BEYLƏQAN.

BEYLƏQAN.

BEYLƏQAN – Azərbaycan Respublikasının Beyləqan ərasisində mövcud olmuş şəhər, respublika əhəmiyyətli arxeoloji abidə. Azərbaycanın ən qədim şəhərlərindən biri olmuşdur. İndiki Kəbirli kəndinin yaxınlığında Örənqala xarabalığının yerində idi. III-IV əsrlərdə salındığı ehtimal edilir. Ərəb mənbələrində onun əsasının Sasani hökmdarı I Qubad (488-531) tərəfindən qoyulduğu göstərilir. Arxeoloji qazıntılar aparılmışdır (1933-1936; 1951-1956). Arxeoloji qazıntılar zamanı şəhərin qala divarları, qala darvazası, yaşayış binaları, sənətkarlıq emalatxanaları, şəhərin adının Beyləqan olduğunu təsdiq edən möhür, saxsı və şüşə məmulatları, mis pullar və s. aşkar edilmişdir. Arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri Azərbaycan tarixi muzeyinin orta əsr şöbəsində, Ermitajın Zaqafqaziya bölməsində və Beyləqan Rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. Movses Kalankatuklunun “Alban tarixi” əsərində III-IV əsr hadisələri ilə əlaqədar Paytakaran kimi adı çəkilib. VII əsrin ortalarında Beyləqanı ərəblər işğal etdi. VIII-IX əsrlərdə ərəb-xəzər müharibələri şəhərin təsərrüfat həyatına ciddi ziyan vurdu. Beyləqan əhalisi işğalçılara və yerli feodalların zülmünə üsyanla cavab verdi. VIII əsrin ortalarında şəhərdə qəssab Müsafirin başçılığı altında xilafətə qarşı üsyan oldu. IX əsrin birinci yarısında başlamış Babək hərəkatı buranı da əhatə etmişdir. XII əsrin sonu – XIII əsrin əvvəllərində şəhərin iqtisadi və mədəni həyatı daha da yüksəlmişdi. Eldəniz hökmdarları Beyləqanda abadlıq işləri aparmış, burada öz adlarına pul kəsdirmişdilər. 1221/22-ci ildə monqollar şəhəri mühazirəyə aldılar. Şəhər əhalisi ciddi müqavimət göstərdiyi üçün qılıncdan keçirildi; şəhər xarabalığa çevrildi. Sonralar Teymurun (1370-1405) şəhəri bərpa etmək cəhdi nəticəsiz qaldı. Mücirrədin Beyləqanı, Nəcməddin Beyləqani, Məsud ibn Namdar və b. məşhur şair və alimlərin vətənidir. Beyləqan (əsl qədim və yerli adı Biləqan) adının mənası haqqında müxtəlif, lakin inandırıcı olmayan fikirlər vardır. Çox ehtimal ki, toponim Altay dillərindəki pilə (düzən, açıq yer) sözündən və məkan bildirən – qan şəkilçisindən ibarət olub “düzənlik, çöl” mənasında Mil düzünün adı imiş.
Mənbə: "BEYLƏQAN" ensiklopedik toplu. Vəsimə İsmayıl qızı.

Yuxarı