Əhali

 ÜMUMİ MƏLUMAT. Əhalinin sayı 1970-ci ildə 48567 nəfər olmuşdur. 1989-cu ilde onların sayı 67624 nəfərə, 1999 ildə 78458 nəfərə çatmışdır. 1970-1999-cu illərdə rayonda əhalinin sayı 30,0 min nəfər və ya 61,9% artmışdır. Ətraf İmişli və Ağcəbədi rayonlarına nisbətən burada əhali zəif templə artır. Buna səbəb inzibati rayonun iqtisadi potensialının zəif olması, onun əhali artımından geri qalması ilə əlaqələndirilir.

     Əhalinin təbii artımı. 1990-cu ildə hər 1000 nəfərə görə doğum əmsalı 30,7 nəfər, ölüm əmsalı 5,3 nəfər, təbii artım əmsalı 25,4 nəfər qeydə alınmışdır. Keçən müddət ərizində doğum əmsalı 31,0%, təbii artım 40,2% azalmış, ölüm əmsalı 1,3% artmışdır. Nəticədə 2007-ci ildə hər 1000 nəfərə görə doğum əmsalı 21,2 nəfər,ölüm əmsalı 6 nəfər, təbii artım əmsalı 15,2 nəfər olmuşdur. Mütləq hesabla rayonda 1791 nəfər uşaq doğulmuşdur, 511 ölüm olmuşdur, təbii artım 1280 nəfər olmuşdur. 2000-ci ildən sonra təbii artımın qiyməti yüksəlsə də, hələlik o, 1990-cu il səviyəsindən (1792 nəfər) geri qalır. Hər 1000 nəfərə görə doğum əmsalı şəhər (21,9 nəfər) və kənd əhalisi (21,6 nəfər) arasında kəskin fərqlənməsə də, ölüm əmsalı (8,4 nəfər) şəhərlərdə yüksəkdir. Ona görədə kəndlərdə təbii artım çoxdur (16,9 nəfər).
     Uşaq ölümü. Diri doğulan uşaqlar arasında 1 yaşa qədər ölənlərin sayı 2007-ci ildə 22 nəfər olmuşdur. Onlarda 13 nəfəri oğlandır. Hər 1000 nəfər diri doğulan uşaqlar arasında 1 yaşa qədər ölüm əmsalı 9 nəfərdir. Bu, respublika səviyyəsində (12,1 nəfər) nisbətən aşağıdır.

     Ailə-nigah münasibətləri. 2007-ci ildə rayonda 912 nigah, 63 boşanma qeydə alınmışdır. Hər 1000 nəfərə görə nigah əmsalı 10,8 boşanma əmsalı 0,7 olmuşdur. 2000-ci ildən sonra şəhər və kənd əhalisi arasında boşanmalar 2-3 dəfə artmışdır. Şəhərlərdə onun qiyməti daha çoxdur ( hər 1000 nəfərə 1,7).

     Cins, yaş və milli tərkibi. Əhalinin cins tərkibində qadınlar üstünlük təşkil edir. 2008-ci ilin əvvəlində əhalinin 42513 nəfəri kişilər (49,98%), 42549 nəfəri (50,02%) qadınlar olmuşdur. 15 yaşa qədər uşaqlar əhalinin 24,7 % -ni təşkil edir. 65 yaşdan yuxarı insanların payı 6,22 % dir. 1999-cu ildə keçirilmiş siyahıyaalma materiallarına görə rayonda 76521 nəfər (97,53%) azərbaycanlı, 1792 nəfər (2,28%) türk olmuşdur. Digər millətlərdən: ruslar (71 nəfər), ukraynalılar (44 nəfər), tatlar (16 nəfər) və ləzgilərin sayı azdır. Əhalinin miqrasiya saldosu uzun illərdir ki, mənfi qiymətlidir. 2002-2007-ci illərdə rayonda təbii atım 5,9 min nəfər, miqrasiya saldosu 0,8 min nəfər, ümumi artım 5,1 min nəfər olmuşdur. Rayondan gedənlərin sayı hər il orta hesabla gələnlərə nisbətən 200-300 nəfər çox olur.

     Əhalinin məskunlaşması. Əhalinin orta sixlığı hər kv.km-də 75 nəfərdir. 2008-ci ilin əvvəlində rayonda olan əhalinin 35,8 min nəfəri (42,1 %-i) şəhərlərdə, 49,3 min nəfəri (57,9%) kəndlərdə yaşamışdır. Əhalinin sayına görə (2008) Milabad (2049 nəfər), Yeni Mİl (2041 nəfər), Mil (2036 nəfər), Şərq ( 1913 nəfər), Qəhrəmanlı (1832 nəfər) qəsəbələri fərqlənir. Rayonun Dünyamalılar və Birinci Şahsevən kəndlərində əhalinin sayı 5000 nəfərdən çoxdur.

    Məşğulluq. Rayonun iqtisadiyyatında 10 min nəfər muzdlu işçi çalışır. Status almış işsizlərin sayı 282 nəfərdir (2007).

    Sosial sfera. Rayonda 30 məktəbəqədər müəssisə vardır. Onlarda 825 uşaq tərbiyə alır. Hər 100 yerə 90 uşaq düşür. 54 orta ümumtəhsil məktəbində 15634 şagird oxuyur. Onların 21,9 %-I ikinci və üçüncü növbədə oxuyur. 47 kütləvi kitabxana 358,5 min nüsxə kitab fondu var. Hər 1000 sakinə 4213 kitab düşür. Rayonda 37 klub müəssisəsi, 2 muzey fəaliyyət göstərir. 2077-ci ildə muzeylərə 2000 nəfər gəlmişdir. 11 xəstəxanada 565 çarpayı yerləşir, 23 ambulator poliklinikada növbə ərzində 575 nəfəri qəbul etmək olur. Bu müəssisələrdə 112 həkim (hər 1000 nəfərə 13,2 nəfər), 355 orta tibb işçisi (hər 1000 nəfərə 41,7 nəfər) çalışır. Mənzil fondunun ümumi sahəsi 1056,6 min kv.m-dir. Rayonda hər nəfərə orta hesabla 9,2 kv.m mənzil düşür. 2007 ildə istifadəyə verilmiş 18,1 min kv.m mənzil sahəsinin 16,6 min kv.m fərdi yaşayış evləridir.
      

Yuxarı