Beyləqan rayonu haqqında

Beyləqan rayonu haqqında

     BEYLƏQAN RAYONU- Azərbaycan Respublikasında inzibati rayon.
     Mil düzü rayonları qrupuna və Orta Kür iqtisadi rayonuna daxildir. Azərbaycan Respublikasının cənub-qərbində, Kür-Araz ovalığının Mil düzündə, şimalda Kür, cənubda Araz çaylarının arasında yerləşir. Coğrafi koordinatları 39 dərəcə 45 saniyə şimal en dairəsi, 47 dərəcə 30 saniyə şərq uzunluğudur. Rayon kimi 24.01.1939-cu ildə təşkil edilmişdir. 1939-1963-cü illərdə Jdanov rayonu adlandırılmışdır. 1963-cü ildə rayon ləğv edilmiş və ərazisi İmişli rayonu ilə birləşdirilmişdir. Lakin, 1065-ci ildə yenidən müstəqil rayon kimi təşkil olunmuş, 1989-cu ildə Jdanov rayonu adlandırılmış, sonralar adı dəyişdirilmiş, ərazidə mövcud olmuş qədim Beyləqan şəhərinin adı verilərək, Beyləqan rayonu adlandırılmışdır (18.03.1989). Mərkəzi Beyləqan şəhəridir. Bakıdan 265 km məsafadə yerləşir. Ən yaxın dəmir yolu stansiyası olan Daşburuna qədər məsafə 17,5 km-dir. Rayon mərkəzi olan Beyləqan qəsəbəsinə 1966-cı ildə şəhər statusu verilmişdir. Cənub-şərqdə Araz çayı boyu İran İslam Respublikasi, şərqdə İmişli, qərb və şimal-qərbdə Ağcabədi, cənub-qərbdə Füzuli, şimalda Kür çayı boyu kiçik ərazidə Zərdab rayonu ilə həmsərhəddir. Sahəsi 113113 ha, ondan məhsuldar torparların ümumi sahəsi 47713 ha, kənd təsərrüfatına yararsız torpaqların sahəsi 14472 ha, heyvandarlıq üçün otlaqların sahəsi 21219 ha, əkilmiş torpaqların ümumi sahəsi 47713 ha, meyvə bağlarının ümumi sahəsi 840 ha, şoran torpaqların ümumi sahəsi 28869ha-dır (01.01.2009). Əhalisi 86500 nəfərdir. Şəhər əhalisi 37600 nəfər, kənd əhalisi 48900 nəfər, əhalinin orta sıxlığı 76, kişilər 42500 nəfər,qadınlar 44000 nəfər, uşaqlar 11030 nəfər, 18 yaşa qədər 26852 nəfər, 18-dən 55-56 yaşa qədər 52568 nəfər, təqaüdçülər 7088 nəfər, ali təhsilli əhalinin sayı 5485 nəfər, orta təhsilli əhalinin sayı 33366 nəfər, məskunlaşmış qaçqınların sayı 451 nəfər, məskunlaşmış məcburi köçkünlərin sayı 15248 nəfərdir (01.01.2009). Əhali əsasən kənd təsərrüfatı ilə məşğuldur. Təsərrüfatlarının sayı 19270, ailələrin sayı 15268-dir (01.01.2009). Beyləqan rayonunun tərkibində 1 şəhər, 15 qəsəbə, 24 kənd yaşayış məntəqəsi olmaqla, cəmi 31 inzibati ərazi dairəsi və vahidi vardır. Rayonda 37 bələdiyyə mövcuddur. Şəhər və iri qəsəbələri – Beyləqan şəhəri, Örənqala qəsəbəsi, Milabad qəsəbəsi, Qəhrəmanlı qəsəbəsi, Yuxarı Aran qəsəbəsi, Şərq qəsəbəsi, Mil qəsəbəsidir. Rayon ərazisindən dəmir yol xətti, Gəncə-Lənkəran, Bakı-Füzuli şose yolları keçir. 

Yuxarı