"Günəşin siğal çəkdiyi diyar"

"GÜNƏŞİN SIĞAL ÇƏKDİYİ DİYAR". Qədim Beyləqan diyarının keçmişini və bu gününü göz önündə sərgiləyən bu ensiklopedik toplu məmləkətimizin bölgələrinin həm öz ölkəmizə, həm də dünyaya təqdimatında növbəti dəyərli iş kimi qarşınızdadır.
       Böyük bir zəhmət və fədakarlıq tələb edən bu sanballı nəşrdə Azərbaycan Respublikasının cənub-qərbində, bir tərəfi “sakit axan Arazların” sahillərinə söykənən, digər tərəfindən dəli Kürün suları axıb keçən qızmar Mil düzündə qərar tutmuş bu diyarın zəngin keçmişi, coğrafi şəraiti, əhalisinin təsərrüfat ənənələri, mədəni həyatı, folkloru, ədəbi mühiti, sürətli inkişaf relsində olan bu günü, ticari və sosial potensialı bütün dolğunluğu ilə əksini tapmışdır. Burada Günəşdən od olan əməksevər adlı-sanlı insanların həyatı, gəncliyə örnək olan ömür-gün yolları vərəqlənir.
       Beyləqan bu gün ilk baxışdan Azərbaycan Respublikasının sıravi rayonlarından biri təəssüratını oyatsa da, əslində bu diyarda böyük bir tarix yaşanmışdır. Yovşanlı torpaqların altında gizli qalmış, qədim salnamələrdə isə ara-sıra xatırlanan bu tarixin aşkara çıxarılmasında son yüz ildə alimlər böyük işlər aparmışlar.
    Azadlıqsevər Beyləqan şəhəri Cingiz xanın amansız sərkərdəsi Sabutay Bahadıra baş əyməyib, bu gözəl şəhər döyüş meydanında çarpışaraq məhv olub, lakin şərəfsiz təslimə razılıq verməyib. Beyləqanın çoxəsrlik tarixinə 1221-ci ilin payızında istilaçı və dağıdıcı monqol ordusu son qoyduqdan sonra onun ocağı yeddi əsr yandırılmadı, onun adı-sanı da Örənqala xarabalıqlarına çevrilmiş, sonrakı nəsillər tərəfindən az qala unudulmuşdur.      

     Sovet dönəminin ilk onilliklərində bu ərazidə başqa adda rayon yaradılmış, bir sərhəd bölgəsi olaraq bu yerlər Mərkəzi Rusiyadan insanların sürgün yerinə çevirilmişdi. Fəqət Stalinin ölümündən və şəxsiyyətə pərəstişin nəticələri aradan qaldırılandan sonra o insanlar öz məmləkətlərinə döndülər. Mil düzünü yenidən çiçəklənən bir diyara çevirmək kimi əzəli bir arzunu gerçəkləşdirmək isə bu yurdun insanının taleyinə yazıldı. Onlar bu missiyanı layiqincə yerinə yetirdilər.
Bu diyarın Azərbaycan Respublikasının çiçəklənən, inkişaf edən rayonuna çevrilmə tarixi əslində keçən yüzilin 70-ci illərində başlanır. Ümummilli lider Heydər Əliyevin bu rayona qayğısı və diqqəti buraya səfərləri və əhali ilə görüşləri, quruculuğa, çalışqanlığa yönəlik tövsiyələri diyarda bütün sahələrdə inkişafa təkan vermişdi. Bunu Beyləqanda bilməyən, etiraf etməyən yoxdur. Beyləqanlılar bu unudulmaz səhifələri yaddaşlarına həkk etmişlər. Çünki son qırx ildə baş verən bütün bu dramatik proses onların gözləri qarşısından gəlib keçir və onlar bu qızıl səhifələrin yazılmasında bilavasitə iştirak etmişlər.
Beyləqanın bir də Qarabağ savaşı səhifələri var. Onlar qarışıq 1993-cü ildə düşmən qabağında bərk dayandılar. Bu torpaqlarda düşmənin burnu ovuldu və onlar geri oturduldular. Əbəs yerə Beyləqana bu gün “Azərbaycanın Stalinqradı” deyilmir. Beyləqan haqlı olaraq öz qəhrəman oğulları ilə fəxr edir və biz bu toplunun səhifələrin onlarla da tanış oluruq.
     Beyləqan bu gün Azərbaycan Respublikasının dinamik iqtisadi inkişafından kənarda deyildir. Bu torpaqlarda qurub-yaratmaq ovqatı hər addımda duyulur. Regionları inkişaf etdirmək siyasəti çərçivəsində Beyləqan Prezident Cənab İlham Əliyevin də diqqət və qayğısı ilə əhatə olunmuşdur. Dövlət başçısı bir neçə dəfə Beyləqana səfər etmiş, burada aparılan abadlıq-quruculuq işləri ilə yerindəcə tanış olmuş, dəyərli tövsiyə və məsləhətlərini vermiş, iqtisadi, sosial və mədəni yönümlü layihələri açılışlarında iştirak etmişdir. Kitabda bu səhifələr, dövlət başçısının beyləqanlılara səmimi görüşləri fotoşəkillərin müşayiəti ilə bir-birini əvəz edir.     

    Nəşrdə Beyləqan diyarının, Mil düzünün üzü qədimlərdən bu yana nəyi varsa, üstünə də bu günün gerçəkliyi, bizim dövrün tarixi şəxsiyyətlərinin unudulmaz fəaliyyəti, bu diyar üçün gördükləri vacib işlər, bizim gözlərimiz qarşısında cərəyan etmiş ictimai-siyasi hadisələrin mahiyyəti gəlinməklə, ensiklopedik toplu halında sistemləşdirilmişdir. “Beyləqan” ensiklopedik toplusu, bugünkü nəsilə, özəlliklə beyləqanlılara ən gözəl ərməğandır və eyni zamanda bu gündən gələcək nəsillərə ötürülən qiymətli bir mənbədir.

    Beyləqana Günəşin sığal çəkdiyi diyar da deyilir. Onu böyük bir inam və ümidlə üzü sabahlara addımlayan diyar da adlandırmaq olar. Bu ensiklopedik toplunun Beyləqan diyarının layiqincə tanıdılmasında böyük rolu var.

"Günəşin sığal çəkdiyi diyar" Beyləqan haqda bu məqaləni 2005-2012 ildə Beyləqan Rayon İcra Başçısı işləmiş İrşad Əliyev yazıb. 

İRŞAD ƏLİYEV. BEYLƏQAN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI (2005-2012).

İrşad Əliyev 1944-cü il iyunun 30-da Goranboy rayonu Gürzallar kəndində anadan olmuşdur. 1970-ci ildə  Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1974-cü ildə Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1961-ci ildə başlamışdır. 1961-1966-cı illərdə bir çox müxtəlif siravi vəzifələrdə çalışmışdır. 1966-1970-ci illərdə rayon kənd texniki təminat birliyində çilingər, "Oraq-Çəkic" kolxozunda mexanik işləmişdir. 1970-1972-ci illərdə Azərbaycan LKGİ Şaumyan rayon komitəsində ikinci katib, 1974-1980-cı illərdə Şaumyan rayon partiya komitəsində təlimatçı, 1980-1982-ci illərdə rayon partiya komitəsində ikinci katib, 1982-1983-cü illərdə Azərbaycan KP MK-də inspektor, 1983-1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının Balakən rayon komitəsinin birinci katibi, 1985-1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Ucar rayon komitəsinin birinci katibi, 1991-1992-ci illərdə Azərbaycan Kommunist Partiyasının Goranboy rayon komitəsinin birinci katibi, sonra isə Goranboy rayon İcra hakimiyyətinin başçısı, 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi, 1992-1994-cu illərdə Azərbaycan Respublikasının Daimi yaşayış yerlərini məcburi tərk etmişlərlə iş üzrə Dövlət Komitəsinin sədri, 1994-2004-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, 2005-2012-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, 2012-2014-cü illərdə isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

XI-XII çağrış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.Müxtəlif orden və medallarla təltif olunmuşdur.

Yeni Azərbaycan Partiyasıının üzvüdü

 

Yuxarı