfər əlil olmuş, 3 nəfər veteran vardır.

     YENİ MİL - Beyləqan rayonunda qəsəbə. Yeni Mil kəndinin daxil olduğu Yeni Mil inzibati ərazi dairəsinin eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 277 km məsafədə, rayon mərkəzindən 10km cənubda, Mil düzündə yerləşir. Şimaldan rayonun Yuxarı Aran, şimal- şərqdən və şərqdən Allahyarlı, şərqdən Qəhrəmanlı, cənubdan və cənub-qərbdən Milabad kəndləri ilə həmsərhəddir. Sahəsi 921 ha. Ondan dövlət mülkiyyətində 10 ha, bələdiyyə mülkiyyətində 227 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 12, perspektiv inkişaf fondu 10, örüş 16, suvarma kanalları və arxlar 29, kollektor-drenaj şəbəkəsi 10, ictimai tikinti 5,8, kənd altında ümumi istifadə olan 72,3 yollar 51,8, məktəb 1,2, qəbiristanlıq 4, qamışlıq, bataqlıq, göl 3,5, yararsız şoran torpaq 11,4 ha) xüsusi mülkiyyətdə 684 ha (o cümlədən özəlləşdirilən torpaqlar 619, həyətyani 65 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı torpaqlar özəlləşdirilmiş, hər nəfərə 0,33 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 438, ailələrin sayı 413, əhalisi 2087 nəfərdir (2009). Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. R. Quliyev adına qəsəbə orta məktəbi, E. Məmmədov adına mədəniyyət evi, kitabxana, uşaq bağçası, feldşer-mama məntəqəsi, rabitə şöbəsi EATS var.
   Tarix. Yaşayış məntəqəsinin ondan əvvəl yaradılmış Mil qəsəbəsindən fərləndirmək üçün belə adlandırmışlar. Toponim Mil düzünün adı ilə bağlıdır. Yerli məlumata görə yaşayış məntəqəsi daş-çınqıl karxanasının ( keryer) yanında salınmış (1936), ona görədə əvəllər Karyer adlanmışdır. Əlverişli coğrafi mövqedə yerləşdiyi və düzən relyefə malik olduğu üçün ərazidə "Mil" üzümçülük sovxozu yaradılmışdır (1948). Sovxozun əhalisini əsasən Füzuli, İmişli ,Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarından gələn ailələr təşkil edirdi. Aran yeri olduğu üçün bu yerlərdə üzümçülük yaxşı inkişaf etmiş, becərilən üzümlər şəkərliyə görə Ümumittifaq XTNS - də, Almaniyada, Ukraynada qızıl medala, emal olunan şərab növləri isə sərgilərdə fərqlənmə diplomlarına, "Mil" şərabı Rumıniya Respublikasında qızıl medala (1956) layiq görülmüşdür. Sovet dövründə Almaniyaya Beyləqan şərabı ixrac olunurdu. "Mil", "Mədrəsə", "Sadıllı", "Qızıl sərvət", "Portveyn-777" markalı şərablar istehsal olunurdu. Üzümlərdən çəkilən şirələr dadı və yüksək dozası ilə də fərqlənirdi. Sovxozun emal zavodunda emal olunan məhsullar kənd əhalisinə yüksək gəlir gətirdiyi üçün qəsəbə əhalisinin güzaranı yaxşı idi. Həmin sovxozun bazasında uç şəhərtipli yaşayış məntəqəsi salımışdı (Milabad, Yeni Mil, Mil). Hər üç yaşayış məntəqəsinin adı Mil düzünün adı ilə bağlıdır. Mil düzündə yerləşən qəsəbə əlverişli coğrafi mövqeyə malikdir. Bakı-Beyləqan magistral avtomobil yolunun sağ və sol hissəsində yerləşir. Düzən relyefə malikdir. İqlimi subtropik qurşağın yayı isti, qışı quraq keçən yarımsəhra və quru çöl iqlimi tipinə malikdir. Sovxoz yaradılmış (1948), "Mil" üzümçülük sovxozu adlanmış (1948-1996), islahatla bağlı ləğv edilmişdir (1996). Böyük Vətən müharibəsində 8 nəfər iştirak etmiş, 6 nəfər həlak olmuş, 3 nəfər veteran vardır. Qarabağ müharibəsində 43 nəfər iştirak etmiş, 7 nəfər şəhid olmuş, 1 nəfər itkin düşmüş, 76 nəfər əlil olmuşdur, 17 nəfər veteran var. Yusif Əliyev, İmran Məmmədov bu kəndin yetirmələridir.

    YUXARI ARAN - Beyləqan rayonunda qəsəbə. Yuxarı Aran və Mayak kəndlərinin daxil olduğu Yuxarı Aran inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 281 km məsafədə, rayon mərkəzindən 14 km cənub-şərqdə, Mil düzündə yerləşmişdir. Şimaldan rayonun Şəfəq və Mayak, şimal-şərqdən və şərqdən Bahar, cənub-şərqdən Qəhrəmanlı, cənubdan Yeni Mil, qərbdən Allahyarlı kəndləri, şimal-qərbdən Beyləqan şəhəri ilə həmsərhədddir. Sahəsi 1931 ha. Ondan dövlət mülkiyyətində 16 ha, bələdiyyə mülkiyyətində 391 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu 56, perspektiv inkişaf fondu 25, örüş 14, suvarma kanalları və arxlar 20, kollektor-drenaj şəbəkəsi 92, ictimai tikinti 3, kənd altında ümumi istifadə olan 24, yollar 14, məktəb 5, meşə zolağı 30, təpə 8, kanalaltı torpaq 90 ha), xüsusi mülkiyyətdə 1524 ha (o cümlədən özəlləşdirilən torpaqlar 1478, həyətyani 46 ha) torpaq sahəsi var. Torpaq islahatı ilə bağlı torpaqlar özəlləşdirilmiş, hər nəfərə 0,95 ha pay torpağı bölünmüşdür. Təsərrüfatların sayı 471, ailələrin sayı 471, əhalisi 1650 nəfərdir (2009). Əhali əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəb, mədəniyyət evi, uşaq bağçası, tibb məntəqəsi, poçt, EATS, Sevil Qazıyevanın ev muzeyi, ictimai-iaşə obyektləri vardır. Gəray Əsədovun heykəli, Sevil Qazıyevanın büstü var.
     Tarix. Mil düzündədir. Qəsəbə 5 nömrəli sovxozun 1 nömrəli şöbəsinin fəhlələri üçün salınmışdır (1929). Əvvəllər Jdanov üzümçülük sovxozu, 1965-ci ildən "Komsomol" adını daşıyırdı. 1992-ci ildən qəsəbə indiki adla rəsmiləşdirildi. Tarixi yerlərdən Xan qızı arxı olmuşdur. Sovxoz qurulmuş, 5 nömrəli pambıqçılıq sovxozu adlandırılmış, aparılan islahatlarla bağlı ləğv edilmişdir (1996). Qarabağ müharibəsində 74 nəfər iştirak etmiş, 12 nəfər şəhid olmuş, 10 nəfər əlil olmuşdur. Sevil Qazıyeva, Sona Qazıyeva, Tofiq Məhərrəmov, Tamara Süleymanova, Abdulxalıq Turdeyev bu kəndin yetirmələrindəndir.

Yuxarı