Heydər Əliyevin III; IV; V səfərləri

     III SƏFƏR (07.06.1980).
    Azərbaycan respublikasına rəhbərlik etdiyi dövrdə Heydər Əliyev Beyləqan rayonuna üçüncü dəfə 7 iyun 1980-cı ildə səfər etmişdir. Səfər zamanı bir sıra təsərrüfatlarda olmuş, pambıq tarlalarını gəzmiş, əkin sahələrinin vəziyyəti, onların becərilməsinin gedişi ilə yaxından tanış olmuş, əmək adamları ilə görüşüb söhbət etmiş, onların həyat şəraiti ilə tanış olmuş, ehtiyac və tələbləri ilə maraqlanmışdır. Heydər Əliyev ilk dəfə 3 nömrəli sovxozun pambıqçılıq briqadiri, Sosialist Əməyi Qəhrəmanı Sərdar İmrəliyevin sahəsində olmuşdur. O, “Sərdar məktəbi” adlanan bu nümunəvi təsərrüfatla yaxından tanış olmuş və qabaqcıl əmək adamları ilə dialoqa girmişdi. Briqada üzvləri Heydər Əliyevə məlumat verərək bildirmişlər ki, onlar bu il dövlətə 1200 ton pambıq satacaq, hər hektardan 50 sentnerdən çox məhsul götürəcəklər.
   Heydər Əliyev briqada üzvləri ilə söhbət zamanı demişdir ki, Sərdar kimi qabaqcıl pambıqçı mexanizatorlar xalqımızın fəxridir. Onların işi hamıya örnək, nümunə olmalıdır. Sovxoz əçəkçiləri ilə söhbət zamanı Heydər Əliyev təsərrüfatın başqa sahələri ilə maraqlanmışdır. Sovxozun qabaqcıl sağıcısı, Lenin və Oktyabr İnqilabı ordenli Qumru Namazova özünün yeni artırılmış öhdəliyi barədə məlumat verərək bildirmişdir ki, qulluq etdiyi hər inəkdən 6000 kq. süd sağacaqdır. Sovxozun direktoru M.Məmmədov demişdir ki, beşilliyin son ilində sovxoz dövlətə planda nəzərdə tutulan 6500 ton əvəzinə, 8100 ton pambıq satacaq, hər hektardan 60 sentner pambıq götürəcəkdir.

   ...Fərman Əhmədovun pambıqçılıq briqadası “Sevil Qazıyeva” sovxozunda yeni təşkil edilmişdir. Heydər Əliyev bu briqadanın pambıq tarlasını gəzmiş, briqada üzvləri ilə söhbət etmişdir. Onlar 70 hektar sahədən 330 ton “ağ qızıl” əldə edilməsi barədə vədlərinə şərəflə əməl edəcəklərinə söz vermişlər.
    Görüş zamanı çıxış etmiş pambıqçılıq briqadirlərindən Tofiq Məhərrəmov, Qürbət Məmmədov, Kamal Əhmədov, Nübar Əliyeva, Bəylər Mirzəyev, Qurban Abdullayev, Lətifə Məmmədova və başqaları əldə edilən uğurlardan iftixarla söhbət açmışlar.
  ...90 yaşlı əmək veteranı Abdulla Tağıyev və suçu Əşrəf Məhərrəmov çıxış edərək əmək adamlarının rifahının, xalqın güzəranının gündən-günə yaxşılaşmasına, kənd və qəsəbələrin ilbəil abadlaşdırılmasına göstərdiyi qayğıya görə dövlətimizə, hökümətimizə dərin minnətdarlıqlarını bildirmişlər. Sovxozun direktoru K.Quliyev öhdəliklər barədə məlumatlar vermişdir. Kollektiv bu il dövlətə 9200 ton yüksək keyfiyyətli Mil pambığı satacaq, taxılçılar hər hektardan 60 sentner məhsul götürəcəklər.
  ...”Dostluq” qoyunçuluq sovxozunda taxılçılarla görüşən Heydər Əliyev qısa fasilə zamanından istifadə edərək taxılçıların arzularını eşitmək istədiyinin bildirmişdir. Taxılçılar cari ildə hər hektardan 50 sentner taxıl götürmək uğrunda var qüvvələrini sərf edəcəklərinə söz vermişlər. Sonra Heydər Əliyev 3 Lenin ordenli Azərbaycan SSR Ali Sovetinin deputatı Əhməd Əhmədovun başcılıq etdiyi kollektivdə olmuşdur. Briqada üzvləri bu il 1000 tondan çox məhsul uğrunda çalışırlar. Kolxozçular dövlətə planda nəzərdə tutulan 4000 ton əvəzinə 6100 ton yüksək keyfiyyətli pambıq məhsulu satmağı vəd etmişlər. Pambıqçılıq briqadirlərindən Şura Hüseynov, Qara Namazov, Məhəmmədəli Bayramov, Zeynəb Qulyeva və başqaları çıxış edərək respublika rəhbərinə plan və tapşırıqları vaxtından əvvəl yerinə yetirəcəklərinə söz vermişlər.

   ...1981-ci il iyunun 7-də “Mil” kinoteatrında keçırılmış rayon təsərrüfat fəallarının yığıncağında ilin plan və öhtəliklərinin necə yerinə yetirilməsindən, kənd təsərrüfatı işlərinin gedişindən söhbət açılmışdır. 3 nömrəli sovxozun pambıqçılıq briqadiri, Sosialist Əməyi Qəhrəmanı Sərdar İmrəliyev, Meyvə tinqliyi sozxozunun rəhbəri Zeynəb Qarayeva, müharibə veteranı Feyruz Dərgahov çıxış etmiş, kənd əməkçiləri adından xalqımızın tərəqqisinə, onun həyat səviyyəsinin yüksəlməsinə, iqtisadiyyat və mədəniyyətimizin inkişafına yaxından kömək etdiyinə görə Heydər Əlirza oğlu Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
    Yığıncaqda qeyd edilmişdir ki, bu il Milin qəhrəman əməkçiləri dövlətə 65 min ton pambıq 40 min ton üzüm məhsulu satmağı, hər hektardan 40 sentnerdən çox taxıl məhsulu yığmağı öhdəliyə götürmüşlər.
    Fəallar yığıncağının iştirakçıları tərəfindən hərarətlə qarşılanan Heydər Əliyev yığıncaqda çıxış edərək göstərmişdir ki, ötən il zərbəçi əmək növbəsində dayanan beyləqanlılar parlaq nailiyyətlər qazanmışlar. Hazırda kənd əməkçilərinin fədakar əməyi sayəsində bu ilin bol məhsulun möhkəm təməli qoyulur. O qeyd etmişdir ki, kənd təsərrüfatı istehsalını yüksəltmək, rayonda sağlam mənəvi siyasi şərait yaratmaq sahəsində rayon rəhbərlərinin fəaliyyəti yüksək qiymətləndirilməlidir.
    Heydər Əlirza oğlu Əliyev göstərmişdir ki, kənd təsərrüfatı işlərinin sürət və keyfiyyətini yüksəltmək, taxıl yığımını qısa müddətdə və itkisiz başa çatdırmaq, kənd təsərrüfatı bitkilərinin və heyvandarlığın məhsuldarlığının daha da yüksəldilməsi, onun yem bazasının möhkəmləndirilməsi sahəsində rayonda mövcud olan böyük ehtiyat mənbələrindən geniş istifadə etmək lazımdır.    Sonra Heydər Əlirza oğlu Əliyev rayon əməkçilərinin 1980-ci ili ləyaqətli əmək töhfələri ilə başa çatdıracaqlarına əmin olduğunu bildirmiş, bu işdə rayonun bütün əməksevər insanlarına müvəffəqiyyətlər arzulamışdır.

     Rayon partiya-təsərrüfat fəalları yığıncağında Heydər Əlirza oğlu Əliyevin çıxışı.
  ...Bu gün Azərbaycan KP Mərkəzi Komitəsinin respublika partiya-təsərrüfat fəallarının mayin 12-də keçirilmiş yığıncağının müəyyən etdiyi tədbirlərin yerinə yetirilməsi gedişini yoxlamaq məqsədi ilə zona müşavirəsinin Jdanov rayonunda keçirilməsini qərara alması heç də təsadüfi deyildir. Axı, respublikamızın əldə etdiyi nailiyyətlərdən jdanovluların da əməyi böyükdür. Sizin rayon respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarındandır. Buna görə də Jdanov rayonu həmişə Azərbaycan KP Mərkəzi Komitəsinin diqqət mərkəzində durur.
     Siz jdanovlular keçən il yaxşı işlədiniz, əsl zərbəçi kimi işlədiniz, Dövlətə 55 min tondan çox pambıq, 10 min tondan çox taxıl, 36 min tona yaxın üzüm məhsulu satdınız.
   Heyvandarlıq məhsulları istehsalı və satışı sahəsində qəbul etdiyiniz öhdəliklərə də artıqlaması ilə əməl etdiniz. Bütün bunlar özünü ilk növbədə, rayon zəhmətkeşlərinin həyat səviyyəsinin yüksəlməsində güzəranının yaxşılaşmasında göstərir.

    Rayon uzun müddət kənd təsərrüfatı məhsulları istehsalı və satışı sahəsində, xüsusilə pambıqçılıqda plan və öhdəlikləri yerinə yetirə bilmirdi. Bu, Azərbaycan KP Mərkəzi Komitəsini çox narahat edirdi. Elə mən özüm iki dəfə 1971 və 1976-cı illərdə sizin rayonda olarkən ümid edirdim ki, jdanovlular ölkəyə bol pambıq, taxıl, üzüm və heyvandarlıq məhsulları satacaq, verdikləri vədə şərəflə əməl edəcərklər. Lakin bu heç də belə olmadı. Düzdür taxılçılıqda və süd istehsalında müəyyən irəliləyiş olsa da, pambıqçılıq sahəsindəki geriliklə heç cür barışmaq olmazdı. Doğrusu, o vaxtlar mən özüm çox narahat oldum ki, nə üçün kənd təsərrüfatının bütün sahələrində böyük iş təcrübəsinə, böyük ustalığa malik olan Jdanov rayonunun zəhmətkeşləri verdikləri vədə əməl edə bilməsinlər?
     Lakin siz keçən il birdən-birə çox böyük dəyişiklik etdiniz. Ölkəyə nəzərdə tutulduğundan xeyli çox kənd təsərrüfatı məhsulları satdınız. Şübhəsiz, bu böyük əmək qələbəniz sizi sevindirməyə bilməzdi. Ancaq sizə səmimiyyətlə deyim ki, jdanovluların bu yüksək fədakarlığı məni sizdən çox sevindirdi. Xüsusilə ona görə çox sevindim ki Jdanov rayonunda kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün böyük və geniş imkanlar olduğu barədə mənim fikrimi siz öz fədakar əməyinizlə, tükənməz işinizlə, özü də çox asan şəkildə sübut etdiniz. Şübhəsiz, bu müvəffəqiyyətlərin əldə edilməsi, kənd təsərrüfatı istehsalını yüksəltmək, rayonda sağlam mənəvi-siyasi şərait yaratmaq sahəsində rayon rəhbərliyinin fəaliəti yüksək qiymətləndirilməlidir.
  Açıq demək lazımdir ki, hələ sizin istifadə etmədiyiniz ehtiyat mənbələriniz çoxdur. Bu gün rayonun bir sıra təsərrüfatlarında olarkən ayrı-ayrı briqadirlər, sıravı əmək adamları, sağıcı və suçular öz güzəranlarının yaxşılaşdığından ağız dolusu danışdılar, yüksək öhdəliklər götürdülər. Bu onu deyir ki, sizin rayonda kənd təsərrüfatının daha da inkişaf etdirilməsi sahəsində geniş imkanlar var. Rayonun bütün zəhmətkeşləri öz güzəranlarından razılıq edirlər. Bu yaxşı işləməyin nəticəsidir. Sizin bugünkü əhval-ruhiyyəniz, çıxışlarınız jdanovluların 1980-cı ildə kənd təsərrüfatının bütün sahələrində daha yüksək nailiyyətlər qazanacaqlarına bizdə böyük inam yaradır. Biz çalışmalıyıq ki, Jdanov rayonu zəhmətkeşlərinin həyat tərzi, güzəranı, mədəniyyəti daha da yaxşılaşsın. Bunun üçün keçən ilkindən daha yaxşı, daha məsuliyyətli işləməliyik.

    Bu il Milin qəhrəman əməkçiləri dövlətə 65 min ton pambıq, 40 min ton üzüm məhsulu satmağı, hər hektardan 40 sentnerdən artıq taxıl götürməyi qərara almışlar. İndi pambıq tarlalarında, taxıl zəmilərində, üzüm plantasiyalarında bu yüksək öhdəliklər uğrunda qızğın iş gedir.
    Rayonun zəhmətkeşləri bu il ölkəyə 65 min ton pambıq satmağı vəd edir. Bu çox böyük rəqəmdir. Azərbaycan KP Mərkəzi Komitəsi bunu çox yüksək qiymətləndirir. Axı, bir vaxtlar siz 40 min tona çata bilmirdiniz. Eyni zamanda Jdanov Respublikamızın ən böyük pambıqçılıq rayonlarındandır. Bərdə, Ağcabədi və Sabirabad rayonlarının yaxın gələcəkdə 100 min ton pambıq məhsulu istehsal etmək imkanlarını nəzərdən keçirərək qərar qəbul etmişik. İndi siz 65 min ton deyil, 75 min ton uğrunda mübarizə aparmalısınız. Bu gün sizin rayonun təsərrüfat rəhbərləri, ayrı-ayrı mütəxəssis və əmək adamları ilə söhbətlərimizdən aydın oldu ki, hazırda pambıq əkinlərinin vəziyyəti ən məhsuldar il olan keçənildəkindən də yaxşıdır. İndi siz ölkəyə nəinki 65 min ton, hətta 75 min tondan çox pambıq məhsulu sata bilərsiniz.
   Səpin yaxşı keçirilmiş, çiyid normal qaydada cücərib bitmişdir. Sahələrdə bitkilərin sayı çoxalmış, onların inkişaf intensivliyi artmışdır. Becərmə işləri də yüksək keyfiyyətlə, optimal müddətdə aparılır.

     Bol məhsul istehsal etmək üçün sizin hər cür imkanlarınız və şəraitiniz vardır. Jdanovda yaxşı professional ustalığa, gözəl təcrübəyə malik qabaqcıl əmək adamları – sərdarlar, əhmədlər, qumrular çoxdur: Sərdar İmrəliyev respublikamızda pambıqçılığın mayakıdır, xalqımızın fəxridir. Sərdar İmrəliyevin, Əhməd Əhmədovun işi hamıya örnək olmalı, nümunə olmalıdır. İndi əsas məsələ onuncu beşilliyin sonuncu ilini daha yüksək nailiyyətlərlə başa vurmaq üçün bu ilin mühüm vəzifələri uğrunda səmərəli mübarızə aparılmasını təşkil etməkdən ibarətdir. Indi əkinlərə qulluq edilməsini daha da gücləndirmək, bol məhsul yetişdirilməsini təmin etmək, yığıma nümunəvi hazırlaşmaq, onu mütəşəkkil keçirmək lazımdır. Yalniz bu halda 1980-cı ilin mühüm təsərrüfat vəzifələrinin öhdəsindən bacarıqla gəlmək mümkündür.
     Taxılçılıq sahəsində də Jdanov rayonunun potensial imkanları böyükdür. Bu il rayon üzrə hər hektardan 40 sentner taxıl götürülməsi uğrunda gərgin mübarizə aparılır. Bu böyük və şərəfli işdir. Yadımdadır, ilk dəfə 1971-ci ildə mən Jdanov rayonuna gələndə siz hər hektardan 22 sentner məhsul əldə etmişdiniz. O vaxt bu, yüksək göstərici sayılırdı. Ona görə də mən sizin taxılçıların işini başqalarına nümunə göstərmişdim. Lakin keçən il sizin taxılçılar rayon üzrə 37,6 sentner taxıl əldə etdilər. Hətta bir sıra təsərrüfatlar 40 sentnerdən çox məhsul götürmüşdür. İndi siz hər hektardan 45-50 sentner taxıl məhsulu uğrunda mübarizə aparmalısınız.

    Mən bu gün “Dostluq” sovxozunun taxıl zəmisində kombaynçı-mexanizatorlarla görüşüb söhbət etdim. Bu sovxozun taxılçıları hər hektardan 50 sentner məhsul götürmək uğrunda mübarizə aparırlar. Onlar yaxşı məhsul yetişdirmişlər. Sovxozun direktoru bildirir ki, biçinin ilk günləri 45 sentnerdən çox məhsul yığılır. Burada ipatovoluların iş metodundan istifadə olunur. Bu çox yaxşıdır. İpatova taxılçılarının iş üsulu texnikadan və işçi qüvvəsindən səmərəli istifadə olunmasında geniş imkanlara malik təcrübədir. Lakin bunu bütün təsərrüfatlarda tətbiq etmək lazımdır. 3 və 5 nömrəli sovxozların taxılçıları işə bu gün daha yüksək göstərici - 60 sentner uğrunda yarışdıqlarını bildirdilər. Bu məqsədə çatmaq üçün biçini nümunəvi qısa müddətdə və itkisiz keçirmək lazımdır. Xüsusilə yığım dövründə məhsul itkisinə qarşı qəti mübarizə aparılmalıdır.
   Rayonun üzümçüləri də keçən il diqqətəlayiq müvəffəqiyyət qazanmışlar. Əvvəllər deyirdilər ki, Jdanov rayonu şəraitində 30 min tondan çox üzüm istehsal etmək mümkün deyil. Siz düzgün olmayan bu fikri də keçən il öz fədakar əməyinizlə alt-üst etdiniz. Dövlətə 36 min tona yaxın yüksək keyfiyyətli kəhrəba salxımlı üzüm məhsulu təhvil verdiniz.
    Jdanovlular bütün mövcud ehtiyat mənbələrindən istifadə etsələr, gələcəkdə pambıq və üzüm məhsulu istehsalını ayrı-ayrılıqda 100 min tona çatdıra bilərlər. Azərbaycan KP Mərkəzi Komitəsi bu sahədə Jdanov rayonuna lazım olan bütün köməkliyi əsirgəməyəcəkdir. Hazırda üzümçülükdə bağların becərilməsinin, ziyanvericilərə və xəstəliklərə qarşı mübarizənin məsul dövrüdür. Ona görə də üzümlüklərə qayğı ilə qulluq etmək lazımdır.

  Heyvandarlıq sahəsində müəyyən irəliləyişləriniz olsa da, ümumilikdə vəziyyət çox da yaxşı deyildir. Keçən il rayonumuzda hər inəkdən 2131 kq süd sağılmışdır. Bu, yüksək göstərici sayılmır. 3 nömrəli sovxozun Lenin və oktyabr inqilabi ordenli qabaqcıl sağıcısı Qumru Namazova bu gün bizə dedi ki, 1980-cı ildə öhtəsində olan 16 inəyin hər birindən 6000 kq süd sağacaqdır. Deməli, rayon heyvandarlarının nümunə götürəcəkləri əmək qabaqcılları elə onlarla çiyin-çiyinə işləyir.
    Açıqını deyim ki, rayonun heyvandarlıq sahəsində mövcud olan ehtiyat mənbələrindən hələ də lazımınca istifadə edə bilmirsiniz, halbuki, sizin rayonda bu sahədə olduqca əlverişli şərait vardır.
    Ət istehsalı sahəsində ciddi nöqsanlarınız vardır. Keçən il dövlətə təhvil verilən hər qoyunun diri çəkisi 36 kiloqram, qara malınki isə 273 kiloqram olmuşdur. Bu göstəricini heç də yaxşı hesab etmək olmaz. Lakin bu sahədə cari ildə xeyli dönüş əldə edilmişdir. Rayonun qabaqcıl təsərrüfatları indi dövlətə satılan hər qoyunu 40 kiloqramdan, iribuynuzlu mal-qaranı isə 300 kiloqramdan yuxarı çəkidə təhvil verirlər. Bu, çox yaxşıdır. İndi çalışmaq lazımdır ki, bu səviyyəni nəinki saxlayasınız, hətta rayon üzrə dövlətə təhvil verilən qaramalın çəkisi 350-400 kiloqrama, qoyunların çəkisi isə 40 kiloqrama çatdırasınız. Bostan-tərəvəz bitkiləri məhsulları istehsalında da beşillik plan səviyyəsindən çox geri qalırsınız. Unutmayın ki, qabaqcıl rayon olmaq üçün bütün plan tapşırıqlarını, böyüyünü də, kiçiyini də artıqlaması ilə yerinə yetirmək lazımdır.

   Yem istehsalı, yem ehtiyatlarının artırılması, heyvandarlığın inkişafında mühüm vasitədir. Bu sahədə də geriliyiniz vardır. Ona görə də yem istehsalı, senaj, silos, küləş, quru ot və başqa yemləri tədarükü məsələsi daim diqqət mərkəzində saxlanmalı, bu sahədə planların kəsirdə qalmasına son qoyulmalıdır.
    ...ideoloji işin hər vasitə ilə yaxşılaşdırılmasına çalışmaq lazımdır. Xüsusilə zəhmətkeşlərin, gənclərin, tərbiyə işi daim diqqət mərkəzində saxlanılmalıdır. Hələ bir il bundan əvvəl respublikamızın paytaxtında mənəvi tərbiyə və fəal həyat mövqeyinin formalaşması məsələlərinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. Indi bu məsələni bir an belə unutmaq olmaz. Gərək təsərrüfat işləri ilə tərbiyə işi, mənəvi tərbiyə məsələləri sıx əlaqələndirilsin. Təəssüf ki, bu məsələləri bəzən unuduruq. Dövlət malına xor baxanlara, rüşvətxorlara, ictimai qaydaları pozanlara qarşı amansız olmaq lazımdır.
    Mən dəfələrlə demişəm ki, Jdanov rayonu 40 illik tarixə malik yeni rayondur, həm də, əsil mənada, fəhlə rayonudur. Burada halal zəhmətlə dolanmaq əhvalı-ruhiyyəsi üstünlük təşkil edir.
Belə bir rayonda gərək əliəyrilik, oğurluq, rüşvətxorluq və digər xoşagəlməz natəmiz hərəkətlər olmasın. Rayon partiya, sovet və komsomol təşkilatları belə hallara qarşı ciddi mübarizə aparmalı, bu sahədə inzibati orqanlarnı fəaliyyəti daha da yaxşılaşdırılmalıdır. Yeri gəlmişkən, icazə verin, Azərbaycan KP Mərkəzi Komitəsinin bürosu adından, şəxsən öz adımdan sizi – Mil düzünün qəhrəman oğul və qızlarını, bütün əmək adamlarını rayonunuzun 40 yaşının tamam olması münasibətilə səmimi təbrik edim, sizə 10-cu beşilliyin yekun ilində daha böyük müvəffəqiyyətlər arzulayıram.

    ...Heydər Əliyevin Beyləqana səfəri həmdə burada keçiriləcək respublika kənd təsərrüfatı işçilərinin zona müşavirəsi ilə bağlı olmuşdur. Belə ki, həmin gün Azərbaycan KP MK Jdanov və Ağdaş rayonlarında respublika kənd təsərrüfatı işçilərinin zona müşavirəsini keçirmişdir. Beyləqanda keçirilən zona müşavirəsinin işində şəhər və rayon partiya komitələrinin birinci katibləri, rayon icraiyyə komitələrinin sədrləri, rayon kənd təsərrüfatı orqanlarının rəhbərləri, rayon xalq nəzarəti komitələrinin sədrləri, kənd təsərrüfatı ilə məşğul olan nazirliklərin və baş idarələrin rəhbərləri kolxoz sədrləri və pambıqçılıq sovxozlarının direktorları iri pambıqçılıq təsərrüfatlarının ilk partiya təşkilatlarının katibləri, kənd sovetlərinin sədrləri, alimlər, Azərbaycan KP MK-nin və Azərbaycan SSR nazirlər sovetinin məsul işçiləri, yaradıcılıq ittifaqların, kütləvi informasiya orqanlarının nümayəndələri iştirak etmişlər.
    Müşavirədən qabaq Azərbaycan KP MK bürosunun üzvləri və büro üzvlüyünə namizədlər, nazirlər, yerlərdə işlərin vəziyyəti, kənd təsərrüfatı işçilərinin əmək və məişət şəraiti ilə tanış olmuşlar.
     Çıxış edən şəhər və rayon partiya komitələrinin birinci katibləri dövlətə pambıq, taxıl, üzüm, tərəvəz və başqa əkinçilik və heyvandarlıq məhsulları satışına dair tarla və ferma əməkçilərinin yeni öhdəlikləri haqqında məlumat vermişlər.
   Qazanılmış müvəffəqiyyətləri göstərməklə yanaşı, natiqlər nöqsanlar haqqında, istehsalın səmərəliliyini və işin keyfiyyətini daha da yüksəltmək üçün mövcud olan böyük ehtiyat bənbələri barədə də danışmışlar. Bəzi təsərrüfatlar da texnikanın, nəqliyyatın, mineral qübrələrin, əkin suyunun çatışmadığı göstərilmiş, bununla əlaqədər müvafiq respublika nazirləri və baş idarələri qarşısında tələblər qoyulmuşdur. Müşavirədə Sov. İKP MK siyası bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nin birinci katibi H.H.Əliyev çıxış etmişdir.   

    O demişdir –Rayon rəhbərlərinin verdikləri məlumatlardan görünür ki, mayın 12-də partiya təsərrüfat fəallarının respublika yığıncağında qoyulan vəzifələr müvəffəqiyyətlə yerinə yetirilir. Ötən müddət ərzində xeyli iş görülmüşdür və ümumən kənd təsərrüfatında indiki vəziyyəti kafi hesab etmək olar. Respublika da kənd təsərrüfatı istehsalının bütün sahələrində rekord məhsul götürmək, kənd təsərrüfatı məhsullarının istehsalına və tədarükünə dair planları və sosialist öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirmək üçün yaxşı təməl qoyulmuşdur. Bu, şübhəsiz ki, bizim hamımızı sevindirir və belə bir inam oyadır ki, Azərbaycan 1980-cı ili kənd təsərrüfatının bütün sahələrində rekord göstəricilərlə başa çatdıracaqdır.
   ...Əvvəllər olduğu kimi, yenə də biz kənd təsərrüfatının əsas sahələrindən biri olan pambıqçılığın daha da inkişaf etdirilməsinə birinci dərəcələri əhəmiyyət veririk. Biz pambığçılıqda yeni, daha yüksək zirvəyə qalxmalıyıq. Yoldaşların məlumatlarında, mütəxəssizlərin və alimlərin mülahizələrindən və işlərin vəziyyətinin təhlilindən aydın olur ki, biz keçən il əldə edilən nəticəni xeyli ötüb keçmək və ölkəyə daha çox Azərbaycan pambığı vermək vəzifəsini qarşımıza qoya bilərik. Bu, şərəfli və eyni zamanda çox mürəkkəb və məsul vəzifədir, lakin tamamilə real və yerinə yetirilə biləcək bir vəzifədir. Odur ki, hər yerdən bu vəzifənin həyata keçirilməsi uğrunda səmərəli mübarizə aparılmasını təşkil etmək lazımdır...
    Qarşıda qoyulan vəzifənin-rekord miqdarda taxıl məhsulu yığmaq vəzifəsinin həyata keçirilməsində pambıqçılıq rayonları xüsusilə böyük rol oynamalıdılar, çünki respublikadaki dənli bitkilərin əsas hissəsi həmin rayonlarda, özüdə münbit, suvarılan torpaqlarda yerləşir. Odur ki, bizim həmin rayonlardan daha yüksək məhsul gözləməyə haqqımız vardır. Rayonların rəhbərləri pambıq istehsalını artırmaqla fəal məşgul olduqları kimi, taxıl istehsalını artırmaqla da bu cür məşğul olmalıdırlar...

     Azərbaycan taxılçılarının işi yüksək qiymətə layiqdir. Bizim fikrimizcə, taxılçıların işində başlıca yekun ondan ibarətdir ki, hər yerdə keçənildəkindən daha yaxşı məhsul yetişdirilmişdir. İndi həlledici dövr başlanmışdır. Bəzi yerlərdə dənli bitkilərin becərilməsi və suvarılması davam etsə də, rayonların əksəriyyətində biçin artıq başlanmışdır. Burada əsas vəzifə biçini nümunəvi, qısa müddətlərdə və itkisiz keçirməkdə, taxıl istehsalının artmasını təmir etməkdən ibarətdir. Biz taxıl istehsalının həcmini bu il 1 milyon 300 min tona çatdırmalıyıq.
    Sonra Heydər Əliyev tərəvəzçilik və baxçılıq, yem istehsalı, üzümçülük, çayçılıq, barama, tütün, bostan bitkiləri istehsalı sahəsində görülən işlərdən, mövcud problemlərdən və onların həlli yollarından danışmış kənd sakinlərinə mədəni məişət, tibbi, ticarət, kommunal xidmətlərini daha da yaxşılaşdırmağı, onların yüksək məhsuldarlıqla işləməsi və səmərəli istehsal etməsi üçün lazımi şərait yaratmağın vacibliyini qeyd etmişdir... Sonda Heydər Əliyev kənd təsərrüfatı işçilərinə uğurlar arzulamışdır.

     IV SƏFƏR (11-12.12.1993).
Heydər Əlirza oğlu Əliyevin Beyləqan rayonuna dördüncü səfəri onun ölkəyə rəhbərliyinin ikinci dövrünə düşmüşdür. Belə ki, dekabrın 11-12-də o, İmişli, Fizuli, Beyləqan və Şəmkir rayonlarına səfər etmiş, Ağcabədi və Gəncədə müşavirələr keçirmişdir. Heydər Əlirza oğlu Əliyev rayonlara səfəri çərçivəsində dekabrın 11-də Beyləqanda da olmuş, “N” saylı hərbi hissəsinin qərargahında şəxsi heyətlə görüşmüşdür. Onun komanda heyətinin Bakıda 70-ci illərin əvvəllərində Heydər Əlirza oğlu Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmış C.Naxçıvanski adına ixtisaslandırılmış internat məktəbinin məzunları təşkil edirlər. Düşmənin aramsız atəşi altında keçən söhbət zamanı zabitlər prezidentə həmin məktəbdə olarkən onunla əvvəlki görüşlərini xatırlamışlar. Xüsusi səmimiliklə qeyd edilmişdir ki, onların hamısının yadındadır: Heydər Əliyev o vaxtlar respublikanın rəhbəri olarkən məktəbin milli komandir kadrlar hazırlanması üçün bir baza kimi təşəkkül tapmasından ötrü çox iş görmüşdür. Zabitlərin özləri nüfuzlu hərbi ali məktəb və akademiyaları bitirmiş, döyüş təcrübəsi indi onlara Vatənin müdafiyəsində kömək edir.
    Heydər Əliyev ixtisaslaşmış məktəbin məzunlarına təqdim etmək üçün bu məktəbin fərqləndirici nişanının təsis olunmasına dair təkliflə razılaşmışdır. Bununla bərabər, o təəssüfləndiyini söyləmişdir ki, məktəbin heç də bütün məzunları Vətənə qayıtmamışlar, halbuki Vətən istiqlaliyyət əldə etdikdən sonra onun başı üstünü dövlətçiliyin itirilməsi təhlükəsi almışdır. Heydər Əliyev bildirmişdir:

   “Azərbaycan öz oğullarına – təcrübəli hərbi mütəxəssislərə bu gün həmişəkindən daha çox möhtacdır. Elə mütəxəssislərə ki, həmvətənlərini öz arxasınca aparmağa, düşmənin qarşısında igidliklə durmağa, onu pərən-pərən salıb doğma torpaqdan qovmağa qadirdilər...
    ...Bu gün biz hərbi quruculuğa mane olan nöqsanların aradan qaldırılması üçün hər şey edirik...Vaxt gözləmir, onsuzda çox vaxt itirilmişdir. Lakin nə qədər çətin olsa da, biz özümüzü düşmən üzərində qələbəyə hazırlamalı, hərb işinə mükəmməl yiyələnməliyik...Xalq öz ordusuna inanır. Ordu düşmənə layiqli cavab verməlidir".
     O, palataları gəzərkən yaralılardan müalicənin necə getdiyini, bir kömək lazın olub-olmadığını, atalıq qayğısı ilə soruşmuşdur. Burada Ali Baş Komandanın danışdığı hər bir kəs onu əmin etmişdir ki, sağalıb ayağa qalxdıqdan sonra hərbi borcu və vətəndaş borcunu tələb etdiyi kimi, döyüş mövqelərinə qayıdacaqdır.
    Heydər Əliyev Beyləqana səfərini başa vuruqdan sonra dekabrın 11-dən Ağcabədiyə gəlmiş, sakinlərlə görüşmüş, burada müşavirə keçirmiş, dekabrın 12-də isə Gəncəyə gəlmiş, Nizaminin məqbərəsini ziyarət etmiş, şəhər sakinləri ilə görüşmüş, poliqonlara getmiş, hərbi qulluqçularla görüşmüş, sonra Gəncədə müşavirə keçirmişdir. Heydər Əliyev müşavirədə çıxış edərkən demişdir: “Bizim bir məqsədimiz olmalıdır. Respublikanın etibarlı müdafiəsini təmin etmək, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq. Azərbaycan müstəqil dövlətdir və biz birinci növbədə ərazi bütövlüyümüzü təmin etməliyik. Müstəqil dövlət öz ərazisinin sahibi olmalıdır. Biz buna nail olmalıyıq. Müstəqillik uğrunda mübarizə aparan adamlar öz səylərini, qüvvələrini bu istiqamətə yönəltməlidirlər...

     Qüman edirəm ki, dünənki və bugünkü görüşlərimiz, aparılan söhbətlər, müzakirələr hamımız üçün faydalıdır və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə kömək edəcəkdir. Bu işdə hamınıza uğurlar diləyirəm.
    Mən xalqın müdrikliyinə, zəkasına inanıram və bir daha Azərbaycan xalqına, bütün vətəndaşlara müraciət edərək bildirmək istəyirəm ki, mənə göstərilən etimaddan tam istifadə edəcək, Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.”
    Bununla da Heydər Əliyevin cəbhəyani rayonlarda yaranmış real vəziyyətlə tanışlıq məqsədilə bir sıra bölgələrə ikigünlük səfəri başa çatmışdır. 

     V SƏFƏR (09.04.1994).
     Heydər Əliyev cənub-qərb bölgəsinə səfəri çərçivəsində Beyləqan rayonunda da olmuşdur (09.04.1994). Bu, Heydər Əliyevin Beyləqan şəhərinə beşinci səfəri idi. Heydər Əliyev qaçqınların vəziyyəti, ordu quruculuğunun gedişi ilə tanış olmaq və ön cəbhədə əsgərlərlə görüşmək üçün aprelin 9-da respublikanın cənub-qərb bölgəsində, ilk əvvəl İmişli rayonunda olmuş, sakinlərlə və qaçqınlarla görüşmüş, qaçqınlar üçün salınmış çadır şəhərciyinə gəlmiş, sakinlərin problemləri ilə maraqlanmışdır. Sonra Fizuli rayonunda olmuş, burada ordu quruculuğu, müdafiə işinin təşkili ilə bağlı məsələləri müzakirə etmiş, hərbiçilər qarşısında çıxış etmiş, cəbhənin ən qaynar nöqtələrində olmuş, ön mövqedə dayanan əsgərlərin döyüş hazırlığı, qayğıları ilə tanış olmuş, səngərlərdə əsgərlərlə söhbət etmiş, onların problemləri ilə maraqlanmış, əsgərlərin vəziyyəti ilə tanışlığa xeyli vaxt ayırmışdır.
    Heydər Əliyev günün axırında Beyləqan şəhərinə gəlmiş, rayon icra hakimiyyəti binasının qarşısına toplaşmış yüzlərlə adam Heydər Əliyevi hərarətlə qarşılamışdır. Meydanın ayrı-ayrı yerlərindən “Heydər Əliyev, xalq Sizin arxanızda möhkəm dayanıb”, “Hörmətli Prezident, Beyləqana xoş gəlmişsiniz!” şüarları səslənmişdir. Heydər Əliyev meydana toplaşanlar qarşısında çıxış edərək, onu dinləyən insanlara söylədi:     

   "Əziz həmvətənlər, siz buraya mənim gəlişim münasibətilə toplaşmısınız. Yəqin mənimlə görüşmək, öz sözlərinizi demək istəyirsiniz. Eyni zamanda bunu belə başa düşürəm ki, mənə öz münasibətinizi bildirmək niyyətindəsiniz. Sizi ürəkdən salamlayıram, buraya toplaşdığınıza görə hamınıza təşəkkür edir, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. Bu gəlişimdə əsas, birinci məqsəd bölgədə vəziyyəti öyrənmək, burada yaşayan qaçqınlarla görüşmək, onların şəraiti ilə yaxından tanış olmaqdır. Azərbaycan torpaqlarını müdafiə edən ordumuzun dayandığı yerlərdə işlərlə də tanış olmaq və ordunun qayğıları ilə məşğul olmaq fikrindəyəm. Respublikamız öz tarixinin çox ağır bir dövrünü yaşayır. Bir tərəfdən iqtisadi böhran, iqtisadi çətinliklər, digər tərəfdən isə bizim üçün ən ağır cəhət respublikamızın müharibə şəraitində olması, torpağlarımızın bir qisminin işğal edilməsidir. Ona görə də orduya qayğı, hörmət, onun bütün problemlərini vaxtında həll etmək, eyni zamanda ordunun daxilində quruculuq işini, nizam-intizamı möhkəmləndirmək hamımızın və xüsusən dövlətin, o cümlədən bir prezident kimi mənim əsas borcum və əsas vəzifəmdir. Mən bu gün səhər bölgələrdəki hərbi hissələrə getmişəm, səngərlərdə əsgər və zabitlərimizlə görüşmüşəm, vəziyyətlə tanış olmuşam.
   İndi sizin Beyləqan rayonu, demək olar ön cəbhədədir. Yadınıza salın, vaxtında lazımi tədbirlər görməsəydik, yəqin ki, camaat Beyləqan rayonundan da köçmüş olardı. Əgər indi köçənlər varsa, onlar səhv edirlər. Torpağı unutmaq, atmaq olmaz. Torpağı qorumaq, torpaq uğrunda həlak olmaq insan üçün böyük şərəfdir. Torpağını, elini-obasını, yurdunu-yuvasını qoyub qaçmaq isə yaramaz haldır. Yadımdadır, bir dəfə buraya mərmi düşmüşdü. Bizə xəbər gəldi ki, beyləqanlılar da yerindən qopub köçmək istəyirlər. Mən dərhal orduya əmr verdim ki, lazımi tədbirlər görsünlər. Eyni zamansa rayon rəhbərliyinə xəbərdarlıq etdim ki, bu fitnəkarlığın, təxribatın qarşısı alınmalıdır. Yaxşı ki o vaxtlar bu halların qarşısı alındı, siz öz yerinizdə qalıb yaşadınız. Sizi əmin edirəm ki, arxayın yaşaya bilərsiniz. Qoy heç kəs narahat olmasın, heç kəs!

    Bu gün mən Fizuli rayonuna gedib ön cəbhədə, ermənilərin bir kilometrliyindəki səngərlərdə oldum. Hərbi hissələrə getdim, hər şeyə baxdım, yoxladım. Bildiyiniz kimi, mən buraya bir dəfə də gəlmişdim. Onda da Fizuli rayonuna getdim, səngərlərdə oldum. Amma indi ordumuz həmin kəndlərdən, həmin səngərlərdən Horadizə doğru 40 km irəliləmişdir. Bəli, 40 km! Oradan erməniləri qovublar, kəndlər boşalıbdır. Irəliləyiş tək orada olmayıb, başqa istiqamətlərdə də irəliləmişik. Bəzi yerlərdə 40 kilometr, digər yerlərdə isə 30 kilometr. Ümumiyyətlə götürsək, görərik ki, ordumuz cəbhə xəttinin 120 kilometri boyunca irəliləmişdir.
    Bu gün mən əsgərlərlə də, zabitlərlə də danışdım. Ordumuz orada möhkəm, etibarlı dayanmışdır. Narahat olmayın. Beyləqan, eləcə də Azərbaycanın bütün bu ərazisi etibarlı müdafiə edilir və edəcəkdir. Bilirsiniz mi, ortadakı təxribatçılar, araqarışdıranlar Azərbaycanın bəlasıdır. Belələri dünən də olublar, bu gün də var, həmişə olublar. Lakin siz onların dediklərinə, əməllərinə uymayın, onlara fikir verməyin. Yenə də deyirəm, torpağını qoruyub öz yurdunda həlak olmaq torpağını qoyub qaçmaqdan qat-qat şərəflidir.
    Məsələn, indi Fizuli rayonunun bir çox kəndləri azad edilibdir. Amma bu kəndlər boşdur. Üzüm bağlarına baxıram, hamısı başlı-başına qalıb. Biz vaxtılə o üzüm bağlarını böyük əzab-əziyyətlə saldırmışdıq. İndi oradan, ön cəbhədən, səngərlərdən gələndə baxıram, bu bağlar necə də kimsəsiz qalıb. Bəs gedib o bağlara qulluq etmək, becərmək, oradan məhsul götürmək lazım deyilmi? Torpağı da belə unutmaqmı olar? Belə yaramaz axı! Bəs necə olur ki, ermənilər leninakandan, Yerevandan, Kirovakandan gəlib burada vuruşur, həlak olurlar? Bu gün Fizuli rayonunda olarkən əsgərlərimiz, zabitlərimiz mənə dedilər ki əsir tutulmuş ermənilərdən haradan olduqlarını soruşublar. Biri deyib ki Leninakandanam, biri deyib ki Kirovakandanam. Onlar burada yaralanır da, əsir də düşür. Amma biz burada öz yerimizi, kəndimizi qorumayaq? Buna nə ad vermək olar?! Yaxud da ki, kəndlər azad edilibdir, amma evlər boşdur. Gedib orada yaşamaq, təsərrüfatı bərpa etmək lazımdır. Nəyi gözləyirsiniz?

    Buna görə də mən sizə bildirmək istəyirəm ki, birincisi, beyləqanlılar rahat yaşaya bilərlər. Öz işlərinizlə, təsərrüfatla məşğul olun, səmərəli iş görün və heç nədən nigarançılıq keçirməyin. İkincisi də, bu gün Fizuli rayonun rəhbərləri ilə danışacağam. Rayonun kəndlərinin çoxu azad olubdur. Gedib bağlara, əkinlərə, təsərrüfatlara baxmaq, qulluq etmək lazımdır.
   Dediyim kimi, buraya gəlişimin əsas məqsədi cəbhədəki əsgər və zabitlərimizlə görüşməkdir. Biz onlara bu gün də görüşdük, sabah da görüşəcəyik. Gərək hamımız orduya kömək edək. Hamımız! Hər bir kəs orduya kömək etsin! Orduya qayğı və diqqət göstərmək lazımdir. Hər bir əsgərə. Hər bir zabitə hörmət etmək lazımdır. Ordu xalqımızın bir hissəsidir. Döyüşçülərimiz bizi müdafiə edən, özünü şəhid edən, özünü güllə qabağına verən adamlardır. Şübhəsiz ki onlara xüsusi hörmət, xüsusi ehtiram, xüsusi qayğı lazımdır.
  Məsələn, dekabr ayından bu vaxtadək bir briqadada 160 adam həlak olub, bir neçə yüz nəfər yaralanıb və indi müalicədədir. Axı bu insanları qanı tökülüb, onlar sizi, bizi, bu vətəni, bu torpağı qoruyarkən həlak olublar. Bəziləri şikəst olub, bəzilərinin isə yarası yüngüldür. Onlar müalicədən sonra ya orduya qayıdacaq, ya da başqa sahələrdə çalışacaqlar. Amma gedən gedibdir. Dediyim kimi bir hissədən 160 nəfər həlak olubdur. Düzdür, o tərəfdə erməni quldurlarından, erməni silahlı qüvvələrindən 3-4 dəfə çox qırılıb . lakin bizim üçün hər bir şəhidimiz, vətən yolunda canını qoyan hər bir adam əzizdir.
    Əgər adamlarımız səngərlərdə ağır şəraitdə vuruşursa, özünü şəhid edirsə,qanını tökürsə, həlak olursa, demək, bu bizim Azərbaycan xalqının başucalığıdır. Odur ki, belə adamlara, bütövlükdə ordumuza hamı qayğı göstərməlidir, hamı kömək etməlidir. Hər bir vətəndaş, xüsusən rayon rəhbərləri, vəzifəli şəxslər. Bu gün mənə dedilər ki, oradakı batalyonların döyüşçülərinin əksəriyyəti Beyləqan və İmişli rayonlarının nümayəndələridir. Amma fərarilər də çoxdur. Əksəriyyəti də Beyləqan və İmişli rayonlarındandır.

    Bu gün cəbhədəki döyüşçüləri - Azərbaycan oğullarını gördükdə ürəyim dağa döndü. Onların arasında sizin Beyləqandan da, İmişlidən də, habelə Astaradan, Xaçmazdan, Bakıdan, başqa yerlərdən də olanlar var. Onlar gəlib vuruşurlar. Halbuki onların da ev-eşiyi, ailəsi var, hərəsi 30-35 yaşdadır. Onlar mənim ötən il noyabr ayındakı çağırışıma qoşulub gəliblər, indi burada qulluq edirlər.
   Amma belə oğullarla yanaşı, qaçanlar da var. Silahı qoyub, qaçanlar da az deyildir. Fərarilik edənlər var. Fürsətdən istifadə edib demək istəyirəm ki, Beyləqan rayonundan, eləcədə İmişli rayonundan olan fərarilər də var. Siz özünüz səngərlərə çox yaxın olduğunuz halda, övladlarınızı oraya - Vətəni, el-obanı qorumağa göndərməyəcəksinizsə, bəs sizi kim qoruyacaqdır? Yoxsa buradan çıxıb qaçmaq istəyirsiniz? Belə şeylər yaramaz.
   Buna görə də sizə müraciət edirəm, o fərarilərə müraciət edirəm. Onlar səhv yoldadırlar. Xalqın bu günündə qaçıb gizlənmək olmaz. Belə yaşamaq heç də yaşamaq deyildir. O fərarilərin valideynlərinə üz tuturam: ayılın, başa düşün, bilin – xalqımız, Vətənimiz böyük təhlükə qarşısındadır. Biz ya erməni silahlı qüvvələrini vurub torpaqlarımızdan çıxartmalıyıq, ya da - əgər belə olmasa və hərə bir tərəfə qaçsa, fərarilik etsə - onda, şübhəsiz, torpaqlarımız əldən gedəcək, onda nə Azərbaycan olacaq, nə siz olacaqsız, nə də mən.
    Azərbaycan xalqı tarix boyu, əsrlər boyu həmişə mərdlik, cəsarət, qəhrəmanliq göstərmişdir, öz yurdunu, öz torpağını müdafiə etmişdir, öz mənliyini qoruyub saxlamışdır. Indi necə ola bilər ki, belə bir həlledici mərhələdə, Azərbaycan müstəqil dövlət olduğu, xalqın azadlığa çıxdığı bir dövrdə öz torpaqlarımızı müdafiə etməyə qadir olmayaq? Bizim öz torpaqlarımızı qorumaq imkanımız var! Buna Azərbaycan xalqının qüdrəti, rəşadəti tamamilə imkan verir. Ordumuz da qurulur, möhkəmlənir. Bu ordu daha keçən ilin yayındakı, yazındakı ordu deyildir. Daha heç kəs erməni tankı görən kimi pərən-pərən düşüb qaçmır. Biz erməni silahlı qüvvələrinin hücumunu dayandırdıq, bundan sonra ordumuz düşmənə sarsıdıcı zərbələr vurdu, onu geri oturtdu. Fizuli rayonunda torpaqlarımızın bir qismi geri alınıbdır, erməni işğalçıları oradan qovulubdur. Lakin bu işin yalniz başlanğıcıdır. Qarşıda Fizuli rayonunu digər hissələri var, Cəbrayıl var, Zəngilan var, Qubadlı var, o yandan Ağdam, digər rayonlar var. Bunların hamısını ancaq biz azad etməliyik. Kənardan heç kəs gəlib bu işləri bizim yerimizə həll etməyəcəkdir.

     Ona görə də mən müraciət edirəm. Orduya daim diqqət, qayğı göstərilməlidir, hərbi xidmət etməli olan adamlar orduda olmalıdır. Sizin hər biriniz fərariləri üzə çıxarmalı, başa salmalı, lazım gələrsə cəzalandırmalısınız. Elə siz özünüz, valideynlər, qohum-qonşu belələrini gərək utandırasınız, deyəsiniz ki, sənin yerin səngərdədir. Sən oraya getməlisən ki, torpağın erməni torpağına çevrilməsin, işğalçıların əlinə keçməsin. Sən getməlisən ki, erməni işğalçıları torpağımızdan rədd olub çixsınlar. Qarabağ azad edilsin, Şuşa, Fizuli, Ağdam və b. azad olunsun. Bunu biz etməliyik!
     Mən bilirdim ki, burada fərarilər var, amma onların bu qədər olduğunu bilmirdim. Bu məni çox incitdi, çox narahat etdi. Sizə üz tutub bir daha deyirəm ki, Beyləqan və İmişli rayonundan fərarilərin həddindən çox olması məni təəcübləndirir və belə hesab edirəm ki, bu hal sizə də hörmət qazandırmır, sizin üçün bu hal heç də başucalığı gətirmir.
  Yəqin ki, respublikada gedən proseslər barədə mətbuatdan. Radio və televiziyadan xəbərdarsınız. İqtisadiyyatda çətinliklər var. Lakin bütün bunlarla yanaşı, xalqımız yaşayır, dövlətimiz müstəqil dövlətdir. Azərbaycan xalqı öz taleyinin sahibidir. Gərək bu ağır dövrdə hərə öz sahəsində var qüvvə ilə işləsin. Sizin Beyləqan rayonu böyük kənd təsərrüfatı rayonudur. Bu yaxınlarda biz kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirdik. Daha sonra pambıqçılıq rayonları rəhbərlərinin müşavirəsini çağırdıq. Çiyid səpini artıq başlanmışdır. Səpini də, digər kənd təsərrüfatı işlərini də yaxşı, səmərəli aparmalısınız ki, bol məhsul götürək. Əks halda iqtisadiyyatda vəziyyət bu il daha da pisləşəcəkdir. Belə olan halda isə əhalinin yaşayışı, dolanacağı da ağır olacaqdır. Mən sizin hamınızı yaxşı işləməyə çağırıram, hamınızı respublikamızın möhkəmlənməsi naminə gərdin fəaliyyətə dəvət edirəm. Qoy xalqımız, cəmiyyətimin yekdil olsun, həmrəy olsun. İçimizdə olan təxribatçıları, araqarışdıranları ifşa etmək lazımdır, onları sıralarımızdan çıxarmaq lazımdır.
     İndi Azərbaycanda sağlam siyasi-ictimai şərait yaranmışdır. Lakin bu şəraiti möhkəmləndirmək gərəkdir. Bütün bunlar sizli-bizli hamımızın, bütün Azərbaycan vətəndaşlarının əl-ələ verib birgə çalışmasından asılıdır, vətəndaş həmrəyliyindən, milli həmrəylikdən asılıdır. Mən sizi buna dəvət edirəm. Bir daha hamınıza cansağlığı, xoşbəxtlik arzu edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, siz mənim bu sözlərimi düzgün başa düşəcək və çalışacaqsınız ki, həm ordunu möhkəmləndirək, həm orduya qayğı artıraq, həm təsərrüfat işlərini yaxşı aparasınız.

   Axşam Beyləqan Rayon İcra Hakimiyyəti binasında ətraf rayonlarım icra hakimiyyəti başçılarının və əlaqədar təşkilatların rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirildi. Müşavirəni giriş sözü ilə respublika Prezidenti Heydər Əliyev açaraq qarşıda duran vəzifələrdən danışdı. Müşavirədə ordu quruculuğu, səfərbərlik, fərariliyə qarşı mübarizə, qaçqınların problemlərinin həlli, və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı məsələlər müzakirə olundu. Çıxış edənlər görülmüş işlər barədə məlumat verərək həllini gözləyən problemlərlə bağlı öz mühazirələrini söylədilər, təkliflər verdilər. Azərbaycan Respublikası prezidenti Heydər Əlirza oğlu Əliyev müşavirəyə yekun vurdu.

                                                                                              * * *
   Beyləqanda Azərbaycan Prezidenti silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əlirza oğlu Əliyevin sədrliyi ilə hərbiçilərin müşavirəsi keçirildi.
    Aprelin 10-da sübh tezdən Azərbaycan Prezidenti daha bir hərbi hissədə oldu, döyüş hazırlığı, müdafiənin təşkili məsələləri ilə maraqlandı, əsgərlərin yatacaq yerlərinə baxdı. Səmimi görüş zamanı Heydər Əliyev dedi: Müharibədə kim güclüdürsə, o da qalib gəlir. Güclü olmaq üçün Azərbaycanın imkanları çoxdur. Bu imkanlardan indiyədək lazımınca istifadə olunmayıb. Son vaxtlar ordu quruculuğu işi müvəffəqiyyətlə davam edir, ordumuz formalaşır. Bu işdə zabitlərimizin də əsgərlərimizin də üzərinə mühüm vəzifələr düşür.
   Ali Baş Komandan Heydər Əliyev bildirir ki, sərəncamınızda olan texnikanin bütün gücündən istifadə etmək sizin borcunuzdur. Ancaq texnika onu idarə edən adamlarsız bir şey deyil. Mənə verilən məlumata görə, siz bu texnikadan istifadə etməyi bacarırsınız. Buna görə çox sağ olun.

     Torpaqlarımızı, Vətənimizi, Müstəqil Azərbaycanımızı qorumaq sizin şərəfli borcunuzdur. Siz bu borcunuzu düşməmlə üzbəüz olan bir nöqtədə yerinə yetirirsiniz. Vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü qorumaqdır. Dövlət səviyyəsində bunun üçün müxtəlif tədbirlər görülür. Biz çalışırıq ki, siyasi vasitələrdən istifadə edək. Ordunun borcu isə ondan ibarətdir ki, dövlətin siyasətini səmərəli etmək üçün öz gücünü artırsın. Bu gücün artması siyasi tədbirlərdən, danışıqların müsbət verməsinə mühüm kömək edər. Azərbaycanın gənc övladları, torpağımızın keşiyində duran Azərbaycan balaları, mən sizi gördükcə ürəyim fərəhlə döyünür. Burada erməni işğalçılarına qarşı möhkəm durduğunuzu gördükcə həm mən, həm də bütün Azərbaycan vətəndaşları sevinir. Əminəm ki, siz həm ata-ananızın, doğma torpağınızın, həm də Azərbaycan xalqının ümidlərini doğruldacaqsınız.
   Söhbət zamanı döyüşçülər Alı Baş Komandanı əmin etdilər ki, onlar Vətənin keşiyində daha möhkəm dayanacaq, işğal edilmiş torpağlarımızın azad olunması üçün əllərindən gələni əsirgəməyəcəklər.
...Həmin gün Heydər Əliyev Ağcabədi rayonu ərazisindəki hərbi hissələrdən birinə baş çəkmişdir. Sonra Bərdə rayonunda olmuş, sakinlərlə görüşmüş, onlar qarşısında çıxış etmiş, burada müşavirə keçirmişdir. Bununla da Heydər Əliyevin ölkənin cənub-qərb bölgəsinə səfəri başa çatmışdır.

 

 

 

 

Yuxarı