Qalereya

Nazim Quliyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Quliyev Nazim Qabil oğlu 7 fevral 1967-ci ildə Beyləqan rayonunun Örənqala kəndində anadan olmuşdur. 1982-ci ildə kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. Xidmətini başa vurduqdan sonra isə doğma yurda qayıdır.

1988-ci ildə ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərlə barışa bilməyən Nazim könüllü müdafiə dəstələrindən birinin tərkibində döyüşlərə atılır. Nazim 1991-ci ildə Füzuli rayonunda polis nəfəri kimi işə qəbul olunur. Füzuli rayonunda rəşadətlə vuruşan Nazim onlarla yaralını, dinc sakini təhlükəsiz əraziyə çıxara bilmişdi. O, Cuvarlı, Tuğ, Məlikcanlı, Arıs kəndlərində rəşadətlə vuruşmuşdur. 9 yanvar 1992-ci il Kovşad kəndi uğrunda ağır döyüşlər gedirdi. 7 əsgərimiz mühasirədə qalmışdı. Nazim idarə etdiyi BTR-lə düşmənin üzərinə yeriyir ilk həmlədə düşmənin iki nöqtəsi susdurulur. Əsgərlərimiz və texnika buradan çıxarıla bilir. Lakin Nazim bu döyüşdə 27 yaşında həlak olur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Quliyev Nazim Qabil oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Füzuli rayonunda dəfn edilmişdir.

Yuxarı Yağləvənd və Örənqala məktəbləri onun adını daşıyır.

 

Yuxarı