Beyləqan şəhəri

      BEYLƏQAN RAYONU- Azərbaycan Respublikasında inzibati rayon.
   Mil düzü rayonları qrupuna və Orta Kür iqtisadi rayonuna daxildir. Azərbaycan Respublikasının cənub-qərbində, Kür-Araz ovalığının Mil düzündə, şimalda Kür, cənubda Araz çaylarının arasında yerləşir. Coğrafi koordinatları 39 dərəcə 45 saniyə şimal en dairəsi, 47 dərəcə 30 saniyə şərq uzunluğudur. Rayon kimi 24.01.1939-cu ildə təşkil edilmişdir. 1939-1963-cü illərdə Jdanov rayonu adlandırılmışdır. 1963-cü ildə rayon ləğv edilmiş və ərazisi İmişli rayonu ilə birləşdirilmişdir. Lakin, 1065-ci ildə yenidən müstəqil rayon kimi təşkil olunmuş, 1989-cu ildə Jdanov rayonu adlandırılmış, sonralar adı dəyişdirilmiş, ərazidə mövcud olmuş qədim Beyləqan şəhərinin adı verilərək, Beyləqan rayonu adlandırılmışdır (18.03.1989). Mərkəzi Beyləqan şəhəridir. Bakıdan 265 km məsafadə yerləşir. Ən yaxın dəmir yolu stansiyası olan Daşburuna qədər məsafə 17,5 km-dir. Rayon mərkəzi olan Beyləqan qəsəbəsinə 1966-cı ildə şəhər statusu verilmişdir. Cənub-şərqdə Araz çayı boyu İran İslam Respublikasi, şərqdə İmişli, qərb və şimal-qərbdə Ağcabədi, cənub-qərbdə Füzuli, şimalda Kür çayı boyu kiçik ərazidə Zərdab rayonu ilə həmsərhəddir. Sahəsi 113113 ha, ondan məhsuldar torparların ümumi sahəsi 47713 ha, kənd təsərrüfatına yararsız torpaqların sahəsi 14472 ha, heyvandarlıq üçün otlaqların sahəsi 21219 ha, əkilmiş torpaqların ümumi sahəsi 47713 ha, meyvə bağlarının ümumi sahəsi 840 ha, şoran torpaqların ümumi sahəsi 28869ha-dır (01.01.2009). Əhalisi 86500 nəfərdir. Şəhər əhalisi 37600 nəfər, kənd əhalisi 48900 nəfər, əhalinin orta sıxlığı 76, kişilər 42500 nəfər,qadınlar 44000 nəfər, uşaqlar 11030 nəfər, 18 yaşa qədər 26852 nəfər, 18-dən 55-56 yaşa qədər 52568 nəfər, təqaüdçülər 7088 nəfər, ali təhsilli əhalinin sayı 5485 nəfər, orta təhsilli əhalinin sayı 33366 nəfər, məskunlaşmış qaçqınların sayı 451 nəfər, məskunlaşmış məcburi köçkünlərin sayı 15248 nəfərdir (01.01.2009). Əhali əsasən kənd təsərrüfatı ilə məşğuldur. Təsərrüfatlarının sayı 19270, ailələrin sayı 15268-dir (01.01.2009). Beyləqan rayonunun tərkibində 1 şəhər, 15 qəsəbə, 24 kənd yaşayış məntəqəsi olmaqla, cəmi 31 inzibati ərazi dairəsi və vahidi vardır. Rayonda 37 bələdiyyə mövcuddur. Şəhər və iri qəsəbələri – Beyləqan şəhəri, Örənqala qəsəbəsi, Milabad qəsəbəsi, Qəhrəmanlı qəsəbəsi, Yuxarı Aran qəsəbəsi, Şərq qəsəbəsi, Mil qəsəbəsidir. Rayon ərazisindən dəmir yol xətti, Gəncə-Lənkəran, Bakı-Füzuli şose yolları keçir. 

     BEYLƏQAN ADININ TARİXİ.
Beyləqan rayonuna adı verilmiş qədim Beyləqan şəhərinin adı tarixi mənbələrdə fərqli adlarla verilmişdir: Paytakaran, Balasakan, Bilgan, Bilaqan, Millər, Beyləqan. Adı fərqli olduğu kimi adının mənası ilə də bağlı müxtəlif fikirlər mövcuddur. Mənbəyə görə toponim (əsl qədim və yerli adi Biləqan) Altay dillərində olan “pilə” (düzən, açıq yer) və qan (məkan) sözlərinin birləşməsindən yaranmışdır və “düzənlik yer, çöl” mənasını verir və vaxtilə Mil düzünün adı olmuşdur. Digər mənbəyə görə Beyləqan şəhəri Bərdə-Ərdəbil karvan yolunun üstündə yerləşdiyi üçün burada ticarət inkişaf etmiş, şəhər mühüm ticarət mərkəzlərindən biri olmuşdur (IX-XII əsrlər). Beyləqan adının yaranması da bu yolla əlaqəlidir. Belə ki Beyləqan – bel yolu, ticarət yolu və yaxud ticarət aparılan yer anlamındadır. Digər fikrə görə, Beyləqan sözü burda vaxtilə yaşayan “Bel” tayfasının adı ilə bağlıdır, yəni Bel tayfasının məskunlaşdığı, yaşadığı ərazi anlamındadır. Mənbələrdə insanların ən çox istifadə etdiyi yol – “Bel yolu”nun mühüm karvan yolu olduğu qeyd olunmuş və bu yolun dayanacaq yeri göstərilmiş, hətta karvan yolunun xəritəsi verilmişdir. Belə ki Nailə Vəlixanlının “IX-XII asr ərəb coğrafiyaşunas səyyahları Azərbaycan haqqinda” kitabında ərəb coğrafiyaşunas səyyahlarının Azərbaycanda olan orta əsr ticarət-karvan yolları haqqında məlumatlar verilir. “Yollar və məmləkətlər kitabı”nda isə yazılır: “Bərdənin Yunana 7 fərsəx (1 fərsəx - təxminən 6-8 km-dir), Yunandan Beyləqan şəhərinə 7 fərsəx, Beyləqandan Varsana 7 fərsəxdir”. Mənbələrdən də göründüyü kimi, Beyləqan şəhəri Dərbənd - Bərdə - Beyləqan – Ərdəbil karvan ticarət yolunun üstündə yerləşırdi. Hətta Boyük İpək yolunun şimal-cənub xətti (Dərbənd-Ətdəbil yolu) qədim Beyləqandan keçmişdir. Beyləqan tacirləri bu yol vasitəsilə Çin, Hindistan, İran, Bizans, Gürcüstan və başqa ölkələrlə ticarət əlaqəsi qurmuşdular.

     BEYLƏQAN – Azərbaycan Respublikasının Beyləqan ərasisində mövcud olmuş şəhər, respublika əhəmiyyətli arxeoloji abidə. Azərbaycanın ən qədim şəhərlərindən biri olmuşdur. İndiki Kəbirli kəndinin yaxınlığında Örənqala xarabalığının yerində idi. III-IV əsrlərdə salındığı ehtimal edilir. Ərəb mənbələrində onun əsasının Sasani hökmdarı I Qubad (488-531) tərəfindən qoyulduğu göstərilir. Arxeoloji qazıntılar aparılmışdır (1933-1936; 1951-1956). Arxeoloji qazıntılar zamanı şəhərin qala divarları, qala darvazası, yaşayış binaları, sənətkarlıq emalatxanaları, şəhərin adının Beyləqan olduğunu təsdiq edən möhür, saxsı və şüşə məmulatları, mis pullar və s. aşkar edilmişdir. Arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri Azərbaycan tarixi muzeyinin orta əsr şöbəsində, Ermitajın Zaqafqaziya bölməsində və Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Movses Kalankatuklunun “Alban tarixi” əsərində III-IV əsr hadisələri ilə əlaqədar Paytakaran kimi adı çəkilib. VII əsrin ortalarında Beyləqanı ərəblər işğal etdi. VIII-IX əsrlərdə ərəb-xəzər müharibələri şəhərin təsərrüfat həyatına ciddi ziyan vurdu. Beyləqan əhalisi işğalçılara və yerli feodalların zülmünə üsyanla cavab verdi. VIII əsrin ortalarında şəhərdə qəssab Müsafirin başçılığı altında xilafətə qarşı üsyan oldu. IX əsrin birinci yarısında başlamış Babək hərəkatı buranı da əhatə etmişdir. XII əsrin sonu – XIII əsrin əvvəllərində şəhərin iqtisadi və mədəni həyatı daha da yüksəlmişdi. Eldəniz hökmdarları Beyləqanda abadlıq işləri aparmış, burada öz adlarına pul kəsdirmişdilər. 1221/22-ci ildə monqollar şəhəri mühazirəyə aldılar. Şəhər əhalisi ciddi müqavimət göstərdiyi üçün qılıncdan keçirildi; şəhər xarabalığa çevrildi. Sonralar Teymurun (1370-1405) şəhəri bərpa etmək cəhdi nəticəsiz qaldı. Mücirrədin Beyləqanı, Nəcməddin Beyləqani, Məsud ibn Namdar və b. məşhur şair və alimlərin vətənidir. Beyləqan (əsl qədim və yerli adı Biləqan) adının mənası haqqında müxtəlif, lakin inandırıcı olmayan fikirlər vardır. Çox ehtimal ki, toponim Altay dillərindəki pilə (düzən, açıq yer) sözündən və məkan bildirən – qan şəkilçisindən ibarət olub “düzənlik, çöl” mənasında Mil düzünün adı imiş.

    BEYLƏQAN (1939-cu ilə qədər Mil qrupunun 5 nömrəli sovxozu) – Azərbaycan respublikasında şəhər (1932-1966-cı illərdə şəhərtipli qəsəbə). Beyləqan rayonun mərkəzi. Beyləqan şəhər inzibati ərazi dairəsinin və ehtiyatlı bələdiyyənin mərkəzi. Daşburun dəmiryol stansiyasından (Bakı-Horadiz dəmiryol xətti) 20 km, Bakıdan 267 km aralıdır. Mil düzündədir. Şimaldan rayonun Təzəkənd, Şimal-şərqdən Şəfəq, şərqdən Mayak, cənub-şərqdən Yuxarı Aran, cənubdan və cənub-qərbdən Allahyarlı, qərbdən və şimal-qərbdən Bolsulu kəndləri ilə həmsərhəddir. Beyləqan şəhər inzibati ərazi dairəsində Beyləqan şəhəri, Yeni Xocavənd yaşayış sahəsi “Dostluq” sovxozu daxildir. Sahəsi 8662 ha, Beyləqan bələdiyyəsinin sahəsi 525,4 ha-dır (01.09.2009). O cümlədən bələdiyyənin ehtiyat fondu 14 ha, şəhərin perspektiv inkişaf fondu 4 ha, kollektor, kanal, arx 39,8 ha, ictimai tikinti 10,1 ha, kənd altında ümumi istifadə olan 9,6 ha, sair yararsız sahələr 439,4 ha, meşə zolağı 12,5 ha. Əhalisi 15542 nəfərdir, məcburi köçkünlər 6994 nəfərdir (2009). 7 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, musiqi məktəbi, 1 texnikum, 3 kitabxana, mədəniyyət evi, kinoteatr, mərkəzi rayon xəstəxanası, 6 uşaq bağçası, 2 özəl tibb mərkəzi, 1 feldşer-mama məntəqəsi, 5 park və xiyaban, 2 muzey, 4 fəvvarə, 6 şadliq sarayı, 14 yanacaqdoldurda məntəqəsi, 3 dəyirman, 2 bazar, respublika kənd təsərrüfatı texniki birliyinin rayon şöbəsi, məişət xidməti kombinatı, tekstil-toxuculuq müəssisəsi, çörək zavodu, üzlük tava sexi, 14 subartezian quyusu, 12 ictimai-iaşə obyekti, 50 küçə, 1 ziyarətgah, 2 muzey, 194 hüquqi şəxs və 450 fiziki şəxs. Heydər Əliyev Muzeyi, Heydər Əliyev parkı, Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyi, 3 bank filialı, 6 kredit ittifaqı, Beyləqan rayon İcra Hakimiyyəti, idarə və təşkilatlar Beyləqan şəhərində yerləşir.
     Tarix. Yaşayış məntəqəsi vaxtılə 5 nömrəli pambıqçılıq sovxozunun fəhlələri üçün saldığına görə Mil qrupunun 5 nömrəli sovxozu, ardınca isə Jdanov (1939) adlandırılmışdır. Sonralar həmin ərazidə mövcud olmuş qədim Beyləqan şəhərinin adı verilmişdir (1989). Böyük Vətən müharibəsində 55 nəfər iştirak etmiş, 6 nəfər həlak olmuş, 7 nəfər veteran vardır. Qarabağ müharibəsində 132 nəfər iştirak etmiş, 19 nəfər şəhid olmuş, 5 nəfər itkin düşmüş, 18 nəfər əlil olmuşdur. Tahir Ağayev, Yunis Ağayev, Gülüstan Ağayeva, Talış Alışov, Namiq Allahverdiyev, Asif Cəfərli, Gürşad Atakişiyev, Tofiq Behbudov, Zakir Bəndəliyev, Sədi Cəfərov, Elman İsrafil oğlu, Zakir Əliyev, Kamil Fərzəliyev, Eldar Hacıyev, Fərman Hacıyev, Zülfiyyə Hüseynova, Dadaş Xələfov, Xuraman Hüseynzadə, Akif Kərimov, Əkbər Kərimov, Ariadna Kirilova, Köçəri Beyləqanlı, İsfəndiyar Quliyev, Saday Quliyev, Elmira Quliyev, Xalidə Quliyeva, Atamoğlan Məmmədli, Səfər Məmmədov, Mövsüm Orucov, Xuraman Rüstəmova, Mirkazım Seyidov, Əhliman Süleymanov, Şəfəq Nasir, Baxşeyiş Şirinov, Eldəniz Tahirov, Tamilla Abbasxanlı Beyləqan şəhərinin yetirmələridir.

    BİLƏQAN – Qədim Beyləqan şəhərinin mənbələrdəki adlarından biri.

    FUNAN – Beyləqan tarixi mənbələrdəki adlarından biri. İ.M.Cəfərzadə “1951-ci ildə Örənqalada qazıntı işləri” məqaləsində Örənqalanın geniş təsvirini vermiş şəhərin şimal-şərq qala divarlarında aparılmış qazıntılardan söhbət açmış, Kiçik şəhərin Böyük şəhərin xarabaları üzərində tikildiyini göstərmiş, şəhərin bina olunma tarixini e.ə IV əsrin sonlarına aid etmiş, adının Funan olduğunu söyləmiş, lakin bu fikirlərlə Örənqalanın sonrakı tədqiqatçıları razılaşmamışlar.

   JDANOV (1939 ilə qədər Mil qrupunun 5 nömrəli sovxozu) – Azərbaycan SSR-də şəhər (1932-1966 illərdə şəhər tipli qəsəbə), keçmiş Jdanov rayonunun mərkəzi. Sovet dövlət xadimi Andrey Aleksandroviç Jdanovun şərəfinə adlandırılmışdır. Beyləqan şəhərinin keçmiş adı (1966-1989).

   JDANOV RAYONU –Beyləqan rayonun keçmiş adı.

Yuxarı