HARAMI DÜZÜ.

HARAMI DÜZÜ.

HARAMI DÜZÜ- Araz çayının sol sahilində, Füzuli, Beyləqan, Xocavənd, Ağcabədi və Ağdam rayonlarının ərazisində yerləşir. Mil düzünün qərb hissəsidir. Ərazi Azərbaycan tarixində böyük keçmişi olan bölgələrdən biridir. 2500 il əvvəl bu ərazilərdə geniş təsərrüfat sisteminin mövcud olduğunu arxeoloji qazıntılar da sübut edir. Sasanilər dövründə bu ərazilərə Arazdan bir neçə su arxı çəkilmişdir. Təsərrüfatın inkişafı nəticəsində burada şərqin ən böyük və gözəl şəhərlərindən biri olan Beyləqan yaranmışdır. Lakin 1242-ci ildə monqollar Beyləqani dağıtdılar. Təsərrüfat dağıldı. Əhali ya məhv edildi, ya buradan qaçdı, su sistemləri yararsız hala düşdü. Bağlı-bağatlı, əkinli-biçinli, cənnət ərazi səhralığa çevrildi. Geniş ərazidə yalnız quldurlar-həramilər dolaşır, soyğunçuluq edirdilər. Qaçaq-quldur yuvası olduğu üçün buraya Haramı düzü deməyə başladılar.

Sovet dövründə Haramı düzünün müəyyən bir hissəsi əkinə yararlı vəziyyətə gətirildi. Lakin bu iş sonadək həyata keçirilmədi. Yerdə qalan ərazidən yalnız örüş kimi istifadə edilə bildi. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra erməni işğalçılarına qarşı ən uğurlu hərbi əməliyyatlardan biri Haramının Xocavənd rayonu hissəsində həyata keçirildi, ermənilərin Aran - Qarabağ istiqamətində hücumunun qarşısı alındı. Azərbaycan hökuməti əraziyə diqqət və qayğını artırdı. Haramı düzündə 10-dan artıq qaçqın şəhərciyi yaradıldı.Düzənlik əsasən lyosabənzər gillicələrdən qurulmuş dellüvial-prolüvial çöküntülərdən ibarətdir. Ərazi Qarasu, Şapartu çaylarının dərələri və külli miqdarda çox müxtəlif quruluşda olan qobu və yarğanlarla kəsilmişdir. Eroziya nəticəsində yaranmış Haramı yarğanı daha tipik olub çox qolbudaqlıdır. Beyləqan şəhərindən qərblə Ağdaş gömülmüş qalxması maili düzənliyin səthini xeyli qabartmış və buradan hər tərəfə qobular uzanır. Haramı düzünün Qarabağ silsiləsinə yaxın qərb hissəsində mütləq hündürlük 70-80 m-dən çoxdur. Burada Mezozoyun vulkanogen (Yura yaşlı) və karbonatlı (Təbaşir yaşlı) çöküntülərindən təşkil olunmuş kiçik təpələr və tirələr vardır.
   Haramı düzündə suvarma sistemləri yaradıldıqdan sonra bura ölkənin mühüm kənd təsərrüfatı bölgələrindən birinə çevrilmişdir. Burada pambıq, taxıl, bostan-tərəvəz bitkiləri əkilir, mal-qara saxlanılır.   

Yuxarı