Arxeoloji mənbələr

     YAZILI MƏNBƏLƏRİN XÜLASƏSİ. Tarixi mənbələrdə Örənqala adlı orta əsr şəhərinin adı çəkilmədiyinə görə, Örənqalada arxeoloji qazıntı işləri aparmış bütünY ekspedisiyalar eyni zamanda şəhər haqqında yazılı mənbələri toplamaqla da məşğul olmuşlar. Örənqalanın hansı orta əsr şəhərinin xarabalıqları olduğunu aydınlaşdırmadan, qazıntı materiallarının tarixi cəhətdən şərhini tam düzgünlüyü ilə vermək çətinlik törədirdi. Nəticə etibarilə, vaxtilə Mil düzündə mövcud olduğu ilk mənbələrdə qeyd edilən Paytakaran, Beyləqan və Yunan adlı şəhərlər haqqında xeyli tarixi məlumat toplanmışır. Tədqiq etdiyimiz şəhər haqqında ilk dəfə məlumat verən yerli müəllif Moisey Kaqankaytuqludur. O, özünün “Ağvan tarixi” adlı əsərində, xüsusilə həmin əsərin III hissəsində Beyləqan haqqında, şəhər və əyalətdə IX əsrinin birinci Yarisinda baş vermiş ictimai hərəkat – beyləqanlılar hərəkatı haqqında qısa da olsa əhəmiyyətli məlumat verir.
    İkinci bir yerli müəllifə məxsus mənbə XI əsrin sonu və XII əsrin ilk illərində Beyləqanda naib və müstofı vəzifəsində fəaliyyət göstərmiş Məsud ibn Namdarın əlyazmasıdır. Bu əlyazma haqqında ilk məlumatı Klod Kaen və V.F.Minorskiy özünün “Şirvanın və Dərbəndin tarixi” adlı əsərində vermişlər. Lakin istər K.Kaen və V.F Minorskinin adını çəkdiyimiz əsərində bu əlyazması haqqında ancaq ümumi məlumat verilmiş və əlyazmasında beş məktub çap olunmuşdur. Məsud ibn Namdarın əlyazması 4433 nömrə ilə Paris Milli Kitabxanasında saxlanılır. 1960-cı ildə akademik Z. M. Bünyadov həmin əlyazmasının fotosürətini Azərbaycana gətirmişdir. Sonra Əlyazması şərqşunas alim V.M.Beylis tərəfindən faksimile şəkilində neşr olunmuş və ərəbcədən rus dilinə tərcümə edılmşdir. V.M.Beylis Məsud ibn Namdarın əlyazmasının qısa elmi xarakteristikasını da vermişdir. Müəllifin fikrincə, bu əlyazması “fövqəladə nadir tipdə olan tarixi mənbələr sırasına daxildir”. Əlyazması Məsud ibn Namdarın ərəb xəlifəsinə, sərcuq sultanına yazdığı məktublardan, müxtəlif şeirlərdən və memuar xarakterli yazılardan ibarətdir. Bu materialların içərisində Azərbaycanın XI-XII əsrlər tarixi və xüsusilə Beyləqanda həmin dövrdə baş vermiş ictimai hərəkat, siyasi hadisələr haqqında çox qiymətli məlumatlar vardır. Maraqlı burasıdır ki, müəllif özü bu hadisələrin iştirakçısı olmuş və onun verdiyi məlimat orijinal xarakted daşayır.

     V əsr mənbələrində Azərbaycan ərazisində Paytakaran şəhərin olduğu bildirilir. Paytakaran haqqında qısa bır məlumata Aqanfangel və onun müasiri Zenob Qlakda təsadüf edirik. Arxeoloq-alim Y.A.Paxomov həmin mənbələrdəki məlumata əsasən Paytakaranın sürgün üçün istifadə edilən bir ucqar şəhər olduğunu qeyd edir.
    Ərab mənbələrində Beyləqan haqqında məlumata ümumiyyətlə Azərbaycan və Arran haqqında olduğu kimi, IX və sonrakı əsrlərdə yaşamış müəlliflərdə təsadüf olunur. Ərəb xəlifəliyi öz haikimiyyətinə tabe etdiyi ölkələr və qonşuları haqqında məlumat əldə etməyə hər cür cəhd göstərirdi. Cənubi Qafqazda yeganə müsəlman ölkəsi olan Arran, əlbətdə ərəb səyyahlarının, coğrafiyaşünaslarının nəzərindən kənarda qalmamışdır. Bu ölkənin zənginliyi, o cümlədən inkişaf etmiş şəhərləri onları maraqlandırmaya bilməzdi. Beyləqan haqqında ilk məlumat verən ərəb müəllifi IX əsrin ortalarında yaşamış ibn Xordadbehdir. Bizim üçün əhəmiyyət kəsb edən “Yollar və məmləkətlər haqqında kitab” (“Kitab əl-masalik və-l-mamalik”) əsərinin Azərbaycan, Arran şəhərləri, o cümlədən Beyləqan haqqında, xüsusilə şəhərlər arasında məsafələr barədə danışılan hissəsidir. Beyləqanın bina olunması və harada yerləşməsi haqqında müəllifin verdiyi məlumat da tədqiqatımız üçün olduqca maraqlıdır.

    IX əsrin ortalarında (təxminən 820-892-ci illərdə) yaşamış ərəb tarixçisi Əl-Bəlazurinin “Ölkələrin fütuhatı kitabı” (“Kitab Fütun əl-Bulldan”) adlı əsərində Beyləqan haqqinda çox qiymətli məlumat vardır.
    Əl-Bəlazurinin həməsri olan ərəb müəlliflərindən Yaqubinin “Ölkələrin kitabı” (“Kitab əl-Buldan”) və “Tarix” əsərində də Beyləqan haqqında əhəmiyyətli məlumat vardır. Yaqubi “Ölkələrin kitabı” adlı əsərində xilafətdən Azərbaycana gedən yolun təsviri ilə əlaqədar ümumi şəkildə Beyləqandan da danışmışdır. “Tarix” adlı əsərində isə o, ərəblərin Azərbaycana, o cumlədən Beləqana hücumlarından bəhs etmişdir. IX əsr ərəb coğrafiyaşünaslarından biri də ibn əl-Fəqihdir. O, özünün “Ölkələrin kitabı” (“Kitabi əl-Buldan”) adlı əsərində Beyləqanında adını çəkir və onun kim tərəfindən inşa edilməsini qeyd edir.
    İbn Rusta Xəsrin ilk illərində tərtib etdiyi (903-cü ildə tamamlamışdır). “Nəfis daş-qaşlar kitabı” (“Kitab əl-Alaq ən-nəfisə”) adlı əsərində Araz çayını təsvir edərkən onun Kür çayı ilə birləşdiyini və “onların ikisinin arasında” Beləqan şəhərinin yerləşdiyini qeyd edir.

    Qudama “Xərac və katiblik sənəti kitabı” (“Kitab əl-xarac və sənət əl-kitaba”) adlı əsərində Azərbaycandan danışarkən Beyləqandan keçən yolları qeyd edir və şəhərlərarası məsafələr haqqında məlumat verir. Məsudi Beyləqanın adını 947-ci ildə bitirdiyi “Qızıl yuyulan yer və cəvahirat mədənləri” (“Muruc əz-Zəhəb və məadin əl-cavhar”) adlı əsərində şimal sədlərinin və xüsusilə Dərbənd keçidinin Xosrov Ənuşirəvan dövründə möhkəmləndirilməsinin əhəmiyyətindən danışarkən çəkmişdir.
    Beyləqan haqqında maraqlı məlumat verən X əsr ərəb müəlliflərindən biri də Əbu Düləfdir. Əbu Diləfin “Risalə”sində daha çox maraq oyadan Balasacan düzü, onun şəhər və kəndləri haqqında verdiyi məlumatdır.
     Əl-İstəxrinin “Məmləkətlərin yolları kitabı”nda (“Kitab masalik və-l-mamalik”) da Beyləqan şəhərindən danışır.
İbn-Havqəl “Yollar və məmləkətlər kitabı” (“Kitab masalik və-l-mamalik”) adlı əsərində Arran şəhərlərini sayarkən və karvan yollarını təsvir edərkən Beyləqandan bahs etmişdir.
    Əl-Müqəddəsinin 985-86-cı ildə tamamladığı “İqlimlərin öyrənilməsi üçün ən yaxşı bölgü” (“Əhsən ət-təqasim fi mərifət əl-əqalim”) əsərində Beyləqan şəhərindən natif (şirniyyat) istehsalı və şəhərlərarası məsəfələrlə əlaqədar danışılmışdır. Təbərinin (838-923-cu illər) “Peyğəmbərlərin və şahların tarixi” (Tarix ər-rüsul və L-mülük”) adlı əsərində Beyləqan haqqında verdiyi məlumat şəhərdə IX əsrdə Müsafir adlı bir nəfərin başçılığı ilə baş vermiş üsyanı öyrənmək üçün çox qiymətlidir, çünki bu məlumata biz başqa müəlliflərdə təsadüf etmirik. Xarəzmli əl-Biruninin “Asrtonomiya və ulduzlara aid “Məsud cədvəli” (“Qanun əl-Məsudi fi-l-həya və-n-nücum”) əsərində Azərbaycan və Ermənistan şəhərlərinin en və uzunluq dairələri haqqında əbcəd hərifləri ilə cədvəli verilmişdir. Burada (5-ci iqlimdə) 526-cı nömrə altında Beyləqanın ölçüləri göstərilmişdir. Beyləqan en 39 dərəcə, 50 dəqiqə, uzunluq 64 dərəcə, 31 dəqiqədə verilmişdir.

     Beyləqannın tarixinə aid yazılı mənbələrdən danışarkən XI əsrdə Dərbənd şəhərində ərəb dilində yazmış bir müəllifi də qeyd etmək lazımdır. Həmin müəllifin əsərinin müəyyən hissələri – Şirvan və Bab əl-Əbvabın sahları haqqında, Şəddadilər haqqında və iqtibas şəkilində verilmiş başqa kiçik parçalar Münəccimbaşı təxəllüsü ilə məshur olan türk tarixçisi Əhməd ibn Lütfüllahın “Sülalələrin cəmi” (“Came əd-düvəl”) adlı əsərində ixtisar olunmuş şəkildə verilmişdir. Qeyd etdiyimiz mənbənin Beyləqanın X-XI əsrlərdən Gəncə divanı və Şirvanşahlara olan münasibətini aydınlaşdırmaqda böyük əhəmiyyəti vardır.
    XII əsr coğrafiyaşünası, Avropada maşhur olan Əl-İdrisi də özünün “Ölkələri gəzməkdən yorulmuşun əyləncəsi” (“Nüshad əl-Müşdaq fi-htiraq əl-afaq”) adlı əsərində Beyləqanın Sasani padşahı Qubad tərəfindən bina edilməsi haqda özünün əvvəlki müəlliflərdən İbn Xordadbeh, Balazuri İbn əl-Fəgih və başqalarının fikrini təkrar edir.
    Beyləqan tarixinə dair məlumat verən XII əsr müəlliflərindən biri də Sədrəddin əl-Hüseynidir. O, “Səlcuq dövlətinin tarixi” (“Əxbar əd-dövlə əs-Səlcuqiyyə”) adlı əsərində Beyləqanın Eldənizlər dövründə siyası mövqeyi və xüsusilə Eldənizlər dövləti ilə Gürcü çarları arasında gedən müharibələrdə bu şəhərin oynadığı rol haqqında olduqca qiymətli məlumat vermişdir.
   Yaqut Həməvinin “Coğrafi lüğət”ində (“Mücan əl-Buldan”) monqol hücumları ilə əlaqədar Beyləqan haqqında danışılmışdır.Yaqut Həməvi monqol hücumlarının şahidi olduğu üçün onun verdiyi məlumat, şübhəsiz, ilk mənbə kimi böyük qiymətə malikdir.

    Ərəb tarixçisi ibn əl-Əsirin “Əl-Kamil fi-t-Tarix” adlı əsərin ən ibtidai zamanlardan 1231-ci ilə qədərki dövrü əhatə edir. Beyləqanın tarixini öyrənmək üçün bu əsərin xüsusilə monqol hücumları dövrünü əhatə edən hissəsi çox qiymətlidir.
    Beyləqanın monqol hücumlarından sonrakı (Cəlaləddin Məngburni dövrü) tarixi öyrənmək üçün ərəb tarixşünası Nəsəvinin Sultan Cəlaləddin həyatına həsr etdiyi əsər olduqca əhəmiyyətlidir. Müəllif bu əsərdə Cəlaləddinin dövründə şəhərin vəziyyətinə dair az da olsa məlumat vermişdir.
     Zəkəriyyə Qəzvini (XIII əsr) özünün “Asar əl-bilad və əxbar əl-ibad” adlı əsərində Beyləqanın şəhərinin bina olunması, monqollar tərəfindən dağıdılması və Mücirəddin Beyləqani haqqında qısa məlumat verir.

    Beyləqan haqqında məlumat verən ilk farsdilli mənbə, müəllifi məlum olmayan, təxminən 982-ci ildə tərtib edilmiş “Şərqdən qərbə doğru dünyanın hüdudları” (“Hüdud əl-aləm min al-maşrik ila-məğrib”) adlı əlyazmasıdır. Bu əsərdə də Beyləqandan Arran şəhərlərindən bəhs edilən zaman təsvir edilir.
   XII əsrin ikinci yarısında yaşamış Zahirəddin Nişapurinin “Səlcuqnamə” adlı əsərində feodal müharibələrilə əlaqədar Beyləqan şəhərinin adı çəkilir. Beyləqan haqqında, nisbətən daha müfəssəl məlumat müəllifi məlum olmayan “Əcayib əd-dünya” adlı coğrafi əsərdə verilmişdir. Bu əsər XIII əsrin 20-ci illərində yazılmışdır. Əsərdə Beyləqan haqqında, hüsusilə onun Eldənizlər dövründəki həyatı, ticarəti haqqında çox dəyərli məlumatlar verilir.
    XIV əsrin birinci yarısında yaşamış Həmdullah Qəzvininin ”Ürəklərin məşğuliyyəti” (“Nüzhət əl-qülup”) adlı əsərində Beyləqanın tarixini öyrənmək üçün az-çox məlumata təsədüf edirik. Təxminən 1339-cu ildə yazılmış həmin əsərdən aydın olur ki, bu vaxt Beyləqan artıq xarabalıq halında idi. Bu yerlər əkin və bağçılıq üçün istifadə olunurdu. Burada dənli bitkilər, çəltik, pambıq, meyvə və giləmeyvə əkilirdi.
Xüsusi əhəmiyyət kəsb edən farsdilli mənbələrdən biri də Əmir Teymurun saray tarixçisi Şərəfəddin Yezdinin “Zəfərnamə” adlı əsəridir. Müəllif Beyləqan haqqında Əmir Teymurun 1403-cü ildə şəhəri bərpa etmək təşəbbüsü ilə əlaqədar danışır. Eyni dərəcədə əhəmiyyətə malik mənbələrdən biri də Əmir Teymurun başqa bir saray tarixçisi Nizaməddin Şaminin “Zəfərnamə” adlı əsəridir.

    Beyləqanın monqol dağıntılarından sonrakı dövrü öyrənmək üçün müəyyən əhəmiyyətə malik mnbələrdən biri “Təzkirət-üş-şüəra” adlı əsəridir. Bu əsərdə bizi maraqlandıran cəhət Əmir Teymurdan sonra onun oğlu Şahruxun da Beyləqanı bərpa etmək fikrinə düşməsi haqda başqa mənbələrdən bizə tanış olan məlumatlar qısa şəkildə təkrar olunmuşdur.
     Beyləqan şəhərinin tarixinə aid olduqca qiymətli məlumat verən bir güclü mənbənin adını da qeyd etmək lazımdır. “Şahların mədhi və tarixi” adlı bu mənbədə Eldənizlər dövründə və hüsusilə Atabəy Əbubəkirin (1191-1210-cu illər) hakimiyyəti illərində Beyləqanın siyasi tarixinə dair əhəmiyyətli məlumatlar çox gözəl verilir.
    Qərbi Avropa mənbələrində Beyləqan haqqında olduqca az məlumat vardır. Beyləqanın Əmir Teymur dövrü tarixi haqqında Kastiliya səfiri Klavixonun (1412-ci ildə vəfat etmişdir) “Gündəliyi”ndə təsədüf edirik. “Gündəlik”də Qarabağ düzü, bu düzənlikdə Əmir Teymurun ordularının tez-tez qışlaması və Beyləqan Şəhərinin Əmir Teymur nəzərinin cəlb etməsi haqda verdiyi hissə, məlumatlar olduqca çox maraqlıdır.

    İlk rus səyyahları A.Nikitin və F.Kotov Azərbaycada olduqları zamanı (XV-XVI əsrlər) Beyləqan artıq xarabalıq halında idi. Odur ki, bu mülliflərdə Beyləqan şəhərinin adına belə təsadüf olunmur. Maraqlı burasıdır ki, XVI əsr mənbələri əsasında tərtib olunmuş “Böyük çertyoj kitabı”nda Mil düzündə ilk dəfə olaraq “Uren” adlı şəhər yerinə təsədüf edirik
 

     Tarıxı ədəbiyyatın xülasəsi. 1920-ci ilə qədərki tarixi ədəbiyyatda Beyləqan haqqında çox qısa və səthi məlumat verilmişdir. A.A.Bakıxanov özünün “Gülüstani-irəm” əsərində Beyləqanın Qarabağda yerləşdiyini, Hülakü xan tərəfindən dağıdıldığını, Əmir Teymurun və sonra oğlu Şahruxun bu şəhərin bərpa etmək fikrinə düşmələri, lakin bu bərpanın baş tutmadığını qeyd edir. Müəllif ərəb-xəzər müharibələrindən danışarkən, Beyləqanın bu müharibələrdə iştirakından da bəhs edir.
    Mirzə Camal Cavanşir Qarabağın “Qarabağ tarixi” əsərində A.A.Bakıxanovun Beyləqan haqqında verdiyi tarixi arayış, demək olar ki təkrarlanır.
   Səid Əli Kazımbəyoğlu “Cavahirnameyi-Lənkaran” adlı əsərində Teymurun Beyləqanı təmir və abad etməsindən bəhs edir.
    Seid Əzim Şirvaninin Şirvanın qədim və nadir yerləri haqqında topladığı məlumatlarda Beyləqan şəhəri haqqında bəhs edilir. Başqa mülliflərdən fərqli olaraq S.Ə.Şirvani Beyləqanın binasının İskəndər Rumi tərəfindən qoyulduğunu qeyd edir. Şəhərin məhvolma səbəbini isə iqlimin dəyişilməsində görür və onunla bağlayır.
    Beyləqanın adına, onun xarabalarının qısa təsvirinə XIX əsr və XX əsrin əvvələrində bu və ya başqa məqsəd üçün Mil düzündə olmuş rus müəlliflərdən A.Umanets, V.Bezmenov, M.Xanikov, N.Toropov, S.Veysenkov, M.Qersanov, N.Zeytlis və İ.Mayevskinin əsərlərində təsadüf edirik. Bu müəlliflər Beyləqanın harda yerləşdiyini göstərməklə kifayətlənərək şəhərin tarixinə dair yeni bir söz deməmişlər. Həmin dövrdə yaşamış bəzi müəlliflər isə Beyləqanın yerləşdiyi yeri düzgün göstərə bilməmişlər. N.A.Karaulov ərəb müəlliflərin verdiyi məlumatlar əsasında tərtib etdiyi xəritədə Beyləqan şəhərini Kürlə Arazın birləşdiyi yerdə göstərmişlər.

    Beləliklə, 1920-ci ilə qədərki tarixi ədəbiyyatda yığcam şəkildə də olsa, Beyləqanın nəinki tarixi və arxeoloji xarakteristikası verilmiş, hətta şəhər haqqında bir sıra dolaşıq təsəvvürlər yaranmışdır.
     V.B.Bartold Azərbaycan Dövlət Universitetinin şərq fakultəsində oxuduğu mühazirələrində yeri gəldikcə, ötəri də olsa, Beyləqan şəhəri haqda bəhs etmişdir. S.B.Aşurbəyli Azərbaycanıın ilk orta əsr şəhərlərinin sənətkarlıq və ticarətini təqdim edərkən Beyləqan şəhəri haqda da müəyyən məlumatlar vermişdir. Beyləqanın siyasi tarixi Ə.Ə.Əlizadənin tədqiqatlarında da müəyyən dərəcədə işıqlandırılmışdır. Müəllif xüsusilə Beyləqanın monqollar tərəfindən dağıdılması haqqında maraqli məlumat verir. Beyləqanın ilk orta əsrlərdə iqtisadi, siyasi və xüsusilə ictimai hərəkat tarixinə dair zəngin məlumat Z.M.Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” adlı əsərində vermişdir. Beyləqana aid yazılmış tarixi ədəbiyyat içərisində V.M.Beylisin “Məsud ibn Namdar və Beyləqan şəhərinin əhalisi” adlı məqaləsi şəhərin ictimai hərəkat tarixini öyrənmmək üçün müstəsna əhəmyyətə malikdir.
    Beyləqan şəhəri haqqında kiçik bir məlumata Kəsrəvi də təsədüf edirik. Bu məlumat şəhərin adı və yerləşdiyi yeri aydınlaşdırmaq baxımından maraqlıdır. Xarıcı ədəbiyyatda Beyləqan haqqında nisbətən müfəssəl məlumat K.Le.Stenc tərəfindən verilmişdir. Beyləqan tarixinə dair maraqlı mülahizələr eyni zamanda V.F.Minorskinin “Muğan”, “Ruslar Zaqafqaziyada” adlı məqalələrində, “Şirvan və Dərbəndn tarixi” adlı kitabında irəli sürülmüşdür. Yuxarıdaki qısa müllahizədən məlum olur ki, Beyləqan haqqında xarici ədəbiyyat çox azdır. Lakin buna baxmayaraq, mövcud olan tarixi ədəbiyyat bir sira məsələləri düzgün araşdımaqda tədqıqatçıya böyük kömək göstərir.
    Beyləqanın əsaslı tədqiqi arxeoloji qazıntılarla başladığı üçün şəhər haqqında arxeoloji ədəbiyyat daha genişdir.

     Arxeoloji ədəbiyyat xülasəsi. Son illər Örənqalanın tarixinə və arxeoloji tadqiqinə dair çoxlu ədəbiyyat nəşr olunmuşdur. Bu əsər və məqalələrlə Örənqalanın tarıxı adı, şəhərin meydana gəlməsi, onun inkişaf dövrləri süquta uğramışdır, sənətkarlıq və xüsusilə burada aparılmış arxeoloji qazıntılar haqqında çox faydalı məlumat verilir və fikirlər söylənilir. Lakin bu və digər məsələnin həllində müəlliflər arasında bir-birinə zidd, mübahizə doğuran mülahizələrə, əlavə dəlil tələb edilən elmi nəticələrə də təsadüf olunur.
    Beyləqan haqqında ilk elmi əsər yazan akademik İ.İ.Meşşaninov olmuşdur. O, şəhər yerini ötəri təsvirini vermiş, topoqrafik quruşundan danışımış və onun qala divarları haqqında bəzi mülahizələr irəli sürmüşdür. Lakin 1933-cu ildə Örənqalada çox cuzi qazıntı aparıldığından müəllifin istər qala divarlarının dövrü və istərsə memarlıq quruluşu haqqındakı fikirləri sonra özünü doğrultmamışdır. İ.İ.Meşşaninov şəhərin içərisində və qəbiristanlığında aparılmış kiçik həcmli keşfiyyat qazıntıları əsasında şəhərin çiçəklənmə dövrünü səhv olaraq XII-XIV əsrlər hesab etmişdir. Örənqlanın orta əsr Beyləqan şəhərinin xarabası olması və onun Sasanilər dövründə salınması, XV əsrə qədər burada həyatın olması, şəhərin meydana gəlməsinin Govurarxla bağlanması və digər məsələlər barədə İ.İ.Meşşaninovun fikirləri elmi əhəmiyyətə malikdir.

    Örənqala şəhər yeri haqqında müəyyən qədər məlumata A.K.Ələkbərovun “Örənqala qazıntıları” adlı məqaləsində rast gəlirik.Müəllifin irəli sürdüyü fikirlərdən xüsusilə maraq doğuran onun ilk dəfə olaraq şəhərin çiçəklənmə dövrünü XII əsrdən hesab etməsi, Beyləqanın əvvəlki adını Paytakaranla əlaqələndirməsi, Örənqalanın Beyləqan şəhərinin xarabaları olması haqtakı nəticələrdir.
    İ.M.Cəfərzadənin “1951-ci ildə Örənqalada qazıntı işləri” adlı məqaləsində Örənqalanın daha geniş təsviri verilir və şəhərin şimal-şərq qala divarlarında aparılmış qazıntıların nəticələrindən danışılır.Müəllif haqlı olaraq Kiçik şəhərin Böyük şəhərin xarabaları üzərində tikildiyi fikrini ortaya atır. Lakin müəllif şəhərin bina olunma tarixini eramızdan əvvəl IV əsrin sonlarına aid etmiş və onun tarixi adının isə bəlkə Xunan olduğu fikrini söyləmişdir ki, bu fikirlərlə Örənqalanın sonrakı tədqiqatçılarından heç biri razılaşmamışdır.   

    Örənqalanın əsaslı sürətdə arxeoloji tədqiqi 1953-cü ildən başlanmışdır.1953-cü ilin qazıntıları haqqında ilk məlumatı A.A.İessen “1953-cü ildə Azərbaycan ekspedisiyasının işləri” adlı məqaləsində vermişdir.
   Örənqalaya aid nəşr olunmuş ilk sanballı əsər kimi “Azərbaycan (Örənqala) arxeoloji ekspedisiyasının əsərləri”nin 1-ci cildini hesab etmək lazımdır. Əsərin ən qiymətli cəhəti odur ki, Örənqalada 1953-1955-ci illərdə aparılmış qazıntılardan əldə edilən materialların böyük əksəriyyəti nəşr edilmışdir. Qazıntı materialları nəinki müfəssəl hesabatlarda (A.L.Yakobson, N.B.Minkeviç-Mustafayeva), həm də tematik məqalələrdə (B.A.Şelkovnilov, A.V.Rəhimov, Q.M.Əhmədov, A.L.Yakobson, L.T.Gözəlyan) öz əksini tapmışdır.
    A.A.İessenin “Azərbaycan ekpedisiyası 1956-cı ildə” və “1957-ci ildə Azərbaycan ekpedisiyasının işləri” adlı məqalələrində həmin illərdə Örənqalada aparılmış qazıntıların çox qısa xülasəsi verilmişdir. 1957-ci il qazıntıları nəticəsində Örənqala şəhər yerinin qədim təbəqəsinin yaşı haqqında arxeoloji materiallar əsasında ilk dəfə fikir söyləməy mümkün olmuşdur. Eyni zamanda Təzəkənd şəhər yerində aparılan keşviyyat qazıntısı işlərilə əlaqədər həmin şəhər yerinin də yaşı müəyyənləşdirilmişdir. Bunların nəticəsində A.A.İessen Paytakaranı bilavasitə Beyləqan ərazisində axtarmaq haqdakı özünün əvvəlki fikrindən danışıb, onun Təzəkənd şəhər yerinə daha çox uyğun gəlməsi fikri üzərinə qayıtmışdır. Müəllif Paytakaranın Beyləqana (Örənqalaya) köçürülmə səbəbini Govurarxın çəkilməsi ilə əlaqələndirir. N.V.Minkeviç-Mustafayevanın məqalələrində Örənqalanın sənətkarlar məhəlləsində aşkara çıxarılmış abidələr ümumi şəkildə xarakterizə olunur. 

  “Azərbaycan (Örənqala) arxeoloji ekspedisiyanın əsərləri”nin 3-cü cildində 1956-1958-ci illərdə Örənqalada aparılmış qazıntıların hesabatları və əvvəlki qazıntıların bəzi dəqiq olunmamış materiallarına həsr edilən məqalələr verilmişdir.

    1959-cu ildən sonra Örənqalada aparılan arxeoloji qazıntıların hesabatları nəşr olunmamışdır. Buna baxmayaraq, bu qazıntıların elmi nəticələri haqqında çoxlu məqalə və oxunmuş məruzələrin tezisləri nəşr olunmuşdur.
     Beyləqanda aparılmış arxeoloji qazıntıların qısa xülasəsi. 1926-cı ildə Ə.K.Ələkbərov və A.Qaraşarlı Mil düzünə, O cümlədən Örənqalaya və Peyğəmbər qəbiristanlığına səfər təşkil etmişlər.
    1933-cü ildə Örənqalada arxeoloji kəşviyyat və qazıntı işləri akad. İ.İ.Meşşaninovun rəhbərliyi altında aparılmışdır. Həmin ildə şəhərin ərazisi öyrənilmiş və mədəni təbəqələrini müəyyənləşdirmək üçün kiçik həcmdə qazıntı işləri aparılmışdır. Qazıntı üç yerdə- Kiçik şəhərin ortasında, onun şimal-şərq divarında və Kiçik şəhərdən Böyük şəhərə gedən yolun darvaza yerində aparılmışdır.
    Qala divarında aparılan qazıntı nəticəsində ekspedisiya iştirakçıları belə bir rəyə gəlmişdilər ki, divar ən azı üç dövrə aiddir. İlk divarın əsan hissəsi çiy kərpicdən hörülmüş və ona çöl tərəfdən üç cərqə bişmiş kərpicdən üz çəkilmişdir. Tarixi və təbii hadisələrlə əlaqədər tez-tez baş verən dağıntı və bərpa işlərin nəticəsində şəhərdə mədəni təbəqələr qalınlaşmış və onun sahəsi zaman keçdikcə yerin adi səthindən bir neçə metr yüksəlmişdir. İ.İ.Meşşaninovun fikrincə, şəhərin içərisi guya yüksəldiyinə görə onun divarlarının üstünün tikilməsi də vacib olmuşdur.

    Şəhərin içərisindəki qazıntılar nəticəsində burada bişmiş kərpicdən tikilmiş böyük bir binanın divarları (ekspedisiyanın iştirakçıları yerin relyefinə əsasən burada karvansara və ya məscid yerləşdiyini güman etmişlər), ağzı kərpiclə hörülmüş quyu (diametri 0,53 m ) və kiçik bir hovuz (1x0.8 m ) aşkara çıxarılmışdır. Həmin bina özündən əvvəlki başqa bir binanın xarabalığı üzərində tikildiyindən , üst binanın divarları alt binanın divarlarını müxtəlif istiqamətdə örtür. Qala divarlarında olduğu kimi, burada da ayrı-ayrı dövrlərə aid üçdən az olmayaraq mədəni təbəqə yerləşdiyi müəyyən olunmuşdur. İ.İ.Meşşaninov tapılan materiallara əsasən həmin binaların XIII-XIV əsrlərdə tikildiyini güman edir.
    Kiçik şəhərin darvazalarında aparılan qazıntılar nəticəsində aydın olmuşdur ki, darvaza bürcləri qalanın başqa bürclərinə nisbətən çox dairəvidir. Təəssüf ki, şəhərin içərisində olduğu kimi, burada da qazıntı xam torpağa çatdırılmamış və ona görə də iki şəhərin bir-birinə münasibəti məsələsi tam aydınlaşdırılmayaraq yarımçıq qalmışdır.
   Ekspedisiya heyəti eyni zamanda şəhər qəbiristanlığını tapmış (şəhərdən 0,5 km şərqdə) və orada keşviyyat işləri aparmışdır. Kiçik həcmli qazıntılar zamanı burada dördbucaqlı bir tikintinin kərpic döşəməsi və aşağı hissədə divarları açılmışdır.
   1936-cı il qazıntıları Ə.K.Ələkbərovun rəhbərliyi ilə aparılmışdır. Bu qazıntı sadəcə kəşfiyyat xarakteri daşımışdır. Ə.K.Ələkbərovun bu qazıntı haqqında verdiyi qısa məlumatdan aydın olur ki, qazıntı xam torpağa qədər çatdırılmışdır. Qazıntının alt təbəqəsində bişmiş kərpicdən hörülmüş bina divarların bir küncü açılmışdır. Bundan üstdə isə 1,5 m hündürlüyündə kərpicdən tikilmiş pilləkən aşkar edilmişdir. Ə.K.Ələkbərov pilləkənin hündürlüyünə əsasən burada ikimərtəbəli olduğunu qeyd edir. Pilləkəndən üstdə isə 21x21x4 sm. ölçülü bişmiş kərpicdən gil məhluluyla hörülmüş evlərin divaralranın qalıqları müəyyənləşdirilmişdir. Ən üstdə isə köhnə binalardan sökülən kərpiclərdən tikilmiş evlərin qalıqları tapılmışdır. Ə.K.Ələkbərov həmin qazıntı sahəsində aşkar edilmış evlərin çox kiçik olduğunu nəzərə alaraq onların sənətkarlara məhsus olması fikrini söyləmişdir. Bundan əlavə həmin ekspedisiya Örənqalanın şərqində şəhər yerindən təxminən 200 m masafədə olan təpələrdən birində qazıntı aparmışdır. 1933-cü il ekspedisiyasından fərqli olaraq, 1936-cı ildə həmin təpə yerində təkcə qəbirstanlıq deyil, yaşayış yerlərinin də yerləşdiyi müəyyən edilmişdir. Bu yaşayış yerlərinin aşkar edilməsi XII-XIII əsrlərdə əhalinin təkcə şəhər yerində deyil, onun ətrafında da sakin olduğu göstərir.

    Örənqalada növbəti arxeoloji qazıntıları İ.M.Cəfərzadənin rəhbərliyi ilə 1951-ci ilin yanvar ayında Tarix iİnstitutunun təşkil etdiyi ekspedisiya aparmışdır. Ekspedisiya bir ay işləmişdir. 1951-ci il ekspedisiyanın qarşısında duran əsas məqsəd Böyük şəhərlə Kiçik şəhərin bir-birilə olan əlaqəsini müəyyənləşdirmək idi. Bu məqsədlə ekspedisiyanın iştirakçıları Kiçik şəhərin şimal-qərb xəndəyinin Böyük şəhərin şimal-şərq xəndəyi Böyük şəhərin şimal-şərq divarını kəsib keçmiş olsaydı, Kiçik şəhərin Böyük şəhərə nisbətən cavan olduğunu təsdiq edəcək əsaslı dəlil əldə edilərdi. Bundan əlavə, Böyük şəhərin şimal-şərq divarının memarlıq xüsusiyyətlərini - onun hörgüsünü, qalınlığını və xəndəyin ilk enini müəyyənləşdirmək mümkün olardı. 1951-ci il ekspedisiyası bu məqsədlərinə müvəffəqiyyətlə nail olmuşdur. Bu qazıntılar zamanı Kiçik şəhərin şimal-qərb xəndəyinin Böyük şəhərin şimal-şərq divarını üzdən deyil, dərindən kəsdiyi müəyyənləşdirilmiş və həmim divarın en kəsiyinə əsasən onun ilk dəfə iri samanlı çiy kərpicdən, sonra möhrədən tikildiyi aydınlaşdırılmışdır. Bundan əlavə, həmin sahədə Kiçik şəhərin şimal küncündə olan qala bürcünün bir hissəsi aşkar edilmişdir. Qazıntı zamanı aydın olmuşdur ki, Kiçik şəhərin şimal-qərb xəndəyində lil təbəqəsi yaranmamışdır. İ.M.Cəfərzadə bunu həmin xəndəyə heç su buraxılmaması və ya onda çox az müddət su olması ilə izah edir.
    1953-1958-ci il qazıntılarına arxeoloq A.A.İessen rəhbərlik etmişdir. 1953-1958-ci illərdə Örənqalada çox böyük miqyasda arxeoloji qazıntı işləri aparılmışdır.     

   1953-1958-ci illərdə Beyləqanın xarabalıqlarında (Örənqala) uç sahədə; 1) Kiçik şəhər ərazisində (I sahə), 2) Böyük şəhərin şimal-şərq qala divarlarında (II sahə) və 3) şəhərin sənətkarlar məhəlləsində (III və IV sahələr) qazıntı işləri aparılmışdır.
Kiçik şəhər ərazisində qazıntı işləri şimal-qərb divarının yaxınlığında 1008 kv.m sahədə aparılmışdır.
    Qeyd etmək lazımdır ki, həmin illərdə bir qazıntı sahəsinin ancaq 150 kv.metrlik hissəsində mədəni təbəqə xam torpağa qədər qazılmışdır. Qalan yerllərdə isə qazıntı müxtəlif səviyyələrdə saxlanılmışdır. İlk dəfə şəhərin mədəni təbəqələrinin tam statiqrafiyası əldə edilmişdir.
     Böyük şəhərin simal-qərb divarlarındakı qazıntı işləri ekspedisiya tərəfindən iki il (1953-1954-ci illərdə) aparılmışdır. Burada qazıntı əsas etibarılə, Kiçik şəhər xəndəyinin Böyük şəhərin şimal-qərb qala divarını kəsdiyi yerdə, 1951-ci il ekspedisiyasının qazıntı apardığı sahədən şimal-qərbə doğru, divar boyu genişləndirilmişdir. Nəticədə Böyük şəhərin şimal-qərb qala divarının müxtəlif dövrə aid çöl və içəri tərəfdən hörgüləri müəyyənləşdirilmiş və divarın memarlıq xüsusiyyətlərinə dair lazımi məlumat əldə edilmişdir.
     Qazıntıların başqa bir maraqlı cəhəti qədim qala divarı üzərində yaşayış evlərinin aşkar edilməsidir.
Şəhərin sənətkarlar məhəlləsində qazıntı işlərinə 1955-ci ildə başlanılmışdır.    

   Birgə ekspedisiyanın fəaliyyəti dövründə burada 5 dulus kürəsi aşkara çıxarılmışdır. Bunların dördü 1955-ci ilə IV qazıntı sahəsində, bir böyük kürə isə 1957-ci ildə qazılmışdır. Bundan əlavə həmin sahədə bəzi hovuz və su kanallarının da ilk nişanələri aşkar edilmişdir. III qazıntı sahəsində isə 1958-ci ildə bir türbə və bir neçə qəbir tapılmışdır. Beləliklə, Beyləqan şəhəri xarabalıqlarında birgə ekspediyasının fəaliyyət göstərdiyi dövrdə nəinki şəhərin müxtəlif inkişaf mərhələləri, hətta onun müdafiə qüdrəti və sənətkarlığı haqqında geniş məlumat əldə edilmişdir.
    1959-1968-ci illər Örənqala arxeoloji elspedisiya birgə ekspedisiyanın Kiçik şəhərin içərisində (I sahədə) və sənətkarlar məhəlləsində (IV sahədə) başladığı işləri davam etdirməklə bərabər, Böyük şəhərin içərisində (V sahə) və onun şimal-qərb qala darvazası yerində (VI sahə) yeni sahələrdə arxeoloji qazıntıları genişləndirmişdir.
    Kiçik şəhər ərazisində qazıntıları davam etdirməklə məqsəd şəhərin qədim təbəqəsi haqqında daha geniş məlumat əldə etmək, Kiçik şəhər şimal-qərb qala divarının yaşını müəyyənləşdirmək və şəhərin mədəni-məişət həyatına dair yeni materiallar aşkara cıxarmaq olmuşdur.
   Şəhərin qədim təbəqəsi haqqında daha aydın təsəvvür yaratmaq üçün I qazıntı sahəsinin yarımçıq qalmış 90 kv.m-lik sahəsində həmim təbəqə bir daha oyrənilmişdir.

    Şəhərin IX_XIII əsr təbəqələrini əhatə edən sahəyə gəldikdə, 1959-1961-ci illərdə I qazıntı sahəsi 450 kv.m genişləndirilərək 1458 kv.m-ə çatdırılmışdır. Bunun nəticəsində nəinki həmin təbəqələr haqqında məlumatlar artmış, həm də yeni sahə qala divarına doğru genişləndirildiyindən Kiçik şəhərin şimal-şərq qala divarının həmin təbəqələrə olan münasibəti aydınlaşdırılmıdır.
  Böyük şəhər ərazisində qazıntılara başlamaqda məqsəd Böyük şəhərlə Kiçik şəhərin bir-birinə olan münasibətini aydınlaşdırmaq və Kiçik şəhərin qala xəndəyi haqqında yeni məlumat əldə etmək olmuşdur. Məhz buna görə Kiçik şəhərin şimal-qərbədoğru davamı kimi Böyük şəhərin içərisində150 kv.m-lik V qazıntı sahəsində iş başlanmışdır. Bu qazıntı nəticəsində məlum olmuşdur ki, Böyük şəhər ərazisində XIII əsrin əvvələrinə qədər həyat arasıkəsilmədən davam etmişdir.
    Digər tərəfdən məlum olmuşdur ki, Kiçik şəhər ərazisində (I qazıntı sahəsində) aşkara çıxarılan mədəni təbəqələr və tikinti qalıqları ilə Böyük şəhər ərazisində (V qazıntı sahəsində) aşkara çıxarılan mədəni təbəqələr və tikinti qalıqları arasında nə dövr, nə də xarakterik xüsusiyyət cəhətdən hec bir fərq yoxdur. Deməli bu “şəhərlər”də XIII əsrin əsrin əvvələrinə qədər heç bir ayrılmaq əlaməti olmamışdır.
Böyük şəhərin şimal-qərb qala darvazasında qazıntıya (VI sahə) 1962-ci ilə qədər davam etdirilmişdir.

    Burada 450 kv.m-lik sahədə şəhərin şimal-qərb qala darvazası yerinin müxtəlif dövrlərə aid izləri aşkara çıxarılaraq həmin darvazanın tam stratiqrafiyası əldə edilmişdir.
   VI sahədə aparılmış qazıntılar nəticəsində şəhərin qala darvazası ilə bərabər qala divarları haqqında da xeyli yeni və əsaslı məlumat əldə edilmişdir. Burada ilk dəfə olaraq qala divarı eninə kəsilmiş və onun memarlıq üslubu bütün aydınlığı ilə müəyyənləşdirilmişdir.
VI-cı sahədə həmçinin şəhərin kanalızasiya xətti tapılmış və aşkara çıxardılmışdır.
   VI-cı sahədə şəhərin qala divarı içərisində və qala xəndəyində aşkara çıxarılmış dulus kürələri nəinki şəhərdə dulusçuluq sənətinin inkişafını öyrənmək üçün, həm də qala qarvazası yerinin stratiqrafiyasını aydınlaşdırmaqda əvəzedilməz arxeoloji fakt kimi böyük əhəmiyyətə malikdir.

  Şəhərin sənətkarlar məhəlləsində 1959-1966-cı illərdə IV qazıntı sahəsi 261 kv.m-dən791 kv.m-ə çatdırılmışdır. Yeni qazılmış sahədə yeni dulus kürəsi qalığı (6 nömrəli kürə), təsərüffat xarakterli böyük bir tikinti qalığı, bir neçə açıq və bağlı su kanalı və su kəmərləri, türbə və digər abidələr tapılmış və nəhayət aşkara çıxarılmışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

Yuxarı