Monqolların hücumları

   ŞƏHƏRİN MONQOLLAR TƏRƏFİNDƏN DAĞIDILMASI. XIII əsrin 20-30-cu illərində Orta və Yuxarı Şərqin siyasi xəritəsində yenidən böyük dəyişikliklər əmələ gəlir. Bu dəfə monqol-tatar tayfalarının başçısı Çingiz xan meydana çıxır. Monqollar Xarəzmşahlar dövlətini məhv edib qısa müddətdə Orta Asiya, İran, Cənubi Qafqazı, özlərinə tabe edir və rus çöllərinə soxulurlar.
    Monqolların başqa ölkələrə olduğu kimi, Azərbaycana etdiyihücumlar da yerli əhaliyə çox baha başa gəlmişdir.
  Arran şəhərləri içərisində monqolların ilk və güclü zərbəsi Beyləqan şəhərinə vurulmuşdu. Bu barədə ibn əl-Əsir yazır: “Monqollar Beyləqana çatdılar, onu mühasirə etdilər. Beyləqan əhalisi sülh danışığı aparmaq üçün onlardan bir nümayəndə istədi. Onlarda öz böyüklərindən və pişdarlarından (irəli gələnlərindən) birini nümayəndə olaraq şəhərə göndərdilər. Nümayəndə gələndə şəhər əhalisi onu tutub öldürdü. Tatarlar (monqollar – Q.Ə) dərhal onların üstünə gedib müharibəyə başladılar və bir qədər vuruşduqdan sonra 618 (1221)-ci ilin ramazan (19 oktyabr -18 noyabr) ayında şəhəri zorla aldılar. Qılıncı sıyırıb kiçik, böyük və arvad buraxmadılar (hamısını qırdılar). Hətta hamilə qadınların qarnını yarıb çağalarını çıxardılar və öldürdülər...” 

    Yaqut Həməvi xəbər verir ki, monqollar Beyləqanda “kimə rast gəlirdilərsə öldürürdülər, onu (şəhəri) talan etdilər, sonra isə yandırdılar”. Zəkəriyyə ibn Məhəmməd ibn əl-Qəzvini Beyləqanda monqol dağıntılarını belə təsvir edir: “Beyləqan Arran vilayətində böyük, məşhur bir şəhərdir. Hasarlı möhkəm bir qaladır... Deyirlər orada və onun ətrafında bir daş yoxdur. Tatarlar qalanı tutmaq istədikdə möhkəmliyini görüb onu mancanaqla dağıtmaq qərarına gəldilər. Lakin bir daş tapmadılar ki, mancanaqla hasara atsınlar. Çinar ağaclarını mişarla kəsdilər. Qalanın hasarlarını xarab edənə qədər çinarların kötüklərini mancanaqla hasara atdılar. Onu xarabaya çevirdilər və əhalisini qırdılar...”.
   Bizim üçün daha əhəmiyyətli cəhət burasındadır ki, Beyləqanın monqollar tərəfindən dağılması və yandırılması haqda ilk mənbələrin verdiyi məlumatı şəhərdə aparılmış arxeoloji qazıntılar da sübut edir.
   Qeyd etmək lazımdır ki, Beyləqanda həyat birdən-birə sönmüşdür. Qazıntılar sübut edir ki, şəhər XIII əsrin birinci rübünün sonlarında güclü dağıntılara və yanğınlara məruz qalmışdır. İstər şəhərin içərisində (I və V sahələr), istər qala divarlarında (II və VI sahələr), istərsə də sənətkarlar məhəlləsində (III və IV sahələr) aparılan qazıntılar nəticəsində tam dəqiqliyi ilə müəyyənləşdirilən mədəni təbəqədən, yəni XII-XIII əsrin əvvəllərindən sonraya aid az-çox nəzərə çarpan mədəni təbəqə yaranmamışdır.

    Maraqlıdır ki, evlərin bir çoxunda taxıl ehtiyatı yanıb tələf olmuş və yanmayan taxılın özü də bir daha istifadə edilməmişdir. VI qazıntı sahəsində açılmlş evlərin birində böyük bir təndir ağzına kimi darı ilə dolu qalmışdır. Birinci qazıntı sahəsində bir təsərrüfat quyusunun içərisində olan çəltik ehtiyatı istifadəsiz qalmışdır. Həmin qazıntının başqa bir tərəfindən yanmış buğda qalıqları otağın içərisində qalın təbəqə yaratmışdır. Belə bir yanmış qalın çəltik təbəqəsi isə V qazıntı sahəsində aşkara çıxarılmışdı. V qazıntı sahəsində böyük üzüm sərgisinin (mövcalan) də yanıb kömürə döndüyü müəyyən edilmişdi. Bu da Beyləqanda qeyd etdiyimiz yanğınları monqol qağıntıları ilə əlaqələndirmək üçün bizə çox etibarlı arxeoloji əsas verir. Yuxarıda göstərildiyi kimi, ibn əl-Əsir də həmin tarixi 618-ci hicri ilinin ramazan (1221-ci ilin sentyabr-oktyabr) ayına aid edir. Deməli, faktlar bir-birini təstiqləyir.
   V qazıntı sahəsində təsvir etdiyimiz hadisələrlə həm-dövr olan qəbirsiz və heç bir dini adətə riayət edilmədən (qibləsiz) uzanmış bir insan skeleti aşkara çıxarılmışdı. Görünür, yanğın təbəqəsində yerləşən bu skelet də monqol dağıntıların qurbanı olmuş şəxsindir.
    Həmin dağıntıların qurbanı olmuş başqa bir insanın skeleti şəhərin şimal-şərq qala divarının (II qazıntı sahəsi) qazıntıları zamanı aşkara çıxarılmışdır. Skelet uçmuş qala divarının altında qalmışdır. Skeletin qabırğaları üstündən eldənizlərin bir-birinə yapışmış 13 ədəd mis pulu tapılmışdır.     

   Beyləqanın şimal-qərb qala darvazası (VI sahə) məhz monqol dağıntıları zamanı uçurulmuşdur; qala bürclərinin uçmuş kərpic yığınları arasında və yol yerində aşkara çıxarılmış yanğın izləri, yüksək keyfiyyətli şirli qab qırıqları və eldəniz pulları bunu əsaslı sürətdə təsdiq edir.
Şəhərin sənətkarlar məhəlləsində təsərrüfat xarakterli tikinti, 3,4 və 5 nömrəli dulus kürələri, sonuncu su kəmərləri birdən-birə fəaliyyətdən qalmışdır.
    Şəhərdəki evlərin yandırılması onlardakı daha qiymətli əşyaların, xüsusilə metal ləvazimatın qarətindən sonra baş vermişdir. Məhz ilk mənbə də şəhərin “talan edilib sonra yandırıldığını qeyd edir.
   Otaqların döşəmələrində çoxlu miqdarda eldəniz sikkələri səpələnmiş halda qalmışıdır. Yanğınların gücü ondan məlumdur ki, daha şiddətli alov içərisinə düşmüş yerlərdə kərpiclər belə yanıb şlaklaşmışdır. Bu yanğınların qurbanı olmuş bir küpün sınığı arasına düşmüş eldəniz pulları (ikisində xəlifə ən-Nasirin (1180-1225) adı oxunmuşdur) bu hadisələrin monqol dağıntıları ilə əlaqədar olduğunu bir daha sübut edir.

    Son təbəqə üçün bir səciyyəvi xüsusiyyət də ondan ibarətdir ki, mənzillərdən tapılmış qabların demək olar ki, böyük əksəriyyəti sınmış vəziyyətdə olub, hətda eyni qabın hissələrinə müxtəlif yerlərdə təsadüf edilmişdir: sağ nüsxələrə əsas etibarılə quyularda təsadüf olunur.
Qazıntılardan aydın olur ki, monqol dağıntılarından sonra şəhərdə sənətkarlıq birdən-birə dayanmışdır. Hər halda, şəhərin içərisində XIII əsrin I rübündən sonraya aid saxsı qab belə tapılmamışdır.
   Beyləqanın monqol dağıntılarından sonrakı taleyi. Beyləqanda aparılmış arxeoloji qazıntılar şəhərin monqol dağıntılarından sonrakı taleyini aydınlaşdırmaq üçün kifayət qədər aydın material verməmişdir.
   1955-ci ildə arxeoloji qazıntılar zamanı aşkara çıxarılan tikinti işləri, Kiçik şəhər qala divarının çox cüzi hissəsini nəzərə almasaq, tam səliqəsiz hörülmüş bir-iki divar qalıqları, ev döşəmələri, təndir və ocag yerlərindən ibarətdir. A. L. Yakobson razırdı: “Son dövrün bu ahəmiyətsiz tikinti qalıqları nəzərə az çarpır və kasıbdır“.
1959-1968-ci illərdə Beyləqanda aparılmış qazıntılar nəticəsində müəyyən olunmuşdur ki, Əmir Teymurun tikinti işlərinə qədər şəhərdə (I şəhərdə) “Lal təbəqə” yaranmışdır. Deməli, yuxarıda haqqında bəhs etdiyimiz tikintiləri monqol dağıntılarının ardınca başlamış dövrə aid etmək daha düzgün olar.

    Həmin dövrün tikinti qalıqlarına VI qazıntı sahəsində də təsədüf edilmişdir. Bunlar da köhnə kərpiclərdən səliqəsiz tikilmiş, memarlıq cəhətdən heç bir əhəmiyyət kəsb etməyən divar qalıqranından ibarətdir.
Böyük şəhərin şimal-qərb qala darvazası tərəfdə öz müdafiə əhəmiyyətini itirən qala xəndəyində tikilmiş iki duluz kürəsi də aşkar edilmişdir ki, bu kürələr monqol dağıntılarından sonrakı dövrdə şəhərdə dulusçuluq sənətini bərpa etdirməyə göstərilmiş cəhtin hələlik dövrümüzə qədər qalmış yəganə nümunələridir. Kürələrdən biri (6 nömrəli kürə) tam aşkara çıxarılmışdır. Bu kürə Beyləqanda sənətkarlar məhəlləsində aşkara çıxarılmış və monqol dağıntılarına qədər mövcud olan bütün kürələrdən quruluşca fərqləndiyi kimi, onda bişirilmiş şar-konusvarı qablarda öz formasına görə Beyləqanda əvvəlki dövrlərdən bizə məlum olan şar-konusvarı qablardan fərqlənir; bu qabların əksəriyyətinin oturacağı vardır. Qabların üzəri zəngin naxışlanmışdır. Hər halda belə qablara və şəhərin içərisində, nə də sənətkarlar məhəlləsində qazıntılar zamanı təsadüf edilməmişdir.
    F.Ə.İbrahimov təsvir etdiyimiz kürəni XIII əsrə aid etmişdir. Lakin bu tarix 1227-1230-cu illərdə qabaq qötürülməlidir, çünki həmin dövrdə şəhərin şimal-qərb qala darvazası yenidən bərpa edilmişdir. Təsvir etdiyimiz kürənin içərisində 140 ədəd şar-konusvarı qab qalmışdır. Deməli, bu kürə müəyyən hadisənin qurbanı olmuşdur.

   İbn-əl-Əsir yazır ki, “619/1222/-ci ilin ramazan (oktyabr) ayında gürcülər öz vilayətlərindən Arran vilayətinə tərəf hərəkət edərək Beyləqan şəhərinə gəldilər. Yuxarıda söylədiyimiz kimi, bu şəhəri tatarlar dağıtmış və qarət etmişdir. Tatarlar buradan çıxıb Qıpçaq vilayətinə getdilər. Sağ qalan beyləqanlılar qayıdıb gəlmiş və mümkün olduğu qədər tikililəri təmir etmişdilər. Bu arada gürcülər gəlib o şəhərə girdilər və qalib oldular”.
     Çox ola bilər ki, təsvir etdiyimiz kürənin məhsulunun boşaldılmaması bu hadisə ilə əlaqədar olmuşdur.
Beləliklə, bir-birini əvəz edən dağıntılardan sonra Beyləqan şəhəri çox ağır tənəzzülə uğrayır. XIII əsrin ortalarında yaşamış Nəsəvinin verdiyi məlumata görə, 1227-ci ildə Xarəzmşah Cəlaləddin İraqdan Ərdəbilə və Beyləqana səfər edən zamanı bu şəhərləri elə dağılmış vəziyyətdə görür ki, hətta onların bərpası belə mümkün deyildi. Sultan Cəlaləddinin bu şəhərlərə göndərdiyi atlılar boş çuvallarla geri qayıdırlar.

     Nəsəvinin yazdığına görə, Cəlaləddin həmin şəhərlərin hər ikisini öz vəziri Şərəfülmülkə verir. Şərəfülmülkə verir. Şərəfülmülk isə həmin şəhərlərin kərpicdən olan qala divarlarını bərpa edir və burada yenidən əhali yaşamağa başlayır. Beləliklə, bir ildən sonra vəzir Beyləqandan Cəlaləddinə 1000 qoyun, 1000 məkuk (orta əsr ölçü vahidi) buğda və 1000 məkuk arpa göndərir. Nəsəvi 1230-cu ildə Beyləqanda Cəlaləddinin hərəmxanası və xəzinəsi olduğunu da qeyd edir. Sonuncunun nə dərəcədə həqiqətə yaxın olduğu deyə bilməsək də, Beyləqanın qala divarının Şərəfülmükün bərpa etdirmək təşəbbüsü olduğunu arxeoloji qazıntılar da təsdiq edir.
    Belə ki, VI qazıntı sahəsində yuxarıda təsvir etdiyimiz sonuncu dulus kürəsi və köhnə qala üstündəki ev qalıqları sıradan çıxdıqdan sonra stratiqrafik cəhətdən qazıntının üst təbəqəsində bir qala bürcü aşkara çıxarılmışdır. Bürcün eni 8 m-dir. F.Ə.İbrahimov təsvir etdiyimiz bürcün vaxtilə burada mövcud olmuş sonuncu darvazaya aid olduğunu göstərir.

    Deməli, bu darvaza bürcü şəhərin qala divarlarında aparılan sonuncu bərpa işlərindən biri ilə əlaqələndirilməlidir. Beyləqanda sonuncu bərpa işlərindən biri yuxarıda haqqında bəhs etdiyimiz Şərəfülmülkün, digəri isə Əmir Teymurun adı ilə bağlıdır. Əmir Teymurun Beyləqandakı tikinti işlərini şəhərin tamamilə başqa hissəsində apardığını və onun dövr etibarilə təsvir etdiyimiz darvaza bürcü ilə uyğun gəlmədiyini nəzərə alsaq, Böyük şəhərin şimal-qərb qala darvazasının sonuncu bərpasını Şərəfülmülkün dövründə Beyləqanın qala divarının bərpa edilməsi haqda Nəsəvinin verdiyi məlumatla əlaqələndirmək həqiqətə daha uyğun olan. Bu darvaza da uzun müddət qalmamış, onun davamsız hörgüləri tezliklə uçub dağılmış və şəhərin bir sıra başqa yerləri kimi, onun yeri də qəbiristanlığa çevrilmişdir.   
     Təsadüfi deyildir ki, artıq 1231-ci ildə, yəni monqolların Azərbaycana ikinci hücumu zamanı mənbələrdə Gəncənin, Şəmkirin dağılması haqqında geniş məlumat verildiyi halda, Beyləqanın adı çəkilmir. Görünür, Beyyləqanda monqolların 1221-ci il dağıntıları o qədər güclü olmuşdur ki, istər dağıntılardan sonra əhalinin səhəri bərpa etmək təşəbbüsü istərsə də Şərəfülmülkün gördüyü işlər şəhərin həyatında gözəçarpan dəyişiklik yarada bilməmişdir.

     Beylaqanın tam tənəzzül dövrü. XIII əsin ikinci yarısı və XIV əsrdə Beyləqan şəhərinin tarixinə dair hələlik, mənbələrdə məlumata rast gəlməmişik. Təkcə Həmdullah Qəzvinin “Nüshət əl-qülub” adlı əsərində Beyləqan şəhərinin xaraba olması göstərilməklə bərabər, onun ətrafından bağçılıq üçün istifadə edildiyi, dənli bitkilər, çəltik, pambıq, meyvə və giləmeyvə əkildiyindən danışılır ki, bu da bilavasitə şəhərin özünə deyil, onun aqrar rayonuna aiddir.
Arxeoloji qazıntılar XIII əsrin 20-ci illərindən sonra Beyləqanın tam tənəzzülə uğradığını bütün aydınlığı ilə təsdiq edir. Biz yuxarıda monqol dağıntılarından sonra, hər halda XIII əsrin 30-cu illərinin başlanğıcından gec olmayaraq, şəhərin içərisində I qazıntı sahəsində “lal təbəqə” yarandığını xatırlatmışdıq. Bu, əlbəttə, şəhərin tam tənəzzülünün nəticəsi idi. Maraqlıdır ki, şəhərin başqa yerlərində (II, III,IV, VI sahələrində) aparılan qazıntılarda bu faktı tamamilə sübuta yetirmişdir. Həmin qazıntılardan məlum olur ki, XIII əsrin 20-ci illərindən sonra şəhərdə nəinki həyat olmamışdır, əksinə, o, tamamilə qəbirstanlığa çevrilmişdir. Hər halda, şəhərin bu dövrünün arxeoloji nişanələri əsas etibarılə qəbir abidələridir. Nümunə üçün III və IV qazıntı sahələrində açılmış iki türbəni təsvir edək.
     III qazıntı sahəsində açılmış türbə xaricdən kvadrat planı olub (divarların uzunluğu şimal və cənubda 6 və 5,8 m, qərb və cənubda isə 5,6 və 5,8 m) küncləri dünyanın əsas cəhətlərinə istiqamətləndirilmişdir. İçərisi diametri 4,7 m olan dairə şəklindədir. Giriş yolunun şimal-qərb istiqamətində yerləşdiyi güman edilir.

    Türbə IX-XIII əsrin mədəni təbəqəsi üzərində şəhərin xarabalıqlarından götürülmüş kərpiclərlə tikilmişdir. Türbə arxeoloji materiallar və qazıntının stratiqrafiyası əsasında XIII əsrin sonu – XIV əsrin əvvəllərinə aid edilir.
    IV qazıntı sahəsində aşkara çıxarılmış türbə nisbətən yaxşı vəziyyətdə qalmışdır. Xaricdən səkkizguşəli, daxildən isə xaçvarı planı olan bu türbə də bişmiş köhnə kərpicdən (21x21x4 sm) hörülmüşdür. Yeri də kərpiclə döşənmişdir.
    Türbənin girişi (0,65 m) şimal-qərbdəndir. Giriş hər iki tərəfinə çöldən kvadrat formalı hörgü əlavə edilmişdir; kvadratın ortası torpaqla doldurulmuşdur. Türbənin içərisində - divarda üç hissədən ibarət mehrab düzəldilmiş və mehrabın yanları gipslə qəbir daşı şəklində zəngin nəbati naxış və ərəb əlifbası ilə işlənmişdir. Dörd yerdə gipsdən sinə daşı düzəldilmiş və onların kənarları naxışlanmışdır. Ancaq birinin altında insanın iki qırıq qabırğa sümüyü tapılmışdır. Türbənin içəri divarında boyalı naxışlar və əl təsvirlərinə təsadüf olunmuşdur. Türbə XIII əsrin ikinci yarısına aiddir.

    VI qazıntı sahəsində aşkar edilmiş sərdabə özünün quruluşuna görə nəzəri cəlb edir. 1966-cı ildə aşkar edilmiş bu sərdabə Böyük şəhərin monqol dağıntılarına qədər fəaliyyət göstərmiş qala darvazasının qərb bürcünü kəsmişdir. Sərdabə kvadrat formada bişmiş kərpiclə tağbənd şəklində qurulmuşdur. Döşəməsi torpaqdandır. Sərdabənin cənub hissəsində yan-yana iki qəbir aşkar edilmişdir. Sərdabə XIII əsrin 30-cu ilindən sonraya aiddir. VI qazıntı sahəsində aşkara çıxarılmış, lakin memarlıq cəhətdən heç bir əhəmiyyət kəsb etməyən digər sadə müsəlman qəbirləri haqqında da eyni sözü demək olar. Sadə qəbirlər tili üstə döyülmüş köhnə (bişmiş) kərpiclər vasitəsilə örtülmüşdür. VI qazıntı sahəsində 10 ədəd belə qəbir aşkarlanıb, tapılmışdır.
     Eyni tip qəbirlərin 12-si III qazıntı sahəsində, 6-sı isə II qazıntı sahəsində aşkara çıxarılmışdır.
Beləliklə şəhərin XIII əsrin ortalarından başlayaraq qəbirstanlığa çevrilməsi, həm də geniş bir ərazidə (şəhərin şimal-şərq qala divarları, şimal-qərb qala darvazası yerində və sənətkarlar məhəlləsində) bu vəziyyətin müşahidə olunması həmin dövrdə Beyləqanın tam tənəzzülünü təkzibedilməz arxeoloji dəlillərlə sənədləşdirir.

     Beyləqanın sonuncu qala divarı. Beyləqan şəhərinin (Örənqalanın) qala divarlarından içəridəki sahə, yuxarıda qeyd etdiyimiz kimi, iki hissəyə - Böyük şəhər və Kiçik şəhərə bölünür.
    Beyləqanın inkişaf tarixini öyrənməkdə Böyük şəhərlə Kiçik şəhərin bir-birinə olan münasibətini aydınlaşdırmaq böyük əhəmiyyət kəsb edir. Heç təsadüfi deyil ki, hələ 1933-cü ildə Örənqalada işləyən ekspedisiya bu məsələyə xüsusi diqqət yetirmişdir. Ekspedisiya iştirakçıları Kiçik şəhər qala divarları haqqında bəzi maraqlı mühazirələr yürütmələrinə baxmayaraq, onun memarlıq xüsusiyyəti və yaşı haqqında əsaslı məlumat əldə edə bilməmişlər. Böyük şəhərlə Kiçik şəhərin bir-birinə münasibəti məsələsinin həlli də açıq qalmışdır.
     1951-ci il ekspedisiyası Kiçik şəhərin şimal-qərb xəndəyinin Böyük şəhərin şimal-şərq qala divarını kəsib keçdiyi yerdə qazıntı aparmışdır. Bu qazıntılar nəticəsində məlum olmuşdur ki, Böyük şəhərin şimal-şərq qala divarı sonradan çəkilən xəndəklə kəsilmişdir. Beləliklə, Kiçik şəhərin Böyük şəhərdən sonralar ayrıldığı fikri bu dəfə qəti olaraq ortaya atılmışdır.
Lakin bu hadisənin nə vaxt başvermə məsələsi yenə də aydınlaşdırılmamışdır. Bu məsələni öyrənmək üçün, şübhəsiz birinci növbədə kiçik şəhər qala divarının nə vaxt tikildiyini aydınlaşdımaq lazım idi.

    1933-cü ildə Kiçik şəhərin şimal-şərq qala divarında Y.A.Paxomovun apardığı qazıntıları qısa təsvir edərək, sonuncu qala divarlarının – “torpaq divarın” yaşını İ.İ.Meşşaninov XIII-XIV əsrlərdən sonraya aid etmişdir. Həmin ildə İ.M.Cəfərzadə Kiçik şəhərin şimal-qərb qala divarındakı darvaza bürclərinin birində qazıntı işləri aparmışdır. İ.M.Cəfərzadə burada qala bürcünün palçıq məhlulunda bişmiş kərpiclə hörülmüş divarını və onun üstünə tökülmüş torpaq laylarını aşkar etmişdir. İ.M.Cəfərzadə qazdığı bürcün yaşından danışarkən qeyd edir ki, burada açılan palçıq məhlulunda bişmiş kərpiclə hörülmüş divarını Y.A.Paxomovun şimal-şərq qala divarında aşkar etdiyi kirəc məhlulunda bişmiş kərpiclə hörülən üz divardan cavandır.
   1951-ci ildə İ.M.Cəfərzadə böyük şəhərin şimal-şərq qala divarında qazıntı apararkən Kiçik şəhərin şimal küncündəki bürcün bir hissəsini aşkara çıxarmışdır. O, bu bürcün XIII-XIV əsrlərə aid olduğunu ehtimal edir.
1955-ci ildə Örənqalada aparılan arxeoloji qazıntı zamanı Kiçik şəhər ərazisindəki I qazıntı sahəsi şimal-qərbə doğru genişləndirilərək Kiçik şəhər qala divarının dörd metrlik bir hissəsi üst tərəfdən aşkara çıxarılmışdır.

    1955-ci ildə I qazıntı sahəsini tədqiq edən A.L.Yakobson Kiçik şəhərin təsvir etdiyimiz qala divarını Əmir Teymurun Beyləqanda apardığı bərpa işləri ilə əlaqələndirilmişdir. Lakin qazıntı sona çatdırımadığına görə həmin divardan qabaq burada qala divarı olub-olmadığı məsələsi tam müəyyənləşdirilməmiş qalmışdır. Beləliklə, əvvəlki ekspedisiyalar kimi, 1955-ci il ekspedisiyası da Kiçik şəhər qala divarının bir dövrdə və yaxud bir neçə dövrdə tikilməsi haqqında aydın fikrə gələ bilməmişdir. A.A.İessen Kiçik şəhərin böyük şəhərdən XI-XIII əsrlər arasında, ekspedisiyanın ıştirakçısı N.V.Minkeviç-Mustafayeva isə IX əsrə qədər, yəni daha qədim dövrdə ayrıldığını göstərir.
1960-cı ildə Kiçik şəhərin şimal-qərb divarı 15 m uzunluğunda təmizlənmiş və divar özül hissəyə qədər kəsilmişdir.    
     Müəyyən edilmişdir ki, Kiçik şəhərin şimal-qərb qala divarı iki tərəfdən bir-birinə paralel bişmiş kərpiclə palçıq məhlulunda hörüldükdən sonra divarlar arasındakı boşluğa torpaq tökülmüşdür. Xaricdən və daxildən bişmiş kərpiclə hörülən “üz divaraların” arasına tökülmüş torpaq qatları bu iki “üz divarını” bir-birinə bağlayıb 6 m-ə qədər enində möhtəşəm bir qala divarı əmələ gətirmişdir. Üz divarların ikisi də həmin şəhərin qala divarını başqa yerlərində olduğu kimi, müxtəlif ölçülü (əsasən 22x23x4 sm) köhnə və bəzən sınıq kərpiclərlə palçıq məhlulunda çox səliqəsiz hörülmüşdür.
     Qala divarı XII-XIII əsrlərə aid mədəni təbəqəni üstündə tikilişdir. Qala divarının en kəsiyindən aydın olur ki, XII-XIII əsrlərdə mədəni təbəqəsi ilə təsvir etdiyimiz qala divarı arasında 1,12 m-ə qədər qalınlığında “lal təbəqə” yaranmışdır. Divarlararası tökmə torpağın içərisindən çox az miqdarda kərpic qopuqları, sümük, şüşə, pul və s. materiallar tapılmışdır.

     Qala divarındakı tökmə torpaqda IX-XIII əsrlərə aid qarışıq materiala daim təsadüf edilir.  Yeri gəlmişkən, 1962-ci ildə V qazıntı səhəsində Kiçik şəhərin şimal-qərb qala xəndəyinə və xəndəyin Böyük şəhər tərəfində aparılan qazıntılar zamanı məlum olmuşdur ki, Kiçik şəhərin qala xəndəyi qazılan zaman xəndəkdən qazılmış torpağın bir hissəsi qala divarının tikilməsində (dayaq divarların arasını doldurmaq üçün) istifadə edilmişdirsə, digər hissəsi xəndəyin şimal-qərb tərəfində, xəndək boyu Böyük şəhərin ərazisinə tökülmüşdür. Maraqlıdır ki, həmin torpağın içərisində də IX-XIII əsrin əvvəllərinə aid qarışıq material tapılmlşdır. Torpağın quruluşu da onun qala xəndəyindən bura atıldığını aydın nümayiş etdirir.
     İstər bu qala xəndəyindən atılma torpaqdan altda, istərsə də bilavasitə qala divarından aşağıda yerləşən mədəni təbəqədə ancaq XII-XIII əsrlərin materialı tapılır. Maraqlı faktlardan biri də təsvir etdiyimiz qala divarının istiqamətinin ondan aşağıda yerləşən və XII-XIII əsrlərə aid binaların divarlarının istiqaməti ilə uzlaşmamasıdır.
    Kiçik şəhərin qala divarında 33 bürcün olduğu müəyyənləşdirilmişdir. Qalanın üstündən uçub yanlarına tökülmüş torpağın həcmini nəzərə alsaq, qala divarının təxminən 7 m-dən yüksək olduğunu söyləyə bilərik.    

    Onu da qeyd etmək lazımdır ki, qala divarının arasındakı torpaq kimi, onun içərisindən sürüşüb kənarlara tökülən qaladibi torpaqda da IX-XIII əsrlərin qarışıq materiallarına təsadüf edilir.
Qala divarından aşağıdakı “lal təbəqə” ilə qaladan sürüşüb ortaya tökülmüş torpaq arasından, xüsusilə qalanın xaricində çoxlu miqdarda tili üstə yan-yana düşmüş 21x21x5 sm ölçüdə çiy kərpic laylarına təsadüf edilmişdir. Kərpiclər samanlı gil məhlulu ilə bir-birinə birləşdirilmişdir. Deməli, qala divarının üst hissəsi bu gün qalmamış olsa da vaxtilə onun çiy bişmiş kərpiclə hörüldüyünü ehtimal etmək olar.
     Təsvir etdiyimiz qala divarı XII-XIII əsr mədəni təbəqəsindən üstdə tikilmişdir. Deməli, Kiçik şəhərin qala divarları bu əsrlərdən, yəni heç olmasa, monqol dağıntılarından (1221-ci ildən) sonraya aid olmalıdır.
     Tarixi mənbələrdə Beyləqan qala divarlarının monqol dağıntılarıdan sonra üç dəfə bərpa edilməsi və tikilməsi haqqında məlumat verilir. Bunlardan ikisi haqda yuxarıda danışmışıq.

    Üçüncü məlumat isə Əmir Teymurun Beyləqanda apardığı tikinti işlərinə aiddir. Şərəfəddin Yəzdinin verdiyi məlumata görə, 1403-cü ildə Əmir Teymur Beyləqanda olan zaman şəhər elə xarabalıq idi ki, nə onun tikintilərindən bir əsər qalmış, nə də orada qurd-quşdan başqa bir kimsə vardı”. Teymur Beyləqan şəhərinin bir hissəsini yenidən tikdirmək fikrinə düşdü. Onun əmri ilə mühəndislər və bənnalar şəhərin planını çəkdilər. “Bürc, xəndək, çarsı, çoxlu evlər və hamam, karvansara, (bağ) bostan və sairə ayırdılar. Şəhərin əsasını qoydular. Sahələri iplə bölüb şahzadələrə və əmirlərə paylaşdırdılar. Qoşum əhlidə böyük bir ciddiyətlə işə qarışdı. İmarətlərin hamısını bir ayın içərisində tikib qurtardılar. 2400 böyük arşın uzunluğunda bir barı düzəltdilər ki, divarının qalınlığı 11, hündürlüyü 15, xəndəyin eni 30, dərinliyi 20 arşın olub bürcün 4 küncündə mötəbər qala tikib göyə qaldırdılar. Arada da başqa bürclər tikdilər. Hamısına balkon, künkürə və atəş açmaq üçün səngər düzəltdilər.
    Şərəfəddin Yəzdinin bu məlumatı eyni ilə və yaxud quraşdırılımış şəkildə başqa müəlliflərdə - Nizaməddin Şami və Səid Əli Kazım bəy oğlunda da təkrar olunmuşdur.
    Verilən bu məlumatları təhlil etsək, Kiçik şəhərin yuxarıda təsvir etdiyimiz qala divarının Əmir Teymur dövründə tikildiyini söyləyə bilərik. Çünki kiçik şəhərin I qazıntı sahəsinin stratiqrafiyası (burada XII və XIII əsrin birinci rübünə aid mədəni təbəqənin varlığı və onun üzərində 1 m-ə qədər “lal təbəqə” yarandıqdan sonra qala divarının tikilməsi) onun qala divarını monqol dağıntılarının bilavasitə əvəz edən hadisələrlə bağlamaq imkanı verilir. Monqol dağıntıları nə qədər güclü olsa da, bu dağıntılardan sonra şəhər ərazisindəki qalıqların torpaq altında itib batması və onun üzərində “lal təbəqə”min yaranması üçün şübhəsiz, xeyli vaxt keçməli idi. İkinci tərəfdən, qazıntılardan aydın olduğu kimi, Kiçik şəhər qala divarı əslində kərpic deyil, torpaq divardır.
     Tarixi mənbələrdən aydındır ki, Beyləqanda monqol dağıntılarının çox ağır olmasına baxmayaraq, şəhərdə həyat, sönük şəkildə olsa da, 1230-cu ilə qədər davam etmişdir. Məsələn, 1221-ci ildə monqollardan sonra “əhalinin şəhərə qayıtması”, 1222-ci ildə şəhərə “gürcülərin gəlməsi”, 1227-ci ildə Cəlaləddin buraya səfəri və Şərəfülmülkə verilməsi, Üzərində Cəlaləddin zərb nişanları olan sikkələri tapılması və s. buna gözəl misaldır.

    Buna görə Kiçik şəhər qala divarının tikilməsini, bizə elə gəlir ki, mənbələrdən gətirdiyimiz üçüncü məlumatla əlaqələndirmək daha düzgün olar. Çünki monqol dağıntılarından sonraya aid olan təkcə bu məlumatda bərpa deyil məhz yeni qala divarının tikilməsi haqqında söhbət gedir. Məsələn, mənbədəki “şəhərin əsasını qoydular “barı düzəltdilər”, “bürclər tikdilər” və s. kimi ifadələri götürək. Bu ifadələrin hamısı Əmir Teymurun tikinti işlərinin məhz bizim “lal təbəqə” adlandırdığımız təbəqənin üstündə aparıldığı söyləməyə daha çox əsas verir.
    Təsvir etdiyiniz qala divarının Teymur dövründə tikildiyini sübut edən əsaslı dəlillərdən biri də Şərəfəddin Yəzdinin həmin divarın ölçüləri haqqında verdiyi məlumatın həqiqətə uyğun gəlməsidir. Şərəfəddin Yəzdi Teymurun Beyləqanda tikdirdiyi qala divarının ölçüləri böyük arşınla göstərilir. A.A.İessen bu məsələni tədqiq edərək Şərəfəddin Yəzdinin böyük arşınla göstərdiyi ölçülərlə Örənqalanın Kiçik şəhər qala divarının müasir ölçülərin eyni olduğunu göstərmişdir.

    Bütün yuxarıda söylədiklərimizə əsasən, belə nəticəyə gəlirik ki, Kiçik şəhərin qala divarı Beyləqanın sonuncu qala divarı olmaqla, Teymur dövründə (1403-cü ildə) tikilmiş və Kiçik şəhərin ərazisində bu divara qədər heç bir qala divarı olmamışdır. Deməli, Kiçik şəhər Böyük şəhərdən ancaq təsvir etdiyimiz qala divarı tikilən zaman, yəni XV əsrin ilk illərində ayrılmışdır. Teymurun tikinti işləri ilə əlaqədar Klavixonun verdiyi məlumata nəzər salmaq maraqsız olmaz. Klavixon yazır: “Teymur bəy hər il Qarabağın bu çöllərində qışladığı uçun o, burada şəhər tikilməsini əmr etdi, indi o şəhərdə on iki mindən çox ev vardır”. Hər şeydən əvvəl qeyd etməliyik ki, alimlər arasında bu məlumatı Beyləqana aid olub-olmaması haqda iki fikir vardır: V.V.Bartold və İ.M.Cəfərzadə həmin məlumatı Beyləqana, Y.A.Paxomov isə “Qarabağ” adlı yerə aid edirlər. Çox təəssüf ki, Y.A.Paxomov “Qarabağ” adı altında hansı yaşayış məntəqəsini nəzərdə tutduğunu göstərmir. Müəllif belə hesab edir ki, nə Teymur, nə də hərbi düşərgəsinə Klavixonun qonaq gəldiyi Ömər Mirzə Beyləqanda qışlamamışlar. Bizə elə gəlir ki, Y.A.Paxamovun fikri həqiqətə daha yaxındır, təkcə ona görə yox ki, Beyləqanda Teymurun tikdirdiyi qala divarı ilə həmdövr olan materiala, demək olar, təsadüf edilməmişdir. Lakin məlumdur ki, əgər həmin dövrdə Beyləqanda 2000 ev olsaydı, onun izləri şəhərin mədəni təbəqəsində hökmən əksini tapardı.
      Görünür Teymurun tikinti işləri də Beyləqanın tənəzzülünün qarşısını ala bilməmişdir. Bu cəhətdən Səmərqəndinin verdiyi məlumat çox əhəmiyyətlidir. Səmərqəndi yazır: ”Teymurun oğlu Şahrux o şəhəri yenidən abadlaşdırmaq fikrinə düşdü. Lakin ölkənin ağıllı adamları məsləhət görmədilər və dedilər ki, şəhər abadlaşarsa oraya insanlar və dördayaqlılar toplaşar. Qışlağın otlağına zərər dəyər... Onu yenidən bərpa etmək fikrindən yayındırdılar”. Məhəmməd Yəzdi yazır ki, “Mirzə Şahrux Beyləqanı bərpa etdirmək fikrindən əl çəkməli olur.

    Çox maraqlidır ki istər Şərəffəddin Yəzdi, istər Nizaməddin Şamini Teymurun şəhəri bərpa etməsi haqda, istərsə də Dövlətşah Səmərqəndi və Məhəmməd Yəzdinin Şəhruxun Beyləqanı bərpa etmək xəyalına düşməsi haqda verdikləri məlumatda onların hər ikisinin eyni zamanda Arazdan bir arx çəkdirməsi haqda da danışılır. Eyni məlumat Mirzə Camal Cavanşir Qarabağı və A.A.Bakixanov tərifindən də təkrar olunur. Deməli, Teymurun və Şahruxun dövründə Govurarx çoxdan sıradan çıxmışdı. Bizə ələ gəlir ki, Govurarx su şəbəkəsinin uçurulmasını da monqolların dağıntıları ilə əlaqələndirmək lazımdır. Məlumdur ki, monqollar təkcə Beyləqanda deyil, iqtisadi həyatı süni suvarma ilə bilavasitə bağlı olan başqa şəhərlərdə də belə vəhşiliklər törətmişlər. Məsələn, Xarəzm dövlətinin əksəriyyət şəhərləri ilə birlikdə onların suvarma sistemləri də (Kavatqala vahəsi, Berkutqala vahəsi və s) monqol dağıntılarının qurbanı olmuşdur.
      Həmin müəlliflərin Teymur və Şahrux tərəfindən Govurarxın bərpa edilməsi haqda verdikləri məlumata gəldikdə isə, qeyd etməliyik ki, bu məlumat inandırıcı deyildir. Hər halda belə bir bərpa mövcud olsa da, bu, şəhərin həyatında mühüm rol oynamamışdır. Çünki, artıq XVI əsr məlumatları əsasında Rusiyada tərtib olunmuş coğrafi əsərdə Beyləqan əvəzinə “Uran”, yəni “örən”, “viran” sözü işlədilmişdir. Mirzə Camal Cavanşir Qarabağı Beyləqanın XVI əsr və sonrakı tarixi haqqında belə yazır: “Səfəvi padşahları və Nadir şah zamanında qoşunların Gürcüstana və Şirvana gediş-gəlişi nəticəsində həmin şəhər yenə viran oldu. Şəhərin əhalisi ətrafa dağıldı. Şəhər indi də xaraba halındadır”.
     Qeyd etmək lazımdır ki bəzi mənbələrdə şəhərin tamamilə tənəzzülə uğramasının səbəblərini şəhərdə tez-tez baş verən zəlzələlərdə və yoxud eqlim deyişikliyində axtaarımışlar.
    Burada İbn əl-Əsirin monqol dağıntılarını səciyyələndirən bir məlumatını xatırlamaq yerinə düşərdi: “Allaha and olsun, mən şübhə etmirəm ki, bir zaman gələcək, bizdən sonra gələn oxucular bu hadisələri yazılmış gördükdə buna inanmayacaq və haqlı olaraq bunu əqildən uzaq bir iş hesab edəcəklər”

     Mil və Muğan düzlərində aparılmış axtarışlar nəticəsində məlum olmuşdur ki, monqol dağıntıları zamanı təkcə Beyləqan deyil, həmin düzənlikdə olan bir sıra yaşayış yerləri – Qalaçalar, Hacı Təhməzqala, Qalaça və sairə də sıradan çıxmış və onlarda həyat bir daha əsaslı sürətdə bərpa olunmamışdır.
    Məhsuldar qüvvələrin məhvi Beyləqanın bir daha dirçəlməsi üçün göstərilən təşəbbüslərin yarımçıq qalmasına və yaxud tamamilə nəticəsiz olmasına gətirib çıxarmışdır. Məlumdur ki, yerli əhalinin, necə deyərlər, şəhərin öz sahiblərinin bilavasitə iştirakı olmadan, heç bir xarici işğalçı, həm də köçəri həyat tərzi keçirən, düzənlik torpaqlara ancaq qışlar nəzəri ilə baxan yadellilər xarabalığa çevrilmiş möhtəşəm bir şəhəri və 60 km-ə uzunluğunda böyük bir kanalı bərpa edib evvəlki həyatına qaytarmaq əzmində ola bilməzdi.

     Yuxarıda göstərdiyimiz tarixi mənbələrdən və arxeoloji axtarışlardan aydın olur ki, Beyləqan şəhərinin monqol dağıntılarından Teymur dövrünə qədər ki həyatında baş vermiş hadisələr ancaq bu və digər işğalçının şəhəri bərpa etmək niyyətindən başqa bir şey olmamış, şəhərin məhv edilmiş əhalisinin əvəzi tapılmadığı kimi onun təsərrüfat həyatını, xüsusilə sənətkarlığını da özünə qaytara bilməmiş, xarabalığından götürülmüş tikinti materiallarına və epizodiq istifadə edilən qoşun qüvvəsinə əsaslanan bərpa işləri isə o qədər cüzi olmuşdur ki, şəhərin yenidən dirçəlməsi üçün heç bir şərait yaratmamışdır. Beyləqan şəhərinin həyatında monqol dağıntılarından sonrakı dövrü, sahibsiz qalmış şəhərin dağıdılmış tikintilərinin tədricən arxeoloji abidələrə çevrilməsi dövrü kimi səciyyələndirmək olar.
      A.A.İyessenin sözləri ilə desək, XVI əsrdən etibarən Beyləqanın “arxeoloji dövrü” başlanır. Artıq XIX əsrin 80-ci illərində Seyid Əzim Şirvani “Beyləqanın xarabalıqlarında mis qab, saxsı məmulatı, qədim sikkələr, yüksək keyfiyyətli qılınclar və digər şeylər” tapıldığını göstərir
                                                                                          * * *
     Yuxarıda yazılı mənbələr və arxeoloji materiallar əsasında Azərbaycanın görkəmli orta əsr şəhərlərindən biri olan Beyləqanın bina olduğu ilk dövrdən başlamış ta ömrünün son günlərinə qədər keçirdiyi inkişaf yolunu izləməyə çalışdıq. Əmin olduq ki, bu şəhər vaxtilə Azərbaycanın Mərkəzi Aran bölgəsində ticarət və köç yolları keçidində yerləşməklə, orta əsrlərdə və xüsusilə inkişaf etmiş orta əsrlər dövründə xalqımızın siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynamışdır.
     Beyləqanın bir şəhər kimi yaranması, inkişaf etməsi və tənəzzülə uğraması tarixi Azərbaycanın, Yaxın və Orta Şərqin ümuminkişaf tarixi ilə sıx sürətdə bağlı olmuş və özünün bəzi spesifik xüsusiyyətlərinə (düzənlikdə yerləşməsi, süni suvarmaya əsaslanması, köçəri tayfalarla daha sıx təmasda olması və s) baxmayaraq, Şərq ölkələri feodal şəhərlərinin səciyyəvi xüsusiyyətlərini özündə cəmləşdirmişdir.
Beyləqan şəhəri hərbi-feodal və dövlət əhəmiyyətli müdafiə qalası kimi yaranmış, ilk dövrdə iqtisadi rayonu olan Mil düzünün əkinçi və maldar əhalisinin təsərrüfat həyatının inzibati mərkəzi kimi formalaşaraq hələ nisbətən zəif olan sənətkarlığının sonrakı inkişafı üçün əlverişli zəmin hazırlamış və getdikcə bütün Qarabağ, Mil və Muğan düzənliklərindən mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilmişdir.

    Beyləqan şəhəri Kür-Araz ovalığında uzun əsrlərdən bəri başlamış oturaq həyatın və sinfi təbəqələşmənin tarixi inkişaf prosesinin zəruri nəticəsi (Üzərliktəpə, Qalatəpə yaşayış yerləri, Təzəkənd şəhər yeri) zəminində Sasani şahlarının Cənubi Qafqaz ərazisində apardıqları hərbi-müdafiə tikinti siyasətinin məhsulu kimi meydana gəlmişdir. Ölkənin məhsuldar qüvvələrinin inkişafı, şəhər tikintisində əldə edilmiş zəngin təcrübə və tarixi ənənə Sasani şahlarının tikinti siyasətini həyata keçməsinə imkan yaratdığı kimi, həm də Azərbaycanda şəhərsalma mədəniyyətinə böyük təsir etmişdir. Azərbaycanda bu dövrdə bir sıra yeni şəhərlər salınmışdır (Beyləqan, Şəhriyar, Çöl-Ağdam, Şəmkur və s) və yaxud köhnə şəhərlərin (Qəbələ, Bərdə, Dərbənd və s) müdafiə sistemləri gücləndirilmişdir. Lakin bütün bu işlər əhalinin gücü ilə, onların alın təri və əllərinin qabarları hesabına yaradılmışdır. Azərbaycanın zəngin maddi nemətə malik olması və xüsusilə onun siyasi və strateji əhəmiyyətli Sasani imperiyasının diqqətini özünə cəlb etməyə bilməzdi.
     Ilk feodal cəmiyyətinin yarandığı və köçəri tayfaların hərəkatının gücləndiyi bir dövrdə zəngin düzənliklərə malik olam Azərbaycan ərazisi Sasani imperiyası üçün şimal sərhədlərində xüsusi əhəmiyyət kəsb edirdi. Bütün Azərbaycan ərazisində, o cümlədən Mil-Muğan düzənliklərində möhtəşəm şəhər və qalaların, müdafiə istehkamlarının tikilməsi və böyük suvarma şəbəkələrinin (Mil və Muğan “qovurarx”larının) salınması məhz həmin iqtisadi və siyasi amillərlə izah olunur.

      Daha mütərəqqi ictimai-iqtisadi quruluş olan feodalizm istehsal üsulu məhsuldar qüvvələrin inkişafına yeni imkanlar açırdı. Şəhərlərdə sənətkarlıq və ticarət getdikcə inkişaf etməyə başlayır, əsasən əkinçiliyə xidmət edən sənətkarlığın rolu artırdı. Bərdə - Ərdəbil ticarət yolunun iqtisadi əhəmiyyəti artdıqca onun Beyləqanın inkişafına təsiri də çoxalır.
     Beyləqanda bir sıra sənət sahələri – metalişləmə, dulusçuluq, şüşəçiik və s. ilk orta əsrlərin sonlarında tamamilə formalaşmışdır. Şəhərin iqtisadi rayonunda suvarma əkinçiliyin və digər təsərrüfat sahələrinin artması şəhərdə sənətkarlığın inkişafı üçün maddi baza yaradılırsa, şəhərdə sənətkarlığın getdikcə artması, şəhərətrafı və kənd rayonlarında əkinçiliyin genişlənməsi üçün böyük imkanlar yaranırdı.  Beyləqan artıq IX-X əsrlərdə bir feodal şəhəri kimi öz formalaşma dövrünü başa çatdırmış, hərbi-inzibati və dövlət əhəmiyyətli qala-şəhərdən mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilmişdi. Bu dövrdə şəhərin iqtisadi əhəmiyyətinin artması nəinki şəhərin içərisindəki geniş ərazidə mədəni təbəqənin doldurulmasında, pul dövriyyəsinin genişləndirilməsində, hətta sənətkarlıq ocaqlarının qala divarlarından kənardakı ərazidə xüsusi məhəllə kimi formalaşmasında özünü göstərir. Lakin bununla şəhərin müdafiə əhəmiyyəti azalmır, əksinə, qala divarları və onun qala darvazaları bişmiş kərpiclə daha da möhkəmləndirilir.

    XII-XIII əsrin əvvəllərində Beyləqan şəhəri iqtisadi-siyasi və mədəni inkişafının çiçəklənmə dövrünü keçirir. Bunu nəinki dövrün yazılı mənbələri, pul dövriyyəsi, həm də arxeoloji materiallar təkzibolunmaz dəlillərlə sübut edir. Bu dövrdə Beyləqanda sənətkarlıq, ticarət və mədəniyyət elə bir sürətlə inkişaf edir ki, dövrünün ən qabaqcıl şəhərləri ilə müqayisə edilə biləcək səviyyəyə çatır. Şəhərdə əhali sıxlığı artır. Onun sənətkarlar məhəlləsi və şəhərətrafı rayonu xeyli genişlənir. Şəhərin istər qala divarlardan içəridəki, istərsə də kənar ərazisində möhtəşəm və yaraşıqlı binalar tikilir, mədəni-məişət qurğuları yaradılır. Bu dövrdə şəhərin qala divarlarının ancaq Kiçik şəhər çərçivəsində olduğunu iddia edən fikirlərin əksinə olaraq sübut edilmişdir ki, Böyük şəhərin qala divarları müdafiə əhəmiyyətini itirməmiş əksinə, bu ərazidə şəhərin qala divarları müdafiə əhəmiyyətini itirməmiş, əksinə, bu ərazidə şəhərin müdafiəsi qat-qat gücləndirilmişdir. Böyük şəhərin qala divarları bişmiş kərpiclə üzlənərək davamlı və yaraşıqlı şəkildə yenidən tikilir. Şəhərin yaxınlığında və ətrafında yeni müdafiə qalaları inşa olunur. Bu dövrdə şəhərdə gözəl memarlıq abidələri yaradılır. Şəhərin ən gözəl məscidi (Mil-Minarə) və qəbir abidələri – türbələr məhz XI-XIII əsrin əvvəllərinin məhsuludur. Rəngarəng kaşılarla dekorativ naxışlanmış bu sənət əsərləri şəhərin yüksək incəsənəti nümayiş etdirir. Fiqurlu kərpic və kaşı sənətkarlığı sürətlə inkişaf edir. Nəinki ictimai binaların, hətta yaşayış binalarının, küçə və qala darvazalarının bədii işlənməsində onlardan geniş şəkildə istifadə olunur. Şəhərin təsərrüfat əhəmiyyətli tikintiləri zamanı aşkara çıxarılmış şəhər su təchizatı qurğuları, kanalizasiya, yeni tipli dulus kürələri buna gözəl misaldır.

   Şəhərdə intensiv həyatın mövcud olduğunu sübut edən ən əsaslı dəlil həmin dövrə aid mədəni təbəqələrin qalınlığı, olduqca dolğunluğu və zənginliyidir.
    Sənətkarlar şəhər həyatında böyük bir ictimai qüvvəyə çevrilir. Getdikcə öz siyasi varlığını dərk etməyə başlayan şəhər əhalisi şəhərin həyatında mühüm ictimai və siyasi tələblərlə çıxış etməyə çalışır və amal uğrunda durmadan mübarizə aparırdı. XII əsrin ilk illərində Beyləqanda baş vermiş sənətkarlar üsyanı buna parlaq misaldır. Bu üsyanda sənətkarlar şəhərin idarə işlərinə qarışmaq kimi siyasi tələblər ortaya atmışlar. Beyləqanın XII-XIII əsrin əvvəllərində muxtariyyət qazanmaq uğrunda apardığı mübarizənin bəzən müvəffəqiyyət qazanmasını şəhərdə sənətkarlıq təşkilatlarının gücündə üsyankar Beyləqan əhalisinin ictimai və siyasi qüvvəsində axtarmaq lazımdır.
    Yadelli işğalçıların və mərkəzi hökumət qoşunlarının şəhərə hücumları zamanı şəhər əhalisinin ölüm-dirim müharibəsinə girişərək şəhərin müdafiəsində son dərəcə mətinlik göstərmələri də bu faktı bir daha təsdiq edir. Beyləqan əhalisinin XII əsrin 10-cu illərində Gəncə hakimi tərəfindən göndərilmiş Əbd əl-Cabbar qoşunlarına və 1221-ci ildə monqol-tatar sərkərdələrinin elçilərinə tutduqları divan şəhərin qəhrəmanlıq tarixinin parlaq səhifələridir.

    Beyləqanın müxtəlif nöqtələrində aparılmış arxeoloji qazıntılardan şəhərin ictimai topoqrafiyasına dair əldə edilmiş materiallar aydın göstərir ki, onun mərkəzi hissəsindəki zəngin və yaraşıqlı evlərdə varlı ailələr, qala divarı yaxınlıqlarında və heç bir müdafiəsi olmayan qalaətrafı məhəllələrdə isə sənətkarlar və yoxsul əhali yaşamışdır. Heç də təsadüfi deyil ki ən nəfis, ən gözəl və ən qiymətli əşyaların əsas kütləsi şəhərin mərkəzi hissəsindəki yaşayış evlərindən tapılmışdır. İran fayansı, Hindistanın kauri muncuqları, Misir və Suriyanın şüşə qabları, Çin seladonu və digər gətirilmə əşyalar Beyləqanın ustalarının ən zərif sənətkarlıq əsərləri ilə birlikdə yalnız varlı ailələrin mədəni-məişət həyatında özlərinə yer tapmışdır. Yoxsulların əsasən çiy kərpic və qamışdan tikilmiş evlərində isə ən çox sadə qablar işlədilmişdir.
      XI-XIII-cü əsrin əvvəllərində Beyləqanda sənətkarlıqla bərabər ticarət də sürətlə inkişaf edir. Təkcə saxsı məmulatı əsasında bu dövrdə şəhər sənətkarlığının Kiçik Qafqazın aşağı ətəklərinə, digər tərəfdən isə Muğanın mərkəzi rayonlarına yayıldığı müsahidə olunmuşdur. Mil düzünün demək olar bütün ərazisində Beyləqan saxsı qabları tapılmaqdadır. Bu da şəhərin iqtisadi rayonunun nə qədər geniş olduğunu aydın göstərir. Şimal-qərbdə Bərdə şəhərinin əvvəlki mövqeyini itirməsi, cənub-şərqdə isə Muğandakı görkəmli şəhərlərin (Səhriyar abidələr kompleksi) tənəzzülə uğraması bu yerlərdə Beyləqanın iqtisadi əhəmiyyətini daha da artırmışdır. Beyləqandan keçən ticarət və köç yollarının sayı çoxalmışdır. Xüsusilə cənubla əlaqə daha da güclənmiş, şəhərin beynəlxalq əlaqələri artmışdır. Qazıntılardan tapılmış yuxarıda qeyd olunan əşyayi-dəlillər bunu parlaq şəkildə sübut edir.

    İranın Rey və Kaşan şəhərlərindən Beyləqana kütləvi şəkildə saxsı qab gətirilməsi cənubla aparılan ticarətdə onun iştirakını aydın nümayiş etdirir; Şübhəsizdir ki, qab satışı ilə məşğul olan tacirlər İrana boş qayıtmamışlar. O zaman beynəlxalq ticarətdə Beyləqan şirniyyatı xüsusilə şöhrət qazanmışdı. Beyləqanda istehsal olunmuş qab nümunələrinə Bakı, Şamaxı, Qəbələ və s şəhərlərdə təsadüf olunmuşdur. Digər materiallarla bərabər XI-XIII əsrlərdə Beyləqanın daxili və xarici ticarətinin inkişafını saysız-hesabsız sikkə qalıqları və yazılı mənbələr də təsdiq edir.
     Şəhərin mədəni həyatında gözə çarpan üstün cəhət kimi mədəniyyətin kütləviləşməsi faktını göstərmək olar. Bu dövrdə bədii əşya sənətkarlığı geniş vüsət alır.
    Bədii incəsənət, monumental memarlıq abidələrindən tutmuş ən adi məişət qablarına qədər şəhərdə mövcud olmuş sənətkarlığın, demək olar, bütün sahələrini əhatə edir. Şəhərin dulusçuları dövrün bədii saxsı məmulatı istehsalı sahəsində misli görünməmiş nailiyyətlər əldə edir, xüsusi bədii üslublar işləyib hazırlayır, öz gözəlliyi ilə bu gün də insanı valeh edən nəfis qablar yaradırlar. Ornament-naxış yaradıcılığı orta əsrlərin sonrakı dövrlərində də heç bir vaxt təkrar olunmayan səviyyəsinə yüksəlir. İslam dininin təqiblərinə baxmayaraq, qab üzərində nəfəsli aləmi təsvir etmək ənənəsi davam etdirilir. Təkcə saxsı qabların bədii işlənməsinə nəzər salsaq, burada xalçaçılıq, xətəmkarlıq, xəttatlıq, ağacişləmə və digər sənətlərin təsirini görmək olar. Qabların rənglənməsində, naxışlanmasında, hətta formalarında belə, sxematizm və standartlıq hiss olunmur. Onların rəng dekoru, naxış incəliyi, forma lakonikliyi, bədii təsvirləri olduqca ürək açandır. Nə saray rəsmiyyətçiliyi, nə dini ehkamlar, geniş xalq kütləsi ilə daha sıx təmasda olan və onların hesabına öz sıralarını artıran şəhər sənətkarlarının yaradıcılıq imkanlarını məhdudlaşdıra bilmişdi. Şəhərin mədəniyyətinə köçərlik üçün xas olan əlamətlərin təsiri bu dövrdə daha da artır. Saxsı qablar üzərindəki bəzi bədii motivləri bütün Yaxın və orta Şərqi əhatə edən geniş bir ərazidə izləmək olur. Çiyin hissəsi qəliblərdən hazırlanmış qablar buna misal ola bilər.   

   Bu dövrdə şəhərdə zəhmətkeş əhalinin, xüsusilə sənətkarların mədəni həyata can atmaq meyilləri artır. Saxsı məmulatının zəngin epiqrafiyası sənətkarlar arasında gözəl yazıb-oxumağı bacaran ustaların olduğunu aydın nümayiş etdirir. Şəhərdə işlənmiş yeganə əlifba olan ərəb əlifbasının kufi və nəsx xətləri ilə ustalar qabların üzərində öz adlarını, qabların gələcək sahiblərinə xeyirxahlıq arzulayan ifadələr, lirik beyt və rübailər yazmışlar. Maraqlıdır ki, bəzən usta öz adını heç bir təqibdən çəkinməyərək qabın bütün sahəsini əhatə edən iri həriflərlə vermişdir. Yazılara metal qablarda və üzlük daşlarında da təsadüf edilmişdir. Bütün bunlar şübhəsiz ki, sənətkarların savad səviyyəsini əks etdirən faktlardı. Savad, yazı ancaq feodal sarayı və ruhanilərin məhdud dairəsinə xidmət edən bir sahədən getdikcə kənara çıxaraq nisbətən daha geniş əhatəli bir sahəyə çevrilməyə başlayır. Söz yoxdur ki başqa orta əsr şəhərlərində olduğu kimi, Beyləqanda da görkəmli alimlər, şairlər, memarlar, rəssamlar və digər ustalar yetişmişlər. Bütün gətirdiyimiz bu faktlar XI-XIII əsrin əvvələrində Beyləqanın eyni zamanda Azərbaycanın intibah dövrünün görkəmli bir mədəniyyət mərkəzi kimi səciyyələndirir.

     1221-ci ilin oktyabr-noyabr aylarından Beyləqan şəhərinin faciəvi tarixi başlanır. Arxeoloji qazıntılar və yazılı mənbələr əsasında təsdiq olunmuşdur ki, həmin tarixdə şəhərin monqollar tərəfindən dağıdılmasından sonra şəhər kəskin tənəzzülə uğrayır və bir daha inkişaf etmək imkanı tapmır. Şəhərin özünü və iqtisadi rayonunu su ilə təchiz edən Govurarx quruyur. Şəhərdə sənətkarlıq tamamilə sönür. Nə Xərəzmşah Cəlaləddin dövründə onun vəziri Şərəfülmülk tərəfindən, nə də 1403-cü ildə Əmir Teymur tərəfindən şəhəri bərpa təşəbbüsü axıra qədər baş tutur. İqtisadi əsası tamamilə sarsılmış şəhər az keçmir ki, bu yerlərdən dağa və arana köçən yerli əhalinin qəbirstanlığına çevrilir.
     Monqol dağıntılarından sonra Beyləqanın bir daha dirçələ bilmədiyini təkcə bu dağıntıların Beyləqan üçün çox güclü və dəhşətli olmasında deyil, ümumiyyətlə, bütün Şərqdə və o cümlədən Azərbaycanda şəhər həyatının tənəzzülə uğraması, şəhər sənətkarlığının zəifləməsi, oturaq təsərüffatın pozulması, köçəriliyin güclənməsi kimi iqtisadi amillərdə axtarmaq lazımdır. Beyləqan şəhəri monqol dağıntılarından sonra çox az, həm də olduqca sönük bir həyat sürə bilmişdir. Hər halda monqol dağıntılarından sonra şəhərdə nəzərə çarpa biləcək mədəni təbəqə yaranmamışdır. Artıq XVI əsrdə xalq arasında nəinki şəhərin özü, hətta adı da unudulmuşdur.  

 

Yuxarı