ÜMİDSİZLİK

ÜMİDSİZLİK

Unut xəstə ananın
indi torpağın altda uyuyan atanın
bir zamanlar sənə verdiyi adı
unut
həyatın sənə verdiyi
“dilənçi qız”
adını bağrına bas
və heç vaxt unutma…
hər gün insan adlı ümidin arxasınca
düşürsən
yanından etinasız ötən
simic
kasıb insanlar
özləri boyda ümidsizlik…
Bütün gün ovucların
üzü Tanrıya açılmaqda…
Ümidsizliklə rastlaşanda
evinə çörək
anana dərman aparmayanda
bükülmür ovucların, barmaqların,
yumruğa dönmür əllərin
göyə baxır
Tanrıya baxır…
Bağışla
dilənçi qız
sənə pul versəm
evə piyada gedəm gərək
cibimdəki son ümidlə dayanacağa
tələsirəm
mənim də əsl adım
Ümidsizlikdir…

Xuraman Hüseynzadə. 

Yuxarı