BUGÜNKÜ BEYLƏQAN.

BUGÜNKÜ BEYLƏQAN.

 Bugünkü Beyləqan coğrafiyasında insan nəslinin məskunlaşma tarixi min illərlə ölçülür. Arxeoloji materiallara əsaslanaraq tarixçilərimiz göstərirlər ki, Beyləqanın yerləşdiyi Mil düzündə yaşayış 6000 il əvvəl başlanmışdır. Burada eniolit, tunc dövrü və dəmir dövrünün əvvəllərinə aid abidələr qeydə alınmışdır. Bu abidələrə əsaslanan alimlərin fikrincə, bu düzənlikdə yaşayış ardıcıl davam etmiş, əkinçi maldar tayfalar getdikcə özlərinə daimi yaşayış məskənləri salmış, tunc dövrünün ortalarından başlayaraq ilk müdafiə tipli məntəqələr yaratmışdır. Eramızdan əvvəl VII-V əsrlərdə Mil düzündə həyat daha da canlı olmuşdur. Qaratəpə adlı yaşayış yeri buna sübutdur. Qaratəpədə yaşayış eramızdan əvvəl VII əsrdən eramızın ilk əsrlərinə qədər ardıcıl olaraq davam etmişdir. Eramızın ilk əsrlərindən isə Mil düzündə yaşayış güclənmiş, kiçik də olsa şəhər tipli yaşayış yeri meydana gəlmişdir. Bu şəhər yerində həyat eramızın ərəfəsində başlanmış və V-VII əsrlərə qədər davam etmişdir. Deməli, Qaratəpə, Təzəkənd və Örənqalada yaşayış birindən digərinə keçmişdir (Qaratəpədən-Təzəkəndə, Təzəkənddən-Örənqalaya). Beyləqan ərazisindəki bu abidələr bölgədə yaşayışn ardıcıl davan etdiyini göstərir. Mil-Qarabağ düzündə (Uytia ölkəsində) Enian və Paytakaran adlı şəhərlər olmuşdur.

Yuxarı