«Müqəddəs Georgi» ordeni almış yeganə türk xanımı.

«Müqəddəs Georgi» ordeni almış yeganə türk xanımı.

«Müqəddəs Georgi» ordeni almış yeganə türk xanımı.

Ağabəyim Ağa: «…Tehran cənnətə dönsə, yaddan çıxmaz Qarabağ!»
Cəsur və istedadlı Şuşalı xanımı İranda erməni cəsuslarının əli ilə zəhərləyərək öldürüblər
Təkcə Azərbaycanın deyil, yaşadığı ölkənin də tarix və ədəbiyyatında görkəmli yer tutan xanımlardandır Ağabəyim. 1780-ci ildə Şuşada dünyaya gəlmiş, qayğısız uşaqlıq illəri keçirmiş və saray tərbiyəsi görmüşdü. Gözəl və istedadlı olmaqla yanaşı, atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi. Fitri istedadı, diplomat məharəti və bədii ustalığı dillər dastanı idi. Lakin onun firavan dövrü uzun sürmür. Şairə çox sevdiyi Qarabağdan həmişəlik olaraq ayrılır, özü istəməsə də yad bir diyarda ömür sürməli olur. Belə ki, Ağaməhəmməd şah Qacar Şuşada öldürüldükdən sonra İbrahimxəlil xan mülayimlik etməyi məsləhət bilərək Qacarın cənazəsini böyük ehtiramla Tehrana göndərir. Fətəli şah İbrahim xanın bu hərəkətini məmnunluqla qarşılayır və adamlarını xələt və ənamla geri qaytarır. Ona hədiyyə olaraq qılınc göndərir və İbrahim xanla qohum olmaq niyyətini bildirir. Ürəyindən olmasa da İbrahimxəlil xan da bu təkliflə razılaşmalı olur. Beləliklə, xan qızı 200-dən çox xidmətçisiylə birlikdə Qarabağdan Tehran sarayına göndərilir.
Onun kədərli, nisgilli həyatı bir çox ədiblərin əsrlərində geniş şəkildə göstərilmişdi. Yazıçı, Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə olan ilk səfiri Yusif Vəzir Çəmənzəminlinin atası Məşədi Mirbaba Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olmuşdur. Odur ki, saray həyatına yaxından bələd olan bir yazar kimi özünün «İki od arasında» romanında Ağabəyim Ağanın uşaqlıq illəri, onun əmisi oğluna olan nakam məhəbbəti haqqında geniş söhbət açır.
Ümumiyyətlə, Ağabəyim ağa girov idi. Canlı girov. Sərt qaydaları olan o dövrdə Ağabəyim ağa saraylara «peşkəş edilən» yeganə xan övladı deyildi. Xan qızı öz varlığı ilə, sözsüz ki, sülhün qoruyucusu olduğunu dərk edirdi. Fətəli Şah böyük tədarük görərək hörmət və izzətlə Ağabəyim Ağanın kəbinini kəsdirib, onu qadınlarının möhtərəmi və hərəmbaşısı edir.
Deyilənə görə, gözəl xanımlar Fətəli şahın hərəmxanasına daxil olanda ilk olaraq çox bahalı və zərif paltarlar olan otağa girməli, bu paltarlardan ürəkləri istəyən ən bahalısını seçməli və şahın hüzüruna bu paltarda getməli imişlər. Ağa bəyim ağa bilirmiş ki, şahın anasının paltarları da bu paltarlar arasındadır və qəsdən bu paltarı seçib geyinmişdi. Fətəli şah Ağa bəyim ağanı ansının paltarında görəndə özünü itirmiş, əhvalı dəyişmişdi.
Ömrünün sonunadək bakirə qalmış şah xanımı haqqında digər salnaməçilər, o cümlədən Mirzə Fəzlullah Şirazi-ye-Xavəri, Məhəmməd Həsən xan Etimadüs-səltənə (eləcə də digərləri) də yazırlar ki, Fətəli şah zifaf gecəsi xan qızının yanına girdikdən cəmi on beş dəqiqə sonra ordan dəli kimi çıxdı və bircə kəlmə söz dedi: «İbrahim xanın qızı məni ilan kimi çaldı». Bundan sonra o, qəzəblə öz otağına doğru yürüdü».
Görünür ki, vəfalı xan qızı nakam qalmış eşqinə sadiq qalmaq üçün iti ağlı ilə bu tədbiri tökmüşdü. Fətəli şah kəbinli xanımına yaxın durmasa da onun ağlını, zəkasını çox yüksək qiymətləndirirdi. Şah sarayında Ağabəyim Ağa ərəb və fars dilləri ilə yanaşı, ingilis və fransız dillərini də mənimsəyir. Bu dillərin vasitəsilə şərqin və Avropanın məşrur şarzadələri və kraliçaları ilə ünsiyyət qurmuşdu. 1811-ci ildə İngiltərə kralının İrana səfir təyin etdiyi Ser Orelin Fətəli şahla görüş zamanı etimadnaməsini təqdim edərkən Ağabəyim Ağaya kral və kraliça adından almas ənbəçə (arxalıq) bağışlamışdı.
Şah bir gün Ağabəyim ağaya böyük bir şeir dəftərini verib deyir ki, «Oxu, bəyənmədiyin şeirin üstünə barmağını qoyarsan». Ağabəyim ağa da şahın şeirlərini oxuyub, dəftəri çevirir və şəhadət barmağını qoyur üstünə. Şah qulaqlarına qədər qızarır.
Mirabbas Mirbağırzadə yazır: «Ağabəyim Ağa Qacar sarayında Ağabacı adlanırdı. Şah ona və məiyətinə böyük varidat və ömri-məaş ayırmışdı. Ağabacı xanım olduqca ləyaqətli, vüqarlı və əzəmətli xanım idi. Oxumuşdu, aqilə, kamilə və ədibə idi. … Fətəli şah Ağabəyim ağanın əqlü-kəmalını çox bəyənmişdi. Onunla qohum olduğundan hər zaman məmnun olduğunu söylərmiş».
Ağabəyim ağa gözəlliyi ilə ad qazandığı kimi, iti hafizəsi və yüksək nitq mədəniyyəti ilə də şöhrət qazanmışdı. O, İranın ictimai-mədəni həyatı ilə, siyasi məsələlərilə maraqlanan ilk qadınlardan olmuşdu. Həmçinin Rusiya-İran münaqişəsinin barışıqla nəticələnməsinə aid sənədlərdə onun da adı çəkilir.
Tarixçi-alim Seydağa Onullahi Fətəli şahın şahlıq illərindən, saraydaxili münaqişələrdən, şahın daxili və xarici siyasətindən bəhs edərkən Ağabəyim Ağanın həyatından da yazır: «Fətəli şahın hərəmxanasında Azərbaycandan çox qadın vardı. Onlardan biri də İrəvan hakimi Həsənin böyük qızı Kövkəb xanım idi. Sərdarabad qalasının sərdarı Həsən xan 1828-1829-cu illər rus-iran müharibəsi zamanı İrəvanın rus işğalçılarından müdafiəsində qəhrəmanlıqla vuruşmuşdur. Həsən xan «Sarı Aslan» ləqəbi ilə məşhur idi. Lakin imperiya qoşunları qarşısında İrəvan xanlığı da tab gətirə bilməzdi. Kövkəb xanımın atası Sarı Aslanı düşmən caynağından qurtarmaq üçün Ağabəyim Ağa təcili tədbir görmüş, döyüş yerinə rus dilini bilən on beş nəfər rus əsgəri geyimində igid göndərmiş, bu el qəhrəmanının həyatını xilas etmişdi».
Ağabəyim ağa Avropa sarayları ilə məktublaşma işlərində də çox fəal idi. 1811-ci ildə o, Napaleon Bonaparta məktub göndərmişdi. Rusiya çariçası ilə məktublaşmışdı. «Ey bəyim, Siz öz müdrikliyinizlə mərhəmətli şahın ikinci zöhrəsi, tale ulduzu olmuşsunuz» — deyə rus imperatriçası Ağabəyim xanıma yazmışdı.
Adolf Berjenin nəql edir ki, savadı və davranışı ilə şahın xanımları arasında fərqləndiyinə görə, Britaniyanın İrandakı birinci səfirindən kraliçanın hədiyyəsini qəbul etmək şərəfinə layiq görülmüşdü. Onun dediyinə görə, şahın hansı arvadına bu məsul vəzifənin tapşırılmasını bu məqsədlə toplanmış xüsusi müşavirə həll etmişdi.
1812-ci ildə İngiltərə səfiri Ser Qor Ouzli İranda danışıqlar aparırdı. Səfirin xanımı da ölkənin birinci xanımı ilə görüşməkdə israrlıydı. Sarayın məlaikəsi Ağabacı Ağa ilə görüşü ingilis səyyahı-diplomatı Ceymz Moriyer belə təsvir edir: «Kraliça Ağabacının taxtda oturduğu böyük bir saraya girməsi üçün səfirin qadınına bələdçilik etdilər. Onun əynindəki geyim Qacar dövlətinin ehtişamını göstərirdi. Kraliçanın əynindəki paltarların qızıl düymələri parıldayırdı. Kraliçanın üzərində o qədər qızıl, ləl-cavahirat var idi ki, o, sərbəst hərəkət edə bilmirdi».
Saraydakı görüşdə səfirin qadını Ağabacı ağaya İngiltərə kraliçası adından bir ənbər — qiymətli ətir hədiyyə edir.
Fətəli şahın sənətə və əyləncəyə marağı o dövrün Qacar sarayını Avropanın bir parçasına çevirmişdi. Qərbin böyük rəssamları, alimləri, həkimləri, filosofları daima şahın qonağı olurdu.
Ağabəyim Ağa dövlətin xarici əlaqələri ilə bağlı və dövrün bir çox münəvvərləri ilə məktublaşmışdı. İran səfərinə çıxmış İngiltərə kralı Ağabəyim ağanın camalına və kamalına heyran olaraq öz əli ilə ona «Müqəddəs Georgi» ordeni təqdim edir. Ağabəyim ağa bu ödülü almış yeganə türk qadınıdır.
Ağabəyim Ağa sarayda cah-cəlal içərisində dolansa da, Vətən həsrəti onu sakit qoymurdu. Onun könlünü şad etmək, sevindirmək üçün Fətəli şah Tehranda Vətən bağı adlı möhtəşəm bir bağ saldırır. Şuşada bitən bütün ağac, gül-çiçəyi burada əkdirir ki, Ağabəyim doğma yerlərin havasını bu bağdan ala bilsin. Bəlkə onda könlü toxtayar. Hətta bağbanı da Şuşadan gətirirlər. Lakin Ağabəyim bağa seyrə çıxarkən çox qəmlənir. Dərindən ah çəkərək ağlayır. Bütün saray əhli bu vəziyyətə heyrət kəsilir. Çünki «Vətən bağı» elə Şuşanın bir parçası idi. Ağabəyim üzüntüsünü şeirində belə ifadə edir:

«Vətən bağı» al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül.

Mehdi Bamdad yazır: «Dəfələrlə belə olurdu ki, artıq yaşı ötmüş Ağabacı ağa otağa daxil olanda, Fətəli şahın diqqət mərkəzində olan cavan və yaraşıqlı xanımı Tacüd-dövlə ona hörmət əlaməti olaraq dərhal ayağa qalxır və Ağabacı ağa əyləşənə kimi ayaq üstə dururdu».
Tarixçilər yazır ki, Ağabacı ağa məğrur qadın idi və onun yanında ədəbsizliyə yol verilməsin deyə, çox vaxt imamzadə Qasim məqbərəsindəki hücrəsində tənha qalırdı. Sonralar Qumu ona verdilər. Həyatının sonuna yaxın Ağabəyim Ağa sarayı tərk edərək Qum şəhərində ona məxsus olan qəsrə köçmüş və bir hücrədə sakit yaşamışdı. Qarabağdan gətirdiyi, zəkalı və tanınmış şəxslərdən ibarət olan 200-dən artıq xidmətçi və nökər ona qulluq edirdi, Qumun vergisinin bir hissəsi də ona çatırdı.
Bəzi mənbələr Ağabacı Ağanın «Tuuti» təxəllüsü ilə də türkçə və farsca şeir də yazdığına işarə edir. Onun farsca şeirləri «Divani-Baci» adı ilə yayımlanıb. Yeri gəlmişkən ədiblərin bildirdiyinə görə, «Qarabağ şikəstəsi» də sözləri və musiqisi ilə birgə Ağabəyim ağanındır.

Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ!

Bir çox mənbələrdə Ağabəyim Ağanın vəfat etdiyi qeyd edilir. Ancaq Mehriban Vəzirin yazdığına görə, Ağabəyim Ağa rusların Qafqazdan çıxarılması uğrunda növbəti müharibənin tərəfdarlarından idi. Buna görə də, 1831-ci ildə ruslar sarayda mötəbər mövqedə olan erməni cəsuslarının əli ilə Ağabəyim Ağanı zəhərləyərək öldürürlər. Azərbaycanın böyük qızı, şairə Qum şəhərindəki xanədan sahiblərinə məxsus qəbristanlıqda dəfn olunur.

Ülviyyə Tahirqızı.

Yuxarı